Azsaylı xalqlar-Saxurlar

 

Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Bu torpaq bəşəriyyətin bütün inkişaf dövrlərində öz tarixini qoruyub və yaşada bilib. Bugünkü bəşər mədəniyyətinin tərəqqisində doğma yurdumuzun öz yeri, öz payı var. Azərbaycan milli tərkibinin rəngarəngliyi, burada yaşayan milli azlıqların, azsaylı xalqların və etnik qrupların müxtəlifliyi ilə bir çox ölkələrdən fərqlənir. Tarix boyu ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri öz adət-ənənələrini, milli dəyərlərini qoruyub saxlayaraq gələcək nəsillərə ötürüblər.

Qədim odlar diyarının etnoqrafik baxımdan zəngin rayonlarından biri də ecazkar təbiətə malik olan Qax rayonudur. Qax rayonu öz qədim tarixi abidələri, yaşayış məskənləri ilə yanaşı, ərazisində yaşayan azsaylı xalq, milli azlıq və etnik qrupların zənginliyi ilə də seçilir. Rayonda 20-yə qədər milli azlığın və azsaylı xalqın nümayəndəsi mehriban qonşuluqda yaşamaqdadır. Avarların, ləzgilərin, ingiloyların, gürcülərin və digər xalqların bir çox adət-ənənələri əsrlərin süzgəcindən keçərək bir-birinə daha da yaxınlaşıb.

Azərbaycanın Qafqaz dilləri ailəsinə daxil olan saxurlar əsasən Zaqatala və Qax rayonlarının bir neçə kəndində məskunlaşıblar. Qədim mənbələrdə saxurlar “çaxaykov” adlandırılırlar. Özlərini etimoloji mənası məlum olmayan “yıkbi” adlandıran saxurların xeyli hissəsi isə Dağıstanın Rutul rayonunda, Samur çayının mənbəyində yaşayırlar.

İnqilabaqədərki siyahıyaalmalarda və eləcə də digər statistik məlumatlarda saxurların sayı haqqında məlumatlar demək olar ki, yox dərəcəsindədir. Bu da Qafqaz dilli xalqların çox vaxt “ləzgi” və bəzi hallarda isə “Dağıstan xalqları” kimi qeydə alınması ilə bağlıdır.

Bir azsaylı etnos olması etibarı ilə saxurlar istər Dağıstan və istərsə də Azərbaycanın bir neçə kəndində məskunlaşsalar da, onların dili bir neçə dialektə bölünür. Belə ki, dilçilər saxur dilinin Saxur-Qum, Mişleş, Cınıx, Muxax-Sabunçu və Suvakil dialektlərindən ibarət olmasını müəyyən etmişlər. Mütəxəssislərin fikrincə, sadalanan dialektlərin özləri də bir neçə şivəyə ayrılırlar.

7-12-ci əsrlərdə saxurların məskunlaşdığı ərazilər də ərəblər tərəfindən istila edilmiş və nəticədə saxurlar da İslam dinini qəbul etmişlər. Təqribən 15-ci əsrdə saxur icmaları birləşərək Dağıstan ərazisində yerləşmiş və onlara sultan başçılıq etmişdir. Bu icmaların iqamətgahı əvvəl Saxur kəndi, 17-ci əsrdən isə İlisu olmuşdur. Saxurlar tarixən Dağıstanda məskunlaşmış, daha sonralar isə Azərbaycan ərazisinə köç edib Zaqatala, Qax ərazilərində yerləşmişlər. Saxurların Azərbaycanda yerləşməsinin bir neçə yüz illlik tarixi ərzində onlar azərbaycanlılarla qaynayıb qarışmış, Azərbaycan dilinə, mədəniyyətinə yiyələnmişlər.

Saxurların məişət təsərrüfatında  aparıcı yeri qoyunçuluq tutmuşdur. Bu təsərrüfatda yerli qoyun cinsləri daha üstünlük təşkil etmişdir. Iribuynuzlu mal-qara isə qoyunçuluğa nisbətən geniş yayılmamışdır. Bu da saxurların başlıca olaraq dağ ərazilərində, zəngin yaylaqlara malik olmaları ilə izah edilməlidir.

Bir xarakterik cəhəti də qeyd edək ki, saxurların məişətində əkinçilik ikinci dərəcəli əhəmiyyət kəsb etmişdir. Dağlıq ərazilərdə yaşadıqlarına görə və  münbit torpaqların azlığı üzündən onlar əkinçiliklə məşğul ola bilməmişlər.

Saxurların digər məşğuliyyəti sənətkarlıq olub. Bu, bir tərəfdən onların zəngin yun, dəri məmulatına malik olması, digər tərəfdən də kişilərin başqa məşğuliyyətinin olmaması ilə izah edilir. Yəni qadınlar yunu əyirib ondan müxtəlif ev-məişət əşyaları toxuyur, kişilər isə zərgərlik, dəmirçilik və  silahqayırma ilə məşğul olurdular.

Saxurlar arasında çəkməçilik, dülgərlik, daşişləmə sənətləti də üstün yür tutub. Bu sənət sahibi olan kişilər bir tərəfdən yerlərdə el-obanın öz tələbatını ödəyər, digər tərəfdən də ilin müxtəlif vaxtlarında Azərbaycan və Gürcüstan şəhərlərinə, kəndlərinə gedib orada əhalinin sifarişini yerinə yetirərdilər.

Ənənvi saxur evləri bir qayda olaraq iki otaqdan ibarət olardı. Onlar biri qış evi olub “dəyə” adlanar və 1,5-2 metr dərinlikdə yerin altında yerləşərdi. Bu evin ortasında saxurların “laxa” adlandırıdığı kürsü olardı. Qışda bütün ailə üzvləri bu evə yığışar, ailə “laxa” ətrafında yerləşib onun istisində isinərdi. “Laxa”da ocaq qalanardı. Bir qayda olaraq bu tipli evlərdə pəncərə olmaz, işıq ancaq ocaqdan düşərdi. Evin ikinci otağında isə yaz-yay aylarında istifadə edərdilər və ailənin bütü üzvləri bu dövrdə burada yerləşərdilər.

Qeyd edək ki, saxurların geyimləri də böyük dəyişikliklərə məruz qalmışdır. Belə ki, kişilərə məxsus “motal” papaq, bürünmə və ya qollu kürk, şal, çarıq, yundan toxunmuş şalvar və başqa ənənəvi geyim növləri aradan çıxmış, onları daha münasib fabrik geymləri əvəz etmişdir. Saxurların qadın geyimləri bir növ azərbaycanlılarınkına oxşarıdır. Baş geyimi “çuxta” ilə yanaşı, həm də əsasən Zaqatala bölgəsi əhalisi üçün xarakterik olan “çepets”dən də istifadə olunmuşdur. Müasir dövrdə ənənəvi qadın geyimləri ancaq yaşlı nəslin nümayənədələri tərəfindən istifadə edilir.

1992-ci ildən  Azərbaycanda saxurların sosial-mədəni inkişafına xidmət göstərən, azsaylı etnosun adət-ənənələri, dilinin, mədəniyyətinin inkişafına xidmət göstərən Saxur mədəniyyət mərkəzi fəaliyyət göstərir.

Saxurların rutullar adlanan hissəsi Dağıstanın Rutul kəndindən gəlmişlər. Onlar mənşəcə saxurlara yaxındır. Azərbaycanda rutullar əsasən Şəki rayonunun Şin və Qaynarca kəndində yaşayırlar. Rutullar özlərini şenaz (Sinazrdbor) adlandırırlar. Bu Şinaz kəndinin adı ilə də bağlıdır. Bölgədə yaşayan digər xalqlar, o cümlədən azərbaycanlılar da bu az saylı xalqı Dağıstandaki Rutul kəndinin adı ilə rutullar və yaxud rutullular adlandırırlar. Rutullar isə bu kəndi (yəni Dağıstandakı Rutul kəndini) Maqed adlandırırlar. Rutulların da ulu əcdadları Azərbaycanın Şəki-Zaqatala bölgəsinə avarlarla və saxurlarla eyni vaxtda, yəni 17-ci əsrin əvvəllərində gəlmişlər. Dil etibarilə də rutullar saxur dilinə yaxın dildə danışırlar. Lakin rutulların da ədəbi dili Azərbaycan dilidir.

Yüz illər boyu doğma Azərbaycan torpağında bu azsaylı etnosların assimilyasiyaya uğramasına yol vermədən, bu günümüzədək saxlanması, şübhəsiz ki,  Azərbaycan xalqının humanistliyini, böyüklüyünü təsdiq edən danılmaz faktdır. Əsrlərlə  sayı bir neçə mindən artıq olmayan, bir kənddə məskunlaşan əhalini qoruyub saxlamaqla biz əslində özümüzə, tariximizə hörmət bəsləmiş oluruq və həm də onu sübut edirik ki, Azərbaycan təkcə özünü azərbaycanlı sayanların deyil, eləcə də özünü bu torpağın övladı hesab edənlərin vətənidir. Qafqaz dilli azərbaycanlılar bunu öz amalları, qeyrətləri, torpaqlarımız uğrunda verdikləri şəhid oğlanlarımızın qanı ilə son illərdə tam sübuta yetirmişlər.

Ərəblərin Azərbaycana gəlişi zamanı saxurların məskunlaşdığı ərazilər də onlar tərəfindən istila edilib və saxurlar İslam dinini qəbul ediblər. Təqribən 15-ci əsrdə saxur icmaları birləşərək Dağıstan ərazisində məskunlaşblar.

Saxurların məişət təsərrüfatında aparıcı yeri qoyunçuluq tutub. Bu təsərrüfatda yerli qoyun cinsləri daha çox üstünlük təşkil edir. Iribuynuzlu mal-qara isə qoyunçuluğa nisbətən geniş yayılmayıb. Bu da saxurların başlıca olaraq dağ ərazilərində  zəngin yaylaqlara malik olmaları ilə izah edilir.

Bir xarakterik cəhəti də qeyd edək ki, saxurların məişətində əkinçilik ikinci dərəcəli əhəmiyyət kəsb edir. Dağlıq ərazilərdə yaşadıqlarına görə və münbit torpaqların azlığı üzündən onlar əkinçiliklə məşğul ola bilməyiblər.

Saxurların əsas məşğuliyyət formalarından biri də sənətkarlıq olub. Bu, onların zəngin yun və dəri məmulatlarına malik olması ilə izah edilir. Qadınlar yunu əyirib ondan müxtəlif ev-məişət əşyaları toxuyar, kişilər isə zərgərlik, dəmirçilik və  silahqayırma ilə  məşğul olardılar.

Saxurlar arasında dəmirçilik, çəkməçilik, dülgərlik, daşişləmə sənəti də üstün yür tutub. Bu sənət sahibi olan kişilər bir tərəfdən yerlərdə el-obanın öz tələbatını ödəyər, digər tərəfdən də Azərbaycan və Gürcüstanın şəhərlərinə, kəndlərinə gedib orada əhalinin sifarişini yerinə yetirərdilər.

Azərbaycanda məskunlaşan saxurlar bir neçə yüz illlik tarixi dövr ərzində azəri türkləri ilə qaynayıb-qarışaraq, ümumazərbaycan dilinə, mədəniyyətinə yiyələniblər. Bununla yanaşı onlar özlərinəməxsus bir çox adətləri yaşada biliblər. Bu özəllik onların zəngin mətbəxinə də aid ola bilər.

Saxurların mətbəxi müxtəlif yeməklərlə zəngindir. Xəmir xörəkləri isə onların ən çox sevdikləri yeməklərdən sayılır. Saxurların mətbəxində bir çox yemək növləri qaxacla hazırlanır. Bundan başqa onların mətbəxində “sürfüllü”, “xikeyi”, “xingili” adlı yemək növləri də məşhurdur.

Uzun əsrlər boyu azəri türkləri ilə bir yerdə yaşayan saxurlar toy adətlərində də özünəməxsusluqlarını qoruyub-saxlaya biliblər. Bu gün saxur kəndlərində əsasən qədim toy adət-ənənələrinə üstünlük verilir. 

Bütün bunlar Azərbaycanın tarixən müxtəlif dil ailələrinə məxsus olan xalqların məskəni olduğunu bir daha sübut edir. Və bu xalqların dar gündə də, şad gündə də bir-birinə arxa, dayaq olaraq hamılıqla vahid azərbaycançılıq idealogiyasına sadiq olduğunu nümayiş etdirir. 

 

 

Səlcuq

 

Xalq Cəbhəsi.- 2011.- 29 mart.- S.11.