Dövlət və din münasibətləri

 

Saleh Aslanov: "Azərbaycanın dövlət-din münasibəti digər ölkələrə nümunə göstərilir"

 

Anar Yusufzadə: "Sadəcə ölkəmizdə deyil, dünyanın hər yerində radikallığa qarşı mübarizə aparılır"

 

Vahid Qazi: "Dini azadlıq da digər azadlıqlar kimi qorunmalıdır"

 

Azərbaycan islam ölkəsidir, eyni zamanda dünyəvi dövlətdir. Konstitusiyamıza əsasən, din dövlətdən ayrıdır. Yəni dövlət idarəçiliyi və qanunvericiliyi dini prinsiplərə əsaslanmır. Amma bu dövlətin dinə qarşı olduğu anlamına da gəlmir. Əksinə, beynəlxalq hüquq normalarına söykənən Anayasamız millətindən asılı olmayaraq, hər bir vətəndaşın dini etiqad azadlığını tanıyır. Qanunla hər kəsə öz iradəsiylə istədiyi dini seçməyə və azad şəkildə ibadət etməyə icazə verilir. Lakin diqqətə alınmalı mühüm məqamlar da var. Belə ki, ölkəmizdə dini ayrı-seçkiliyi, radikalizmi və s. təbliğ edən dini icmaların və cərəyanların fəaliyyəti qadağandır. Amma bir sıra ekspertlər dini mühitin tənzimlənməsində yalnız qüvvədə olan qanunvericiliyin kifayət etmədiyini irəli sürürlər. Onlar Azərbaycanda xüsusilə son illər müxtəlif dinlərin və cərəyanların yayıldığını nəzərə alaraq dövlətin də dinlə bağlı siyasətinin təkmilləşməsinə ehtiyac olduğunu bildirirlər. İddialar həqiqəti nə dərəcədə əks etdirir? Dövlətin yürütdüyü siyasət dini vəziyyəti tənzimləmək iqtidarındadırmı? Hazırkı yazımızda elə bu mövzunu araşdırmağa çalışdıq. Sualmız isə belə oldu: "Sizcə Azərbaycanda dövlətin apardığı dini siyasət dövrümüzün reallığına cavab verirmi?"

Müstəqil hüquqşünas Əlövsət Allahverdiyev bildirdi ki, ölkə Konstitusiyasının 18-ci maddəsində Azərbaycan Respublikasında dinin dövlətdən ayrı olduğu göstərilir: "Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Dövlətin bu istiqamətdə apardığı siyasəti təqdirəlayiq sayıram və dövrün reallığı kimi qiymətləndirirəm. Din məsələlərini dövlət idarəçiliyinə qatmaq olmaz".

Qafqaz Universitetinin müəllimi, politoloq Ceyhun Mahmudlu dedi ki, hazırda Azərbaycan dövləti tolarantlıq baxımından bütün dinlərə eyni şərait yaratmağa və onlara qarşı heç bir ayrı-seçkilik etməməyə çalışır: "Bu ilk baxışdan çox təqdirəlayiq bir haldır. Nəzərə alsaq ki, Azərbaycan vətəndaşlarının 90 faizindən çoxu müsəlmandır, belə olduqda dövlət tərəfindən islamın xeyrinə pozitiv ayrı-seçkiliyin edilməsi məncə, ciddi bir qəbahət olmayacaq. Düzdür, son dövrlərdə Azərbaycan dövləti tərəfindən islam dininin bayramları olan Qurban və Ramazan milli bayramlar olaraq qəbul edilib və bu bayram günləri rəsmi olaraq qeyri-iş günü elan olunub. Bundan başqa, bir neçə tarixi əhəmiyyətli məscid dövlətin maliyyə dəstəyilə bərpa olunub. Bütün bunlarla yanaşı hesab edirəm ki, Azərbaycan dövləti mövcud cəmiyyətdə dini proseslərə nəzarətetmə siyasətiylə yanaşı, bu prosesləri istiqamətləndirmə siyasəti də güdməlidir. Din insanların mənəvi ehtiyacıdır. Hazırda dünyada, xüsusilə də Qərb dövlətlərində islam dininə maraq gündən-günə artmaqdadır. Son dövrlərdə aparılan tədqiqatlar da göstərir ki, ənənəvi olaraq müsəlman olan azərbaycanlılar arasında öz dinlərini öyrənmək dinamikası artır. İnformasiyanın bol olduğu müasir dövrdə müxtəlif məqsədli məlumatların yayılması imkanının geniş olduğunu nəzərə alaraq hadisələrin inkişaf etməsinə nəzarət etmək çox vacibdir. Əks təqdirdə, cəmiyyətdə zərərli ünsürlərin formalaşması labüd olacaq. Amma bu nəzarət yalnız məhdudlaşdırmaqla mümkün olmayacaq. Cəmiyyətin dini ehtiyacını qarşılayacaq imkanlar da təklif olunmalıdır".

Politoloq Anar Yusufzadə vurğuladı ki, bu məsələyə bir neçə rakursdan baxmaq lazımdır: "Birincisi, dövlətimizin fərqli və ya eyni dindən olub, ancaq fərqli cərəyanlardan olan nsanlar arasında qarşıdurmanın qarşısının alınması siyasəti, ikincisi, müxtəlif din və dini cərəyan mənsublarına olan münasibət. Birincisi haqqında onu demək istərdim ki, sadəcə Azərbaycanda və yalnız dini məsələlərdə deyil, hər yerdə radikallığa qarşı mübarizə aparılır. İnsanlar birgə yaşamağı öyrənməlidirlər. Hətta birgə yaşadıqları zaman da bir-birilərinin haqqına riayət etməyi də bacarmalıdırlar. Ona görə də müxtəlif vaxtlarda dözümsüzlük göstərən bəzi insanlara qarşı qəti tədbirlər görülmüşdü. O ki, qaldı fərqli dinlərin mənsublarına, burada çox mürəkkəb bir vəziyyətlə qarşı-qarşıyayıq. İnsanlar adətən bilmədikləri şeydən qorxurlar. İnsan qorxduğu zaman da qeyri-adekvat addımlar atır. Qərb ölkələri, müsəlman və ümumiyyətlə, Şərq ölkələrini zəbt etdikdən sonra həmin cəmiyyətləri başa düşmək üçün güclü şərqşünaslıq məktəblərini qurdular. Həmin şərqşünasların verdiyi məsləhətlər nəticəsində onların müstəmləkə siyasəti çox uğurla həyata keçdi. İlk əvvəl Qərb ölkələri daha çox gücdən, sonra daha çox ağıldan yararlanıblar. Burada holland Nurgronjenin rolunu xüsusilə vurğulamaq istərdim. O, islamı və müsəlmanları öyrəndikdən sonra Hollandiya hökumətinə məsləhət bildi ki, müsəlmanların ayinlərilə işləri olmasın. Müsəlmanların namazına, zəkatına, orucuna, həccinə, xüsusilə də qadınların geyimlərinə toxunulmasa, hökumət müsəlmanlardan ciddi müqavimət görməyəcək. Həqiqətən də Hollandiya hökuməti İndoneziyada bunlara əməl etdikdən sonra ciddi müqavimət azaldı. İnanıram ki, Azərbaycandakı vəziyyəti də ciddi analiz etməyə ehtiyac var. İnanclı insanların ehtiyacını qarşılamayanda dövlət öz loyal elektoratını itirir. Dünyadakı təcrübədən görürük ki, insanlar çətin vəziyyətdə daha da çox dinə üz tuturlar".

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Samirə Həsənova Azərbaycan dövlətinin müstəqillikdən bu yana ölkənin doğru istiqamətlənməsi və dinini tanıması üçün xaricdə kadrlar yetişdirmək siyasətiylə başladığı işə bu gün də tədrici yolla davam etdiyini söylədi: "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi də, Qafqaz Universiteti də bu istiqamətdə dövlətin aparıcı qüvvələridir. Zamanla bu sahədə mütəxəssis olan ziyalıların və yetişən kadrların sayəsində islamın Azərbaycanda özünəməxsus, nümunəvi yer tutacağına ümid edirəm. Din-dövlət-cəmiyyət münasibətlərini tənzimləyici yol tutan, milli, dini və ümumbəşəri dəyərləri diqqətə alan siyasətlə hazır kadrların da qüvvəsindən istifadə edərək dini maarifləndirməyə imkan yaradılmalıdır".

"İnam" Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi bildirdi ki, bütün azadlıqlar bir-birinə bağlıdır və bağlılıq onları yaşadır, gücləndirir: "Dini azadlığı insan hüquq və azadlıqlarından kənarda təsəvvür edə bilmirəm. Amma dini siyasətə qatanları da qəbul etmirəm. Dinin siyasətdə istifadə olunması, alətə çevrilməsi bütün tarix boyu qanlı müharibələrlə müşayiət olunub. İstər xristianların səlib yürüşləri olsun, istərsə də müsəlmanların səlibçilərlə döyüşləri. Din siyasətə qarışanda mahiyyətini, eyni zamanda nüfuzunu itirir, onun ilahiliyinə insan müdaxiləsi baş verir. Odur ki, ağıllı cəmiyyətlər dini siyasətdən kənar tutur. Belədə din insanı saflaşdıran, duruldan ilahi bir alət olaraq qalır. Burada yenə Məhəmməd Əmin Rəsulzadənin sözləri yerinə düşür: "Məscidə girən insan siyasət, partiya, ideyanı unutmalıdır və ancaq Allaha dua etməlidir. Ümumiyyətlə, ruhanilər siyasətlə, siyasi mübarizəylə məşğul olmamalıdır, məscid neytral olmalıdır". Eyni zamanda siyasətlə məşğul olanlar, bu anlamda onu yönəldənlər də bilməlidir ki, dini azadlıq da digər azadlıq kimi qorunmalıdır. "Qurani-Kərim"də deyilir ki, hər xalq öz aqibətinə görə məsuliyyəti özü daşıyır. Zülmə dözüb başqasına boyun əyənlər öz bədbəxtliklərini yaxınlaşdıranlardır. Həzrəti peyğəmbərimiz isə belə buyurub: "Bir əmrdə şübhə olursa, ağlınızla həll edin". Odur ki, dini siyasət yönəldənlərimiz elə "əmrlər" verməlidirlər ki, şübhəyə yer qalmasın və hər kəs problemi "öz ağlıyla həll" eləməyə məcbur olmasın".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov dedi ki, Azərbaycan dövlətinin yürütdüyü dini siyasəti beynəlxalq ictimaiyyət müsbət qarşılayır, digər dövlətlərə model kimi tövsiyə edir: "Bu da sübut edir ki, ölkə rəhbərliyinin müəyyənləşdirdiyi dövlət-din münasibətlərini tənzimləmə üsulu özünü tam doğruldur. Bunu dini əqidəsindən asılı olmayaraq, bütün vətəndaşlarımız gündəlik həyatlarında da hiss edirlər. Üstəlik ölkəmizi yaxından öyrənən xarici ekspertlər, din siyasəti ilə məşğul olan elmi araşdırmaçılar, nazirlər, politoloqlar, ilahiyyatçılar, qafqazşünaslar da Azərbaycanın dövlət-din münasibətləri modelini digər ölkələrə nümunə göstərirlər".

 

 

Real Cəfərli

 

Xalq Cəbhəsi.- 2011.- 19 fevral.- S.10.