Soyqırım müzakirələri...
Akif Nağı: "Əgər
soyqırım haqqında qanun qəbul edilsə, bu, istər-istəməz
beynəlxalq təşkilatların diqqətini çəkəcək"
Aynur Camalqızı:
"Xocalı soyqırımı haqqında ayrıca qanun qəbul
etmək olar"
Ötən iki əsrdə
Azərbaycan xalqı ermənilərin və rusların törətdiyi
soyqırımlara məruz qalıb. Bu soyqırımların
dünya səviyyəsində tanıdılması istiqamətində
indiyədək çox işlər görülüb, ancaq
ümumi fikir bundan ibarətdir ki, görülən işləri
yetərli saymaq olmaz və daha ciddi addımların
atılması zəruridir.
Ermənilərin
türklərə qarşı həyata keçirdikləri vəhşilikləri
dünya ictimaiyyətinə daha yaxşı tanıtmaq,
baş verənlərə hüquqi qiymət verilməsi
üçün "Soyqırım haqqında" qanunun qəbuluna
da ehtiyac duyulur. Müxtəlif icitmai-siyasi təşkilatlar
bununla bağlı qanun layihələri hazırlayaraq parlamentə
təqdim ediblər, ancaq hələlik ortada real nəticə
yoxdur. Bundan başqa müxtəlif ictimai-siyasi xadimlər
soyqırım muzeyi yaradılması təklifini veriblər.
Ümumiyyətlə,
soyqırım bir millətin dil, din, məzhəb və milli fərqləri
ilə əlaqədar olaraq məqsədli şəkildə
yox edilməsi prosesidir. Beynəlxalq hüququn qəbul
edilmiş ümumi pirinsip və normalarının, habelə
insan hüquq və azadlıqlarının kobud surətdə
pozulmasıdır. Bu prosesin hər hansı ölkənin
hökumətinin həyata keçirilməsi əsas şərt
olaraq qəbul edilir.
Soyqırım cinayətinin hüquqi məzmunu BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 nömrəli qətnaməsi ilə qəbul edilmiş "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya"yla müəyyən olunub.
Tarixə nəzər salanda Azərbaycan ərazilərində yaşayan türklərin bir neçə dəfə soyqırıma məruz qaldığını söyləyə bilərik.
1905-ci ildə ermənilər milli mənsubiyyətinə görə minlərlə dinc insan qətlə yetirilib, evləri yandırıb, insanlarımızı diri-diri oda atıblar. 1918-ci ilin mart-aprel aylarında soyqırım Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində də həyata keçirilib. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılıb, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb.
1948-1953-cü illərdə ermənilər öz ənənələrinə sadiq qalaraq türklərin Qərbi Azərbaycan torpaqlarından zorla çıxarılmasına nail olublar.
1988-ci ildə də eyni proses davam edib, onlarla Azərbaycan türkü qətlə yetirilib, İrəvan, Masis, Kalinino, Kadjaran, Qafan, Kirovakan, Gorus, Sisian, Amasiya və Alaverdidən 250 min türk öz ev-eşiyindən qovulub.
1988-ci ildən sonra Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində 7 rayon talan olundu, 1 milyona qədər adam doğma yurdundan didərgin düşdü.
Tarixən Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirən erməni millətçiləri öz vəhşi simalarını bir daha bütün dünyaya göstərərək Xocalını yerlə-yeksan etdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə hələ də dəqiq olmayan məlumatlara görə, 613 nəfər xocalı şəhid olub. 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyil.
Xocalı soyqırımı xarakter etibarı ilə beynəlxalq cinayət kateqoriyasına aiddir. Qabaqcadan xüsusi düzəldilmış pusqulardan qaçıb canını qurtarmaq istəyən Xocalı sakinlərinin avtomat, pulemyot və digər silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilməsi ermənilərin azərbaycanlılara qarşı soyqırımı niyyətini açıq şəkildə sübuta yetirir.
XX əsrin əsas soyqırım faktlarından biri Azərbaycanın Kəlbəcər rayonunun Ağdaban kəndində Ermənistan silahlı birləşmələrinin törətdiyi soyqırımı göstərmək olar. 15 il əvvəl ermənilərin silahlı təcavüzü zamanı Ağdaban kəndinin bütün mülkü əhalisi faktiki olaraq vəhşicəsinə qətlə yetrilib.
Bu faktlardan göründüyü kimi, ermənilər öz şovinist məqsədlərinə çatmaq üçün beynəlxalq hüquq normalarına məhəl qoymadan bütün mümkün vasitə və metodlardan yararlanaraq türklərə qarşı soyqırım siyasəti həyata keçiriblər.
Maraqlıdır ki, indiyədək bu hadisələrdən birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilib. 26 mart 1998-ci ildə mərhum prezident Heydər Əliyevin 31 mart soyqırımı haqqında xüsusi fərmanı olub və həmin fərmana görə, 31 mart Azərbaycanlıların Soyqırımı günü elan olunub.
Beynəlxalq hüquq normalarına görə, soyqırım törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq hüquq soyqırımı cinayətinin anlayışını müəyyənləşdirməklə yanaşı, həmin cinayəti törətmiş şəxslərin məsuliyyətini də müəyyəmləşdirir. Belə ki, soyqırım cinayətinin qarşısının alınması və cinayətkarların cəzalandırılması haqqında Konvensiyanın 5-ci maddəsinə əsasən, iştirakçı dövlətlər soyqrımı cinayətini törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbir görməlidirlər. Konvensiyanın 6-cı maddəsinə görə həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidirlər.
Ancaq ermənilərə hələ də "gözün üstə qaşın var", deyən olmayıb. Məhz bu baxımdan başımıza gətirilən faciələrin dünyada qəbul olunması istiqamətində bir sıra işlərin görülməsi vacib sayılır, "Soyqırım haqqında" qanunun qəbulu da bu baxımdan dəyərli sayıla bilər.
Bir məqamı da vurğulayaq ki, bir müddət öncə BAXCP parlamentdə soyqırım və Qarabağ komitələrinin yaradılması təklifini irəli sürüb. Ekspertlər bu komitələrin də yaradılmasının ümumi işin xeyirinə olacağını söyləyirlər.
Mövzuyla bağlı fikirlərini öyrəndiyimiz Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyir ki, əgər soyqırım haqqında qanun qəbul edilsə, bu, istər-istəməz beynəlxalq təşkilatların diqqətini çəkəcək:"Ermənilərin ifşa olunması, onların apardıqları təbliğatın qarşısının müəyyən qədər alınması üçün belə bir qanunun qəbulu çox vacibdir. Biz istəyirik ki, müxtəlif beynəlxalq təşkilatlar, dövlətlərin parlamentləri soyqırımları tanısınlar. Amma bunun üçün vacib olan addımlardan biri Azərbaycanın özündə hadisələrin parlament səviyyəsində tanınması və soyqırım haqqında qanunun qəbul edilməsidir. Ermənilər olmayan şeyi şişirdirlər, Ermənistan parlamentinə azərbaycanlıların erməniləri guya soyqırıma məruz qoymasıyla bağlı bir neçə dəfə qanun layihəsi təqdim olunub. Guya ki, 1988-94-cü illərdə Azərbaycanda ermənilərə qarşı soyqırım törədilib. Onlar olmayan bir şeyi beynəlxalq ictimaiyyətə sırımaq cəhdləri göstərirlər. Amma biz olan hadisələrin üzərindən sükutla keçirik. Yaxud kimdənsə nəsə gözləyirik, halbuki ilk növbədə özümüz hərəkət etməliyik. Soyqırım haqqında qanunun qəbuluna ehtiyac var və orada ermənilərin bizə qarşı törətdiyi bütün soyqırım aktları öz əksini tapmalıdır".
Akif Nağı parlamentdə Qarabağ və soyqırım komitələrinin yaradılması ideyasına da müsbət yanaşır:"Biz də bir neçə dəfə bu məsələylə bağlı Milli Məclisə müraciət ünvanlamışıq. Hesab edirəm ki, BAXCP-nin bu təklifi müdafiə olunmalıdır. Bu təklif hər dəfə səslənəndə parlament rəhbərliyi deyir ki, ümumilikdə Milli Məclis və hökumət bu işlərlə məşğuldur. Ancaq şəxsən mən belə düşünürəm ki, ayrıca komitənin olması məsələlərin hərtərəfli öyrənilməsi üçün vacibdir".
Qadın Konsesus Mərkəzinin rəhbəri Aynur Camalqızı deyir ki, Xocalı soyqırımı miqyasına görə misli görünməmiş bir hadisədir: "Ona görə də, Xocalı soyqırımı haqqında ayrıca qanun qəbul etmək də olar. Bununla yanaşı ümumilikdə, soyqırım haqqında qanunun qəbulu da mümkündür. Mən bu istiqamətdə göstərilən bütün təşəbbüsləri alqışlayıram. Biz tarix boyu dəfələrlə bədnam qonşularımız tərəfindən soyqırım aktlarına məruz qalmışıq, başımız çoxlu bəlalar çəkib. Ancaq çox təəssüf ki, faciələrimizi dünyaya çatdıra bilməmişik. Bu cür məsələlərdə ermənilərdən müəyyən qədər də olsa geri qalırıq. Əvvəlki illərdən qalan ləngimələr bizim işimizə bir xeyli mane olur. Ermənilər yalançı soyqırım məsələsini dünya ölkələrinin parlamentlərində müzakirəyə çıxarmağa nail olublar. Amma əlimizdə təkzibedilməz faktlar olmasına baxmayaraq hələ də dünyanın nəzər diqqətini başımıza gələnlərə yönəldə bilməmişik. Soyqırım haqqında qanun qəbul olunursa, bu, tədqiqat, təşviqat yönündə, Qarabağ dərdlərinin dünyanın diqqətinə çatdırılması istiqamətində çox ciddi addım, dönüş ola bilər". Aynur Camalqızı parlamentdə soyqırım və Qarabağ komitələrinin yaradılması ideyasına müsbət yanaşdığını da sözlərinə əlavə etdi.
Ağa Cəfərli
Xalq Cəbhəsi.- 2011.- 10 mart.- S.8.