Səftər Həsənzadəənin barıt qoxulu sətirləri

 

Onun bütün şeirlərində Vətən eşqi, Ana məhəbbəti əks olunur

 

Azəri türkcəsi harmoniyası və melodikliyi baxımından nəzmə yatımlı olduğundan bu dilin daşıyıcılarının şeir yazmağa meyli daim güclü olub. Azərbaycanın güneyli-quzeyli hər tərəfində xalq arasında, el-obada içində tanınmışları olub. Şirvanda hələ XI-XII əsrlərdən başlayaraq böyük sənətkarlar yetişib. Estafeti sələflərindən alanlar bu sənəti daim yaşatmağa, onu inkişaf etdirməyə can atıblar. Sözə, sənətə Ucarda da daim böyük önəm verilib, poetik ənənəyə münasibət sönməz olub. Belə sənətkarlardan Həbibi, Məlikballı Qurban və başqalarının yaradıcılığı milli hədləri çoxdan aşıb. Ancaq Ucarda sözü, deyimi, duyumu, ovxarlı, cılalı, hədəfə dəyən ifadəsi ilə tanınmış sənətkarların heç də hamısı indiyə kimi lazımınca təbliğ olunmayıb. Xatırlatmaq yerinə düşər ki, Yuxarı Şilyanda XVIII-XIX əsrlərdə şair Adıgözəl Şilyanlı, XIX-XX əsrlərdə aşıq Soltan, Aşıq Fərhad, Aşıq Əsəd, Aşıq Şəmi, Aşıq Paşa, şair Səftər Həsənzadə, aşıq Muxtar və başqa sənətkarlar yaşayıb-yaradıblar. Düzdür, professor Seyfəddin Qəniyev nəşr etdirdiyi "Şirvanlı aşıq Soltan ocağı" kitabında adlarını çəkdiyimiz aşıq və şairlərdən bir neçəsinin - Adıgözəl Şilyanlı, Aşıq Soltan, Aşıq Fərhad, Aşıq Şəmi və başqalarının yaradıcılığı və ifaçılığı ilə bağlı söhbət açsa da, şair Səftər Həsənzadənin yaradıcılığı haqqında bir kəlmə belə qeyd etməyib. Bununla belə, hazırda əlimizdə Səftər Həsənzadənin itib-batmış zəngin arxivinin bir hissəsi var ki, burada şairin 1941-1944-cü illərdə səngərdə qələmə aldığı xeyli nümunələr saxlanılır.

Şairin səngərdə yazdığı tərcümeyi-halından aşağıdakıları oxuyuruq: "Mən-Həsənzadə Səftər Kərəm oğlu Cənubi Qafqazda- Azərbaycanın Şirvan mahalındakı Göyçay rayonunun Yuxarı Şilyan kəndində anadan olmuşam. Göyçayda açılmış müəllimlik kursunu 1932-ci ildə başa vurduqdan sonra Zərdab rayonunun Hüseynxanlı kəndindəki ibtidai məktəbə direktor təyin olunmuşam. Hərbi xidməti alman müharibəsinə qədər Krımın Yevpatoriya şəhərində keçmişəm. Dava başlayan kimi topçu polkda qulluq etdiyimdən bizim polkumuzu Xarkov şəhərinin müdafiəsinə göndərdilər. Burada yerlilərimizdən mənimlə birlikdə Şəftəxaldan (Zərdab) Xəlil Xəlilov, Alpıdan (Ucar) Hüseynalı Məmmədov, Bəydövüldən (Göyçay), Abdulkərim Hüseynov, Nəzərallıdan (Zərdab) Qafur Fəttahov və başqaları olublar. 1941-ci ilin oktyabr ayının 20-si gözlənilmədən bizlərdən bir neçəmizi polkdan ayırıb ayrıca hazırlıq polkuna göndərdilər. Xarkovdan Stalinqrad vilayətindəki Mixaylovka şəhərinə 700 km yolu bir aya piyada gəldik. Burada yoldaşlarımızdan bir neçəsini bizdən ayırdılar. Bəziləri isə bizimlə birlikdə qaldılar. Bizi burada 146-cı diviziona saldılar. Az keçməmişdi ki, 1942-ci ilin fevral ayında bizim divizionu Voronej vilayətindən Ostroqoz şəhərinə göndərdilər. Burada güclü döyüşlər getdi. Lakin almanların silah-sursatı bizimkini dəfələrlə üstələdiyindən həmin ilin iyulundan yenidən geriyə - Mixaylovkaya çəkilməyə məcbur olduq. Bir qədər buradakı Sederin kəndində qərar tutduqdan sonra bizi oradan birbaşa döyüşə-düz Volqa çayının üstündəki Lubovka, Peskabad, Proleyka, Kamışin, Yeleşan kəndləri uğrunda vuruşa göndərdilər. Qanlı döyüşlərdə bu kəndləri almanlardan xilas etdik. Az keçmədi yenə də divizionumuzda silah-sursat çatışmazlığı yarandı. Buna görə də bizi divizionlar arasında bölüşdürdülər. Digər yerlilərimizdən fərqli olaraq, daim mənimlə birgə olan Abdulkərim Hüseynov biz Ostroqrozdan Mixaylovkaya göndərilərkən yolda itkin düşdü. Burada məni təkcə 31 saylı topçu divizionuna saldılar. 1942-1943-cü illərdə almanlar Stalinqrada hücum edən zaman bizim 31-ci divizion düşmən üzərinə hücuma keçdi. Vəziyyət gərgin idi. Həmin illərin qışını biz Stalinqradın müxtəlif düzlərində keçirdik".

Tərcümeyi-haldan məlum olur ki, bu münvalla onlar Rusiyanın Stalinqrad, Voronej, Tambov, Azov, Kursk; Ukraynanın Sumsk, Xarkov, Çerniqov və s. şəhərlərindən sonra Belorusiyanın Qomel və digər şəhərləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşublar: "1944-cü il aprelin 13-də düşmən havadan ardı-arası kəsilmədən hücum etdiyindən bizi müvəqqəti olaraq Jitomir quberniyasındakı Obruç şəhərinə göndərdilər. Bir müddət orada qaldıqdan sonra bizim divizion, o cümlədən bütün sovet qoşunları düşmən üzərinə elə hücuma keçdilər ki, torpağı almanlardan təmizləyə-təmizləyə onları düz Polşaya qədər qovub keçirdik. Ordumuz yerüstü və havadan hücumlar təşkil etməklə, Rovno, Sarnı, Kovel, Xolmo, Brest və b. bu kimi Ukrayna və Belorus şəhərlərini azad edə-edə almanları Prussiya ərazisinə qovdu. Polşanın bir neçə şəhərini xilas etdikdən sonra bizim divizion Luqov şəhərinin yaxınlığında dayandı..."

Səftər 1945-ci ilin sonlarında axır ki, sağ-salamat Vətənə qayıtdı. Vətənə dönən kimi onu Müsuslü dəmiryolu məktəbinə (Ucar rayonunda) müəllim təyin etdilər. Lakin fələk Səftər Həsənzadənin nə cavanlığına, nə də istedadına baxmadı, ona erkən qıydı. Müharibədən qaydıb gələndən heç üç il keçmədi ki, o, vəfat etdi. Sevinc, təbəssüm qapımızı birdəfəlik kilidlədi. Çünki Səftər bizim, anamgilin təkcə qardaşı yox, həm də ümid, güvənc yeri idi. Anam deyir ki, ataları rəhmətə gedəndən sonra Səftər onlara çörək gətirən, onları yaşadan, onların ruh verəni olmuşdu. Səftər Həsənzadə xəstə olarkən bacıları başının üstündə ağlayarkən o, onlara dəfələrlə təskinlik verib deyibmiş: "Bu, mənim üçün şərəfli ölümdür. Ağlamayın".

Səftər Həsənzadənin səngərdə qələmə aldığı bütün şeirlərində, qəzəllərində, məsnəvilərində Vətən eşqi, Ana məhəbbəti xüsusi şəkildə əks olunur. Bu istər "Sən mənə", "Mənim", "Qafqaz dağları", "Yurdumun", "Qafqaz dağlarında", "Ay qış", "Vətən", "İndən belə", "Kağız səni", "Nədəndi" kimi şairin burnunun ucunu göynədən, özünü əlindən alan ümumi mövzulu şeirlərdə olsun, istərsə də konkret ünvana müraciətlə yazılmış şeirlər də - onların hamısında şairin hiss və duyğularını dilləndirən, emosiyalarını nostalji motivlərlə zənginləşdirən yenə də doğma Vətənə, elə, obaya, kəndə, yaxınlara həsr edilmiş şeirlərin mayasında Vətən həsrəti, yurd sevgisi dayanıb. Səngərlərdə vuruşa-vuruşa şairin əli tətikdə, gözü düşməndədirsə, hissləri, duyğuları, fikri-zikri Vətənlədir.

Şair uzun müddət eldən-obadan ayrı düşməsinə baxmayaraq, doğmalarından, əzizlərindən məktub almır. Dərd içini oyum-oyum oyur, heç kim də ona bir təsəlli məktubu ünvanlamır. Elə ona görə də tez-tez yuxuda Vətəni, kəndi, eli-obanı, qohum-əqrəbanı, yeganə oğlunu, yaxınlarını görür, hətta bəzilərinin dünyalarını dəyişdiyini də bilir. Bu, ona sanki əyan olur. Şair səngərdən yuxuda doğma elinə, obasına beləcə "baş çəkir", onları yad edir. Səftər Həsənzadə dayısı Bəkirin və əmisi Cəbrayılın ölümündən yalnız iki il sonra xəbər tuta bilmişdi. Bu xəbər onu çox göynətmişdi.

Türk xalqlarının poetik təfəkküründə "durnalar" daimi mövzulardandı. Bu mövzuda Vidadi, Vaqif, Q.Zakir, S.Vurğun və başqaları şeirlər yazıblar. Hamısında da durnalar öz niskili, öz tənhalığı, öz yetimliyi, öz dərbədərliyi ilə seçilir. "Durnalar" mövzusuna şairlər əlləri hər yerdən üzüləndə müraciət ediblər. Səftər Həsənzadə də demək olar, analoji hissləri yaşayıb.

Səftər Həsənzadə yaradıcılığında ənənəvi mövzulardan biri də "Ana" mövzusudur. Ananı şairlərdən hər biri öz bildiyi kimi, qələminin gücünə söykənməklə təsvir etməklə, ona məhəbbət və sevgisini ifadə edib. Səftərin doğmalarına ünvanladığı bütün məktublarında daim anasını sormasını, ondan muğayat olmağı ismarladığını görürük. Qələmə aldığı nümunələrin ölçüsü, strukturu, kompozisiyası, problematikası rəngarəng olan bu şairin poetik "naxışlar"ı son dərəcə özəl, özünəməxsus, şifahi xalq yaradıcılığından, klassik poeziyamızdan qaynaq alandır.

 

 

Nizami Tağısoy,

professor     

 

Xalq Cəbhəsi.- 2011.- 11 may.- S.14.