Yeniləşən Goranboy
Nizaməddin Quliyev:
"Rayonda 3 yeni məktəb, 80 yerlik əlavə tədris
korpusu, bir tibb məntəqəsi tikilib, 6 məktəb, 4 məktəbəqədər
təhsil müəssisəsi, 9 mədəni-maarif müəssisəsi
əsaslı şəkildə təmir olunub"
Azərbaycan Jurnalist
Qadınlar Assosiasiyasının təşkilatçılığıyla
30 aprel- 1 may tarixlərində bir qrup qadın jurnalist "Azərbaycan
müstəqilliyinin 20 illiyi və qadınlar" layihəsi
çərçivəsində Yevlax və Göranboy
rayonlarında səfərdə olduq.
Səfər zamanı
Goranboy rayon icra hakimiyyətinin başçsı Hizaməddin
Quliyevlə görüşdük. Bu görüşdə
icra başçısı vəzifəyə təyin
olduğu bir il yarım ərzində görülən və
görüləcək işlərdən qısaca da olsa
qadın jurnalistlərin suallarını cavablandırdı.
- Nizaməddin müəllim,
2010-cu ili Goranboy rayonu üçün necə xarakterizə edərsiniz?
- Məncə, yola
saldığımız 2010-cu il ölkəmizdə və eləcədə
Goranboyda iqtisadi inkişafın yüksəliş ili idi. Sevindirici
haldır ki, ötən illərin iqtisadi və maliyyə
böhranına baxmayaraq Azərbaycan iqtisadiyyatı təkcə
sürətli inkişafla deyil, eyni zamanda yeni keyfiyyət
parametrləri ilə də özünü təsdiqləyir. Bu
gün Azərbaycanın ən müxtəlif bölgələrində
geniş vüsət alan tikinti, abadlıq və quruculuq
işləri rayonumuzda da yeni mərhələyə qədəm
qoyub.
- Rayonun yenidənqurma işləri ilə tanış olduqca heyranlığımızı saxlaya bilmədik. Goranboy xeyli gözəlləşib.
-Bəli, rayon mərkəzində, habelə digər qəsəbə və kəndlərimizdə müasir tikinti meyarları əsasında, yüksək estetik zövqlə görülən, vətəndaşlarda razılıq və minnətdarlıq doğuran genişmiqyaslı abadlıq-quruculuq tədbirləri nəticəsində rayon mərkəzinin görkəmi xeyli dəyişib və gözəlləşib. Qısa müddətdə görülən işlər, həyata keçirilən tədbirlər onu sübut edir ki, insan əlinin qüdrəti hər şeyə qadirdir. Mövcud potensialın düzgün realizəsi, rayonun əmək ehtiyatlarının və digər resurslarının sosial-tərəqqi yönümündə səfərbər olunması, eləcə də rayonun sosial-iqtisadi inkişafı planının uğurla icrası həm keyfiyyət, həm də kəmiyyət göstəricilərinə görə uğurlu sayıla bilər. Goranboy şəhərinin 9 küçəsinə 4,7 kilometr asfalt örtük salınıb, şəhərin Goran və Qızılhacılı qəsəbələri, habelə Şahməmmədli kəndi istiqamətində müasir üslubda giriş qapıları inşa edilib. Bundan başqa ötən ildən əhalinin içməli su, təbii qaz və elektrik enerjisi ilə təminatı sahəsində mühüm işlərin görülməsinə başlanılıb. 2010-cu ilin ən mühüm hadisələrindən biri hökumətin maliyyə dəstəyilə rayonun içməli su və kanalizasiya sisteminin yenidən qurulması və rayonun dağlıq ərazilərindəki yaşayış məntəqələrinə təbii qazın çəkilişi, elektrik enerjisi sahəsində SMART kart tipli sayğacların qoyulması layihələrinin icrasına başlanılması olub. Hazırda da bu üç layihə uğurla yerinə yetirilir.
-Bəs təhsil sahəsində hansı uğurlarınız var?
-Ötən il təhsil sahəsi üçün də yaddaqalan il olub. Rayonda 3 yeni məktəb, 80 yerlik əlavə tədris korpusu, bir tibb məntəqəsi tikilib, 6 məktəb, 4 məktəbəqədər təhsil müəssisəsi, 9 mədəni-maarif müəssisəsi əsaslı təmir edilib. Hazırda Heydər Əliyev Fondunun təşəbbüsüylə 3 saylı şəhər, Təhsil Nazirliyi tərəfindən isə Tatarlı kənd tam orta məktəbində tikinti işləri davam etdirilir. Əvvəlki illərdən fərqli olaraq 2010-cu ildə rayonun təhsil müəssisələrinə xeyli miqdarda inventar, avadanlıq, 103 adda 512000 nüsxə dərslik alınıb verilib. Məktəblərin kompyuterlərlə təminatı yaxşılaşdırılıb, 476 ədəd kopyuter şagirdlərin istifadəsinə verilib ki, bu da hər 32 şagirdə bir ədəd kompüter nisbətinin təmin olunması deməkdir. IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlığı işini gücləndirmək məqsədilə sınaq test imtahanının keçirilməsi və qaliblərə qiymətli hədiyyələrin verilməsi onları bilik yarışlarına daha da həvəsləndirib. Təbii ki, bu işlər öz bəhrəsini verdi. Həm attestat alanların, həm də ali məktəblərə qəbul olanların sayı əvvəlki illərə nisbətən xeyli yüksək idi.
- Nizaməddin müəllim, rayonda gənclərlə iş necə aparılır? Gənclərə qayğı, onların işlə təmini prosesi hansı səviyyədədir?
- İl ərzində gənclərlə aparılan işə xüsusi diqqət artırılır, idman sahəsində bir sıra uğurlar əldə olunub. Onlar arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, milli-mənəvi dəyərlərin aşılanması, intellektual səviyyələrinin artırılmalı istiqamətində xeyli işlər görülüb. İdmanın müxtəlif növləri üzrə maddi-texniki bazanın yaxşılaşdırılması diqqət mərkəzindədir. Rayon mərkəzində müasir stnadartlara cavab verən süni örtüklü mini stadion quraşdırılıb, üzgüçülük hovuzu tikilib. Ötən il idman sahəsində böyük müvəffəqiyyət əldə etdik. Belə ki, Sinqapurda keçirilən yeniyetmələrin I Yay Olimpiya oyunlarında Qaradağlı kənd tam orta məktəbinin şagirdi Elman Muxtarov yunan-roma güləşi üzrə Olimpiya çempionu, İspaniyanın Valensiya şəhərində ağır atletika üzrə keçirilən Avropa çempionatında, dəfələrlə Azərbaycan çempionu olan Balakürd kənd tam orta məktəbinin şagirdi Firudin Quliyev isə Avropa çempionu adını qazanıb. Bundan başqa respublika yarışlarında idmançılarımız 49 medal qazanıblar.
-Şəhərdə quruculuq işləri ilə tanış olarkən əlil və şəhid ailələri üçün tikilən mənzillər də diqqətimizdən qaçmadı.
-Biz hər zaman onların müraciətlərinə diqqətlə yanaşır, problemlərinin həlli istiqamətində tədbirlər görürük. Son illərdə dövlət tərəfindən 24 əlil və şəhid ailəsi mənzillə təmin olunub, 2 əlilə fərdi yaşayış evi tikilib. Ötən il 3 Qarabaş əlili üçün fərdi yaşayış evinin tikintisinə başlanılıb. Bu il isə əlil və şəhid ailələrinə 54 mənzilli yaşayış binasının tikintisi nəzərdə tutulub.
-Turizm sahəsinin inkişafı bu gün ən başlıca amillərdən biridir. İndi rayonunuz çox gözəlləşib və müəyyən plan əsasında turistləri bura asanlıqla cəlb etmək olar. Bu istiqamətdə hansı işlər görülür?
- Turizmin inkişafıyla əlaqədar rayonun Aşağı Ağcakənd və Gülüstan ərazilərin xəritəsi hazırlanıb, turizm marşrutları müəyyənləşdirilib. Turizm obyektlərinin və istirahət mərkəzlərinin tikintisi üçün 37 hektar sahə ayrılıb. Bu il də müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
- Bu il hansı layihələri reallaşdıracaqsınız?
- Qarşımızda çox böyük vəzifələr var. Prezidentimizin göstərişilə ayrılmış maliyyə vəsaiti hesabına Goranboy şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına başlanılıb. 73 kilometr su, 25.7 kilometr kanalizasiya xətti çəkiləcək. Bu layihə həyata keçdikdən sonra rayonun içməli su və kanalizasiya problemi aradan qaldırılacaq. Başqa layihələrə gəldikdə isə, onu deyə bilərəm ki, istər AZKİL layihəsi, istərsə də BP sərmayə qoyuluşu proqramı çərçivəsində həyata keçirilən layihələri udmaq üçün müəyyən şərtlərə əməl olunmalıdır. Bu şərtlərdən ən başlıcası icmanın formalaşmasıdır. İcma qruplaşmasına daxil edilmiş insanlar, necə deyərlər, layihəni udmaq üçün bütün əziyyətlərə qatlaşmalıdır. Ən əsası isə əhali ilə söhbət aparmaq, bu layihənin prinsiplərini onlara düzgün çatdırmaqdan ibarətdir. Hansı icma qruplaşmasında mübahisə və ya anlaşılmazlıq varsa, qeyri-hökumət təşkilatları bunu dərhal hiss edir və həmin layihənin yerinə yetirilməsindən yan keçirlər. Bu cür vəziyyət Fəxralı icması ilə AZ-KİL təşkilatı arasında baş vermişdi. Daha sonra mənim tapşırığım əsasında layihə rəhbərliyilə görüşdən sonra onlar bu sahəyə olan diqqət və qayğını əsas götürərək layihənin icrasına razılıq verdilər. BP sosial sərmayə qoyuluşu proqramı çərçivəsində Qazanbulaq qəsəbəsi, Nadirkənd, Yolpaq və Qurbanzadə kəndlərinin hər birində sahəsi 135 kvadratmetr olan 5 ədəd istixananın tikintisi planlaşdırılır. Bu səmərəli layihələrdən təkcə 4 yaşayış məntəqəsi deyil, neft kəməri keçən digər 9 kənd də yararlanmalıdır.
Xalq
Cəbhəsi.- 2011.-6 may.- S.7.