Siyasi dialoq problemi

 

Partiyalararası münasibətlər və tolerantlıq

 

ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan partiyalarla hökumət üzvlərinin birgə müzakirələrinin təxirə salınması haqqında ötən saylarımızda məlumat vermişdik. ATƏT-in Bakı ofisinin mətbuat katibi Rəşad Hüseynov bəyanlayıb ki, "tədbir iştiraka dair məsələlər üzündən təxirə salınıb". Onun sözlərinə görə, dəyirmi masanın yeni tarixi yaxın vaxtlarda elan olunacaq.

Yada salaq ki, bu il martın 7-8-də ATƏT-in Bakı ofisinin təşkilatçılığıyla partiyalarla hökumət üzvlərinin birgə müzakirələrinin keçirilməsi nəzərdə tutulurdu.

Tədbirə mühazirəçi qismində ATƏT-in baş ofisindən ekspertlər dəvət olunub. Azərbaycanda siyasi tənzimləmə mövzusunda keçirilməsi nəzərdə tutulan dəyirmi masa və seminarda Prezident Administrasiyası, Milli Məclisdən yüksək vəzifəli şəxslər, habelə 18 siyasi partiya təmsilçisinin iştirakı gözlənilirdi. Tədbirin məqsədi Azərbaycan hökumətinə partiyaların siyasi tənzimlənməsində yardım etməkdir.

İştirakçılara ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Venesiya Komissiyasının siyasi tənzimlənməyə dair əsas qaydaları və sənədləri barədə məlumat verilməli, Azərbaycanda "Siyasi partiyalar haqqında" qanunun təkmilləşdirilməsi imkanları müzakirə olunmalı idi.

ATƏT-in Bakı ofisinin planlaşdırdığı tədbiri təxirə salması cəmiyyətdə müəyyən müzakirələrə səbəb oldu. Belə fikirlər səslənir ki, siyasi qüvvələrin bir araya gəlmək istəməməsi dialoqun baş tutmamasına səbəbdir.

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı isə deyib ki, tədbiri ATƏT-in Bakı ofisi özü təxirə salıb: "YAP tədbirdə iştiraka razılıq verib və buna hazırıq. Eyni zamanda, hesab etmirəm ki, Azərbaycanda siyasi qüvvələr arasında dialoqda problem var. Partiyalar arasında dialoq daim olur. Parlamentin iclaslarında və yaxud digər toplantılarda müxtəlif formalarda daim dialoq var. Parlamentdə təmsil olunmayan partiyalarla isə müxtəlif tədbirlərdə görüşüb dialoqda oluruq. Biz onlarla dialoqda heç bir problem görmürük".

İqtidar-müxalifət dialoquyla bağlı fikirlərini bölüşən Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə siyasi dialoqun alınması üçün, ilk növbədə tərəflərdə istək olmalıdır. Asim Mollazadənin fikrincə, indiki halda belə istək yoxdur. DİP sədri vurğulayıb ki, dialoq üçün istəkdən əlavə, həm də tərəflər müəyyənləşməlidir: "İqtidar bəllidir, müxalifətin tərkibi isə geniş və çoxşaxəlidir. Görürsünüz ki, müxalifət düşərgəsində kimin müxalifət olması haqqında ciddi fikir ayrılığı gündəmə gəlib. Ona görə də çox yaxşı olardı ki, siyasi dialoq əvəzinə, ictimai müzakirə formatı seçilsin, ölkənin problemləri və bu problemlərin həlli istiqamətində axtarışların müzakirə edildiyi görüşlər keçirilsin. Bu, daha düzgün olardı". Acim Mollazadənin sözlərinə görə, ilk növbədə taleyüklü məsələlərdən başlamaq olar.

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şuranın üzvü, millət vəkili Aydın Mirzəzadə deyir ki, siyasi dialoqu yalnız qarşı-qarşıya oturub müzakirə aparmaq kimi başa düşmək düz deyil. YAP rəsmisi söyləyir ki, dialoq ümimi bir atmosfer, münasibətlər toplusu və siyasi mədəniyyətdir. Onun sözlərinə görə, bu baxımdan Azərbaycanda siyasi dialoq var: "Parlamentdə, mətbuat səhifələrində, televizyada, ayrı-ayrı tədbirlərdə bu polemika, bu dialoq baş verir. Hər bir tərəf mövqeyini ortaya qoyur, ortaq nöqtələr tapmağa çalışırlar. İqtidar tərəfi də çalışır ki, son nöqtədə bu məsələr dövlətçilik maraqlarıyla uzlaşsın". O əlavə edib ki, ayrıca görüşüb, hansısa məsələni müzakirə etmək həmişə mümkündür. Qarabağ problemilə bağlı birgə ictimai müzakirələrə gəldikdə isə, millət vəkili bildirib ki, əslində bu müzakirələr heç vaxt dayanmayıb.

ADP sədri Sərdar Cəlaloğlu söyləyir ki, rəhbəri olduğu təşkilat iqtidarla bütün sahələrdə deyil, milli mənafelərin tələb etdiyi sahələrdə əməkdaşlıqda maraqlıdır:"Biz iqtidarla Qarabağ məsələsində əməkdaşlıq edə bilərik. Əgər biz istəyiriksə ki, Azərbaycanda vətəndaş qarşıdurması olmasın, Azərbaycanda xalq siyasi mövqeyinə görə iki cəbhəyə bölünməsin, demokratikliyindən və ya qeyri-demokratikliyindən asılı olmayaraq əks tərəflə əməkdaşlıq etməliyik. Milli problemlərin həlli üçün iqtidar və müxalifətin gücünü birləşdirməsi vacibdir. Nə vaxta qədər Azərbaycan iqtidarı və müxalifəti bir sıra problemlərin həllində, o cümlədən Dağlıq Qarabağ münaqişəsi məsələsində eyni mövqedən çıxış etmir, xarici ölkələr bundan Azərbaycan dövlətinin və xalqının əleyhinə müvəffəqiyyətlə yararlanacaq. Xaric də bilməlidir ki, Azərbaycan xalqı həssas məqamlarda birləşməyi bacarır. İndiyə qədər bu istiqamətdə heç bir cəhd edilməyib. Halbuki, biz bu məsələdə iqtidar-müxalifət cəbhələşməsinə yol verə bilmərik. Biz bu məsələdə razılığa gəlməliyik və Azadlıq meydanında Qarabağla bağlı birgə mitinq keçirməliyik. Bu mitinqdə 2 milyon insan iştirak etməlidir və dünya da görməlidir ki, Azərbaycan xalqı Dağlıq Qarabağı kiməsə güzəştə getmək istəmir. Məgər bu əməkdaşlıq kiminsə ürəyincə deyil? Məncə, biz bu sahədə əməkdaşlıq etməliyik".

Sərdar Cəlaloğlunun sözlərinə görə, hər bir radikal mübarizənin bir məqsədi var - əks tərəfi danışıqlar masası arxasında oturtmaq: "Hətta müharibələrin də məqsədi əks tərəfi danışıqlar masası arxasında oturtmaqdır. Ancaq bir məqamı xüsusi qeyd etmək lazımdır ki, ADP yarandığı gündən tənqidi əməkdaşlıq modelini əsas götürüb. Bu o deməkdir ki, sən biri ilə dost olanda onu tənqid etməlisən ki, ictimai maraqlara uyğun qərar qəbul olunsun. Belə olmasa 2-3 nəfər birləşib xalqın əleyhinə yönələn qərar da qəbul edə bilər. Ona görə də biz çalışmalıyıq ki, istənilən ittifaqda bir-birimizi islah edək, bir-birimizi səhv hərəkətlərdən çəkindirək. Səhv hərəkətlərimiz varsa da biz bir-birimizi buna görə tənqid etməliyik. Bu, millətsevərlik əxlaqına uyğundur. Əgər sən millətini sevirsənsə, o zaman dostundan da, müttəfiqindən də imtina etməyi bacarmalısan".

 

 

Səlcuq

 

Xalq Cəbhəsi.- 2011.- 10 mart.- S.9.