Azərbaycan məsihçilərin gözündə

 

Tarix boyu müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu bir məkan kimi

 

Azərbaycanda müxtəlif qeyri-islami dini icmalar fəaliyyət göstərirlər ki, onlar da "Dini etiqad və vicdan azadlığı" haqqında qanunun tələblərinə uyğun olaraq Dini qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçiblər. Lakin qeydiyyatı olmayan icmaların da fəaliyyəti nəzərə çarpır. Onlardan biri də "Yeni Həyat"dır. Düzdür, bu, qurumun fəaliyyətində heç bir təhlükə hiss olunmasa da, onun açıq şəkildə fəaliyyəti Azərbaycanda tolerantlığın bir nümunəsinin sübutudur. İsa məsihçilərə xidmət edən və Azərbaycan dilində yaradılan saytların birinin ("yeniheyat.com") ünvanını əldə etdikdən sonra bunun bir daha şahidi olduq. Saytın yaradılmasında əsas məqsəd insanların əsl həyatı tapmalarına kömək etməkdir. Daha doğrusu, günahkar dünyaya Allahın necə xilas verməsi və əbədi həyatı əldə etməsi barədə insanları məlumatlandırmaqdır. Onlar özlərini daha çox yeni həyatın ardıcılları sayırlar.

Məsihçilər öz təbliğatlarını daha çox elektron KİV və cəmiyyət arasında aparmağa üstünlük veriblər. Hər iki variantın təsiri nəticəsində son 2 il ərzində 500 azərbaycanlı İsa Məsihin varlığını başa düşür. Məsihçiliyi mənimsəyənlər arasında əvvəllər İsanı başqa formada qəbul edən xristianlar da olublar. Onu da bildirək ki, yeni həyatın ardıcılları saytlarında "Allah sözü"nü dinləmək üçün telefon nömrəsi də veriblər. Onlar Tövrat, İncil və Zəburu Allahın müqəddəs kitabları sayırlar. Hətta İsa Məsihi dərk etmək üçün kurslar da təşkil olunub. Həmin kurslarda insanların bilmədikləri və maraqlanmaq istədikləri məsələlərə Rəbbin köməkliyi ilə cavab tapacaqları bəyan edilib. Hətta kursa qatılmağın üsulları da göstərilib. Poçt vasitəsilə qeydiyyata düşən dinləyicilərin evlərinə isə İsanı təbliğ edən kitablar təmənnasız çatdırılır.

Maraqlıdır ki, Azərbaycan məsihçilərin gözündə tarix boyu müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu bir məkan kimi təqdim olunub. Azərbaycan xalqının dinindən, millətindən asılı olmayaraq bütün bəşər xalqlarına sevgi və hörmətlə yanaşdığı qeyd edilib. Azərbaycanda məsihçiliyin tarixi də qısa olaraq öz əksini tapıb. Bildirilir ki, Azərbaycanın şimal hissəsi hələ eramızın I əsrinin ikinci yarısında məsihçiliyin ilk təbliğçilərinin fəaliyyət göstərdiyi məkan olub. Burada ilk məsihçi icmaları İsanın havariləri olmuş Faddey və Varfolomey tərəfindən yaradılıb. Onlardan sonra Faddeyin şagirdi Yelisey Albaniyada fəaliyyət göstərib. Daha sonra Albaniyada məsihçiliyin yaranması tarixi xatırlanır və deyilir ki, 313-cü ildə alban hökmdarı Urnayr məsihçiliyi Albaniyanın dövlət dini elan edir. Onların dediklərinə görə, hətta Albaniyanın hökmdarı Cavanşirin (616-680) özü məsihçi idi. Ərəb istilasından sonra məsihçiliyin Azərbaycanda tədricən öz yerini islama verdiyini iddia edən məsihçilər bir çox Azərbaycan şairlərinin yaradıcılığında məsihçilik və İncillə bağlı motivlərin mühüm yer tutuduğunu iddia edirlər. Misal çəkilir ki, anası məsihçi olan şair Xaqaninin (1126-1199) Məsih tarixi ilə yaxınlığı vardır. Hətta şah İsmayıl Xətainin ana nənəsi Trabzon imperatorunun qızı Dəspinə xatunun (Marta) məsihçi olduğu bildirilib. Məsihçilər XIX əsrin əvvəlində Azərbaycanın Rusiyaya birləşdirildikdən sonra məsihçiliyin geniş yayıldığını qeyd edirlər. Çar hakimiyyəti hakim pravoslav kilsəsindən ayrılan təriqətləri Qafqaza sürgün edirdi. Bunun nəticəsində Azərbaycanda da az bir zamanda malakan, duxobor və başqa təriqətli icmalar meydana gəldi. Savadlı və ziyalılar arasında məsihçiliyə maraq artdı. Kazan və Peterburq universitetlərinin prfessoru olan Mirzə Kazım bəy (1802-1870) məsihçiliyi qəbul edib. O, şotlandiyalı missionerlərlə tanışlıqdan sonra Məsihin həqiqi xilaskar olduğuna iman gətirib. Hazırda Azərbaycanda İsa Məsihə iman edən 5 mindən artıq azərbaycanlı var.

Azərbaycanda fəaliyyət göstərən və yalnız İsa Məsihin varlığını təbliğ edən missioner təşkilatlar arasında "Yeni həyat" xristian-yevangel kilsəsinin filialı da mövcuddur. Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, "Yeni həyat" kilsəsinin mərkəzi ofisi Minskdə, Kovalyov küçəsi - 72 ünvanında yerləşir. Dünyanın müxtəlif ölkələrinin şəhərlərində filiallara malikdir. Azərbaycanda isə onun filialı Bakıda yerləşir. Pastoru isə Lyudmila İbrahimovadır. "Yeni həyat"ın mərkəzi ofisinin administratoru Vasili Yuryeviç və pastoru Vyaçeslav Qonçarenko ilə əlaqə saxlayıb bəzi nüanslara aydınlıq gətirdik. Vasili Yuryeviç bizə təmsil olunduğu kilsə haqqında geniş məlumat verdi, hətta Azərbaycandakı fəaliyyətlərindən razı qaldıqlarını da bildirdi. Onun sözlərinə görə, "Yeni həyat"ın ardıcılları heç bir missionerlik fəaliyyəti ilə məşğul olmurlar, onlar sadəcə, İsa peyğəmbərin varlığını, əbədi həyatın mövcudluğunu insanlara çatdırırlar. Azərbaycanda adıçəkilən sektanın 600-ə yaxın üzvünün olduğunu bildirən "Yeni həyat"ın administratoru: "Üzvlərimizin ən çox olduğu yer Qrodno şəhəridir - 300 min. Ümid edirəm Azərbaycanda da sıralarımız genişlənəcək". Gərgin iş qrafikini əsas gətirən pastor digər suallarımızı cavabsız qoydu. Onlardan xahiş etdik ki, Bakıdakı filialın rəhbəri Lyudmila İbrahimova ilə əlaqə saxlamaqda bizə yardımçı olsunlar. Yanılmadıq, bir müddətdən sonra "Yeni həyat"dan bizə zəng etdilər və beləcə məsihçilərdən biri Rahim (əvvəllər hansısa məktəbdə müəllim işlədiyini deyib - C.) adlı şəxslə internet vasitəsilə əlaqə yaratmağa müvəffəq olduq. Ona bizi maraqlandıran suallar verdik. Əvvəlcə bir müsəlman kimi sonradan dinini dəyişib xristianlığı necə qəbul etdiyini və İsaya pənah apardığını soruşduq: "Başqaları kimi mən də İsa haqda eşitmişdim, lakin əhəmiyyət vermirdim. Bir gün evə gedərken gecə yolda tək idim, birdən bir nəfər mənimlə danışmağa və düşdüyüm ağır vəziyyətlə bağlı mənə suallar verməyə başladı. Sonra mənə dedi ki, bilirsən niyə bu bədəbxt hadisələr mənim həyatımda baş verir? Dedim yox. Dedi ki, çünki sən mənim adıma iman etmədin. Dedim ki, siz kimsiz? Dedi İsa. Sonra səs yoxa çıxdı və mənə bir təsəlli qüvvəsi toxundu. Bu zaman mən ağlamağa başladım və dərhal tövbə etdim. O gündən İsanı ürəyimə buraxdım. O indi mənim ən yaxın dostum və sirdaşımdır". Daha sonra Rahim İsanın varlığından, ona olan sevgisindən danışdı. Bildirdi ki, İsa Allahda, Allah isə İsadadır. Rahimə "Yeni Həyat"ın baş ofisi ilə əlaqə saxlayıb-saxlamadıqlarından, buradakı filialın rəhbəri L.İbrahimova ilə necə əlaqə qura biləcəyimizlə bağlı sual etdik. Əvvəlcə bildirdi ki, "Yeni həyat" tikinti şirkətidir və nə L.İbrahimova, nə də Minskdəki yuxarıda adlarını çəkdiymiz pastorlardan xəbəri var. Bu barədə onu ətraflı məlumatlandırdaqdan sonra etiraf etdi ki, o həqiqətən də "Yeni həyat"ın üzvüdür və məqsədləri insanları əbədi həyat barədə məlumatlandırmaqdır. Rahim onu da dedi ki, ofisləri yoxdur. Onlar İsanı könüllü şəkildə təbliğ edirlər. Hətta bizə sual da etdi: "Məgər Allahın peyğəmbərlərinin ofisləri olur?" Həmsöhbətimizə Azərbaycanda fəaliyyət göstərən və insanları pulla ələ alan bir neçə missioner təşkilatları barədə sual verdik və "Yeni həyat"ın da bu sırada olub-olmadığını soruşduq. Bildirdi ki, əgər onlar bu vasitə ilə insanları İsaya sığınmağa dəvət etsələr onda Allahın qəzəbinə tuş gələrlər: "Heç bir ağıllı təşkilat və ya pastor buna getməz. Missioner təşkilatlar heç kimi ələ almırlar. Bu, cəfəngiyatdır". Rahimə xatırlatdıq ki, bəs saytınızda "Allah sözü"nü dinləmək üçün telefon nömrəsi göstərilib. Necə fikirləşmək olar Allahın sözünü telefon vasitəsilə dinləmək mümkündürmü və bu səlahiyyət kimə verilib? Bildirdi ki, əsas dinləmək deyil, dinləyib anlamaqdır: "Allahın işi ilə bağlı səlahiyyəti də Allah özü verir". Rahim İsanı qəbul edənlər arasında azərbaycanlıların çox olmadığını da bildirdi. İsanı qəbul edənlərin xaç suyuna salınmağın vacibliyi ilə bağlı sualımızı cavablandıran Rahim dedi ki, bu, şeytanın işidir: "İncildə xaç suyu söhbəti yoxdur. Burada "veftiz" sözündən istifadə edilir. Bu, yunan sözüdür, mənası içimizə qoyulmaq deməkdir. Yəni, Allahın Ruhu içimizə axır. İsanı qəbul edən insan sonradan birinci növbədə Müqəddəs Ruhla veftiz ediləcək. Allah Ruhdur və o, bizim ruhumuzla əlaqədə olmaq istəyir. Daha doğrusu, Allah istəyir ki, biz İsaya iman edək ki, o öz ruhunu bizə verə bilsin". Digər suallarımızı cavablandıran Rahim İsa ilə görüşdüyünü də bildirdi. Dediyinə görə, İsa ilə nur olaraq görüşüb. "Allahın da, İsanın da nurluğunu qəbul edirsinizsə, onda arada fərq nədir" sualımızı cavablandıran Rahim İsanı Allah kimi qələmə verdi: "İncil həm də deyir ki, Allah nurdur. Deməli, İsa nurdur və Allah nurdur, hər ikisi eyni qüvvədir. Deməli, İsa Allahdır. Sadəcə, o, bədəndə zühur etdi".

 

 

Cavid

 

Xalq Cəbhəsi.- 2011.- 12 may.- S.9.