"Allahın özü məhəbbətdir"

 

 "Xalq Cəbhəsi" qəzeti Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonudunun maliyyələşdirdiyi "Dini və milli tolerantlıq, millətlərarası dialoqun və inteqrasiya prosesinin inkişaf etdirilməsi" layihəsini yekunlaşdırır

 

II Yazı

 

"Xalq Cəbhəsi" qəzetinin 6 ay ərzində Yazı KİV-ə Dövlət Dəstəyi Fonudunun maliyyələşdirdiyi "Dini və milli tolerantlıq, millətlərarası dialoqun və inteqrasiya prosesinin inkişaf etdirilməsi" layihəsi çərçivəsində reallaşdığı iş cəmiyyətimizin, yerli və xarici mütəxəssislərin bu məsələlərə münasibətini, keçmişi necə qiymətləndirdiklərini, gələcəyi necə gördüklərini üzə çıxardı.

Türkiyə Cümhuriyyəti Giresun Universiteti Beynəlxalq münasibətlər fakültəsinin müəllimi Dosent Doktor Abbas Karaağaclının sözlərinə görə, ortaq tarix, ortaq mədəniyyət və ortaq mədəni miras və təbii ki, ortaq dil Türk Dünyasının ən əhəmiyyətli birləşdirici və əhatəedici təməl ünsürlərini meydana gətirir.

Avrasiya Beynəlxalq İnsan Hüquqları Mərkəzinin başqanı doktor Abdullah Buksur isə din qlobal bir dəyərdir. Qlobal dəyərlər və anlayışları daşımayan dinlər regional din kimi qəbul olunmaqdadır. Əgər siz öz milli dəyərlərinizi qlobal səviyyəyə gətirə bilirsinizsə, o zaman qloballaşmaqla milli və mədəni dəyərləriniz arasında elə də ciddi bir qarşıdurma yoxdur. Amma siz sizi siz edən dəyərlərinizi qorumaq, inkişaf etdirmək və paylaşmaq imkanına sahib deyilsinizsə o zaman ciddi bir qarşıdurmadan söhbət gedə bilər.

Bakı və Xəzəryanı Yeparxiyanın mətbuat katibi Konstantin Atanın fikrincə, Azərbaycan tolerantlıq baxımından həqiqətən də çox unikal ölkədir. "Azərbaycanda sadəcə tolerantlıq var" demək doğru olmazdı. Azərbaycan demək olar bütün dünyada tolerantlığın əsasını qoyub. Çünki heç bir dövlətdə dini konfessiyalar arasında bu qədər tolerant və dostluq münasibəti yoxdur. Mən çox ölkələrdə səfərdə olmuşam, amma heç yerdə Azərbaycanda olduğu qədər dini dözümlülüyə rast gəlməmişəm. Burada nəinki dini icmalar arasında düşmənçilik yoxdur, əksinə, əməkdaşlıq, əməkdaşlıqdan daha irəli isə dostluq var. Azərbaycanda tarixən müsəlman-xristian, müsəlman-yəhudi kimi qarışıq nikahlar olub. Biz buna hətta çox müsbət baxırıq. Bilirsiniz ki, məhəbbət səmimiyyət məsələsidir. Əgər iki insan bir-birinə əsl sevgi bəsləyirsə, o, yalnız xeyirli meyvələr verəcək. Kimsə qeyri-dindən olan birini sevirsə, niyə də onlar ailə qurmasınlar? Əksinə onlar əl-ələ verib ətrafındakılara sülhü yaya bilərlər. Biz bu məsələyə belə yanaşırıq. Doğrudur, biz onların kəbinini kəsə bilmərik, amma xeyir-dua verə bilərik. Çünki bizim müqəddəs yazıda deyildiyi kimi, Allahın özü məhəbbətdir.

Sağlam İnkişaf və Maarifləndirmə ictimai Birliyinin sədri Anar Xəlilov deyib ki, din insan mənəviyyatının, ruhunun qidasıdır. Din insanların həyatında hansı önəmli rolu oynayırsa, millət anlayışı da bir o qədər önəmli yerdə durur.

"Tolerantlıq" Sosial Araşdırmalar İctimai Birliyinin sədri Azər Rəşidoğlu tolerantlıq - yəni digər inanc və əqidələrə dözümlü yanaşma insan hüquqları və vicdanı ilə bağlıdır. Tolerantlıq insan azadlıqları və hüquqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Onun fikrincə, hicabla bağlı və s. tələblər irəli sürməklə bəzi qüvvələr dövlətimizin dünyəvilik prinsiplərinə qarşı çıxmağa cəhdlər göstərirlər. Azərbaycanda qarşıdurma yaratmaq istəyən xarici qüvvələr həmişə olub, amma xalqımızın müdrikliyi belə cəhdlərin qarşısını alıb.

İlahiyyatçı Ceyhun Şükürov deyib ki, islam təməl, düzən, əxlaq sistemidir. Bizim sığınağımız, mədəniyyətimiz, həyat və ölüm məsələlərində daim möhtac olduğumuz uca bir inanc sistemidir. Buna görə də dinimizin əsas prinsipləri insanların malını, canını və namusunu qorumaq, cəmiyyətin sağlam inkişafını təmin etmək, dəyərlər əsasında insan həyatını tənzimləməkdir. Mənəviyyatın yüksək formada inkişafı cəmiyyətin və fərdlərin normal həyat tərzinin formalaşması deməkdir.

"Sağlam Toplum" İB-nin rəhbəri, sosioloq Lalə Mehralı isə tolerantlığı yüksək bir mədəniyyətsayır və bu mədəniyyətin də hər millətdə olmadığını düşünürəm. Azərbaycan tarixən tolerant bir diyar olub, burda istənilən düşüncəli insan rahatlıqla yaşayır. İnsan yaranışının hər dövründə inanca və bir işığa ehtiyac duyub. Dinlər və ruhi biliklər də bu ehtiyacdan yaranıb. Din ruhi bilik verməlidir və əgər bunu bacarmırsa tez məhv olur. Din Tanrıdan, Yaradılışdan, ruhdan bəhs etməlidir, insanlara bu haqda dərin bilik verməlidir, Tanrı qatından danışmalıdır, qorxu və xof aşılamamalıdır. Azərbaycanda milli və dini birliyin olması, dini və milli tolerantlığın olması baxımından nəinki region ölkələrinə, dünyaya örnək ola bilər.

İslam Konfransı Gənclər Forumunun Avrasiya ölkələri üzrə Beynəlxalq Şurasını sədri Elçin Əsgərovun sözlərinə görə, mədəniyyətə milli və intellektual dəyərlər, dini görüşlər də daxildir. Odur ki, mədəniyyətlərarası dialoqda şübhəsiz dini dəyərlər də vacib və aparıcı rol oynayır. Çünki dünyagörüşünün formalaşmasında din də əsas amillərdən biridir.

İlahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov bildirib ki, İslam bir tövhid dinidir. Allahın varlığında, birliyində hər hansı bir ixtilaf, fikir müxtəlifliyi ola bilməz və yoxdur. Haradasa 3-5 terrorçu tapıb, onları bütün islam dünyasına və müsəlmanlara şamil etmək çox yanlışdır. Bütövlükdə bir xalq, bir ümmət terrorçu ola bilməz. Amma bu gün islam terrorizmi deyilən bir anlayış gündəmə gətirilir. Halbuki Qərb dünyasında da terrorçu qruplar var. Hətta onlarda da dini ekstremist qrupların mövcud olduğu bilinir. Amma biz heç kimi bütövlükdə milli və dini mənsubiyyətinə görə terrorçu adlandırmırıq.

Bakı Dövlət Universitetinin müəllimi, ilahiyyat elmləri doktoru Qoşqar Səlimlinin sözlərinə görə, islam dinində radikallığa yer yoxdur. Ancaq islamı sevməyən qüvvələr onu radikal təqdim etməyə, insanları islamla qorxutmağa çalışırlar.

Qafqaz Universitetinin müəllimi, politoloq Ceyhun Mahmudlunun fikrincə, Azərbaycandakı dini tolerantlığın mövcudluğu birbaşa olaraq islam təfəkkürünün nəticəsidir. Məhz bu təfəkkür tarixi-mədəni proseslər nəticəsində Azərbaycanda dini tolerantlığın formalaşmasına təsir göstərib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov deyib ki, tolerantlıq Azərbaycan dövlətinin yürütdüyü din siyasətinin ana xəttidir. Çünki yalnız dinlərə və etiqadlara hörmətlə yanaşıldığı cəmiyyətlərdə sabitlik möhkəm və sarsılmaz olur.

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Samirə Həsənova söylədi ki, ölkəmizdəki tolerantlıq, başqa dinlərə xoş münasibət Azərbaycanın reallıqlarındandır. Bu gün Azərbaycanda dini abidələrin bərpasına, məscidlərin, kilsələrin, sinaqoqların təmir və tikintisinə verilən diqqət tarixən formalaşmış milli-mənəvi mədəniyyətin, tolerantlıq ənənələrinin olduğunu təsdiqləyir.

"İnam" Plüralizm Mərkəzinin sədri Vahid Qazi deyib ki, islam çoxluğu özünə təhlükə bilmədiyi heç bir başqa dini azlığa dözümsüzlük göstərməyib, əksinə onu qoruyub. Bizdə istər milli, istərsə də dini tolerantlıq tarixi ənənələrə söykənir. Vahid Qazinin fikrincə isə, bu gün Azərbaycanımızda son bir neçə yüz ilin ənənələri üzərində qurulmaqda olan islam modelinə əllər uzanır.

Qafqaz Universitetinin müəllimi, politoloq Ceyhun Mahmudlu missionerlik fəaliyyətlərini təhlükəli sayaraq onlar üzərində nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb. Dini baxımdan müxtəlif simvolları özlərində əks etdirən şəxslərin müşahidə olunması cəmiyyətdə adi hala çevrilib. Ortaya belə bir suallar çıxa bilər. Dini rəngarənklik demokratiyanın elementi deyilmi? Mövcud vəziyyət tolerantlıq deyilmi? Bütün bu qoyulan suallar özü-özlüyündə haqlı olsa da, məsələlər görüldüyü qədər də sadə deyil.

Bakıda Ombudsmanların IX Beynəlxalq Bakı Konfransına xüsusi diqqətlə yanaşdıq. "Milli azlıqlar və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya" mövzusunda keçirilən konfrans 18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunub. Konfrans işini iyunun 18-dək davam etdirilib.

Ombudsman Elmira Süleymanova dedi ki, əhalisinin sayı 9 milyonu keçən Azərbaycanda 90-a qədər milli azlıq nümayəndəsi yaşayır. Bu isə dini müxtəlifliyə zəmin yaradır: "Yüz illiklərdir Azərbaycanda azsaylı xalqlar bütün proseslərdə bərabər hüquqlarla iştirak edirlər. Onlar üçün heç bir ayrı-seçkiliyə yol vermədən bərabər imkanlar yaradılıb. Azərbaycanda ombudsman təsisatının fəaliyyət göstərdiyi 9 il ərzində bir dəfə də olsun milli zəmində şikayət almamışam".

Layihə çərçivəsində "Kapellhaus"-Alman-Azərbaycan Mədəniyyət Birliyində (AAMB) olduq. Hazırda "Kapellhaus" Azərbaycanda yaşayan almanların koordinasiya mərkəzidir. Təxminən yüzildən çox tarixi olan "Kapellhaus"da mütəmadi olaraq sərgilər, konsertlər, almanların layihələri əsasında hazırlanan müxtəlif tədbirlər reallaşır.

Dağ yəhudilərinin yaşadığı Qırmızı qəsəbəyə ikinci dəfə səfər etdik. Əhalisinin əksəriyyəti yəhudilər olan bu qəsəbəyə "Balaca İsrail" də deyirlər. Qırmızı qəsəbənin dini icmasının sədri Boris Simanduyev deyir ki, hətta sovet ideologiyası belə dağ yəhudilərinin dini inancını, milli adət-ənənəsini zəiflədə bilməyib. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə yəhudilər özlərinin mədəniyyətlərini, adət-ənənələrini daha rahat şəkildə təbliğ etməyə başlayıblar. İsrail və Azərbaycan dövlətləri arasında ikitərəfli əlaqələrin güclənməsi qəsəbə sakinlərinin həyatında da müsbət iz buraxıb.

Avar Mədəniyyət Mərkəzinin rəhbəri Mahama Bazarov bildirib ki, mərkəz 2008-ci ildən fəaliyyət göstərir. Cəmiyyətin əsas məqsədi Azərbaycanda yaşayan avarların mədəniyyətinin, adət-ənənələrinin, folkloru və dilinin özünəməxsusluğunu qoruyub saxlanmasına dəstəkdir: "Biz avarlar özümüzü Azərbaycanda təhlükəsiz hiss edirik. Qədimdən Azərbaycan xalqı ilə qaynayıb-qarışmışıq, qız alıb, qız vermişik. Eyni dinə mənsubuqsa, Azərbaycanın şimal-qərbində əsrlərlə yaşayırıq, qohumluq əlaqələrimiz var, oxşar və üst-üstə düşən adət-ənənələrimiz çoxdur. Bəzi adət və ənənələrimizdə fərqlilik olsa da, dini adətlər, elçi getmək, gəlin gətirmək, yas mərasimləri qonaq qarşılamaq kimi ənənələrimiz eynidir".

 

 

Bayram Alı

 

Xalq Cəbhəsi.- 2011.- 30 iyun.- S.11.