Şuşasız 19 il...
Şuşada 480 nəfər soydaşımız qətlə
yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər didərgin
düşüb
Mayın 8-də işğal tarixlərimizdən birini qeyd edəcəyik. 19 il bundan öncə Ermənistan silahlı qüvvələri Azərbaycanın dilbər güşəsi olan Şuşanı işğala məruz qoydular.
Düşmən ordusunun Şuşaya hücum planı 1992-ci il martın 21-nə planlaşdırılsa da, Xankəndindəki ermənilərin təhlükəsizliyi təmin olunmadığından əməliyyat təxirə salınır. Ya aprelin 24-ü-ermənilərin qondarma soyqırımı günü, ya da uzağı 9 may - faşizm üzərində qələbə günü Ermənistan silahlı qüvvələri genişmiqyaslı hücuma keçməliydilər.
Həmin vaxt ərazidə artıq könüllü özünümüdafiə batalyonları formalaşmışdı: Ramiz Qəmbərov, kərkicahanlı İslam və Fəxrəddin Səfərovun dəstəsində ümumilikdə 500-ə yaxın könüllü vuruşurdu. Əsas müdafiə mövqelərindən birində Müdafiə Hazirliyinin bir briqadası (komandir Elbrus Orucov-red.) və 777-ci əlahiddə tabor (komandir Elçin Məmmədov-red.) dayanmışdı. Şuşa şəhərində 23 min əhalidən cəmi 8 mini qalmışdı, qoşun idarə oluna bilmirdi. Şuşa-Laçın qarnizonunun komandiri Elbrus Orucov təyin olunsa da, komandirlərin onunla hesablaşmadığı barədə hətta müdafiə naziri Rəhim Qazıyevə gileylənmişdi də. Eyni vaxtda Tehranda Ermənistan prezidenti Levon Ter-Petrosyan və Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov, İran prezidenti Haşimi Rəfsancaninin vasitəçiliyilə atəşkəs haqda ilkin razılığa gəlinsə də, vəziyyət Ermənistanın xeyrinə doğru dəyişməyə başlayır.
"Svadba v qorax"
7-8 gün ərzində Ermənistan silahlı qüvvələri bütün gücünü səfərbər edərək, Şuşaya "Svadba v qorax" adlı hücum planı hazırlayır. Həmin plana görə, ermənilər ən peşəkar zabitlərin rəhbərliyi altında mayın 8-də Şuşa üzərinə 11 minlik qoşunla hücum edəcəkdi. Azərbaycan silahlı qüvvələri isə atəşkəsin uzunmüddətli olacağına arxayınlaşıb, hərbçiləri kütləvi halda ezamiyyətə göndərir. Ərazidə olan min nəfər hərbçidən yeddi yüzü qalır. Könüllü batalyonlarda silah demək olar ki, yox idi. Fəxrəddin Səfərovun 480 nəfərlik batalyonunda cəmi 70 avtomat vardı. Mayın 7-si briqada komandiri Elbrus Orucov zirehli texnikanın ATƏT nümayəndələrinin gözlənilən səfərindən gizlədilməsi üçün müdafiə naziri Rəhim Qazıyevdən əmr alır. Bu əmr, demək olar ki, ərazidə olan texnikanın məhvilə nəticələnir. Şuşada son döyüşə cəmi 1 tank və 1 PDM qalmışdı.
Mayın 7-sindən 8-nə keçən gecə saat 2:20-də Ermənistan ordusu 11 minlik qoşunla Şuşaya hər tərəfdən - Qırxpilləkan deyilən yerdən, Daşaltı, Qaybalı yolu, Şuşikənd istiqaməti və Hacıtalasından hücuma keçdilər. Təkcə "Zastava" deyilən posta Daşaltı tərəfdən 3 min erməni hərbçisi qalxmışdı. Səhər saat 7-yə yaxın əsas istiqamətlərdə olan postlar tutulmuşdu - strateji yüksəkliklərdən biri - Kirs dağında Ermənistanın artilleriya briqadası oturmuşdu. 12 saat ərzində Şuşa, şəhər ətrafına düzülmüş topların atəşinə məruz qaldı. Ağır döyüşlər mayın 8-i axşam saat 21:00-a qədər getdi. Şuşa həbsxanasında və "aşağı zapravka"da 777-ci əlahiddə alay böyük itki verdi. Bu döyüşdə alayın 132 əsgərindən yüzü həlak oldu. Könüllü batalyonların döyüşçülərindən və Şuşa sakinlərindən də 200-dən çox adam həlak oldu və ya itkin düşdü. Şuşa uğrunda gedən döyüşlər zamanı bir insident də diqqəti çəkir. Yəni axşam saat 20:00-da Ağdamdan qalxan helikopter (Azərbaycan Silahlı Qüvvələrinə məxsus idi-red.) Azərbaycanın mövqelərini bombardman edir. Sonradan bunu səhv olaraq qələmə verdilər. Axşam saat 21:00-a yaxın Şuşada 2 "Qrad" qurğusu, 1 tank və 1 PDM, 30-40 döyüşçü qalmışdı. Ermənilər isə "aşağı zapravka" kimi tanınan yeri artıq götürmüşdülər. Xəlfəli, Qaybalı və Kosalarda döyüş gedirdi. Bu vaxt Elbrus Orucov olub-qalan qoşunun Şuşa şəhərini tərk etməsi barədə şəxsən əmr verir. Hətta şəhərdən çıxmaq istəməyən könüllü döyüşçülərdən bəzilərini əmr yerinə yetirilməsə, güllələməklə hədələyirlər. Beləliklə, qoşun Turşsuya çəkilir. Mayın 8-də şəhərin müdafiəsi üçün Şuşaya ezam olunan Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Rövşən Cavadovu və onun dəstəsini də Zarıslı kəndində qarşılayıb "Şuşa artıq işğal olunub, geri qayıdın", deyirlər.
Tələ, yoxsa reallıq...
Sonralar tutulan radiodanışıqlardan məlum olub ki, Ermənistan qüvvələri Azərbaycan ordusunun şəhərdən çıxmasını tələ sayaraq bir gün kəşfiyyat aparırlar. Ermənilər yalnız mayın 9-da axşam Şuşada arxayınlıqla mövqe tuturlar. Erməni hərbçiləri heç bir maneəyə rast gəlmədikləri üçün təəccüblənirlər. Əslində Xankəndindən Şuşaya gələn yol minalanmalı idi. O vaxtkı müdafiə naziri Rəhim Qazıyev yolların minalandığını desə də, ancaq minalar işə düşməmiş və Ermənistan ordusu heç bir itki vermədən Şuşaya yerimişdi. Başqa bir maraqlı fakt, "Əmanət bankı"nın Şuşa filialının rəhbərinin həmin ərəfədə öldürülməsi və təxminən 15 milyon rublun (o zamanın kursu ilə təxminən 10 milyon dollar) oğurlanması idi. Belə ki, inkassator maşını Şuşa şəhərini tərk edərkən Əmanət bankın Şuşa filialının rəhbəri yolda başından balta ilə qətlə yetirilib və inkassator maşınını bundan sonra Şuşa şəhər icra hakimiyyətinin keçmiş başçısı Nizami Bəhmənov və Şuşa polis şöbəsinin rəis müavini Eldəniz Quliyev Tərtərə qədər müşayiət ediblər. 1994-cü ildə Eldəniz Quliyev Zaqatalada güllələndi. Və belə maraqlı bir izahat verdilər ki, əslində həmin vaxt Şuşa camaatı üçün göndərilən yardım (adambaşına 500 rubl-red.) yoxa çıxıb, yəni bankdakı 15 milyon rubl elə orada qalıb. Qeyd edək ki, bu faktla bağlı Şuşanın işğalına dair qurulan məhkəmədə heç bir araşdırma aparılmadı. Mayın 8-dən 11-nədək müdafiə naziri Rəhim Qazıyev silah-sursat almaq üçün Moskvada - Rusiyanın müdafiə naziri Pavel Qraçovla danışıqlar aparırdı. Bu danışıqlardan sonra Qraçov, Rusiya hərbi bazalarından Azərbaycan Silahlı Qüvvələrinə 10 ədəd tank və 10 ədəd PDM ayrılması barədə göstəriş verir. Amma zirehli texnika Zəngilan-Qubadlı yoluna çatanda qoşundan əsər-əlamət yox idi. Rəhim Qazıyev deyir ki, qərargah rəisinin müavini polkovnik Səfər Əbiyev karvanı buraxıb ərazini tərk etmişdi. Şuşadan çıxan qoşundan qalan hərbçilər Turşsuda düşüb gözləmə mövqeyi tutmuşdular. Əsgərlərdən qumbaraatanlar və avtomatların nişangahları yığılmışdı.
Viran qoyulan tariximiz
Şəhərdə azərbaycanlılara məxsus mədəniyyət və tarixi abidələr yerlə-yeksan edilib, məşhur Üzeyir bəyin, Natəvanın və Xan Şuşinskinin heykəlləri güllələnib. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri də düşmən tərəfindən talan edilib. Bunlardan Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla butövlükdə 279 dini, tarixi və mədəni abidə dağıdılıb. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Eyni zamanda, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təssərüfatı texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinotetar, 3 muzey, şərq musiqi alətləri fabriki dağıdılıb. Hazırda ermənilər Şuşanın görkəmini dəyişməyə hazırlaşır. Bu məqsədlə baş plan da hazırlanıb. Əhalisinin 90 faizdən çoxunu azərbaycanlıların təşkil etdiyi Şuşanın ələ keçirilməsilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı o vaxtkı Azərbaycan rəhbərliyinin bacarıqsızlığı və milli maraqlara laqeydliyinin nəticəsi idi. Təcavüz nəticəsində Şuşada 480 nəfər günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.
İşğaldan sonra qələbə
Mayın 8-də Şuşanın işğal gününü, mayın 9-da isə faşizm üzərində qələbə bayramını qeyd edirik. Cəmi bir gündən sonra, heç nə olmayıbmış kimi qələbədən danışıb öyünürük. Ermənilər də həmin günü qələbə bayramı olaraq qeyd edirlər. Ancaq faşizm üzərində deyil, özlərinin ifadələrilə desək "Şuşa şəhərini azərbaycanlılardan azad etdik", söyləyib bayram şənlikləri keçirirlər. İnformasiya agentliklərindən verilən məlumata görə, bu il də ermənilər mayın 9-da Şuşada qələbə gününün dadını çıxarıb, bütün dünyaya göstərəcəklər ki, Şuşa şəhəri onlara məxsusdur. Bu tədbirə Ermənistan prezidenti Serj Sərkisyanın qatılacağı da bildirilir. Görəsən daha neçə il bu mənəviyatsızlığa dözüb, ermənilərin Şuşada atəşfəşanlıq keçirməsinə seyrçi qalacağıq?
Yeri gəlmişkən
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"i işğaldan sonrakı dövrlərdə rayon ərazilərində müxtəlif vasitələrlə aparılmış videoçəkilişlərə baxaraq, təbii sərvətləri ermənilərin dağıtmasına dair faktlar aşkarlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin sübutlar aşağıdakılardır:
Şuşa şəhərində yanacaq kimi Qarabağ meşələrinin nadir çoxillik ağaclarından istifadə olunub.
Şuşanın Topxana meşəsinin qoruq zonasında, meşənin lap hündür yerində meşə sahəsi qırılaraq geniş düzənlik açılmış və orada inşaat işləri aparılıb.
Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən Titon yaşlı əhəng daşlarından ibarət uzunluğu 114 m olan "Xan Mağarası" amansızlıqla məhv edilib.
Şuşa şəhərinin yuxarı hissəsində Dörd yol adlanan yerdən yuxarı Laçın küçəsinin solunda, Q.Əsgərov küçəsində, 200-ə yaxın müxtəlif növ iri diametrli çoxillik ağaclar kəsilib, ondan bir qədər irəlidə yolun sağında isə ağaclar bütünlüklə qırılıb.
Zarıslı kəndində bütün ağaclar, o cümlədən məktəb həyətində olan dekorativ və meyvə ağacları tamamilə məhv edilib.
Arzu Şirinova
Xalq Cəbhəsi.- 2011.- 7 may.- S.10