"Zərif imzalar"ın təqdimatı

 

Azərbaycan Qadın Jurnalistlər Assosiasiyası (AQJA) və "Azercell Telekom" MMC-nin birgə layihəsi olan "Zərif imzalar" kitabının təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə AQJA-nın rəhbəri Sevil Yusifova açaraq, kitab haqqında məlumat verib. O, qeyd edib ki, kitabda 150-yə yaxın qadın jurnalistin həyatından bəhs edən məlumatlar toplanıb və toplu iki dildə oxucuların ixtiyarına verilib. Onun sözlərinə görə, Azərbaycan milli mətbuatı tarixində ilk dəfədir ki, jurnalist qadınlar haqqında iki dildə - Azərbaycan və ingilis dilində belə ensiklopedik kitab işıq üzü görüb.

"Kitab Azərbaycan milli mətbuatının 135 illiyinə həsr olunub və kitabın tərtibinə 2009-cu ildən başlanılıb. Lakin texniki problemlərlə əlaqədar təqdimatı mətbuatımızın 135 illiyi ərəfəsində keçirə bilmədik", - Yusifova əlavə edib.

O, deyib ki, kitabın hazırlanması zamanı Azərbaycan mətbuatının tanınmış simalarının həyatı ilə yaxından tanış olmaq imkanı qazanıb.

"Onların həyatı haqqında oxuyarkən heyrətlənməmək olmur. Bu xanımların hər birinin həyatında müxtəlif çətinliklər olub", – Yusifova qeyd edib.

Onun sözlərinə görə, kitabın orjinallığı ondadır ki, məlumatlar kiçik həcmli oçerklər kimi verilib. Toplunun hazırlanmasında əsas məqsəd Azərbaycanın tanınmış ziyalı qadınlarını ölkədən kənarda da tanıtmaqdır.

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorel çıxışı zamanı qeyd edib ki, qadınların cəmiyyətdəki rolu olduqca mühümdür. Onun sözlərinə görə, ziyalı qadınlar bütün cəmiyyətlərin aparıcı qüvvələridirlər.

"Azərbaycanda qadınların bu şəkildə önə çəkilməsi bizi məmnun edir", – Cankorel vurğulayıb.

Millət vəkili Məlahət İbrahimqızı öz növbəsində qeyd edib ki, siyasətçilər hər zaman özlərini jurnalistlər qarşısında borclu hesab edirlər. Çünki məhz jurnalistlər siyasətçilərin fəaliyyətlərini cəmiyyətə çatdırır.

Tarix elmləri doktoru, millət vəkili Musa Qasımlı da kitabın əhəmiyyətindən söz açıb. O, bildirib ki, bu kitabın əhəmiyyəti 50-100 ildən sonra daha çox bilinəcək. Onun sözlərinə görə, Azərbaycan Milli Mətbuatının tarixi yazılarkən bu kitab mühüm istinad mənbəyi olacaq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərinin müavini Sədaqət Qəhrəmanova, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, professor Cahangir Məmmədli, KİV-ə dövlət

Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və digər şəxslər öz çıxışlarında kitabın Azərbaycan mətbuatı və tarixi üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyiblər.

Kitab rəngli, nəfis tərtibatda nəşr edilib. Kitabın tərtibçisi AQJA-nın rəhbəri Sevil Yusifova, baş redaktoru Şəhla Bayat, redaktoru Musa Nəbioğlu, məsləhətçisi professor Nadir Məmmədlidir

 

 

Aysel

 

Xalq Cəbhəsi.-2011.- 16 fevral.- S.7.