Korrupsiyaya qarşı mübarizə

 

Vüqar Bayramov: "İlk növbədə struktur islahatları aparılmalıdır"

 

Sahib Məmmədov: "Normalar elə hazırlanmalıdır ki, korrupsiyaya şərait yaradılmasın"

 

İki aya yaxındır ki, Azərbaycanda antikorrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilir. Prezident Administrasiyasının rəhbəri, Korrupsiya ilə Mübarizə üzrə Dövlət Komissiyasının sədri Ramiz Mehdiyevin yanında keçirilən müşavirədən sonra bəzi idarə və nazirliklər bu prosessi diqqətdə saxladılar.

Nazirliklərin ayrı-ayrı strukturlarında aparılan yoxlamalar zamanı aşkar edilən bir çox nöqsanların yerində həllinə nail olundu, nazirliyə, xüsusilə "qaynar xət"lərə daxil olan korrupsiya ilə bağlı şikayətlər dərhal araşdırıldı və zəruri işlərin operativ görülməsi təmin olundu. Prezidentin korrupsiyaya qarşı qəti mübarizənin aparılmasına dair tələblərinin dövlət strukturlarında çalışan hər bir qulluqçuya çatdırılması məqsədilə regional müşavirələr keçirildi. Yerlərdə də korrupsiyaya şərait yaradan hallar təhlil olunaraq onların aradan qaldırılması üçün tədbirlər müəyyənləşdirilir.

Onu da qeyd edək ki, yaxın günlərdə Azərbaycan qanunvericiliyinə korrupsiyaya qarşı mübarizə ilə bağlı ciddi əlavə və dəyişikliklər gözlənilir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü Əli Hüseynovun sözlərinə görə, müvafiq qanun layihəsi artıq parlamentə təqdim olunub. Komitə sədri bildirib ki, qanunvericiliyə dəyişikliklər dövlət və inzibati orqanların fəaliyyətində şəffaflığa xidmət edəcək, pozuntu hallarının qarşısının alınmasına yönələcək. Dövlət orqanlarında korrupsiyaya qarşı mübarizə məqsədilə inzibati tədbirlərlə yanaşı, maddi həvəsləndirmədən də istifadə olunacaq.

İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov dedi ki, korrupsiyaya qarşı mübarizəylə bağlı mərkəz yeni tədbirlər paketi hazırlayıb. Konsepsiya yaxın vaxtlarda ictimaiyyətə və dövlət qurumlarına təqdim olunacaq: "Biz bu sənəddə korrupsiyaya qarşı mübarizənin müxtəlif istiqamətlərini təklif etmişik. O cümlədən islahatlar sistemini struktur, inzibati, maliyyə, ictimai, elektron və sosial islahatlar kimi qruplaşdırmışıq. Düşünürük ki, korrupsiyaya qarşı mübarizənin hərtərəfli və kompleks şəkildə aparılması üçün əvvəlcə struktur dəyişikliyinin aparılmasına ehtiyac var. Söhbət dövlət qurumlarının sayının azalmasından gedir". Vüqar Bayramov daha sonra dedi: "Eyni zamanda, inzibati islahatlar kimi nəzarətin gücləndirilməsi və diskriminasiyasız antikorrupsiyaya qarşı mübarizənin bütün məmurlar və dövlət strukturlarına aid edilməsi, maliyyə islahatları kimi nağdsız ödənişlərdən istifadə, lisenziyaların məbləğinin və sayının azaldılması, bankların kredit verilməsi mexanizmini sadələşdirilməsi təklifini irəli sürmüşük. İctimai islahatlar kimi isə vətəndaş cəmiyyətlərinin imkanlarından istifadə, dövlət qurumlarında nəzarət şuralarının yaradılması və vətəndaş cəmiyyətlərinin həmin şuralara cəlbini nəzərdə tutmuşuq". Sosial islahatlara gəldikdə isə, iqtisadçı-ekspert dedi ki, burada dövlət qulluqçularının sosial vəziyyətinin yaxşılaşdırılması məqamları yer alıb. Onun fikrincə, mərkəz antikorrupsiyaya qarşı mübarizənin sistemli aparılmasının tərəfdarıdır.

Əmək Hüquqları Liqasının rəhbəri Sahib Məmmədovun fikrincə, ilk növbədə qanunvericilik aktlarına, normalara əlavə və dəyişikliklər olunmalıdır: "Normalar elə hazırlanmalıdır ki, süründürməçilik və korrupsiyaya şərait yaradılmasın. Xüsusən normativ aktlara diqqət yönəlməlidir. Məsələn, bu gün işıq, qaz, su təchizatıyla bağlı texniki şərtin verilməsi və s. burada elə normativ sənədlərlə tariflər müəyyənləşib ki, bu da süründürməçiliyə gətirib çıxarır. Təbii ki, bu da korrupsiyaya şərait yaradır. Birinci növbədə qanunvericilik, ikinci növbədə isə onun keyfiyyətinin tətbiqi həyata keçirilməlidir. Bunun üçün siyasi iradə olmalıdır ki, son vaxtlar bu dövlətdə görünür, sadəcə normalar və onların düzgün tətbiqiylə yanaşı, əhali arasında maarifləndirmə işlərini aparmaq lazımdır".   

 

 

Cavid 

 

Xalq Cəbhəsi.- 2011.-19 fevral.- S.9.