Novruz bayramı-milli-mənəvi dəyərlərin əbədiyaşarlıq rəmzidir

 

Novruz bayramında milli ruhumuzun, qədimliyimizin çalarları yaşayır. Minillər öncə əcdadlarımız inanıblar ki, həyatı var edən od, su, hava və torpaqdır. Sonradan bu əski inanc cilalanıb, sistemli təsəvvürlər halına gəlib. Yüzillərdən bəri yol gələn, çoxlu müqavimətlərə, dəyişmələrə məruz qalan Novruz ötən müddətdə türk ruhunun özünəməxsusluğunu qoruyub saxlayıb. Millət o zaman var olur ki, qədim ruhunun soraqlarını, adət-ənənəsini, bir sözlə, özünəməxsus nəyi varsa, həmısını qoruyub saxlayır. Belədə həmin millət tarixin dolanbaclarında sarsılmır, başını itirmir. Novruzda qədimliyimizin bütün çalarları var. Hər halda bunun səbəbindəndir ki, tariximizin ən çətin məqamlarında belə bu bayram ürəklərdə yaşanıb. İnsanın ta qədimdən tonqaldan atlanması əslində onun yaşamağa inamını, pisliyin məhv olacağına əminliyini ifadə edib. Bu gün Novruz bayramı Azərbaycanda dövlət səviyyəsində qeyd olunur. Eyni zamanda, 2010-cu ildən Novruz bayramı dünyanın qeyri-maddi irsi kimi YUNESKO-nun siyahısına daxil edilib.

 

Qoca Novruz

 

Ömər Xəyyamın məlumatına görə, Novruzun 2600 ildən artıq yaşı var. Böyk mütəfəkkir yazır ki, Novruz bayramında müharibələr və qarşılıqlı çəkişmələr dayandırılır, sülh müqavilələri bağlanır, hətta dəfn belə növbəti günlərə təxirə salınırdı. Bu bayram o qədər şad və şən bir bayram olub ki, o günlərdə təkcə təmtəraqlı təntənələr deyil, eyni zamanda xəstələrə müstəsna diqqət və qayğı göstərilib, qohum və dostlara baş çəkilib, qohum və yaxınların məzarları ziyarət edilib, bir-birinə qarşılıqlı inam və simpatiya ifadə edilərək ümumbəşəri dəyərlər üstün tutulub.

Mərhum alim, məşhur mifoloq Mirəli Seyidov yazır ki, zaman-zaman təbiət, çevrədəki hadisələr insanı daim narahat edib və onu irəli aparıb: "İnsanın düşündüyü təbiət hadisələrindən biri və deyəsən, lap ilkini qışla yazın əvəzlənməsi idi. Yazın gəlişi, hər iki fəslin arasında təbii mübarizə ilk ovçuluqla, maldarlıqla, əkinçiliklə uğraşan, məşğul olan insanı, onun kiçik, böyük toplumunun içindən çıxan müdrikləri, ilkin biliciləri, təbiət hadisələrini az-çox götür-qoy edənləri, filosofları düşündürüb".

Professor Azad Nəbiyev isə deyir ki, ilaxır çərşənbələriylə bağlı görüşlər ulu əcdadın, ilkin insanın yaranmasında iştirak edən su, od, yel və torpaq mifizmi ilə bilavasitə əlaqədardır. Törəniş düşüncəsi təsəvvürünü formalaşdıran bu ünsürlər mərasim folklorunda müxtəlif kult və mif sistemləri şəklində öz əksini tapıb: "Onların hər biri ilə bağlı silsilə nəğmə və miflər yarandı. Çərşənbələrin hər biri milli yaddaşda insana uğur və xoşbəxtlik gətirən rəmzlər kimi geniş məna və məzmuna malikdir. Mərasim folklorunda çərşənbələrin sayı və sıra düzümü ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Bir sıra hallarda çərşənbələr 5-7-12 arasında göstərilir. Bu isə ümumilikdə Novruz mərasimi, onun keçirilməsi vaxtı və ölçülərinə uyğun gəlmir. Mərasim sistemində Novruza hazırlıq dekabrın 21-dən başlayır və bayram üç mərhələdə davam etdirilir. Birinci mərhələ - Böyük Çillə ilə Kiçik Çillənin arası (21 dekabr-1 fevral). İkinci mərhələ - Kiçik Çillənin davam etdiyi müddət (1-20 fevral). Üçüncü mərhələ - dörd həftəlik axır çərşənbələri əhatə edən Boz Aydır. Bundan sonra isə Novruz gəlir. İlaxır çərşənbələrin sıra düzümündə su, od və yel çərşənbəsindən sonra torpaq çərşənbəsi gəlir. Bu sıra düzümü mərasim folkloru sistemində pozulmazdır".

 

Çərşənbələr

 

AMEA-nın Folklor İnstitutunun direktoru, tanınmış folklorşünas-alim, professor Hüseyn İsmayılov deyir ki, Novruz bayramına qədər 4 çərşənbə - su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsi, torpaq çərşənbəsi qeyd edilir. Bu çərşənbələr insanın dörd ünsürdən yaradılması haqqında dini mifik görüşləri simvollaşdırır və öz ritual-mifoloji semantikasında yaradılış prosesini dinamik olaraq işarələyir.

Bu mənada su çərşənbəsilə bağlı ilk öncə danışan tədqiqatçı bildirir ki, hətta yaradılışdan əvvəl bütün varlığın yalnız sudan ibarət olması haqqında qədim türk mifi də mövcuddur: "Ümumiyyətlə, dünyanın əksər xalqlarında su ilə əlaqədar miflərdə suyun bu keyfiyyəti - od, torpaq, hava ilə bərabər yaradışın əsas komponentlərindən olması daha qabarıqdır. Əslində Novruz bayramının ilk çərşənbəsinin su adı ilə qeyd olunması insanın yaradılış prosesinin ilkin mərhələsinin qeyd olunmasıdır. Su çərşənbələrində xalq arasında bu gün də yaşadılan mərasimlər bu fikri təsdiqləyir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Mifik planda suyun yaradıcılıq funksiyası onun daha dərin mifoloji qatlarda insanın yaranmasında iştirak edən 4 ünsürdən biri olması ilə əlaqədardır".

Hüseyn İsmayılov bildirir ki, Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə - od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin - od komponentilə bağlı mərhələnin mifik təzahürüdür: "Qədim türk miflologiyasının özündə odla bağlı müxtəlif motivlər mövcud olub. Novruzdakı odla bağlı rituallar bu görüşlərlə bağlıdır. Bayram ərəfəsində keçirilən əski rituallardan olan "Qodu xan" oyunu, onunla bağlı mətnlər bu kultun sırf türk mifologiyasından qaynaqlandığını sübut edir. Odun türk mifik görüşlərində dünya ağacı ilə əlaqəsi də son dərəcə maraq doğuran mifoloji görüşlərdəndir. Əski türk inamına görə odu insanlar ilk olaraq ağac koğuşunun dibindən əldə ediblər. Mifoloji görüşlərə görə bir-biri ilə ziddiyyət təşkil edən anlayışlar, xüsusən qadın və kişi başlanğıcı türk xalqlarında Ülgen və Erlik obrazlarında əks olunub. İki ziddiyyətin vəhdətindən insan yaranır. Türkün əcdad statusunda bu zidd tərəflərdən biri kimi qadın statusunda qurd çıxış edir. Qurddan törənişlə bağlı məşhur mifik görüşlər bunu sübuta yetirir. Qurd isə türk mifik görüşlərində günəşlə, odla əlaqəlidir. Bir sıra türk xalqlarında soyun atasının göy qurd şəklində göydən şüanın içindən yerə endiyi bildirilir".

Hüseyn İsmayılovun sözlərinə görə, əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yer bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir: "Sonuncu ilaxır çərşənbə torpaq çərşənbəsidir. Torpaq müqəddəsliyi türk mifoloji görüşləri ilə bərabər etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı yaradılışın maddi əsası olmasından irəli gələn sakral mifoloji semantkaya da malikdir".

 

Kəndimizdə Novruz bayramı

 

XX əsrin 70-80-ci illərində bu bayramların rəsmi qaydada keçirilməsi qadağan olunsa da, ancaq hər bir ailə bunun fərqinə varmadan milli bayramına hazırlaşırdı. Bir ay əvvəldən ev-eşiyi, həyət-bacanı səliqəyə salırdı. Bütün çərşənbələrdə evlərin həyətlərində tonqallar qalanırdı. Sanki "kimin tonqalı gur yanırdı" yarışı keçirilirdi. Elə buna görə də mal-qara üçün tədarük olunan qış azuqəsindən, quru küləşdən istifadə edilirdi. Həyətimizdə iki dənə akasiya ağacı vardı. Bu ağacların boyu hündürlüyündə tonqal qalayırdıq. Özü də bütün məhəllələrdə tonqallar eyni vaxtda çatılırdı. Elə bir atəşfəşanlıq olurdu ki... Uşaq vaxtı eşitmişdim ki, tonqal başında niyyət etsən, həmin niyyətin hasil olar. Eyni zamanda, tonqal üstündən tullansan, bütün ağrın-acın ocağa tökülər. Elə ona görə də gözləyirdik ki, alovu göyə qalxan tonqal bir qədər azalsın və üstündən tullanaq. Ən böyük tonqal isə İlaxır Çərşənbəsində qalanırdı.

Onu da deyim ki, bizim rayonda-Qubadlıda İlaxır Çərşənbəsi taha təmtəqarla qeyd olunurdu. Həmin gün günortadan başlayaraq buğda qovrulurdu. Qonşumuz Məlahət xala buğda sacını ocağın üstünə qoyanda məhəllənin qız-gəlinləri növbəyə düzülərdilər. Bu artıq bir ənənə halını almışdı ki, Məlahət xala kimi buğda qovuran yoxdur. Doğrudan da onun qovurduğu buğda daha dadlı olurdu. Çünki buğda qovrulmamışdan əvvəl bir qədər qaynadılırdı və duz səpilirdi. Buğda qovrulub qurtarandan sonra isə çox az olmaqla yağ atılıb qarışdırılırdı. Və nəhayət küncüd qatılırdı. Təbii ki, buğdanın içinə qoz, fındıq və kişmiş də əlavə edilirdi.

Kiçik yaşlı oğlan uşaqları hələ İlaxır Çərşənbəsinə bir neçə gün qalmışdan yumurta döyüşdürməyə başlayırdılar. Kimin yumurtası bərk olurdusa, o da çox yumurta qazanırdı. Qonşumuzun oğlu Məhərrəm bu işin ustası sayılırdı. O bu günlər ərəfəsində bəlkə də hamıdan artıq yumurta qazanmış olurdu. Ən bərk yumurta isə Mənzər xalanın toyuqlarının yumurtası sayılırdı. Uşaqlar çalışırdılar ki, necə olur-olsun Mənzər xaladan yumurta alsınlar. Bəzən olurdu ki, kiçik yaşlı oğlan uşaqları başqa yollara da əl atırdılar, təki yumurta əldə etsinlər. Ancaq bu zaman Mənzər xala duyuq düşür, tutduqları işə görə onları danlayırdı. Hirsi soyuyandan sonra isə uşaqların hərəsinə bir yumurta verib, könüllərini almağa çalışırdı...

Günortadan sonra evin xanımları plov tədarükünə başlayırdılar. Həmin gün plov mütləq ocaqda bişirilməliydi. Özü də mis qazanda. Çünkü bu plovun dadı başqa aləm olurdu. Birillik çolpalar kəsilərək təmizlənirdi. Duz, istiot vurularaq mis qazana döşənirdi. Yay vaxtı qurudulmuş zoğal axçası soğanla qarışdırılaraq şabalıdla birgə çolpaların üzərinə əlavə olunurdu və süzülmüş düyü tökülərək dəmə qoyulurdu. (Hər kəs çalışırdı ki, İlaxır Çərşənbəsi üçün süzüləcək plovun düyüsünü Dəmirçilər kəndindən alsın. Çünki bu kənddə əkilən çəltikdən alınan düyünün keyfiyyəti və plov bişirilən zaman onun ləzzəti heç bir düyüdə yox idi- A.Ş.) Təxminən 15-20 dəqiqə keçəndən sonra yağ dağ edilərək plovun üstünə tökülürdü. Plovun bişməsini həsrətlə gözləyərdik. Bir dəfə anam süfrəni hazırlayıb qurtarandan sonra, evdən bir qədər aralıda yerləşən ocaq yerindən plov qazanını gətirmək üçün getdi. Və əliboş qayıdaraq bildirdi ki, plov qazanı yoxdur. Atamla anam heç nə olmayıbmış kimi özlərini aparsalar da, mən ağlamağa başladım. (Həmin vaxt keçirdiyim hislərimi indinin özündə də sözlə ifadə edə bilmirəm-A.Ş.) Heç 5-10 dəqiqə keçməmiş məhəllənin uşaqları papaq atdılar. Papağın içində bir kağız vardı. Həmin kağızda yazılmışdı: "Plovu tək yeməyəcəksinizsə qaytaraq". Bəli plov qazanını qaytardılar. Anam özümüz üçün plov çəkəndən sonra, qazanı uşaqlara verdi ki, aparıb povdan onlar da yesinlər. Həmin gün deməyəsən təkcə bizim plov qazanı "oğurlanmayıbmış". Sonradan məhəllənin uşaqları hansı evin xanımının daha yaxşı plov bişirməsini bir müddət müzakirə etməyə başladılar.

İlaxır çərşənbəsinin ən gözəl adət-ənələrindən biri də qızların qədir saxlamasıydı. Hər bir kəs evdən bayram xonçası və plov üçün nə lazımdırsa gətirirdi. Plovu dəmə qoyduqdan sonra səhərə kimi qızlar çalıb-oynayar, halay gedər, qulaq falına çıxar, bir sözlə bütün adət-ənənələri həyata keçirərdilər. Səhər açılanda isə səhəngi götürüb çaydan su gətirməyə yollanardılar. Gətirilən su evlərə çilənərdi. Bu, xeyir-bərəkət və aydınlıq demək idi.

Mənim yadıma gəlmir ki, kimsə "bayram süfrəsini necə açacağıq" gileyini eləsin. Çünki bolluq idi. Bolluq olmaqla yanaşı, həm də aldığın məvacib ürəyin istədiyin naz-neməti həmin gün alıb süfrənə düzməyə imkan verirdi. Ən əsası isə içimizdə torpaqların itirilməsi ağrı-acısı yoxuydu.

 

 

Arzu Şirinova 

 

Xalq Cəbhəsi.- 2011.- 1 mart.- S.9.