Dağlar arxasında üç xalq: Nic kəndinin dinc sakinləri...

 

 Yolumuz Qəbələ rayonundan 40 km aralıda yerləşən qədim tarixə malik Nic kəndinəydi. O kəndə ki, əsrlər boyu müxtəlif dinlərə mənsub insanlar bir yerdə, sülh şəraitində yaşamaqla dünyaya nümunə sayılırlar.

Təkcə Azərbaycanda deyil, dünya miqyasında yaxşı tanınan bu kənd haqqında danışılanda ilk növbədə onun sakinləri olan udinlər yada düşür. Amma burada qədim alban əhalisinin törəmələri olan udinlərlə yanaşı, azərbaycanlılar və ləzgilər də yaşayır.

Qəbələ rayon İcra Hakimiyyətindən öyrəndik ki, Nicin əhalisinin 50%-ni udinlər, 40%-ni azərbaycanlılar, 10%-i isə ləzgilər təşkil edir.

Nic həm də Azərbaycana gələn turistlərin baş çəkdiyi yaşayış məntəqələrindən biridir. İcra Hakimiyyətində bizə dedilər ki, turistləri təkcə Nicdə mövcud olan tarixi abidələr, təbiət maraqlandırmır, onlar həm də dinlərin qovuşduğu bu tolerant məkanda bir neçə xalqın necə qaynayıb-qarışmasına maraq göstərirlər. Nicə il ərzində təxminən 2500 - 3000 turist gəlir.

 

2500 illik tarix

 

Nicin tarixi çox-çox qədimdir. Kəndin əsas sakinləri olan udinlərə aid ilk məlumat hələ 2500 il bundan əvvələ aiddir. Bu etnosun əcdadları olan utilər haqqında e.ə. V əsr yunan müəllifi - "Tarixin atası" Herodotun "Tarix" əsərində məlumat var. E.ə. I əsrdə yaşamış Strabonun "Coğrafiya" əsərində də Qafqaz Albaniyasına dair məlumatda udinlərdən danışılır. Udinlər qədim Alban çarlığının yaranmasında mühüm rolu olan 26 alban tayfasından biridir. VIII əsrdə yaşamış alban tarixçisi Moisey Kalankaytuklunun "Alban tarixi" əsərində də bu tayfa haqqında məlumat verilib.

 

Nic bazarı - millətlər bazarı...

 

Nəhayət, gəlib çatdıq dağətəyi ərazidə yerləşən Nicə. Geniş bağlı-bağçalı yaraşıqlı evlərdən, şəxsi həyətlərdən, ucsuz-bucaqsız fındıq bağlarından ibarət olan bu kənd təbii gözəlliyilə göz oxşayır.

Yolumuzu əvvəlcə kəndin ərazi icra nümayəndəliyindən saldıq. Burada öyrəndik ki, Hicdə təxminən 6 min nəfərdən bir qədər çox əhali yaşayır. Bunun da 4 min nəfəri udinlər, qalanları isə azərbaycanlılar və ləzgilərdi.

Nicin mərkəzində böyük Daş bazar yerləşir. Bazar günü olmasa da, ora da baş çəkdik. Amma həm satan az idi, həm də alan. Bazarda tanış olduğumuz ağsaqqal İmran Babayev dedi ki, çay daşlarından tikilən bu ticarət mərkəzi çox qədim zamanlaradan fəaliyyət göstərir. İndi bazarda kənd sakinləri istehsal etdikləri məhsulları satışa çıxarırlar. Bura təkcə niclilər deyil, qonşu rayonlardan da gəlib alver edirlər. Bazar günləri bu ticarət mərkəzində azərbaycanlılar udinlərə, udinlər ləzgilərə qarışır, alan kim, satan kim...

İmran Babayev bildirdi ki, vaxtilə Nicə gələn tacirlərin qalması üçün kənddə kiçik karvansara da fəaliyyət göstərib. Hazırda isə həmin karvansara təmir olunub və müəyyən qədər də müasir görünüş verilərək otel kimi fəaliyyət göstərir. Kəndə gələn turistələrin də çox hissəsi elə orada qalır.

 

"Biz mehriban ailəyik..."

 

Bazarı tərk edib Nicin mərkəzindəki meydana gəldik. Günorta olduğundan yolda gözə dəyən az idi. Yaxınlıqdakı çayxananın həyətində qoyulmuş stolun arxasında bir neçə yaşlı kişi əyləşib çay içir, söhbətləşirdi. Salamlaşandan sonra gəlişimizin məqsədini anlatdıq, söylədik ki, kənddə yaşayan millətlərin münasibətləri bir jurnalist olaraq bizim üçün çox maraqlıdı.

"Onda uzağa getmə, sən elə axtardığın adamları bir yerdə yaxalamısan, gəl, özün də çaya qonaq ol" - deyə ağsaqllardan biri zarafatla dilləndi. Məlum oldu ki, bir stolun ətrafında əyləşib çay içən bu dörd nəfərdən ikisi udin, biri azərbaycanlı, digəri isə ləzgidir. Doğrudan da çox maraqlı məqamın üstünə çıxmışdıq. Fürsətdən istifadə edib söhbətə başladıq.

Həmsöhbətimiz Slavik adlı yaşlı udin dedi ki, dinləri və dilləri ayrı olsa da, Nicdə yaşayan xalqlar bir-birləriylə çox mehriban yola gedir, qaynayıb-qarışıblar.

"Bax görürsənmi, Azərbaycan dilində necə yaxşı danışıram, uşaqlarım da mənim kimi təmiz danışırlar, biz burda mehriban ailəyik, bax beləcə də yaz" - deyən Slavik dayının mehribanlığa dair söylədiyini azərbaycanlı Fərhad kişi, ləzgi ağsaqqal Şamil də başları ilə təsdiqləyirdilər:

"Bura çoxmillətli kənddir, udinlər, azərbaycanlılar, ləzgilər bir yerdə yaşayırıq. Allaha şükür, yaxşı da yaşayırıq, ünsyyətimiz də var, pis deyil, bir-birimizin toyuna, yasına da gedirik, lap yaxşı da qonşularıq".

 

"Bir-birimizə qız verib, qız almışıq..."

 

Ağsaqallar dedilər ki, bu üç millət arasında mehribançılıq o dərəcəyə çatıb ki, bir-birlərinə hətta qız verib, qız da alıblar.

- Azərbaycanlıların yaxşı bir sözü var: könül sevən göyçək olar. Qohum da olmuşuq - Slavik dayı söhbətə davam edərək dedi, - udinlərlə azərbaycanlılar, azərbaycanlılarla ləzgilər arasında xeyli qohum ailələr var..

Buna ən məşhur nümunə kimi Nic kəndinin icra nümayəndəsi Vidadi Mahmudovun valideynlərini misal göstərdilər. Vidadi müəllimin atası azərbaycanlı, anası isə udindir.

Nicdəki Udin İcmasının rəhbəri Alek Yegeşeviç Danaqariylə də həmsöhbət olduq. "Əgər gənclər bir-birini bəyənsə, biz buna etiraz etmirik. Azərbaycanlılar, ləzgilər və udinlər arasında münasibətlər normal şəkildədir, insanlar bir-birlərinin xeyir-şər işlərində yaxından iştirak edirlər"-deyən Alek Yegeşeviç bildirdi ki, onun dostlarının yarıdan çoxunu azərbaycanlılar təşkil edir.

Qohumluq münasibətləri ilə yanaşı, Nicdə yaşayan hər üç xalqın ortaq cəhətləri də çoxdur. Uzun illər davam edən qarşılıqlı münasibətlər nəticəsində xalqların bir çox adət- ənənələri qarışıb. Məsələn, udinlərlərlə sıx münasibətdə olan azərbaycanlılar yəqin elə sözügedən xalqın təsirinin nəticəsidir ki, ləğv olunmasına baxmayaraq 1 mayı hələ də xüsusi təntənə ilə qeyd edirlər.

"Bayramlarda bir-birimizin evinə qonaq gedirik, pay aparırıq, Novruz bayramında udin tanışlarımız mütləq bizdə qonaq olur". Bunu da bayaq azərbaycanlı həmsöhbətimiz Fərhad dayı söyləmişdi. Sonra da əlavə etmişdi ki, yeri düşəndə işdə-gücdə də bir-birlərinə yardım edirlər, fındıq yığımı zamanı udin, azərbaycanlı, ləzgi ailələrindən bir-birlərinə kömək edənlər az olmur...

 

Nicin işlək camaatı

 

Fındıqdan söz düşmüşkən, Qəbələdə ən böyük fındıq bağları elə Nicdədi. Fındıq bağları əhaliyə torpaq islahatından sonra paylanıb. İndi bu sahədən yaxşı gəlir götürənlər var. Məsələn, il yaxşı olsa, bir ağacdan 30-35 kq məhsul götürmək mümkündür.

Nic sakinləri çox işləkdirlər. Fərdi təsərrüfatlarda bostan becərir, tərəvəz əkirlər, satırlar. Toyuq-cücə, mal-qara, qoyun-quzu, donuz saxlayanlar da çoxdur. Bəlkə də birgə yaşayışın nəticəsidir ki, azərbaycanlılar arasında da donuzçuluqla məşğul olanlar var. Yerli əhali arasında şərabçılıq da xüsusi yer tutur. Şərabı yerli üzüm sortlarından, arağı isə kənddə yetişən cır meyvələrdən çəkirlər. Azərbaycanlılar bu içkiləri yalnız toyda-bayramda, udinlər isə xeyirdə-şərdə istifadə edirlər.

Niclilər deyirlər ki, digər kəndlərlə müqayisədə onların dolanışığı daha yaxşıdır, başqalarına nisbətən varlı-hallı yaşayırlar.

Nic kəndinin bələdiyyəsi barədə də məlumat maraqlıdır. Kəndin bələdiyyəsində hər üç xalqın nümayəndəsi təmsil olunur: 11 bələdiyyə üzvündən 5-i azərbaycanlı, 4-ü udin, 1-i ləzgi, 1-i də yəhudidir. Bələdiyyə sədri Roman Dallari isə udindir. Nic sakinləri "beynəlmiləl bələdiyyə"nin işindən narazılıq etmirlər...

 

Bu kəndin həm kilsəsi, həm də məscidi var

 

Kənddə yerləşən tarixi baxımdan əhəmiyyətli Alban-udin kilsəsi Albaniyada xristianlığın ilk təbliğatçısı olub. 25 ilə tikilən kilsə opostol Yeliseyə həsr olunub. 2003-cü ildə dövlət tərəfindən qeydiyatına alınan kilsə təmir olunaraq yenidən qurulub.

İcma rəhbəri Alek Yegeşeviş kilsənin fəaliyyət göstərməsinin Azərbaycanın tarixi üçün olduqca əhəmiyyətli olduğunu deyir: "Ermənilərin sözlərini kəsmək üçün... Qoy görsünlər ki, bu kilsələr ermənilərə deyil, albanlara məxsus olub".

Kənddə 2 məscid fəaliyyət göstərir. Məscidlərin hansı tarixdə tikildiyi məlum deyil, məlum olan odur ki, onların qapıları sovetlər dövründə qapalı olub. Ancaq müstəqillikdən sonra yenidən təmir olunaraq inanclı insanların itifadəsinə verilib. İndi bu məscidlərdə ərəb dili, əlifbası və ən əsası Quran oxumaq öyrədilir. Dinlərin qovuşduğu bu kənddə kilsə və məscid yanaşı fəaliyyətdədir.

Udinlər xristian olsalar da, onlar arasında da qurban kəsmək geniş yayılıb. Lap bizdə olduğu kimi. Bu qurbanlar insanlar üçün müqəddəs sayılan pirlərdə, ocaqlarda kəsilir. Xiristianlar arasında qurban kəsmək ənənəsinin olmadığını bildirən icma rəhbəri Alek Yegeşeviçin sözlərinə görə, bu hadisə kəndə gələn xristian turistlərin də təəccübünə səbəb olur. Kənddə 3-ü rüs dilində və 2-si Azərbaycan dilində olmaqla 5 məktəb fəaliyyət göstərir.

 

Hərbi xidmət keçənlər, Qarabağda vuruşanlar və ermənilərin "tarixi bicliyi"...

 

Nic sakinləri dedilər ki, ləzgi və udin gənclər azərbaycanlı həmyaşıdları kimi necə lazımdırsa, Azərbaycan ordusunda hərbi xidmət keçirlər. Vaxtilə Qarabağ müharibəsində azərbaycanlılarla birgə ermənilərə qarşı vuruşmuş nicli udinlər və ləzgilər də olub. Ermənilərdən söz düşmüşkən, bir zəruru məsəlini qeyd etmək vacibdir.

Sovet dövründə, ondan öncə udinlər ermənilər kimi "yan" sonluğu ilə qurtaran soyadlar daşıyırdılar. Udin İcmasının rəhbəri Alek Danaqari bildirdi ki, onların emənilərlə heç vaxt bağlılığı olmayıb: "Bizi ermənilərlə yaxınlaşdıran cəhət eyni dinə-xristianlığa mənsub olmağımızdır. Amma ermənilər xristianlığın qriqorian, biz isə katolik qoluna məxsusuq".

Alek Danaqarinin sözlərinə görə, Alban kilsəsinin hələ 1836-cı ildə Rus Sinodunun qərarı ilə Erməni kilsəsinə təhvil verilməsi udin xalqının məhvinə yönəlmiş bir addım olub: "Ermənilər tarixən bizə təziqlər göstəriblər. Onlar Alban kilsəsini erməni Qiriqorian kilsəsinə tabe etmək istəyirdilər. Bizim əlifbamızı, yazılarımızı da ermənilər məhv ediblər".

Ermənilər Azərbaycanda yaranmış vəziyyətlərdən hər zaman öz xeyirlərinə istifadə etməyə çalışıblar. Təbii ki, udin xalqı da bundan ziyan çəkib. İcma rəhbəri deyir ki, vaxtilə erməni bicliyi sayəsində udin xalqının soyad sonluqları dəyişdirilib "-yan" edilib. Elə bu səbəbdən də Azərbaycanın müstəqilliyinin ilk illərində udin xalqının oğlanları hərbi xidmətdən azad edilmişdi.

Alek Yegeşeviç deyir ki, o vaxtlar bəziləri udinləri də ermənilərin sırasına aid edirmiş. "Ancaq sonra yavaş-yavaş aparılan təbliğat işə yaradı". İndi onların soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı problemləri yoxdur: "Artıq soyadları istədiyimiz kimi dəyişə bilmişik. Hazırda udinlərin əksəriyyətinin soyad sonluqları "-ri" ilə qurtarır. "-ov, -yev"lə bitən soyadlar da azlıq təşkil etmir. Udinlər də hazırda azərbaycanlılar kimi hərbi xidmətə gedir".

 

Sözlər də qarışıb, adlar da, mətbəx...

 

Yerli azərbaycanlılar dedilər ki, udinlərin maraqlı dili var. Bu dildə Azərbaycan sözləri də çoxdur. Yenə birgə yaşayışın nəticəsi...

Azərbaycanlılarla udinlərin qaynayıb-qarışması, uzun illərdən bəri bir ailə kimi yaşamalarının nəticəsidir ki, bəzi udinlər artıq öz övladlarına azərbaycanlı adları qoyurlar. Udinlər arasında Elxan, Orxan, Mirvari, Fidan kimi azərbaycanlı adı daşıyan xeyli uşaq, yeniyetmə var.

Azərbaycan xalqı ilə udin xalqının adət-ənənəsi arasında müəyyən oxşarlıq toylarda da özünü göstərir, elə mətbəxdə də. Məsələn, azərbaycanlılar da əziz günlərdə, toylarda düyüdən aş da bişirirlər, udinlər və ləzgilər də... Azərbaycanlılar da təndirə çörək yapırlar, udinlər də.

Hind toyuğundan hazırlanan "fırlama" bu kəndin əsas yeməklərindən hesab olunur. Bu yemək növü kənddə yaşayan azərbaycanlılarla yanaşı, udinlərin də mətbəxində də əsas yer tutur. Ancaq tarix baxımından bu yemək növünün hansı xalqa mənsub olmasını demək çətindir. Çünki tarixən bu kənddə müxtəlif azsaylı xalqlar sıx qarşılıqlı ünsiyyətdə yaşayıb. Bu baxımdan burada yaşayan xalqların yeməkləri və adətlərinin bir qismi bir-birinə qarışıb.

Nicdə yaşayan ləzgilərin bəzi milli yeməkləri azərbaycanlılarda olduğu kimidir, çörəyin Azərbaycanın bəzi yerlərində olduğu kimi lavaş növunə üstünlük verirlər.

Burada yaşayan hər üç xalqın qız və oğlan toyları ayrı-ayrı olur. Udinlərin toy mərasimlərində milli rəqsləri ilə yanaşı, "Yallı", "Uzundərə" kimi Azərbaycan xalq rəqsləri də oynanılır.

Niclilər çox qonaqpərvərdirlər. Bu maraqlı, əsrlər boyu bir neçə millətin mehriban yaşadığı kənddən xoş təəssüratla ayrıldıq...

Sonda bir məsələni də qeyd edək. Azərbaycan hökuməti ölkəmizdə tarixən mövcud olan tolerant mühitin beynəlxalq səviyyədə təbliği üçün Lahıc qəsəbəsi, Nic kəndi və Qırmızı qəsəbənin "Mədəniyyət məkanı" adı ilə YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilməsi məqsədilə işlər aparır. Alqışa layiq təşəbbüsdür...

 

 

Əfqan Qafarlı

 

Xalq Cəbhəsi.- 2011.- 9 iyul.- S.11.