Baş redaktorlar parta arxasında

 

BDU-da KİV rəhbərləri və gələcək jurnalistlər bir araya gəldilər

 

Dünən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin rəhbərlərilə görüşüblər. Görüş KİV-ə Dövlət Dəstəyi Fondunun təşəbbüsüylə baş tutub. Tədbirin keçirilməsində məqsəd jurnalist təhsili alan tələbələrin işlə təmin olunmalarına yardım etmək idi.

20 qəzet redaktorunun iştirak etdiyi tədbirdə tələbələrin gələcəkdə işlə təmin olunma məsələləri, jurnalistika sahəsindəki ümumi problemlər, söz və ifadə azadlığı, plüralizm məsələləri müzakirə olunub.

Qonaqlarla tələbələr arasında ünsiyyəti ev sahibi, BDU jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə başlatdı. Yalçın müəllim ölkənin öndə gələn KİV-lərinin rəhbərlərinə həm də tələbələrin, fakültənin problemləri barədə məlumat verdi, özünün konseptual fikirlərini bölüşdü. O dedi ki, BDU-nun tarixində tələbələrin bu qədər KİV rəhbərilə birdən və birbaşa təmas qurmaq imkanları olmayıb. Dekan tələbələrini fəallığa və yaranmış vəziyyətdən istifadə etməyə çağırdı.

KİV-ə Dövlət Dəstəyi Fondunun sədri, görüşün ideya müəllifi Vüqar Səfərli çıxışında bildirdi ki, Bakı Dövlət Universiteti və Slavyan Universitetinin jurnalistika fakültələrinin tələbələrinin ən yaxşı oxuyanları universitetləri bitirmədən işlə təmin olunacaqlar: "İşə götürülən tələbələrə qəzetlər müəyyən miqdarda əmək haqqı verəcək. Tələblərin gələcəkdə peşəkar jurnalist kimi formalaşması üçün onlar iş təcrübəsi toplamalıdır. Bizə həmin tələbələrin siyahısı təqdim olunandan sonra onlar qəzetlərə göndəriləcəklər".

Vüqar Səfərli KİV-ə edilən yardımlardan bəhs edərək bildirdi ki, artıq bu sahədə bir sıra problemlər aradan qaldırılıb: "Jurnalistlərin səbirsizliklə gözlədikləri mənzil məsələsi də həll olunmaq üzrədir. Ötən il prezidentin sərəncamına əsasən, jurnalistlərin mənzillə təmin olunması üçün fonda 5 milyon manat ayrılmışdı. Şad xəbər kimi deyə bilərəm ki, mənzillər tam təmir olunaraq jurnalistlərə paylanacaq".

Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistika fakültələrində hazırlanan kadrlarla bağlı danışdı. O bildirdi ki, tədbirin məhz jurnalistika fakültəsində keçirilməsi də təsadüfi deyil: "Bu sahədə yetərincə qeyri-ixtisaslar olduğu üçün ixtisaslı jurnalistlər iş tapmaqda çətinlik çəkirlər. Gələn yeni nəsil işsiz qalır. Bu çətinliyi qismən aradan qaldırmaq üçün redaktorlar da bura dəvət olunub. Onlar hazırdırlar ki, sizinlə əməkdaşlıq etsinlər". Çıxış edən qəzet baş redaktorları da gənc jurnalistlərlə əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər. Onlar gələcək həmkarlarını maraqlandıran suallara cavab veriblər.

Tədbirdə çıxış edən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirdi ki, bu auditoriyada Azərbaycan mediasının gələcək parlaq imzaları əyləşiblər və indi redaktorların onlarla ilk vizual təmasları başlayıb: "Eyni zamanda bu görüş tələbələr üçün bir fürsətdir. Sizin gələcək iş yerlərinizin rəhbərləri auditoriyanıza gəliblər. Biz də maraqlıyıq ki, mətbuata yeni və gənc nəsil gəlsin. Siz gəlməsəniz, bizim də gələcəyimiz olmaz. İndi əslində ənənəvi media ilə yanaşı, yeni medianın, internet mediasının dövrüdür. Bu, sizlərə daha geniş imkanlar, daha böyük meydanlar yaradır. Hər birinizə qapılarımız açıqdır".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə öz çıxışında jurnalistlərin peşəkarlıq problemlərindən söz açdı: "Bu gün heç bir mətbuat orqanının imkanı yoxdur ki, bu və ya digər jurnalistin formalaşmasına uzun müddət vaxt ayırsın. Sınaq müddəti maksimum isə 5-6 ay ola bilər. KİV tədrislə məşğul olmur. Gündəlik istehsalla məşğul olan medianın isə tədris prosesinə vaxt ayırması indiki şərtlər daxilində mümkünsüzdür. Bu baxımdan qəzetlərə müasir İP texnologiyalarını bilən mütəxəssislər lazımdır. Bu mütəxəssislər də təhsil müəssisələrində yetişdirilməlidir".

Elçin Mirzəbəyli jurnalistika sahəsində mütəxəssislərin hazırlanması üçün geniş texniki imkanların yaradılmasının vacibliyinə diqqət çəkdi: "Jurnalistika fakültələri ən müasir texniki avadanlıqla təmin olunmalı və tələbələr təhsil aldıqları müddətdə bütün istiqamətlərdə təcrübə əldə etməlidirlər".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru gənc həmkarlarına çağdaş Azərbaycan mediasının qarşısında dayanan ən önəmli problemdən söz açdı və onlara öz tövsiyyələrini verdi: "Bu gün media daim bir seçim qarşısında qalır: İnformasiya və biznes maraqları, yaxud vətəndaş mövqeyi... Hansını seçməli? Yalnız informasiya və biznes maraqları üstün tutulanda mətbuat orqanı cəmiyyət üçün kabusa çevrilir. İctimai rəyi yalnış istiqamətə yönləndirir. Təkcə vətəndaş mövqeyinin ortaya qoyulması isə çox vaxt populizmə və ritorikaya yol açır və nəticədə mətbuat divar qəzetinə çevrilir. Əsil peşəkarlıq vətəndaşlıq mövqeyi ilə informasiya marağının uzlaşdırılmasıdır. Bu səbəbdən sizə peşəkar olmağı arzulayıram".

Görüşdə tələbələrdən Gənc Reportyorlar Klubunun rəhbəri Məmməd Ağayev, tələbə-jurnalist Dürrə Həsən və Əfzələddin Ağalarov çıxış ediblər. Azxeber.com saytının redaktoru Hacıbəy Heydərli də fəallığıyla seçilib.   

 

 

Xalq Cəbhəsi.- 2011.- 24 fevral.- S.3.