Xocalı - bütün xalqların dərdi

 

 Slavo Şviqra Ata: "Xocalı faciəsini törədənlər - insan simasını itirmiş yırtıcılardı"

 

Azərbaycan kazaklarının atamanı: "Ermənilər öz cinayətlərini ört-basdır etməyə cəhd göstərirlər"

 

Ləzgi Mədəniyyət Mərkəzinin rəhbəri: "Dinindən, irqindən asılı olmayan hər bir bəşər övladı bu faciəni lənətləməlidir"

 

Ravvin Rubin İzmayılov: "Dinc sakinlərə belə bir divan yalnız insanaoxşar vəhşilər tərəfindən tutula bilərdi"

 

Avar Mədəniyyət Mərkəzinin rəhbəri: "Bu vəhşiliyi tarix bağışlamayacaq"

 

Əhməde Həpo: "Efir vasitəsilə kürd xalqına müraciət etdim ki, Xocalı faciəsi həm də kürdlərin faciəsidir"

 

O vaxtdan 19 il keçir. Lakin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda baş verənləri xatırlayanda indi də dəhşətə gəlirik. Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış o dəhşətli gecədə Xocalı şəhəri yerlə-yeksan edilmiş, dinc əhaliyə vəhşicəsinə divan tutulmuşdu. Bütün sivilizasiya normalarına zidd olan bu qanlı aksiyanı erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndində yerləşdirilən 366-cı motoatıcı alayının hərbi qulluqçularından və zirehli texnikasından istifadə etməklə törətmişlər. Həmin alayın şəxsi heyətində milliyyətcə erməni olan 40-dan çox zabit və gizir vardı. 613 nəfərin, o cümlədən 106 qadının və 63 uşağın həyatına son qoymuş, 8 ailəni tamamilə məhv etmiş, 487 nəfərin şikəst olması, 1275 sakinin girov götürülməsi, onların 150 nəfərinin, o cümlədən 68 qadının və 26 uşağın taleyinin məlum olmaması ilə nəticələnən bu kütləvi qırğını törədənlər hələ də azadlıqdadırlar. Bəşər tarixində soyqırım aktları əvvəllər də olub: Xatın, Liditse, Oradur hadisələri bu qəbildəndir. Lakin Xocalı soyqırımı onlara oxşamır... Xocalı soyqırımı təkcə biz türklərin deyil, Azərbaycanda yaşayan bütün xalqların və dini konfessiya nümayəndələrinin ortaq dərdidir.

Azərbaycan kazaklarının atamanı, general Viktor Mereşkinin sözlərinə görə, Xocalı XX əsrin yox, əsrlərin faciəsidir. Generalın fikrincə^ hər il Xocalı soyqırımının ildönümü ərəfəsində bütün erməni saytları bu faciəni azərbaycanlıların törətdiyini iddia edən saxta və əsassız arqumentlər gətirməklə öz cinayətlərini ört-basdır etməyə cəhd göstərirlər: "Amma fakt odur ki, bu faciəni ermənilər törədib. Bu vaxtadək isə həmin cinayətkarlar hələ cəzalandırılmayıb, halbuki, onların kimliyi və harada olduqları məlumdur". General dedi ki, bu cinayət ermənilərin azərbaycanlılara qarşı əsrlərlə törətdikləri cinayətlər silsiləsinin bir hissəsi idi: "Əvvəlcədən planlaşdırılmışdı. İndinin özündə də həmin kadrlara baxmaq olmur. Bu qədər vəhşilik yalnız kinokadrlarda ola bilər. Faciə uzaq keçmişimizdə başımıza gətirilib, qiyməti isə hələ verilmədiyindən erməni vəhşiliyi davam etməkdədir".

Ləzgi Mədəniyyət Mərkəzinin sədri Şair Həsənov isə dedi ki, Xocalı soyqırımını təkcə azərbaycanlılara qarşı törədildiyini demək düzgün olmazdı: "Bu bəşəri faciədir, onu törədənləri bağışlamaq olmaz. Dinində, irqindən asılı olmayan hər bir bəşər övladı bu faciəni lənətləməlidir. Bu faciənin günahkarları olan ermənilər mütləq cəzalandırılmalıdırlar. Bu cəzanın üstünü ört-basdır etməyə cəhd göstərənlər görünür onlarla əlbir olublar". Şair Həsənov dedi ki, Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması üçün beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana dəstək olunmalıdır: "Ermənilər qondarma erməni soyqırımlarını dünya ictimaiyyətinə tanıtmaq istiqamətində sürətlə iş aparırlar. Amma dünya yaxın keçmişimizdə azərbaycanlıların başına gətirilən Xocalı soyqırımını tanımaq niyyətində deyil. Azərbaycana qarşı ikili standartlara baxmayaraq biz ermənilərin vəhşi simasını ortaya qoya bilmişik, tarix onları cəzalandıracaq".

"Ronahi" Kürd Mədəniyyəti Mərkəzinin sədri Kamil Həsənov isə Xocalı ilə yanaşı digər faciələrimizi də ümumi bəla adlandırdı. Onun sözlərinə görə, Xocalı faciəmiz bizim töhmətimizdir, ona görə ki, bu vaxta qədər erməni vəhşiliklərini dünyaya tanıda bilməmişik: "Faciəni törədən ermənilər və ruslar məsuliyyəti boyunlarından atırlar. Amma bu heç də onların gətirdikləri saxta faktlarla deyil. Məsələn, "Memorial"ın (Rusiyanın "Memorial" hüquq müdafiəsi mərkəzi - C.) hesabatında deyilir ki, Xocalıya hücumdan sonra orada 200-300 insan evlərin zirzəmisində gizlənmişdilər və onlar Xankəndinə aparıldı. Bu da onu deməyə əsas verir ki, Xocalı faciəsi zamanı əsir götürülən insanların bəzilərinin taleyi indi də naməlum qalıb. Yaxud da aparılan azərbaycanlılar qətlə yetiriliblər. Həmin hesabatda daha sonra yazılır ki, Xankəndində yerləşdirilən 366-cı motoatıcı alay Xocalı qaçqınlarının daşınması ilə məşğul idi. Xocalıya hücumda 366-cı alayın hərbi texnikasının da iştirak etdiyi barədə məlumat verilib. Rusiya mətbuatı bir daha bu faciənin töərdilməsində 366-cı motoatıcı alayın rolunun olduğunu təsdiqləyir. Daha sonra yazılır ki, ermənilər hətta ölüləri də təhqir edirdilər. Bir azərbaycanlının diri-diri başının dərisi soyulmuşdu...".

Dağ Yəhudiləri İcmasının üzvü, sinaqoqun ravvini Rubin İzmayılov da Xocalı soyqırımını bəşəriyyətin faciəsi olduğunu və bunun Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsinin ürəyini ağrıtdığını dedi: "Hər bir millət kimi, biz yəhudilər də bu faciənin ağrısını dadmışıq. Azərbaycan xalqı ilə bu faciənin ağrısını bölüşmüşük, tarixdə dəhşətli faciələrimizdən biridir. Bu faciə bir daha ermənilərin necə qəddar və qaniçən olduqlarını üzə çıxardı. Dinc sakinlərə belə bir divan yalnız insanaoxşar vəhşilər tərəfindən tutula bilərdi". Ravvin onu da dedi ki, Xocalı faciəsini ermənilərin törətməsini sübut etməyə ehtiyac da yoxdur. Onun sözlərinə görə, bu faciə elə də uzaq keçmişdə baş verməyib ki, onun sübut olunması üçün illərlə fakt toplayasan: "Düzdür, Azərbaycan diasporası tərəfindən bu faciə hər il dünyanın müxtəlif yerlərində anılır. Lakin təbliğat hər gün aparılmalıdır, hər gün ermənilərin iç üzünün açılması istiqamətində fəaliyyət göstərilməlidir".

Avar Mədəniyyət Mərkəzinin rəhbəri Mahama Bazarov Dağlıq Qarabağ döyüşlərində iştirak edən polis batalyonu komandiri kimi müharibənin ağrı-acısını yaşadığını dedi: "O qədər dəhşətli hislər keçirmişik ki... Xocalı faciəsi bu dəhşətlərin ən böyüyüdür, mən inanmıram ki, yer üzündə digər xalqlara qarşı ikinci belə bir vəhşilik törədilsin. Ermənilər Xocalıda insanları diri-diri torpağa basdırdılar, yandırdılar, başlarına hansı oyunlar açmadılar. Bunu tarix bağışlamayacaq. Biz təkcə səsimizlə yox, həm də fəaliyyətimizlə erməni işğalçılarına qarşı mübarizə aparırıq. Mən inanıram ki, ermənilərin bizə qarşı törətdiyi bütün faciələr cavabsız qalmayacaq. Qarabağımız azad ediləcək və erməninin işğalçı siyasəti ifşa olunacaq. Bu bizim haqqımızdır, illərlə faciələrə, itkilərə məruz qalmış bir xalq kimi öz hüququmuz uğrunda mübarizə aparırıq".

Milli Radionun kürd dili verilişləri redaksiyasının redaktoru, yazıçı Əhməde Həpo isə bildirdi ki, Xocalı faciəsi ilə bağlı yazdığı "Qana bulanmış gecə" adlı məqaləsi iki gün radioda kürd dilində səslənib: "Məqaləni "Qabusnamə"də ermənilərin xarakterini açan sözlərlə başlamışam. Bildirmişəm ki, 1918-ci ildən 1988-ci ilə qədər Azərbaycan xalqının başına hansı faciələr gətirilibsə, bu ölkədə yaşayan kürdlərin də başına o faciələr gətirilib. Ermənilərin Azərbaycan xalqına vurduğu yaralar biz kürd xalqına da vurulub. Bu yaranın ağrısını, acısını birgə yaşayırıq. Efir vasitəsilə kürd xalqına müraciət etdim ki, Xocalı faciəsi həm də kürdlərin faciəsidir. Axı Xocalıya yaxın olan ərazilərdə yüzlərlə kürd ailəsi yaşayıb. Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri faciələrin qurbanları arasında kürdlər də var".

Yazıçı dedi ki, ermənilərin Xocalıda törətdikləri faciəni elə onların yazıçıları da etiraf edib: "Məsələn, Hayd Xeriyanın "Xaç naminə" kitabında (Beyrut, 2000-ci il. Xocalıdakı döyüş haqqında səh. 26, 62, 63.), Zori Balayanın "Ruhumuzun dirilməsi" kitabında (1996-cı il, səh. 260-262) ermənilərin xocalıları necə divan tutulması, meyitlərin necə təhqir olunması və bundan şərəf duyulması məqamları əksini tapıb".

"Müqəddəs Məryəm Ana" Bakı katolik kilsəsinin baş keşişi, Slavo Şviqra Ata isə bildirdi ki, Xocalı soyqırımı bir daha bütün bəşəriyyətə müharibənin vəhşi simasını göstərdi: "Müharibələrdə insanlar həlak olur, lakin dinc əhalinin, azyaşlı uşaqların, qadınların, ahılların bu qədər amansızcasına qətlə yetirilməsi dəhşətdir. Görün, İlahi qanunları tapdaq altına atan insan hansı vəhşilikləri törədə bilər. Nifrət insanı insanlıqdan uzaqlaşdırır. Xocalı faciəsini törədənlər - insan simasını itirmiş yırtıcılardı".

Slavo Şviqra Ata onu da bildirdi ki, hər il, 26 fevral tarixində Bakının "Müqəddəs Məryəm Ana" kilsəsində ibadət zamanı onlar Xocalıda qətlə yetirilmiş insanların ruhuna dualar oxuyur və Allahdan diləyirlər ki, bir daha Azərbaycan xalqının başına belə müsibət gəlməsin, cəlladlar və cinayətkarlar adalətli cəzalarına çatsınlar.

 

 

Cavid

 

525-ci qəzet.- 2011.- 25 fevral.- S.9.