Ailədə zorakılıq halları
Jurnalist Arzu Abdulla:”Əsas səbəb ölkədəki
işsizlik və kasıblıqdır”
Hüquqşünas Vamiq Şükürov: “Cəmiyyətdə
ənənəviliklə müasirliyin toqquşması prosesi
gedir”
Son vaxtlar ailədaxili
zorakılıq hallarının sayı nəzərəçarpacaq
dərəcədə artıb. İş o yerə
çatıb ki, əvvəllər biri-birini ən pis halda təhqir
edən cütlüklər, indi soyuq silaha, bıçağa,
baltaya əl atmaqdan belə çəkinmirlər. Demək
olar ki, hər gün belə xəbərlər eşitməyə
qulağımız bir növ adətkar olub. Əvvəllər
ərin arvadı bıçaqlaması, arvadın ərinə
balta vurması xəbəri insanları loru dildə desək,
şoka salırdısa, indi belə xəbərlər adiləşib.
Səbəb ailə-məişət zəminində baş
verən bu cür münaqişələrin artmasıdır. Bəs
görəsən, ailələrdə münaqişələrin
belə kriminal həddə çatmasının səbəbi
nədir?
Mütəxəssislər
bunun bir çox səbəbləri olduğunu bildirirlər.
Sosioloq Əhməd Qəşəmoğlu
deyir ki, bu cür münaqişələrin cinayət hadisəsi
ilə sonuclanmasının bir və əsas sayıla biləcək
səbəbi maddiyatın mənəviyyatı arxa planda
qoymasıdır. Sosioloq deyir ki, əvvəllər də ailələrdə
belə münaqişələr olub. Amma çox nadir hallarda
kişi arvadının, arvad isə kişisinin üstünə
bıçaq qaldırıb: «Çünki əvvəllər
cəmiyyətimiz belə mənəvi aşınmalara məruz
qalmamışdı. Ailə institutunu tənzimləyən
maddi və mənəvi dəyərlər olsa da, maddi amillər
mənəvi amilləri üstələyib».
Ə.Qəşəmoğlu
həmçinin, ölkədə sosial-iqtisadi təbəqələşmənin
də ailələrdə zorakılıq hallarını
artırdığını söyləyir. Onun sözlərinə
görə, indiki şəraitlə ayaqlaşa bilməyəndə
ailələrdə maddi problemlər ortaya çıxır. Bu
da ailələrdə münaqişələrin sayını
artırır.
Amma Ə.Qəşəmoğlu
ailə üzvlərinin kriminal ünsürə çevrilməsində
xarici təsirlərin də rol oynadığını
söyləyir. Sosioloq deyir ki, hazırda yayımlanan xarici
serialların əksəriyyəti Azərbaycanda ailə
modelini, ailə institutunu dağıtmağa hesablanıb: «Bu
gün televiziyalar belə serialları yayımlayırlar. Amma
bu serialların ailə institutumuza hansı zərbəni
vurduğunun fərqində deyillər».
Sosioloq ailələrdə
zorakılıq, ağır cinayət hadisələri ilə
sonuclanan halların azalması üçün dövlətin
ailəyə qayğısının artırılmalı
olduğunu deyir: «Biz modern cəmiyyətdə
yaşayırıq. Belə cəmiyyətdə dövlət
ailəni himayə etməlidir. Biz cəmiyyətin mənəvi
aşınmasının qarşısını
almalıyıq».
Qadın Krizis Mərkəzinin
rəhbəri Mətanət Əzizova da ailədaxili
zorakılıq hallarının həddindən çox
artdığını deyir. Onun sözlərinə görə,
son vaxtlar ailə zorakılığının qurbanı olan
qadınların mərkəzə müraciəti
çoxalıb.
Ekspert bunun bir səbəbini
qadınların azad yaşamaq istəməsi, amma kişilərin
bu azadlığa qarşı çıxması ilə əlaqələndirir:
«Əvvəllər kişi nə deyirdisə, qadın «baş
üstə» deyib onunla razılaşırdı. Amma indi vəziyyət
göstərir ki, qadınlar kişilərdən daha çox
inkişaf edirlər.
Yəni əvvəlki həyat
tərzi ilə qadınlar razılaşmırlar. Bu isə kişilərdə
qıcıq yaradır. Qadın itaət etməyəndə
kişi ailədə başçı, idarəçi
funksiyasının itirildiyini təsəvvür edir. Bu zaman ailədaxili
zorakılıq halları baş verir».
Mərkəz rəhbəri
qadınların cinayət törətməsinin, yəni ailədə
zorakılıq etməsinin səbəbini ölkədə
bugünə kimi «Ailə Zorakılığı» haqqında
qanunun qəbul olunmaması ilə də əlaqələndirir:
«Biz ərini bıçaqlayan, baltalayan qadınlarla söhbət
edirik. Onların çoxu çarəsiz qalıb bu kimi cinayətləri
törətdiklərini söyləyirlər. Həmin
qadınlar deyirlər ki, ərləri tərəfindən
döyülüb təhqir edildikləri barədə polisə
müraciət edəndə onları ələ salırlar. Üstəlik
heç bir köməklik etməyib, təhqir edib yola
salırlar. Naəlac və köməksiz
qaldığını görən qadın cinayət törədir».
M.Əzizova «Ailə
Zorakılığı» haqqında qanunun qəbulunun və
bunun işləməsinin bu kimi halların
qarşısını alacağına
inandığını söyləyir.
Psixoloq Elmir Əkbər
isə belə fikirləşir ki, ailədaxili
zorakılıqların artmasında sosial-iqtisadi faktorlar olsa
da, əsas rol oynamır: «Əgər belə olsaydı ailədaxili
zorakılıqlar ancaq kasıb ailələrdə baş verərdi.
Amma baş verən hadisələr göstərir ki, bu belə
deyil. Yəni başqa səbəblər də var. Bir səbəb
ailədə qadının əvvəlki kimi kişiyə
güzəştə getməməsidir. Digər tərəfdən
isə ailələrə kənar müdaxilələr olur. Qohum-əqrəba
vəziyyəti sakitləşdirmək əvəzinə
qızışdırırlar. Digər səbəb isə
telekanallarda aqressiyanın təbliğidir. Bu gün cinayət
verilişləri hadisəni olduğu kimi cəmiyyətə
çatdırır. Bu hallar ailələrdə
zorakılıq hallarının çoxalmasına təsir
göstərir. Həmin veriliş efirə gedə-gedə,
növbəti veriliş üçün material
hazırlanır. Yəni başqa yerdə də bir cinayət
hadisəsi baş verir. Bir sözlə, bu artım fazalar
üzrə hər rübdə çoxalır».
Psixoloq bu gün
zorakılığı təbliğ edən kinoların da
insanların təltəlşüuruna təsir göstərdiyini
deyir. Onun sözlərinə görə, belə kino və
verilişləri izləyərkən insanın təltəlşüurunda
«dağıdıcılıq» deyilən enerji artır. İnsanlar
bu enerjidən müxtəlif cür xilas olurlar. Bəziləri
idmanla bu mənfi enerjidən xilas olur, digəri isə
zorakılıq törətməklə.
Bu halların
sayının azalması üçün E.Əkbər «Ailə
Zorakılığı» haqqında qanunun qəbulunun və
işlənməsinin vacib olduğunu söyləyir.
Hacımusalı Oqtay
Xalq Cəbhəsi.- 2011.- 31 mart.-S.14.