"Qan dəyişimi olmalı, gəncləşmə həyata keçirilməlidir"

 

 II Qismət: "Elçin Hüseynbəyli elə bir yaşa çatıb ki, çıxıb daha böyük vəzifəyə getməlidir"

 

"Ayaz Vəfalının otağındakı təqvim də 1980-ci illəri göstərir..."

 

Müsahibimiz gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü II Qismətdir

 

- Qismət, təzə nə var, nə yox?

- Salamatlıqdır. Yazı-pozumuzla məşğuluq. Arada imkan tapanda nəsə yazırıq, tərcümə edirik. İndi bir az universitetə başımız qarışıb, daha çox gözləyirik ki, yay tətili başlasın, yaradıcılığa davam edək.

- Daha çox yazırsan, yoxsa pozursan?

- Bir-iki il bundan əvvəl daha çox yazırdım, indi isə daha çox pozmaqla məşğulam. Əvvəllər elə düşünürdüm ki, məhsuldar olmaq dahilikdir, amma indi birini yazanda, ikisini-üçünü pozmaqla məşğul oluram.

- Tələsmirsən?

- Konkret şeirdən söhbət gedirsə, ildə iki-üç şeir kitabı çıxartmaq, ya da yazdığın şeirləri ədəbiyyat saytlarına göndərmək, bütün bunların hamısı o qədər də ciddi ədəbiyyat məsələləri deyil. Şeir damla-damla yığılmalıdır, sonradan onların ən yaxşılarını yığıb bir ildən birmi, iki ildən birmi bir kitab eləmək lazımdır. Lazım da deyil ki, bir kitabda yüz şeir olsun. Otuz şeir olsun, amma səviyyə olsun, əsas olan da budur. Amma özün də inanmalısan ki, bu yaxşı şeir olacaq. Ona görə də daha çox pozmaqla məşğulam.

- Bu gün fikir verirsənsə Azərbaycanda elektron kütləvi informasiya vasitələri nəşr olunan KİV-lərin yerini alıb. Bəs bizim ədəbi qəzet və jurnallar ədəbiyyat saytları ilə rəqabətə dözə biləcəkmi?

- Buna indidən proqnoz vermək bir qədər yanlışdır. Amma bir məqam var ki, indi virtual dünya hörümçək toru kimi elə inkişaf edib ki, çap mediasının bunun qarşısında duruş gətirə bilməsi bir qədər çətin olacaq. Çap mediası artıq son çırpınmaları ilə məşğuldur. Sosial şəbəkələr ortaya çıxandan sonra artıq vəziyyət daha da gərginləşib. Bundan əvvəl bir sayta yazı göndərirdinsə, konkret bilirdin ki, bunu yerləşdirəcək bir admin var. Bir qədər istər-istəməz bu proses uzanırdı. Sosial şəbəkələrdə isə bu heç də belə deyil. Və istədiyin yazını heç bir maneəyə rast gəlmədən hər kəslə paylaşa bilirsən. Səni nişanlayırlar, şərhlər yazırlar, oxuyursan. Bu proses belə artan xətt üzrə davam edəsi olsa, görünür bunun qarşısını almaq olduqca çətin olacaq.

- Bəs bizim yazarlarımız niyə internetdən uzaqdadılar?

- İnternetdən uzaqlığın bir neçə səbəbi var: çağdaş dünyaya inteqrasiya edə bilməmək. Müəyyən yaş kateqoriyası var ki, həmin insanlar adi e-mailin nə olduğunu bilmirlər. İkincisi, ola bilər ki, onlar inadla hələ də köhnə estetikanı, onun nostalgiyasını qoruyub saxlamağa çalışırlar.

- Səncə ümumiyyətlə ədəbiyyat cəbhələrə bölünməlidirmi?

- Fikirlərin haçalanmasına mən normal baxıram. Ədəbiyyat qurumlar şəklində bölünməsə belə, fikirlərin haçalanması baxımından bölünürsə, bu hal qurum daxilində də ola bilər. Dünya təcrübəsinə baxanda görürsən ki, belə hallar tez-tez baş verib. Dünyada əsasən "izm"lərin ətrafında birləşiblər. Hər hansı bir "izm"in tərəfdarları - deyək ki, Parisdə üç ayrı "izmin" tərəfdarları, üç ayrı dərginin yazarları üç ayrı kafedə toplanırdılar və bir-birlərinə əks düşərgələrdə olublar. Bunların davalarından, mübarizələrindən ortaya gerçək ədəbiyyat çıxıb. Estetik baxımdan bölünmə istər-istəməz inkişafı da özü ilə bərabərində gətirəcək. Belə götürsək, Azərbaycanda AYO ya da AYB olmasın, yüz dənə qurum olsun, onların da daxilində bölünmə olacaq.

- Qisməti müasir Azərbaycan ədəbi tərcüməsi qane edirmi?

- Azərbaycandakı tərcümələr son vaxtlar məni qane eləmir. Kitab halındkı tərcümələrin əksəriyyətini almışam. Əksəriyyətini mən daha əvvəllər rus və ya türk dillərindən oxumuşam. Dil çox bərbaddır. Bu barədə mən bir tənqidi məqalə yazmaq istəyirdim, sonra hesab elədim ki, bu anlıq bir aqressiyanın məhsulu olacaq və əslində bu yuxarıda da qeyd etdiyim kimi bir müzakirənin predmeti olmalıdır. Şahbaz Xuduoğlunun gördüyü işlər yaxşıdır, ən azından millət vizual olaraq görür ki, Şahbaz bəy iş görür. Amma kitabların keyfiyyətinə baxaq, görəcəyik ki, nəşrlərin tərcümə dili çox aşağı səviyyədədir.

- Niyə etirazını bildirmirsən?

-Yenə deyirəm, mən fikirləşirdim ki, bir məqalə yazım və oxuduğum əsərlərdən sitatlar gətirərək tərcümə dilinin nə qədər bərbad olduğunu deyim. Amma sonra fikirləşdim ki, belə münasibət bildirmənin bir mənası yoxdur. Əksinə bu etiraz onların çap etdikləri kitabın reytinqinə təsir edəcək.

- Qisməti nə vadar elədi ki, AYB-nin qurultay öncəsi müzakirələrində poeziya haqqında məruzə hazırlasın?

- Nə vadar elədi deyəndə, AYB qurultayöncəsi müzakirələr keçirilməmişdən əvvəl katiblik Anar müəllimlə məsləhətləşdilər ki, bu il kimlərə verilsin məruzələr? Və qərara alındı ki, gənclərdən birinə də gənclərlə bağlı məruzə tapşırılsın. Bu mənim təklifimlə olmayıb ki, məni nəsə vadar eləsin.

- Amma sənin məruzən də birmənalı qarşılanmadı...

- Bu da çox təbii bir hal idi. Bir az da gözlənilməz idi. İlk dəfə idi ki, bir gəncə bu tapşırılırdı. AYB tarixində hər zaman konkret adamlar məruzə ediblər. Ədəbiyyata üç-dörd il öncə gəlmiş bir gəncə məruzə verilməsinin özünün birmənalı qarşılanmaması çox normaldır.

- Ümumiyyətlə, səncə Azərbaycandakı gənc ədəbi qüvvələr sırf "Gənc ədiblər məktəbi" ətrafında toplanıb?

- Yox, əlbəttə, yox. "Gənc Ədiblər Məktəbi"nin yaranması ilə bağlı müxtəlif söz-söhbətlər gəzir. Məsələn, deyirlər ki, Rəşad Məcid Gənc Ədiblər Məktəbini yaratdı ki, gənclərin məhz onun tərəfində olduğunu göstərsin. Bu qətiyyən belə deyil. Elə adam var ki, heç bir qurumun üzvü deyil, oturub əyalətdə yazıb-yaradır, ya da paytaxtdadır, sadəcə heç kimi tanımır. Rəşad Məcid də dağınıq olan həmin gəncliyi bir mühitdə topladı.

- Necə düşünürsən, AYB bu beş ildə AYB-dən küskün olan gəncliyi öz ətrafına yığa bildimi?

- Gənc Ədiblər Məktəbi yenicə başlayanda klub, dərnək şəklində başlamışdı. Sonradan bu bir qədər genişləndi, miqyası böyüdü, davamlı görüşlər keçirildi. Əvvəl belə idi ki, qonaqlar da o qədər tez-tez dəvət olunmurdu. Sonra miqyas genişləndikcə artıq qonaqlar dəvət olunmağa başladı, master-klass dərsləri keçirilməsinə çalışıldı.

- Təxminən neçə görüş keçirildi?

- Dəqiq sayını bilmirəm, amma on beş-iyirmi civarında görüş olub. Amma həmin görüşlərdən dörd-beşi var idi ki, olduqca yaddaqalan oldu. O görüşə gələnlərin əksəriyyətinin danışmağa sözü yox idi. Öz şəxsi macəralarından danışırdılar, nəinki ədəbiyyatdan. Məsələn: "mən filan vaxt Misirə getdim, orda mənə qonaqlıq verdilər". O qonaqlığın ədəbiyyata nə aidiyyatı?

- Necə düşünürsən, yazara dövlət qayğısı olmalıdır? Yoxsa yazar gedib özü-özünü dolandırmaq üçün yollar axtarmalıdır?

- Bizim cəmiyyətdə yazar özü-özünü dolandıra bilmədiyinə görə istənilən stimullaşdırıcı bir qayğını qəbul etmək, məncə, normal haldır. Hormal bir ədəbi mühit və normal bir bazar formalaşsaydı, əlbəttə yaxşı olardı ki, yazar özü-özünü dolandırsın. Belə olmadığı təqdirdə, istər-istəməz yazara qayğı göstərməyin yolları axtarılır. Əslində bu kitab mükafatlarının təsis olunmasının da səbəbi məhz elə yazara dəstək olmaq, ona stimul verməkdir.

- Azərbaycanda keçirilən yarışmaların, verilən mükafatların obyektivliyinə nə qədər inanırsan?

- O qədər də inanmıram açığı. Hardasa bir gənc qalib gəlirsə, tanındı ya da tanınmadı, ona sevinirəm. Ən azından həmin gənc yazar hər hansı bir problemini həll edə biləcək. O mükafatı gənclərin alması daha yaxşıdır.

- Titulları bir səhifəyə sığmayan insanlar niyə səncə adlarının yanına yazar sözünü yazdırmaq kompleksinə yuvarlanırlar?

- Çox haqlı qeyd elədin, qəribə bir kompleksdir və bunun adını da müəyyənləşdirmək qeyri-mümkündür. Bu yerdə tarixdən Napalyonu xatırlayaq. Bu nəhəng fateh eyni zamanda zəif şair imiş. Buna şeirlərinin çox zəif olduğunu deyəndə məyus olurmuş. Depressiyaya düşürmüş. Bu hansı ehtiyacdan doğurdusa, bu gün bizim insanlarımızda da eyni proses gedir.

- AYB- nin üzvüsən. Mən bilən, bu gün AYB-nin 2500-dən artıq üzvü var... Doğurdanmı ölkədə bu qədər yazar var?

- Hər gün ən azı üç müğənni çıxır, hər gün ən azı on yeni videoklip nümayiş etdirilir ekranlarda. Doğurdanmı Azərbaycanda bu qədər istedadlı müğənni var? Xeyr. Eyni zamanda bu ədəbiyyata da aiddir.

- Fikir verirsənsə, bizdə on səkkiz ildir ki, ancaq söhbət eləyirik. Ortada niyə real iş yoxdur?

- Bizdə qəribə bir şifahi ənənə var: belə bir roman yazılsaydı, əla olardı. İyirmi il danışırıq, amma həmin romanı heç kim yazmır. Görünür, kimlərinsə enerjisi var, amma həmin adam tək qalır. Kimlərsə sadəcə yalandan söz xatirinə deyir. Ona görə də bütün bunlar havada qalır. Görünür, bunun ətrafında bu işlə ciddi məşğul olacaq adamlar birləşməlidir ki, ortaya real nə isə qoyulsun. Oturub bu təklif kimi, layihə kimi yazılsın, ondan sonra əgər alınmasa o zaman demək olar ki, bəli, biz təklif elədik, amma olmadı, eləmədilər.

- Adi e-mailin nə olduğunu bilməyən insanların AYB-də oturması bu işlərin daha sürətlə getməsinə mane olmurmu?

- Əlbəttə mane olur. Azərbaycanda olan bütün yazar təşkilatlarının hamısında ciddi kadr islahatlarına ehtiyac var. Bu AYO-da da olmalıdır, Bakı Yazarlar Təşkilatında da, AYB-də də. Qan dəyişimi olmalı, gəncləşmə həyata keçirilməlidir. Çağdaş dövrün tələblərini, çağdaş dövrün istiqamətlərini onlardan başqa heç kim bilmir. Orta yaşdan yuxarı, öz dövründə müəyyən işlər görmüş adamlar öz əlaqələrindən istifadə edib sadəcə yardımçı ola bilərlər.

- Sən bunu deyirsən, amma Elçin Hüseynbəyli də - "əvvəlcə mən daha yuxarı getməliyəm ki, məndən sonra gələn gənc də mənim yerimə gəlsin" - deyir...

- Elçin Hüseynbəyli də elə fikirləşir, neyləməli?! Azərbaycanda çıxan ədəbi jurnallar arasında "Ulduz" o qədər də uğurlu dərgi deyil. Bu jurnalda gəncliyin abu-havası olmalıdır, amma yoxdur. Bir jurnalda əgər 55-60 yaşlı yazar çap olunursa, bu gənclik jurnalı ola bilməz. Və bu da o deməkdir ki, Elçin Hüseynbəylinin yaşı artıq elə bir yaşa çatıb ki, o, artıq yaşına uyğun daha böyük bir vəzifəyə çıxıb getməlidir. "Ədəbiyyat" qəzeti isə ümumiyyətlə kökündən dəyişməlidir, loqosundan tutmuş formatına kimi. Hətta bütün kollektivi də getməlidir...

- Amma Ayaz Vəfalı iddia edir ki, qəzet necə çıxmalıdırsa, elə də çıxır...

- Düşünürəm ki, Ayaz Vəfalının ciddi psixoloji problemləri var. O, bütün bunlarla bərabər hesab edirsə ki, qəzet normal çıxır, o zaman bəlkə də Ayaz Vəfalının otağındakı təqvim də 1980-ci illəri göstərir...

 

 

Söhbətləşdi: Oktay Hacımusalı  

 

Xalq Cəbhəsi.- 2011.- 12 may.- S.13.