«Öldürməli, Ölməli»   

  Çingiz Aytmatovun hekayəsi haqqında qeydlər

 

XX əsrin 70-80-ci illərindən bəri Çingiz Aytmatov yalnız qırğız və rus ədəbiyyatlarında və ədəbi tənqidində deyil, həm də bütün dünya ədəbiyyatında, ədəbi tənqidində diqqəti daha çox cəlb etmiş yazıçılardandır. İlk baxışda gözlənilmədən ədəbiyyata gəlmiş (o, əvvəl Zootexnikumu, sonra Kənd Təsərrüfatı İnstitutunu, nəhayət, ikiillik Ali Ədəbiyyat kurslarını bitirmişdi) Çingiz Aytmatov «Cəmilə» (1958) povesti ilə həm qırğız, həm də rus və digər dünya ədəbiyyatlarına yeni obraz, yeni baş qəhrəman gətirməyə müvəffəq olmuş, oxucular arasında özünə və əsərlərinə böyük hörmət qazandırmışdı. Təxminən elə bu dövrdən «Üz-üzə», «Qırmızı yaylıqlı qovağım mənim», «Köşək gözü», «İlk müəllim», «Əlvida, Gülsarı», « gəmi», sonralar isə «Əsrə bərabər gün», «Qiyamət» və digər əsərlərin müəllifi kimi məşhurlaşa bilmişdi. Əsərlərinin, demək olar ki, dünyanın bir çox dillərinə tərcüməsi, onların ictimaiyyət tərəfindən qəbul edilməsi və sevilə-sevilə oxunması onu tez bir vaxtda tanıtdırmış, 35 yaşında Sovet İttifaqında verilən ən ali mükafataLenin mükafatına layiq görülmüşdü. Çingiz Aytmatov yüksək salonlarda, fəxri kürsülərdə görünər, ona böyük hörmət və ehtiram göstərilərdi. O, nəinki qırğız və rus ədəbiyyatını, həm də bütün dünya ədəbiyyatını ümumbəşəri dəyərlər hesab edilən uzaqgörənlik, gələcəyə ümid, faciəvilik, insan, onun rolu, mövqeyis. taleyüklü anlamlarla zənginləşdirib.

Ç.Aytmatov demək olar ki, bütün əsərlərində böyük rus mütəfəkkiri N.Nekrasovun qəhrəmanı Qrişa Dobrosklonov kimi həqiqətin, xoşbəxtliyin sorağı ilə gəzməklə, insanları haqqa, ədalətə çağırmağı qarşısına məqsəd qoymuşdu. Əksər əsərlərində ya birbaşa («Cəmilə», «İlk leyləklər»), ya da dolayısı ilə müharibə mövzusunu, onun dağıdıcı və faciəvi cəhətlərini, şəxsi və ailə həyatlarına nə qədər bədbəxtliklər gətirdiyini olduqca canlı və obrazlı şəkildə personajlarının dili ilə bizə çatdırmağa müvəffəq olmuşdu. Ç.Aytmatovun eyni əsərini müxtəlif vaxtlarda oxuyarkən oxucu yeni keyfiyyət görür. Vaxtilə Ç.Aytmatova müvəffəqiyyət qazandıran da elə müharibə mövzusuna həsr etdiyi («Cəmilə», «İlk leyləklər») əsərləri olmuşdu.

Müharibə bütün dövrlərdə sənət adamları üçün aktual mövzudur. Yazıçılardan hər biri onu öz nəzər nöqtəsindən görür, işıqlandırır, təsvir edir. Diqqət etsək, bu xüsusiyyətləri həm klassik ədəbiyyatda (Nizami «İsgəndərnamə», Lermontov «Borodino», S.Tolstoy «Hərb və sülh», A.Tvardovski «Vasili Tyorkin», S.Rüstəm «Anapoçtalyon», S.Vurğun «İnsan», A.Nurpeisov «Qan və tər» və s.), həm də müasir – XX əsrin 90-cı illərindən üzü bəri yaranan Azərbaycan ədəbiyyatında müşahidə edə bilərik. 90-cı illərdən başlayaraq bədii publisistikanı istisna etmək şərti ilə (bu ayrıca söhbətin mövzusudur), həm poeziyamız, həm nəsrimiz, həm də dramaturgiyamız problemə, bəzi məqamları istisna etməklə, ciddi münasibət ifadə edə bilib. Bu, yəqin Azərbaycan yazıçılarının müharibəni (Ermənistan-Azərbaycan müharibəsini – N.T.) öz daxilində daha çox hiss etməsindən irəli gəlir. Buna görə də A.Abdullazadə, S.Əhmədov, V.Babanlı, Nigar, A.Rəhimov və b. müharibə mövzusuna daha çox müraciət ediblər. Məsələn, A.Rəhimov bir neçə povest və romanını məhz bu mövzuda yazıb. A.Rəhimov və başqa yazıçılarımız müharibənin bütün fəlakətlərini öz içində daxilən yaşadan müəlliflərdir. O, müharibə mövzusuna dərindən münasibət bildirməyə, onun dəhşətli psixologizmlərini açmağa üstünlük verir. Şübhəsiz ki, bəşəri ideallarla yaşayan insan üçün müharibə, onun nəticələri qara rəngdə olmaqla, həm də xoşagəlməz, dəhşətli ovqat yaradır. Yaradıcı insan bəşər övladının bu dəhşətlərə sinə gərə bilməsini, müharibənin onun psixologiya və düşüncəsini silkələməsi, özünü ekstremal şəraitdə necə apara bilməsini vurğulamağa etiyac duyur. Məhz buna görə də Ç.Aytmatov hələ XX əsrin 70-ci illərində publisist çıxışlarının birində Helsinkidə mötəbər beynəlxalq təşkilatın kürsüsündən: «Biz hamımız bu gün bir gəminin sərnişinləriyik. Onun göyərtəsindən o tərəfdə kosmik ənginlik dayanır» – demişdi.

Ç.Aytmatov müasir, bəzən isə dövrünü qabaqlayan mütərəqqi ideallarla yaşayan bəşəri təfəkkürlü yazıçıdır. O, dərk edirdi ki, bəşəriyyət ən təhlükəli düşmən – müharibələr qarşısında çıxılmaz vəziyyətdədir. Bu insanpərvər yazıçı dəfələrlə azərbaycanlı sənət adamları ilə görüşündə Ermənistan-Azərbaycan müharibəsinin insanlara nə qədər böyük bəlalar gətirdiyini vurğulamışdı. Müəllif öz əsərlərində Qarabağ müharibəsinin dəhşətlərini qələmə almasa da, ümumi mahiyyət, ümumi ovqatümumi qiymət ondan, məhz ona münasibətdən o qədər də fərqli deyil.

Götürək Ç.Aytmatovun hələ də geniş oxucu kütləsinə məlum olmayan «Öldürməli, ölməli» hekayəsini. «Öldürməli, ölməli» hekayəsinin baş qəhrəmanı Sergey Vorontsov cavan oğlandır, özü Volqaboyundan, daha doğrusu, Saratovdandır. Hansı cəbhəyə göndərildiyindən də xəbəri yoxdur. Ali təhsil almaq arzusunda olsa da, istəyi baş tutmayıb. Artıq qatar onu davaya aparır, «cəbhəyə gedər-gəlməzə göndərilir», buna görə də ayrılığın bu qədər ağır yaşanmasını Sergey daha çox hiss etməyə başlayır. Doğmaları ilə əməlli-başlı vidalaşa da bilmir. Ailənin sonbeşiyidir. Bacılarından böyüyü Qazaxıstanda, o biri Saratovdadır (onun da ərini müharibəyə göndərmişdilər və heç bir xəbər-ətər yox idi). Atası uzun müddətdir xəstəxanada yatır. Məktəb illərində Nikolay İvanoviç Nataşa adlı bir qıza da yaman vurulubmuş. Vağzaldan cəbhəyə yola düşərkən bir qaraçı qadın sıralardakı əsgərlərin arasından Sergeyi seçərək, onun falına baxır. Falçı Sergeyə müharibədə ölməyəcəyini deyir. Sergey isə qaraçı qadına gəzməyə yox, davaya getdiyini dedikdə: » Fələyin saydığını deyirəm. Onun ulduzu ölməzdir! Alın yazısıdır!». Sonra isə: «Bəxt əcəldən üstündür. Bəxtdən bəxt törəyir, ölümdənsə heç nə. Bu oğlanın ulduzu isə ölməzdir: Ölməzdi onun ulduzu!…» – deyir.

Eşalon yola düşüb təkərlər taqqıldadıqca Sergeyin yuxusu qaçır. Taleyi barədə, müharibədə sağ qalacağı, yoxsa öləcəyi barədə düşünür. Müharibədə qalibiyyət kimin isə öldürülüb ölməsindən asılıdır. Hamı gedənlərə müharibənin tez qurtarmasını, ölüm-itim, aclıq, səfalət olmamasını arzulayırdı. Müharibənin qələbə ilə qurtarması üçün isə vuruşmaq, qırmaq, qalib gəlmək lazım idi. Hətta evdə bu barədə Sergeyin atası ilə anası arasında bərk höcətləşmə də olmuşdu. Sergey həm də rahibdir. Hərdən onu «Sergiy» deyə çağırırdılar. Müharibəyə yola düşərkən anası yalvara-yalvara «Seryojacan, bala, amanın günüdür, heç kəsi öldürmə, qan tökmə!»-deyə tapşırır. Anasının sözləri indi Sergeyi daha çox düşündürür. Atası isə arvadla öcəşib «Necə yəni «öldürmə?! Qana batma?!» Bəs oğlun haraya gedir? Əsgər öz torpağını müdafiə edərək düşməni qırır, məhv edirsə, əmrə əməl edir, borcunu yerinə yetirir» – deyə ona acıqlanır. Hər biri Sergeyə öz bildiyi kimi məsləhət versə də, ana «Heç kəsə qıyma, öldürmə», ata isə onun salamat qalmasını istədiyindən əksinə deyir.

Öz qəhrəmanını iki can arasında qoyan Çingiz Aytmatov onun psixoloji durumuna daha çox diqqət yetirir. Vaxtı ilə Birinci Cahan savaşında Baltik flotundakı sualtı gəmilərdə şücaət göstərən atasının düşmənə necə divan tutmasını dinlədikcə Sergey gah cəbhədə düşmənlərini öldürəcəyinə, gah da öldürməyəcəyinə üstünlük verir, daim odla su arasında qalır. Sergeyin içində ikili çırpıntı, ikili hisslər yaşayır. Yazıçı oxucuya bu ikili hissləri çatdırmaqla, ona münasibəti hər kəsin öz ixtiyarına verir.

«Öldürməli, ölməli» hekayəsini oxuduqdan sonra bu əsərin xeyli məqamlarını Azərbaycan yazıçılarından V.Babanlının «Ana intiqamı» povesti və A.Rəhimovun «İkili dünyam» romanındakı baş qəhrəmanların davranış və hərəkətlərilə birbaşa üst-üstə düşdüyü qənaətinə gəldim. V.Babanlının «Ana intiqamı» povesti 1997-ci ildə qələmə alınıb. Əsər sırf müharibə mövzusuna həsr olunub. Povestdə yeganə oğlunu cəbhəyə göndərən ana çox keçmir ki, onun tabutunu qarşılamağa məcbur olur. Oğlunu dəfn etdikdən sonra mütləq silaha sarılıb cəbhəyə, oğlunun intiqamını almağa yollanacağını qərarlaşdırır və belə də edir. Döyüşlərin lap ön sırasına gedən ana erməni əsgərləri ilə az qala əlbəyaxa mövqedə dayanır. Avtomatın tətiyini çəkərək ağacın arxasında durub gözləyir. Ona tərəf gələn erməni əsgərinə atəş aça bilmir ki, bilmir. Onun analıq hissi hər şeyi üstələyir. Fikirləşir ki, erməni olsa da, onun da yolunu gözləyən ana var, onu da cəbhəyə ana yola salıb. İnsan ömrünə qıymaq, onu məhv etmək yolverilməzdir. Azərbaycanlı ana erməni əsgərini vurmur, lakin erməni əsgəri ananı qanına qəltan edir.

Beləliklə, yazıçı azərbaycanlı ananın necə böyük hisslər daşıdığını olduqca inandırıcı boyalarla verə, onun daxili mənəvi aləmini açmağa müvəffəq ola bilib.

Müharibənin yazıçı A.Rəhimov traktovkası da özünəməxsusdur. Məsələn, onun «İkili dünyam» romanının baş qəhrəmanı Valeri İsakov Rusiyada ali hərbi təhsil almış mütəxəssisdir. Baş qərargah Valerini Ermənistanda xidmət etməyə, orada azərbaycanlılara qarşı vuruşmağa göndərir. Valerinin atası azərbaycanlı, anası rusdur. Valeri azərbaycanlı oğlu olduğunu bilməsinlər deyə, güclü manevrlər, çox götür-qoy edir. Lakin yenə də V.Babanlıda olduğu kimi A.Rəhimovda da azərbaycançılıq qalib gəlir. Valeri İsakov Azərbaycana, Azərbaycan əsgərinə, Azərbaycan torpağına, haqqa-ədalətə xidməti daha üstün tutur.

Bununla belə Ç.Aytmatov kimi həm V.Babanlı, həm də A.Rəhimov müharibənin mahiyyətini bütün əsər boyu açmağa, dərin psixologizmlər yaratmağa tam müvəffəq olurlar. Ç.Aytmatovun «Öldürməli, ölməli» hekayəsi də oxucuda dərin və özünəməxsus psixoloji ovqat və gərginlik yaradır. Əsərdəki psixologizmi həm müharibə dəhşətlərinin yaradılmasında, həm Sergeyin, əsgərlərin, onları cəbhəyə yola salan insanların hiss və duyğularında, Sergeyin ata və anasının müharibəni dərk və ona münasibətində, həmçinin digər məqamlarda aydın görmək olur. Əsər boyu sətiraltı mənalarla müharibə lənətlənir, pislənir. Ç.Aytmatovun əsərinin əsas məqsədi də məhz insanda müharibəyə belə münasibət aşılamaqdan ibarətdir.

 

Nizami Tağısoy,

professor

Xalq Cəbhəsi.- 2011.- 23 dekabr.- S.14.