"İstedadlı rejissor olmaq başqa şeydir, baş rejissor olmaq başqa..."

 

 Azərpaşa Nemətov: "Teatrın başında dayanan adam sukanı cəkməli, o birilər də onunla razılaşmalıdılar"

 

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, Akademik Milli Dram Teatrının Bədii Şura üzvü Azərpaşa Nemətovun APA-ya müsahibəsi.

 

- Azərbaycan teatrının mövcud vəziyyətini necə qiymətləndirirsiniz?

- Hazırda Azərbaycan teatrı intibah dövrünü yaşamır, keçid dövrünü yaşayır. Ancaq bunu güclü böhran saymıram, ancaq intibah da deyil. Yəqin ki, burada nəsillərin dəyişməsi məsələsi var. Həm dramaturgiya, həm rejissura, həm aktyor sənətində, ümumiyyətlə teatrın hər sahəsində nəsillərin dəyişməsi prosesi gedir. Amma bu proses islahatlarla olmalıdır. Artıq islahatlara start verilib bu islahatlar Akademik Milli Dram Teatrından başlayıb. Fikrimcə, bu islahatlar daha köklü dəqiq olmalıdır. Yalnız belə olduqda biz 3-4 il sonra görülən işlərin nəticəsinin şahidi ola bilərik.

- Uzun illərdir, teatr xadimlərindən Azərbaycan teatrının mövcud vəziyyəti ilə bağlı suala birmənalı olaraq "keçid dövründədir" cavabını alırıq. Bir peşəkar kimi, deyə bilərsinizmi dünya teatrlarında bu qədər uzunmüddətli keçid dövrü olubmu?

- Bu məsələ Azərbaycan teatrında bir az başqa cürdür. Dünya teatrları isə prinsipini başqa formada qururlar. Dünya teatrlarında bazar iqtisadiyyatıdır. Rejissorları dəvət edəndə onların qonorarları çox yüksək olur. Dünya teatrlarında işləyən rejissorlar hazırladığı bir tamaşa müqabilində bir il dolanmaq üçün pul alırlar. Gəncliyimdə dünyanı çox gəzmişəm görmüşəm. Amerikada, Brodveydə digər yerlərdə görmüşəm ki rejissor dəvət olunur, onlara çox böyük qiymət verilir.

- Bəlkə teatrımızın hələ keçid dövründə olmasının səbəbi yerli teatrlarımızda hökm sürən teatr daxili mübahisələr, intriqalardır?

- Teatr daxili münaqişələr hər zaman olub. Bu hal dünya teatrlarında da baş verir. Azərbaycan teatrlarında müşahidələrim nəticəsində görmüşəm ki, çox nadir hallarda direktorla baş rejissor bir yerdə işləyəndə vəziyyət normal olur. Müəyyən vaxt keçib, sonra baş rejissorun xoşuna gələn şey direktorun xoşuna gəlməyib, direktorun xoşuna gələn rejissorun xoşuna gəlməyib, nəticədə müəyyən konfliktlər baş verib. Çox nadir hallarda direktor baş rejissor bir-birinə dözür. Çox vaxt onlar yuxarı təşkilatlardan qorxub, çəkinib, dözüm nümayiş etdirirlər. Düşünürəm ki, hazırda Azərbaycan teatrında bu cür vəziyyət yoxdur çox şükür ki, yoxdur. Bəzən deyirlər, kiminsə öz düşüncəsi, teatr haqqında öz anlayışı var, lakin bu, düzgün fikir deyil. Teatrın başında dayanan adam sükanı çəkməli, o birilər onunla razılaşmalıdırlar. Mədəni formada bu durumla razılaşmalı, işləməlidirlər. Yoxsa kimsə etiraz edib deyir ki, "mən çox direktorlar görmüşəm, mən qalacağam filan..." Bu cür yanaşma düzgün deyil.

- Siz hazırda Azərbaycanda ən yaxşı teatr rəhbərindən kimin adını çəkə bilərsiniz?

- Çətin sualdır, ancaq mən deyərdim ki, bu gün İsrafil İsrafilov, Əliqismət Lalayev, Akif Məlikov, Ədalət Hacıyev kimi yaxşı teatr rəhbərləri var. Onlar işi bacaran adamlardı, işi apara bilirlər. Burda bir məsələ baş rejissorla bağlıdır. Baş rejissor vəzifədir mən hesab edirəm ki, baş rejissorun Azərbaycanın ən yaxşı rejissoru olmasını tələb etmək düzgün deyil. İstedadlı rejissor başqa şeydir, baş rejissor başqa şey. Ola bilər, mən çox istedadlı rejissoram, amma bacarıqlı baş rejissor olmayım.

- Siz vaxtilə baş rejissor kimi fəaliyyət göstərmisiniz. Hazırda belə bir istəyiniz yoxdur?

- direktor, baş rejissor olmaq istəyirəm. Onların işləri ilə dərindən tanışam, özümü çox yaxşı tanıyıram. Bir az sərt insan olduğuma görə bilirəm. Bəlkə zahirən mülayim görünə bilərəm, amma işimdə çox sərtəm. Görürsünüz ki, icazəsiz heç kim içəri girə bilmir. Mən hansı rejimlə işləyirəm, o rejimlə işçilərdən işləməyi tələb edirəm. Amma bu ağır rejimdir hər adam buna tab gətirmir.

- Teatr Xadimləri İttifaqının dövlət teatrlarına göstəriş vermək hüququ varmı?

- Yoxdur, heç bir teatr bizə tabe deyil. Biz ictimai təşkilatıq, bizim elə imkanlarımız olsaydı, çox güclü olardıq.

- Siz eyni zamanda Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvüsünüz. Bədii Şura yaradılandan sonra hazırlanan yeni tamaşalardan Sizi daha çox qane edən hansı tamaşa olub?

- Bu müddət ərzində teatrda üç tamaşa hazırlanıb. Mən onlardan ikisində iştirak etmişəm. Rəhmətlik Vaqif İbrahimoğlunun "Vəziri xanı Lənkəran" tamaşasına baxdım, müsbət fikrimi söylədim. O tamaşada Nurəddin Mehdixanlının komediya janrında çıxışını xüsusi vurğuladım. "Teleskop" tamaşasının baxışında isə səhhətimdəki problemlər səbəbindən iştirak edə bilmədim. Üçüncü tamaşaya Afaq Məsudun "Qatarın altına atılan qadın" tamaşasına da müsbət rəy verdim.

- Azərbaycanda gənc rejissorlara ustad dərsləri vermək fikriniz varmı?

- Gənc yaşlarımdan ustad dərsləri verirəm. 27 yaşında olarkən ABŞ-da, sonralar Böyük Britaniya, Almaniya, Rusiyada ustad dərsləri vermişəm, Azərbaycanda isə verməmişəm. Mən bu ittifaqın sədriyəm, özüm-özümü ustad dərslərinə sala bilmərəm axı... Moskvada Valeri Fonkinin rəhbərlik etdiyi teatr mərkəzində ustad dərsləri vermək üçün təklif almışam. Rusiyadakı rejissorların proqramı üç illik dolu olur onlara müraciət edəndə ancaq üç ildən sonraya nəyisə planlaşdırmaq mümkündür. Elə məndə iki ilə yaxın proqram doludur. Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin professoruyam gənclərlə işləməyi çox sevirəm. Mənim kursum var, o kursda çox yaxşı tələbələrim var. Builki tələbələrimdən çox razıyam.

- Ustad olaraq tələbələrinizdən naxələflik görmüsünüz?

- Olub, bəli olub. Gözəl bir fransız misalı var - mən onu hədəfə atmağı öyrətdim sonra hədəfə çevrildim. Bu, ən böyük ustadların başına gələn şeydir. Amma sonra həmin insan gec olsa, səhvini başa düşür, başa düşəndən sonra ustadına qayıdır. Qayıdış hər zaman çox güclü olur. Hesab edirəm ki, qayıdacaqlar, qayıdanlar qayıtmayanlardan çox olub.

- Uzun illərdir, Akademik Milli Dram Teatrında Sizin tamaşalarınızı görmürdük. Bildiyimisə görə, yeni tamaşanın məşqlərinə başlayacaqsınız. Bunu Akademik Milli Dram Teatrına böyük qayıdış hesab etmək olarmı?

- Elə deməzdim. O teatr mənim üçün doğmadır bunu hər zaman demişəm, insanlarını da çox sevirəm. Ümumiyyətlə, mən Azərbaycan teatrını sevirəm bu, pafos deyil, doğrudan da belədir. Gürcü ya rus teatrını görəndə "Axı niyə bizdə belə olmasın" deyə düşünmüşəm. Bizdə imkan var, bəs ortada niyə heç yoxdur? Hər şey özümüzdən asılıdır. Biz çox şeyi bir-birimizə başqa cür çatdırırıq. Amma yığışıb, bir görsək, düşünürəm ki, ortaya çox maraqlı səviyyəli işlər çıxarmaq olar. Azərbaycanda bu gün teatr rəssamları böyük problemdir, hərçənd ki, universitet akademiya buraxır, amma teatrlarda bu işlə məşğul olan rəssamlar demək olar ki, yoxdur.

- Azərbaycanda teatr sahəsində ən güclü rejissor olaraq kimin adını çəkə bilərsiniz?

- Kimi istəyirdiniz?

- Dilinizə heç kimin adı gəlmədi?

- Bu təxribat xarakterli sualdır, mən təxribata gedən adam deyiləm. Siz məni intriqaya salmaq istəyirsiniz?!

- Rejissor Bəhram Osmanov bizə müsahibəsində Sizin "Teatrlara rejissor lazım deyil, teatr direktorun teatrı olmalıdır" fikrinizə kəskin münasibət bildirmişdi...

- Bəhram Osmanov mənim adımdan nahaq çıxış edib, yaxşı olardı ki, öz adından danışsın. Sizin qarşınızda Bəhram deyil, Azər Paşa oturub. Teatr haqqında fikrilərimi isə bayaq dedim.

- Teatr Xadimləri İttifaqının növbəti qurultayı vaxt keçiriləcək? Yenidən öz namizədliyinizi irəli sürəcəksinizmi?

- Bunu zaman göstərəcək. Sizcə yorulmuşam? İttifaq sədri olmaq yaradıcılığımda durğunluq yaratmır.

- Yeni hazırlayacağınız tamaşa haqqında bir qədər məlumat verməyinizi istərdik...

- Bu barədə danışmaq istəmirəm. Tamaşa bir möcüzədir, gəlib, baxıb, o möcüzənin şahidi olmalısan.

- Akademik Milli Dram Teatrına bir çox xarici rejissorlar dəvət olunur. Sizi bir rejissor olaraq tamaşa hazırlamaq üçün xarici teatrlara dəvət edirlərmi?

- Xeyr!

- Səbəbini nədə görürsünüz?

- Özüm istəmirəm.    

 

 

Xalq Cəbhəsi.- 2011.- 13 iyul.- S.15.