Qadınlar sizə Allahın əmanətidir

 

 "...(Kişilərin qadınlar) üzərində hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır..."

 

Vəfa Əliyeva: "Müsəlman Azərbaycan qadını elmli, təhsilli, inkişafa can atan, millətini, dövlətini sevən, eyni zamanda islam dəyərlərini təmsil edən xanım olmalıdır"

 

Günümüzdə ən çox müzakirə olunan mövzulardan biri də qadın haqlarıdır. Çünki qadın hüquqlarının pozulması cəmiyyətin ümumi inkişafına mənfi təsir göstərir.

Ona görə də vətəndaş cəmiyyətinə can atan ölkələrdə kişilərlə yanaşı, qadınların da ictimai-sosial aktivliyinin artırılması, qadın hüquqlarının təmin olunması aktual məsələlərdən biridir. Demokratikləşmə yolunu seçən Azərbaycanda da bu mövzu gündəmini qoruyur. Hətta qadın hüquqlarının müdafiəsi və təminatı üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də fəaliyyət göstərir. Amma qadın haqlarının tam bərqərar olunması üçün dövlət qanunvericiliyilə yanaşı, ictimai yanaşma da mühüm rol oynayır. Cəmiyyətimizin islam etiqadlı olduğunu və ictimai yanaşmada din faktorunun da rolunu nəzərə alaraq, dinimizin qadına münasibətini araşdırmağı qərara aldıq. Suallarımıza cavab axtarmaq məqsədilə dindar, eyni zamanda ictimai fəaliyyətlə məşğul olan bir xanımla həmsöhbət olduq. Beləliklə, budəfəki müsahibimiz "Gülüstan" Kimsəsiz Uşaq və Qadınlara Yardım İctimai Birliyinin sədri Vəfa Əliyevadır.

- Müsəlman qadınını necə xarakterizə edərdiniz? Kimdir müsəlman qadın?

- Bir çox hallarda dindar xanımlar haqqında yanlış təsəvvürlərlə qarşılaşırıq. Bəziləri belə düşünür ki, əgər qadın dindardırsa, xüsusən də hicablıdırsa, deməli, ictimai inkişafdan geri qalır, evə qapanır, heç bir sosial fəaliyyətlə məşğul olmur və s. Yəni geridə qalmış bir qadın obrazı təsəvvür olunur. Bu, doğru yanaşma deyil. İslam dəyərlərini yaşayan qadınların işi yalnız ibadət deyil. Düzdür, islamda ibadətin xüsusi yeri var. Allaha ibadət yaradılışımızın məqsədi və həyatımızın ən əsas qayəsidir. Allah "Qurani-Kərim"də buyurur ki, "Cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım". Ancaq ibadətlə ictimai fəaliyyəti qarışdırmaq qətiyyən olmaz. İlk öncə mən ibadəti reputasiyam üçün yerinə yetirmirəm. Bunu mənim doğuluşdan vəzifəm olduğu üçün edirəm. Amma islami həyat tərzi mənim təhsilə, elmə yiyələnməyimə, sosial inkişafıma mane olmur. Tam əksinə. Cəmiyyətimizdə kifayət qədər dindar, eyni zamanda bir neçə ali təhsili, aktiv iş fəaliyyəti olan dindar xanımlar var. Mənə görə, müsəlman qadın elmli, fəal, yaxşı ana, dost, mərhəmətin timsalı, şəfqətin abidəsi, hər birindən daha önəmlisi isə Allahın dünyaya göndərdiyi bir rəhmətidir. Bunu heç bir zaman dana bilmərik və müsəlman bir xanımda da görəcəyimiz ən əsas xüsusiyyət onun həyası, əxlaqıdır.

- İslamda qadının hansı yeri var?

- İslam heç bir nizamın və sistemin vermədiyi dəyəri qadına verib. Müqəddəs kitabımız olan "Qurani-Kərim"də "Kişilər" adlı surə olmadığı halda "Nisa", yəni "Qadınlar" başlıqlı surə vardır. Allah qadını o qədər şərəfli bilib ki, onun adına surə də endirib. "Qurani-Kərim"də Allah Həzrəti İsanı zikr edərkən sadəcə Həzrəti İsa yox, Məryəm oğlu İsa deyə buyurur. İslam qadına hər zaman ehtiramla yanaşır və böyük dəyər verir. Hətta cahiliyyət dövründə (islamdan öncə) ərəblər qız övladlarından utanardılar və soyumuzu korlayır deyib onu diri-diri torpağa basdırardılar. İslam gəldi və VII əsrdə yazılı şəkildə kişilər kimi qadınların da haqlara sahib olduqlarını bəyan etdi. "Qurani-Kərim"in "Bəqərə" surəsinin 228-ci ayəsində buyurulur: "...(Kişilərin qadınlar) üzərində hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır..." Bununla da islam qadına hüquqlar tanıdı.

- İslam qadınlara hansı haqları tanıdı?

- Məsələn, islamdan öncə qadın adı ilə çağırılmazdı. Rəqəmlə və yaxud da rənglə səslərdilər. İslam gəldi və qadına miras haqqı tanıdı. Ona qədər qadınların miras haqları yox idi. Məsələn, əgər ata dünyasını dəyişirdisə, mirasdan qızına heç bir pay düşməzdi. İslam bu haqqı da qadına verdi. Bununla da dinimiz qadınları yalnız mənəvi cəhətdən deyil, eyni zamanda sosial-iqtisadi tərəfdən də dəstəkləyir. Çünki həyatda ayaqüstə durmaq, mübarizə aparmaq üçün sosial təminat mühüm faktordur.

- Bəzən din adından, əslində isə xurafat təsəvvürləri ilə qadın hüquqlarının pozulduğu hallar da olur. Buna münasibətiniz?

- Acınacaqlı hal odur ki, hər kəs - bilən də, bilməyən də islam adından danışır. Bunun səbəbi islamı tanımamaq və ya doğru anlamamaqdır. Elə insan var ki, hədisləri oxuyur, amma özünə uyğun yozur. Halbuki islamın qadına verdiyi dəyəri isbat edən kifayət qədər dəlil var. Allah yüksək yaradılan bir məkanı - cənnəti qadının ayağı altına sərmişdi. Bu, islamın qadına verdiyi ən böyük qiymətdir. Bundan artıq qadın üçün zirvə ola bilməz.

- Bugünkü dindar xanımların cəmiyyətdə rolu sizi qane edirmi?

- Belə bir deyim var: "Ədalət hökmdarda, tövbə günahkarda, həya isə qadında gözəldir". Əgər islamiyyəti yaşayan bir xanım həyasına, əxlaqına diqqət edirsə, ictimai fəaliyyət göstərməsində heç bir problem yoxdur. Fəaliyyət göstərmək islamla ziddiyyət təşkil etmir. Məsələn, Həzrəti Ayişə fiqh üzrə o dövrün müştəhidi olmuşdur. Kişilərlə də ünsiyyəti olub, onlara islamla bağlı biliklər öyrədib. Konkret sualınıza gəlincə isə dindar qadınların bugünkü ictimai fəaliyyəti məni tam qane etmir. Çünki bizim zehniyyətimizdə ya ifrat, ya da əksiklik var. Orta yolu seçə bilmirik. Halbuki islamın mövqeyi də orta yoldur.

- Dindar xanımsınız, eyni zamanda aktiv ictimai fəaliyyətiniz də var. Təşkilat olaraq hansı istiqamətdə çalışırsınız?

- Bacardığımız qədər kimsəsiz uşaqlara və qadınlara yardım göstərməyə çalışırıq. 2006-ci ildən fəaliyyət göstəririk, demək olar yeni təşkilatıq. Məqsədimizə uyğun olaraq müxtəlif işlər görməyə çalışırıq. Məsələn, qadın cəzaçəkmə müəssisəsilə əməkdaşlıq edirik. Həftədə 3-4 dəfə oradakı xanımlara mənəviyyat və əxlaq dərsləri veririk.

- Dövlət müəssisəsinə daxil olmağınız çətin olmur ki?

- Yox. Şükürlər olsun ki, hələ elə bir çətinliyimiz olmayıb. Biz axı radikallığı təbliğ etmirik. İslamda qadının rolu, qadın haqları ilə bağlı mövzularda dərs keçirik. Təşkilatımızdan yalnız mənim cəzaçəkmə müəssisəsində dərs keçmək ixtiyarım var.

- Fəaliyyət göstərərkən qadın olduğunuz üçün hansısa məhdudiyyətlə qarşılaşırsınızmı?

- Yox elə bir problem olmayıb. Əksinə çalşırıq ki, fəaliyyətimizi daha da genişləndirək, cəmiyyətimiz üçün daha faydalı olan işlər görək. Tarixçəmiz uzun olmasa da, indiyədək Yunanıstanda, Almaniyada, Rusiyada, xüsusilə də Türkiyədə səfərlərdə olmuşuq. Qardaş ölkədə təşkilatımızın qrupları da var.

- Xaricdə görüşdüyünüz dindar xanımlar sizi necə qarşılayırlar? Onlarla bizim qadınları necə müqayisə edərdiniz?

- Adətən xaricdə islam haqqında yanlış təəsvvürlərlə qarşılaşırıq. Məsələn, oradakı bir sıra xanımların təsəvvürünə görə, müsəlman qadın qapalı olur, islam qadının təhsil almasına, fəaliyyətinə qarşıdır və s. Əslində isə sevgili peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) "Beşikdən məzara qədər elm öyrənin" deyib. Elmə yiyələnmək kişiyə olduğu kimi qadın üçün də fərzdir. Almaniyada olarkən biz islamla yeni tanış olan xanımlara dinimizin qadına olan münasibətindən danışırdıq. Onlar çox təəccüblənirdilər. Çünki islam cəmiyyəti kimi yalnız şəriət qanunları ilə idarə olunan ərəb dövlətlərini tanıyırlar. Biz isə demokratik ölkədə yaşayırıq. Azərbaycan islam ölkəsi olsa da, dünyəvi dövlətdir.

- Araşdırmalara görə, qadınlar daha çox ailədə zorakılı?a məruz qalırlar. Siz qadın hüquqlarının pozulmasının səbəbini nədə görürsünüz?

- Xanımlarımız evlilikdən öncə hüquqları, ailədaxili münasibətlərlə bağlı maariflənməlidirlər. Qadınlarımız öz hüquqlarını bilsələr və haqlarını tələb etsələr, ailədaxili mənfi halların qarşısı da müəyyən qədər alınar. Odur ki, hər işin başında maarifləndirmə dayanır. Bəzən kişilər boşandıqdan sonra övladlarına aliment verməkdən boyun qaçırırlar, atalıq vəzifəsini yerinə yetirmirlər. Bu kimi məsələləri hüquq həll edir. Odur ki, qadınlarımız xüsusən də hüquq mövzusunda məlumatlı olmalıdırlar.

- İslama görə, qadın-kişi münasibəti necə qurulur?

- İslam kişi-qadın münasibətlərində də qadın hüquqlarını müdafiə edir. Dinimizdə buna dair bir çox misallar var. Məsələn, sevgili peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s) vida xütbəsində kişilərə buyurur ki, qadınların haqlarını tapdalamaqdan qorxun, qadınlar sizə Allahın əmanətidir. Yəni islama görə qadın əmanətdir. Əmanətə isə xəyanət etmək olmaz. Kişilər qadına göstərdikləri münasibətə görə sorğu-sual olunacaqlar. Qadın incə bir varlıqdır. Onunla həssas davranmaq lazımdır.

- Günümüzdə qadınlarla bağlı problemlərdən biri də erkən evlilikdir. Siz problemin həllini necə görürsünüz?

- Bu problemin yaranmasında əsasən qızlar və onların valideynləri iştirak edir. Bəzi qızlar ailə qurmaq üçün tələsirlər, başqa hallarda isə valideynlər övladlarını məcbur edirlər. Bəzi ucqar rayonlarda maddi durumu zəif olan ailələr çıxış yolu kimi 15-16 yaşlı qızlarını zorla evləndirirlər. Rəsmi nikahları da olmur. Belə ailələrdə problem yarananda isə qadınlar uşaqla küçəyə atılırlar. Həmin xanımlar rəsmi dövlət nikahı olmadığı üçün hüquqlarını da təmin edə bilmirlər. Odur ki, bayaq da dediyim kimi, ailə qurmazdan əvvəl qızların maariflənməsi vacibdir. Çünki bu kimi problemlərin həlli elmdən, təhsildən keçir.

- Son olaraq, mövzumuzla bağlı oxucularımıza nə demək istəyərdiniz?

- Həzrəti Ömərin bir sözü var. O deyib ki, imandan sonra insanlığa verilən ən böyük nemətlərdən biri də salihə qadındır. Müsəlman Azərbaycan qadınını elmli, təhsilli, inkişafa can atan, millətini, dövlətini sevən, eyni zamanda islam dəyərlərini təmsil edən xanım olmağını, ən əsası isə insanlıq zirvəsində dayanmağını istəyirəm.

 

 

Real Cəfərli

 

Xalq Cəbhəsi.- 2011.- 10 mart.- S.10.