"Ədəbi mühit özü özünü bazar kimi tənzimləməlidir"

 

 "M.Qorki adına Ədəbiyyat İnstitutunda Bakı ilə Moskva arasındakı fərqi bir daha gördüm, duydum və hiss etdim"

 

Səfər Alışarlı: "Bu fərqi həyatımda görməsəydim yəqin ki, yazıçı olmazdım"

 

"Xalq Cəbhəsi" qəzetində yeni bir layihə: "Qorkinin məzunları"... Bu layihədə Sovetlər Birliyi dönəmində Azərbaycandan M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almağa göndərilmiş yazarlarla görüşəcək, onların həmin institutda yaşadıqlarına diqqət kəsiləcək və bu günkü ədəbi durumla bağlı mülahizələrinin şahidi olacaqsınız. Beləliklə, ilk qonağım yazıçı Səfər Alışarlıdır.

- Səfər bəy, bizim layihənin adı "Qorkinin məzunları"dır. Bu layihənin də ilk qonağı sizsiniz. Necə başladı Qorki macəranız? O günlərə qayıdaq...

- Bu təxminən otuz il bundan öncə baş verib. Moskvada onda dünya olimpiya çempionatı keçirilirdi. Mənim o macəramım başlaması da məhz həmin illərə təsadüf edir. Həmin 1980-ci ilin Bakısı da, Moskvası da mənim çox gözəl yadımdadır. Mən həmin il təkcə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutuna daxil olmadım, həm də həyat tərzləri arasındakı fərqləri və uçurumları gördüm. Bakı ilə Moskva arasındakı fərqi bir daha gördüm, duydum və hiss etdim. Azərbaycan xalqı yaşayış tərzi ilə rus xalqının deməzdim, amma Moskva əhalisinin yaşayış tərzinin fərqini hiss elədim. Onların mənəvi dünyasının müxtəlifliyini gördüm. Onların mənəvi tələbatlarının, həyata və insana baxışlarının fərqli olduğunu gördüm. Sizi inandırıram ki, bu fərqi həyatımda görməsəydim, yəqin ki, yazıçı ola bilməzdim. Moskva bizim o zamanlar getməyimizin və hər şeyə kənardan baxmağımızın qibləsi idi. Hətta xaricə çıxanda belə ilk öncə Moskvaya getməli idin. Bu xarici səfərlər o qədər qısamüddətli və o qədər təzyiq və nəzarət altında olurdu ki, bizim insanlarımız bu kənardanbaxma prosesini həyata keçirə bilmirdilər. Amma Moskva bizim o zamankı vətənimizin - Sovetlər Birliyinin paytaxtı idi və indikinə nisbətən yaşamaq, sərbəstliyi hiss eləmək mümkün idi. Hərçənd o zaman da bizim rəngimizin fərqinə görə küçədə polis tez-tez saxlayırdı. Eyni zamanda qeyd etməliyəm ki, Ədəbiyyat İnstitutunun tələbələri olduğumuzu biləndə bizə qarşı münasibət dərhal dəyişirdi, hər bir moskvalı bizə çox böyük heyrət və heyranlıq hissi ilə baxırdı. Bu hisslərə görə mən böyük rus xalqının mənimlə nə vaxtsa təmasda olmuş o insanlarına öz təşəkkürümü bildirirəm. Amma bu bizim həyatımız üçün verilən bir avans idi, bu heyranlığın arxasında gərgin, çətin və məsuliyyətli yazıçı əməyi dururdu. Bunu dərk etmək üçün Qorki adına Ədəbiyyat İnstitutu yaxşı bir mətbəx idi və ora adətən məktəbi qurtaran uşaqları götürmürdülər. O zaman yaş həddi var idi, 22 yaşdan aşağı cavanları ora qəbul eləmirdilər.

Mən burda M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda oxuyurdum. Dördüncü kursdan hər şeyi bir kənara qoyub bir də gedib təzədən orda beş il ali təhsil almağa qərar verdim. Əvvəlcə bu mənə çox çətin görünürdü, bu beş ili necə başa vurmaq olar, təkrar yenidən başlamaq olarmı hər şeyi, bütün bu sualların cavabını düşünməyin özü belə ağır gəlirdi mənə.

- Nə vadar etdi sizi Qorki adına Ədəbiyyat İnstitutuna getməyə?

- Bizi vadar edən cəhətlər o zamanlar çox idi. Bu məktəbin yetirmələri artıq Azərbaycanda da vardı və bu məktəbi keçib gəlmiş yazarların mətbuata çıxardıqları sözün əsl mənasında ədəbi nümunələr idi. Mənim o dövrlər mətbuatda oxuduğum əksər dəyərli yazıların altında müəllifin adı ilə yanaşı yazılırdı: M.Qorki adına Ədəbiyyat İnstitutunun məzunu. Yusif Səmədoğlu, Nəriman Həsənzadə, Əkrəm Əylisli, Xəlil Rza kimi dəyərli adların hamısı orda təhsil almışdı. O zamankı ədəbi mühit üçün Ədəbiyyat İnstitutu çox böyük bir zirvə idi. Orda deyirdilər ki, biz burda heç kimə yazıçı olmağı öyrətmirik. Yalnız onların dünyagörüşünü genişləndiririk, yazı texnikasını və dilini zənginləşdiririk. Eyni zamanda həmin institutda çox ciddi filoloji təhsil də verilirdi. Dünyada gedən proseslər, çıxan ən yeni ədəbi nümunələr haqqında müzakirələr aparılırdı, mühazirələr oxunurdu.

- Həmin dövrdə sizinlə bərabər kimlər getmişdi Qorkidə təhsil almağa?

- Bizimlə Nəsib Nəbioğlu, Saday Budaqlı, Maarif Soltan, Murad Köhnəqala, Şaiq Vəli, Xıdır Qazaxbəyli, Tahir Tais, Nazim Əlioğlu kimi imzalar oxuyub.

- Neçə nəfər təhsil alırdı gündüz şəbəsində?

- On beş nəfər olardı.

- Bunların arasında yadda qalan imzalar kimlərdir?

- Mənim yadınmda qalan Saday Budaqlı, Maarif Soltan, Tahir Taisoğlu, Tahir Aslanlı, Nadir Ağasıyev, Çingiz. Gəncəli Çingiz deyirdik biz ona, bilmirəm indi yazır yoxsa yox, çox gözəl nasir idi. Bu adların əksəriyyəti ədəbiyyatdan geri çəkildilər.

- Kimlər dərs deyirdi həmin institutda?

- Rektorluq çalışırdı ki, həmişə burda populyar imzalar dərs desin. O dövrün ədəbiyyatında nə qədər populyar imza var idisə, düzdü onların hamısının bizə dərs dediyini iddia edə bilmərəm, amma onların hər birinin yaradıcılığı bizim dərslərdə işlənirdi. Həmin imzalarln yazdıqları müzakirə olunurdu. İndi Rusiyada çox ciddi bir siyasi fiqur olan Aleksandr Proxanov bizim vaxtımızda dərs deyirdi.

- İnstitutu bitirər-bitirməz qayıtdınız Bakıya...

- Bəli, qayıtdıq Bakıya. Özü də necə qayıtdıq?! Şəxsən mən fikirləşirdim ki, mən qatardan düşəndən sonra kitablarımı və çemodanlarımı hara yığacağam. Bir qohumum var idi, o da ailə yataqxanasında yaşayırdı. Bir də balkonları vardı. Mən həmin balkona yığdım bütün əşyalarımı və getdim. Çünki orda qalmaq belə mümkün deyildi. Vəssalam, kirayələrdə keçən bir həyat başladı. İş baxımından da çox böyük çətinliklər vardı. O vaxt qeydiyyatın olmalı idi ki, səni işə götürsünlər. Partiya qəzetlərində işə düzəlmək faktiki mümkün deyildi. Nəşriyyatlarda tapşırıqsız, adamsız, rüşvətsiz işə düzəlmək mümkün deyildi. Bu qarşılaşdığım çətinliklər içimdəki etirazları bir az daha artırdı. Prinsipcə, təkcə yazıçı və şairlərin bu vəziyyətdə olduğunu, bu cür çətinliklə yaşadığını düşünmürdüm, hamı bütün xalq eyni vəziyyətdə idi. Düşünün, bizim Moskvadan gəldiyimizi eşidəndə hamı bizdən Moskva konfeti istəyirdi. Bu ölkədə baxmayaraq ki, Şərqin qədim şirniyyat ənənələri vardı, amma o qədər "xaltura" olurdu ki, keyfiyyət deyilən şey qalmırdı.

- Bəlkə elə ədəbiyyatda da "xaltura" edirdilər?!

- Əslində elə bütün "xalturalar" məhz ədəbiyyatdan gəlir. Mən belə düşünürəm ki, ədəbiyyat "xaltura" eləməsəydi, konfetdə "xaltura" cəmiyyətin ayrı-ayrı fərdləri tərəfindən düzgün qəbul edilməzdi. Sovet ədəbiyyatını Lenin partiya işinin bir vintciyi sayırdı. 17 ildən etibarən ədəbiyyatın siyasətə tabe etdirilməsi, ədəbiyyatın dişlərinin sındırılması prosesi başladı. Və Sovet ədəbiyyatı da çox böyük məmnuniyyətlə bu işlə məşğul idi.

- Axı siz deyirsiniz ki, Rusiyada Moskva mühiti tamam başqa ənənələr üzərində köklənmişdi.

- Bəli, tamam başqa idi. Tutaq ki, Moskva mühitində Voznisenki, Şukşin, Yeftuşenko ilə yanaşı Fyodor Qlatkov deyilən bir yazıçı da var idi. Və o da yazıb yaradırdı. Serofimoviç var idi ki, ancaq sement romanı yazırdı. Təxminən bunların yazdığı bizim kolxoz ədəbiyyatı kimi bir şey idi. Yəni orda da böyük bir tərənnümçülük, partiyalılığa söykənən bir pafos vardı. Bəlkə də kimlərsə buna zamanında səmimi qəlbdən inanırdılar. Amma belə bir söz var: "Roma papasından böyük katolik olmaq olmaz". Proletar ədəbiyyatının dühası, fikir babası Maksim Qorki idi. Amma siz baxın Qorkinin yazdıqlarına, onun yazdıqlarında pafosçuluq, tərənnümçülük varmı? Yoxdur, tapa bilməzsiniz. Çünki Qorki həqiqətən də böyük yazıçı idi. Qorki onyeddinci illərdə nə yazmışdısa, otuzuncu illərdə də eyni şeyi yazdı. Amma Azərbaycan ədəbiyyatında çox böyük bir biabırçılıq baş verirdi. 37-ci ildə müəyyən adlar ədəbiyyatımızdan yoxa çıxarıldıqdan sonra çox böyük, dəhşətli biabırçılıqlar baş verməyə başladı. Siz oxuyun Mirzə İbrahimovun əsərlərini. Bir əsərində bir azərbaycanlı qadın, xanım silah ixtira eləyir və həmin avtomatın istehsalına başlanılır. Və bu silahla Sovet ordusu faşizmə qarşı mübarizədə qalib gəlir (gülür). Yəni belə geydirmə mövzular vardı ədəbiyyatımızda. Kalaşnikov silahını ixtira edən şəxs də məlumdur, amma Mirzə İbrahimov hesab edirdi ki, elə bunu bir azərbaycanlı qadın da ixtira edə bilər. Bu cür şeylər yazırdı sovet dövrü Azərbaycan ədəbiyyatı. Biz bədbəxtlikdən 50-60 illərdə həmin əsərləri oxuyaraq böyümüşdük, bu ədəbi mundarlığın üstündə tərbiyə olunmuşduq. Bəlkə biz də həmin ədəbi mundarlıqla, ədəbi əxlaqsızlıqla məşğul olacaqdıq. Amma bizim içimizdən o hissləri Moskva ədəbi mühiti çıxardı. Baxın, bu gün də Azərbaycan teleməkanına. Hələ də kolxoz ədəbiyyatı ssenarisi üzərində yaranan filmləri nümayiş etdirirlər. Adamın əti tökülür. Ayıbdır. Bu əslində kütlənin öhdəsinə buraxılası bir iş deyil. Bu məsələnin həlli Azərbaycan ziyalısı, ədiblərinin üzərinə düşür. Bunlar həmin filmlərin nümayişinə öz etirazlarını bildirməlidirlər ki, bu filmlər artıq tarixin arxivinə göndərilməlidir. Əgər əlli ildən sonra zərurət yaranarsa, kimsə bu əsərlərin çəkildiyi dövrü araşdırmaq istəyərsə, buyursun araşdırsın. Amma bu filmləri hər bayramda göstərməyin nə mənası var? Qoy müasir dövrdən çəkilən pis, zəif filmlər olsun, amma həmin filmlər ekranlara yol tapsın.

- Gələk Qorki adına Ədəbiyyat İnstitutunun məzunlarının qayıtdıqdan Azərbaycan ədəbiyyatına verdiklərinə və vermədiklərinə... Tərəzinin bir ucuna verdiklərini, bir ucuna vermədiklərini qoysaq hansı ağır gələr?

- İlk təhsil alanları götürsək orada İsa Hüseynov, Nəbi Xəzri, Cabir Novruz təhsil alıblar. Məsələyə ordan baxmağa başlasaq Azərbaycan ədəbiyyatına yön verənlər məhz Qorki adına ədəbiyyat institutunun məzunları idi. Amma 80-ci illərdə orda təhsil alanları götürsək, onlara bunu şamil etmək mümkün deyil.

- Sizdən əvvəl orada kimlər oxumuşdu?

- Biz gedəndə artıq Natiq Rəsulzadə gəlmişdi. Bir tək o, yadımda qalıb. Bizdən əvvəl o qədər də gedən yox idi. 80-ci illərdə bizim uşaqlar ora qəbul olmağın yolunu tapdılar.

- Hətta tapdılar...

- Bilirsiniz ki, xalqımızın ədəbiyyata, şeirə marağı həmişə güclü olub. Bizim o dövrün gənclərində poeziyaya çox böyük həvəs var idi. Amma həmin gənclərin potensialından istifadə eləyə bilmədi Azərbaycan ədəbiyyatı. Bəlkə də zaman, şərait buna imkan vermədi. Yalnız 1988-ci ildə AYB-də müəyyən dəyişikliklər olduqdan - Mirzə İbrahimov və onun dəstəsinin getməsindən sonra ora nisbətən cavan adamlar gəldi. O zaman bizim o cavan adamlarla bağlı çox böyük ümidlərimiz vardı.

- Cavan adamlar indi qocalıblar...

- Sözsüz ki, indi qocalıblar. O zaman iki il ərzində AYB-nin xətti ilə yüzə yaxın yazıçı ev aldı. Bu çox gözəl bir idi. Bu gün müstəqil Azərbaycan dövlətinin öz yazıçısına dəstəyi daha güclü olmalıdır. Ümid edirəm ki, bu, belə olacaq. Amma yazıçı təkcə evlə yaşamır axı. Yazıçı ədəbi mühitlə yaşayır. Ədəbi mühit özü özünü bazar kimi tənzimləməlidir.

 

 

Söhbətləşdi: Oktay Hacımusalı

      

Xalq Cəbhəsi.- 2011.-13 iyul.- S.13.