"Övladlarıma görə
başı uca gəzdim, bu, həyatımda ən böyük
nailiyyətdir"
Flora Kərimova: "70 yaşıma
sürünmədən, alçalmadan, bükülmədən,
övladlarımın, xalqımın, millətimin yanında
nüfuzumu itirmədən gəlib çatdım"
Azərbaycanın xalq artisti, möhtəşəm
səsi, əvəzsiz ifası ilə ürəkləri fəth
edən Flora Kərimovanın bu gün 70 yaşı tamam olur.
Əvəzsiz sənətkar
yubileyi ərəfəsində APA-ya müsahibə verib.
Müsahibəni (ixtisarla) təqdim edirik.
- Flora xanım,
yubiley münasibətilə təbriklər almağa
başlamısınız artıq?
- Desəm ki, təbriklər
yox dərəcəsindədir, inanın. Ona görə yox ki,
mən artıq ahıl yaşımın qanuni sahibiyəm. Ona
görə ki, bu mənə çox formal görünür.
Övladlarım burada yoxdur, gələ bilmirlər. Oğlum
özünü çatdıracaq, ancaq qızım avqustda gələcək.
Yubileyimi avqustda övladlarımla birgə keçirmək istəyirəm.
Yanımda ürəyimə yatan, inandığım, güvəndiyim
insanlar olacaq. Bilirsiniz ki, komplimenti sevmirəm. Ona görə
sevmirəm ki, səmimi olduğuna inanmıram. İnanmıram
ona görə ki, mənim yanımda o qədər yalan komplimentlər
yağdırıb, o insan üzünü çevirən kimi
arxasınca elə sözlər deyiblər ki... Həyatdan,
gördüklərimdən ibrət alan bir insan kimi artıq
inanmıram...
- 70 yaş insan
ömrünün elə çağıdır ki, etdiklərinə,
yaşadıqlarına baxdıqca fərəhlənirsən,
qürurlanırsan, ya da həyatının hansısa
nüanslarına heyfsilənirsən ...
- Şərəfli
həyat yaşamısansa, sürünməmisənsə,
özünü müdafiə edə bilmisənsə, cəmiyyətdə
bir yer qazanmısansa, sənə olan nifrətdən qaça
bilmisənsə, bu nifrəti qazanmamaq naminə
özünü çox şeydən məhrum etmisənsə,
o zaman fərəhlənirsən. Ancaq 70 yaşa çatmaq hər
insan üçün keçdiyi həyat yolundan asılı
olmayaraq qazancdır. O qazanc insanı kədərləndirirmi,
sevindirirmi, o ayrı söhbətdir. Mən bu hissi
yaşamadım... Demirəm, ölümdən qorxmuram, ancaq
yoxluğumu, o anın qorxusunu yaşamadım. Ona görə
yox ki, həyatdan bezmişəm, sadəcə, bu,
qaçılmaz qismətdir. Ölüm yeganə şeydir ki,
insanlar arasında fərq qoymur. Hər şeyə
qarşı real insanam. Heç zaman da düşünməyin
ki, pessimistəm. Nə optimistəm, nə pessimist, realistəm.
Yaxşılarımı, sevinclərimi bundan sonra itirmək
qorxusu olan bir realistəm. Özümün yoxluğumdan yox, mənə
yaxın olanların yoxluğundan qorxuram deyə,
düşünürəm ki, Allah məni tez aparsa,
yaxşıdır. O qisməti görmək istəmirəm. Hər
şey artıq bizim əvəzimizdən yazılıb.
İnsanın seçmək imkanı yoxdur, kim deyirsə ki,
bu imkan var, yalan sözdür.
- 70 yaşını qeyd edən
milyonların sevimlisi Flora Kərimova qismətindən
razıdırmı?
- "Razısan" sözündən qəti
olaraq qaçıram, ancaq həyatımda bəzi məqamları
korrektə etmək olardı. Yaşım az olanda, gələcəkdə
keçəcəyim yoldan xəbərsiz olanda,
düşünürdüm ki, yox heç nəyi dəyişməzdim.
Vaxt gəldikcə, yaşadıqca, zərbələr
çoxaldıqca, dözə-dözə
düşünürəm ki, o, dözülməz
ağrını hiss etməmək üçün bəlkə
də hansısa anları korrektə etmək istərdim. Ancaq
məndən asılı deyil...
- Flora xanım, illərlə
dözdüyünüz zərbələr,
qarşılaşdığınız haqsızlıqlar sizi
belə mübariz elədi, yoxsa əvvəldən beləydiniz?
- Yox, həyat heç zaman mübarizə
öyrətmir. Əgər insanın qanında bu əzm
yoxdursa, mümkün deyil. Həyat - həyasızlığı,
üzə durmağı öyrədir, özünə
hörmət edən bir insanı getmək istəmədiyi
yolu abırsızcasına getməyə vadar edir, mübarizəni
isə öyrətmir. Saydıqlarım isə mübarizə
deyil, çapalamadır.
- İki il əvvəl, elə doğum
gününüz ərəfəsində həyatınıza
bənzətdiyiniz "Qurtar məni bu əzabdan,
İlahi" mahnısını oxumuşdunuz. Söhbət
hansı əzabdan gedirdi?
- Artıq bir mahnını da öz həyatımla
bağlayardım.
"Min nəfərə bir dərd olsa,
hökmən gəlib tapar məni,
Yer üzündə bir it varsa, gəlib
tapıb qapar məni"...
Bu iki mahnı mənim həyatımın
güzgüsüdür. Əzab seçdiyim yolun əzabı,
həyatım boyu məni həyatdan, sənətdən silmək
cəhdidir. Bu az əzab deyil... İtkilərimdir,
övladlarım atasız böyüdü. Mənə görə
övladlarım çox əziyyət çəkdi, ancaq bir
şey məni çox sevindirir. Qızımın boya-başa
çatdığı vaxt mənim qadağalarla üzləşdiyim
dövrə düşdü, ancaq heç kəs mənim
qızımın adına ləkə yaxa bilmədi. Bu mənim
çox böyük qazancımdır. Qızım o qədər
təmiz böyüyüb ki, ona qarşı namərdlik etmədilər.
Mənə böhtan yaxdılar, ancaq qızıma yaxa bilmədilər.
Övladlarıma görə başı uca gəzdim, bu, həyatımda
ən böyük nailiyyətdir. Qızımın
doğulmasını, dünyaya gəlməsini istəmirdim. O
bətnimdə olanda insanlar məni çox sıxma-boğmaya
almışdı, haqsızlıqlar var idi, evimi,
varımı-yoxumu əlimdən almaq istəyirdilər. O vaxt
qızımı dünyaya gətirmək istəmirdim.
Düşünürdüm ki, balam hansı mühitə
düşəcək? Ancaq Allah qızımı mənə
bağışladı, mənə ən yüksək, ən
ülvi rütbəni - analıq rütbəsini bəxş
etdi. Bundan yüksək rütbə ola bilməz.
- Deyəsən, yubiley ərəfəsində
lap kövrək olmusunuz...
- Qızımı düşündüm,
birdən-birə kimsəsizləşdim onsuz.
Övladlarımın yanıma gəlməsinə az
qalmış ürəyim çırpınır. Göylərə
yalvarıram ki, çağırmağa tələsməsin məni.
- Bəzi insanlar yubileylərinə az
qalmış bu barədə müsahibələr,
açıqlamalar verir, sanki diqqəti özlərinə
çəkirlər. Sizdən belə
çağırışlar eşitmədik...
- Çünki umacağım yoxdur. Mən
bu həyatda sürünə-sürünə
yaşamamışam deyə, o həyata da sürünə-sürünə
getməyəcəyəm. Mən kiməsə
xatırladıb, nəyinsə xatirinə yubiley eləyib -
özüm bilə-bilə ki, nəyin bahasına bu yubiley olub
- bununla heç vaxt razılaşa bilmərəm. Bununla nə
sevinərəm, nə öyünərəm. Qapılar
döyüb, yubileyini keçirən sənətkarın
heç bir qiyməti yoxdur, əksinə, bu ona xəcalət
gətirməlidir. Bunu hamı bilsə, çox yaxşı olar.
Ötən il ad günümün qeyd olunmasını istəyirdilər,
ancaq qızım dedi ki, ikilikdə qeyd edək. Heç bir yerə
çıxmadıq, oturduq, mən ona həyatımda bilmədiyi
anlardan danışdım. Çox səbirlə qulaq asdı.
Heç zaman yalan danışmıram. İnam həyatda elə
bir şeydir ki, o qırıldısa demək artıq insan
yoxdur. Sənədləri qoydum qarşısına və
hamısını başa saldım. Qızıma hər
şeyi danışdım. Övladlarımın ikisi də məndən
uzaqdadır. Oğlumdan rahatam, qızımdan isə... Analar hər
zaman qızlarına görə daha çox narahat olurlar.
- Həyatınızda hansısa qatarın
arxasınca baxa-baxa qalmısınızmı?
- Heç zaman baxmamışam. Baxmağa
zamanım belə olmayıb. Hər an mübarizə
aparmışam. Həyatımda olan hansısa kədər,
itkidən başqa, hansısa bədbəxtçiliyim iki
gündən artıq ürəyimi ağrıtmayıb, amma
beynimi işlədib. İki gün özüm-özümə
sual verirəm, axı niyə bu belə olsun, mən ki, buna
layiq deyiləm. Mübarizə yollarını axtarıram və
iki gündən sonra ümumiyyətlə ağrı yaddan
çıxır, başlayıram mərhələ-mərhələ
mübarizəyə. Oğlum deyir ki, "Mama sən o qədər
səbirlisən ki, yekun nöqtəyə çatmaq
üçün illərlə gözləyə bilərsən".
Və gözləyirəm. Hətta məğlubiyyətim mənim
üçün uduşdur. Məğlubiyyətimi sənədlərlə
ifşa edirəm, ona görə insanların mənə olan
inamını itirmirəm.
- Sənətkar kimi çox xoşbəxt
sənətkarsınız. Bəs qadın kimi necə?
- Sənətkar kimi, ancaq səsimlə
xoşbəxtəm, qismətimlə yox... Qadın kimi... Mən
hər zaman xoşbəxtlik sözündən
qaçmışam. Səsimin varlığı ilə
xoşbəxtəm. Allah tərəfindən mənə səs
bəxş edilməsi bəlkə xoşbəxtlikdi, ancaq mənə
çox əziyyət verdi. Allah xoşbəxtlik gətirmir,
Allah sevinc, məmnunluq, hardasa gələcəyə ümid gətirir.
Ancaq xoşbəxtəm, ya yox, bilmirəm... İnsanın
xoşbəxt olub-olmadığı onun həyatdan
köçəndən sonra haqqında verilən verilişlərdən,
yazılan məqalələrdən, insanların onun
haqqında fikirlərindən, onunla bağlı xatirələrdən
bilinir. Onun haqqında göz yaşı dolu acı
bioqrafiyası artıq xoşbəxtliyin mahiyyətini
açır. Düşünürəm, axı niyə mən
dünyaya yük oldum varlığımla? Məni konsertlər
verməyə qoymadılar, beş il bütün efirlərdən
məhrum oldum. Bu gün bəlkə də
düşünürəm ki, nə bədbəxt insanam...
Ancaq biri mənim haqqımda danışanda kimsə "Ay
Allah, nə xoşbəxt adam idi ki, bütün bunlardan
keçdi və 70 yaşında belə qaldı, həyatında
heç vaxt mübarizəni dayandırmadı, bu cür səsə
sahib oldu, sona qədər dəyişmədi", - deyə
düşünəcəksə, o zaman ruhum deyə bilər
ki, xoşbəxtəm.
- İfanızı dinləyərkən
"nə böyük səsdir, bu səsdən bir də
olmayacaq" kimi düşünənlərin
sayı-hesabı yoxdur. Ancaq bu gün bu böyük səsin
sahibi yubileyi ərəfəsində yada salınmır.
- Bilirəm ki, bəziləri
ünvanıma xoş söz deməyə qorxurlar.
Mahnılarıma ağlayırlar, mahnılarımı istəyirlər,
ancaq qorxurlar, nə zamansa siyasi fəaliyyətimlə
bağlı baş verənlərdən çəkinirlər.
Bu halı mən başa düşürəm, onların mənə
səssiz sevgisini anlayıb, heç vaxt belə insanlardan mənə
kömək etmədiyinə, mənə diqqət yetirmədiyinə
görə küsmürəm.
- Bütün dəvətləri müsbət
qəbul etməyinizlə, hər bir mərasimə
qatılmanızla qınaq obyektinə çevrilirsiniz.
Bütün dəvətləri qəbul etmək məcburiyyəti
hiss edirsiniz?
- Xasiyyət gendən gəlirsə o,
xasiyyəti tərbiyə etmək mümkün deyil. Hamı mənə
deyir, "Axı sən onun evinə niyə getdin, onun dəvətini
niyə qəbul etdin?" Elə adamların toyuna gedirəm,
heç tanımıram. Deyirlər, "Niyə getdin, ay Flora
xanım, bu sizin səviyyəniz deyil, siz
özünüzü alçaldırsınız, səviyyənizi
itirirsiniz". Bu sözdən çox hiddətlənirəm.
Niyə? Çünki onlar mənim ünsiyyətdə
olduğum insanlara səviyyə, mən isə ən hörmətsiz
insana belə millətim, insanım deyə baxıram. Mənim
üçün maddi cəhət insanlara münasibətdə
heç vaxt ölçü olmayıb. O qədər
görmüşəm ki, bu gün yetirib, sabah mələdə-mələdə
əlindən alıb, birisi gün elə
süründürüb ki... Bunu görəndə, deyirsən
ki, "Qurtar məni bu bəladan, İlahi". Mən bir
şeyi heç vaxt yadımdan çıxarmıram -
behiştik Əbülfəz Elçibəyin sözünü.
O rəhmətliyə deyəndə ki, "Əbülfəz
bəy, niyə dinmədin, heç nə demədin? Niyə
üzünə deyilən ağ yalanın üstündən
keçib, o adamı rüsvay eləmədin?" O mənə
hər dəfə cavab verirdi: "Kim olur-olsun, bu xalq sənin
xalqındır, onu sevməyə məhkumsan". Bu qəddar,
yalançı, kinli, iyrəndiyim bir adamı, bir vətəndaş
kimi torpağımın naminə, o torpaqda gəzən,
vuruşan, canını qurban verən insanların naminə,
onların ruhları naminə sevməyə məhkumam, yenə
də məhkumam! Ona görə deyirəm ki, mənə tənə
edəndə ki, "Sən niyə bu adama əl verdin" bəlkə
də o insan sabah mənim üzümə tüpürəcək,
ancaq onu sevməyə məhkumam. Torpağı sevdiyim qədər
onu sevməliyəm. O ayrı məsələ ki, mən onun mənə
münasibətini ürəyimdə bağışlamaram.
Haradasa bəlkə acıq çıxaram, ancaq tapdamaram, məhv
etmərəm, alçatmaram. Bax, budur mənim fərqim.
- Yubileyinizi keçirmək istəsələr,
razılaşarsınız?
- Niyə razılaşmıram, mən
heç kiminlə düşmən deyiləm.
- Yubiley ərəfəsində
özünüzə arzularınızı eşitmək istərdik...
- Arzum qızımın övladını
görməkdir, qız övladı olsa, lap gözəl olar.
Arzum çoxdur, lap çox... Amma qisməti verən
Tanrıdır. Tanrı tələsməsin məni göylərə
çağırmağa.
- Sabah hansı hədiyyəni və təbriki
gözləyirsiniz?
- Hər zaman demişəm ki, bu həyatda
ən böyük hədiyyəm mənim övladlarım və
acılı-ağrılı səsimdir. Heç vaxt kimdənsə
hədiyyə gözləməmişəm. Xoşbəxt həyat
yoldaşı olanda hədiyyələrim çox olub. Mənə
boyum qədər çələnglər
bağışlanıb. Xoşbəxt ana olanda xəstəxanadakı
otağım bütünlüklə gül
bağçasına çevrilib. 70 yaşıma
sürünmədən, alçalmadan, belim bükülmədən,
övladlarımın, xalqımın, millətimin yanında
nüfuzu itirmədən gəlib çatdım! Ən böyük hədiyyəm
budur...
Xalq Cəbhəsi.- 2011.- 23 iyul.-
S.6.