Ömrünü arxiv işinə
həsr etmiş insan
65
yaşlı Maarif Teymur: "Bura Azərbaycan ədəbiyyatı
və incəsənət yaradıcılarının sənət
nümunələrinin saxlandığı qiymətli incilər
məskənidir"
Həyatda çoxlu yollar var. Adətən birxətli, axıradək yol gedənlər çox olmur, xüsusən də indiki çağımızda. Arxiv işinə bələd olanlar bilir ki, hər kəs burada axıradək tab gətirə bilmir, çünki arxiv işi çox çətindir. Bugünlərdə 65 yaşı tamam olan Maarif Teymurun 45 ildir ki, Azərbaycan ədəbiyyatının və incəsənətinin qiymətli soraqlarına ardıcıl, sonsuz sayğılı münasibətini fanatlıq adlandırmaq olar. Onun barəsində "fanat" sözünü işlədərkən ifrata varmıram: doğrudan da peşəsinin fanatıdır. "Göz işlədikcə" qurtarmayan sənədlər, qalaq-qalaq qovluqlar içərisində çaşıb qalmamaq arxiv işçisindən böyük səbir, inad tələb edir.
Maarif Teymur 1946-cı ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. BDU-nun kitabşünaslıq şöbəsində, Moskva Tarix Arxivşünaslıq İnstitutunda təhsil alıb. S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktorudur. Ədəbiyyatşünas, publisist, mətnşünasdır. 650-yə yaxın sənətkarın şəxsi arxiv fondunun yaradılmasında fəal iştirak edib. Ə.Ağaoğlu, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, A.İldırım, E.Qurtulan və başqa istiqlal mücahidləri haqqında tapıntı və məlumatları dövri mətbuatda müntəzəm çap etdirib.
Arxiv işi sahəsindəki ardıcıl, aramsız fəaliyyətini müşahidə edərkən aşağıdakı qənaət hasil olur: bu, Maarif Teymurun aqibətidir. Doğrudan da aqibət deyilən bir şey var və insan o aqibətin tələbindən çıxa bilmir. M.Teymur deyir: "Bizə qədər gəlib çatmış ayrı-ayrı qiymətli əlyazmaların hər biri xalqın, bəşəriyyətin zəngin, çoxcəhətli, qədim keçmişindən xəbər verir. Qədim əlyazmaları araşdırıb, tədqiq edib kitab yazan müəlliflər əgər o nümunələri, soraqları sevməsəydilər, şübhəsiz, sanballı əsərlər meydana çıxa bilməzdi. Arxiv işi ayrıca təhlil ediləsi, haqqında bundan sonra neçə-neçə kitablar yazılası məsələdir. Bu əvəzsiz işi bütün varlığımla sevirəm. 60-cı illərdən başlayaraq arxiv işində milli yön üstünlük təşkil etməyə başladı. Arxivə məni işə götürən Məmmədəmin Şəkinskini yaddan çıxara bilmərəm. O, arxiv sənədlərinin toplanmasında böyük iş görüb. Bu sırada bacarıqlı təşkilatçı kimi indiki Ədəbiyyat və İncəsənət Arxivinə rəhbərlik etmiş, hazırda Milli Arxiv İdarəsinin rəisi vəzifəsində çalışan Ataxan Paşayevin adını xüsusi qeyd etmək istəyirəm. Onun ömrü büsbütün arxiv işinə həsr olunub". M.Teymurun arxiv işinə sevgisinin möhkəmlənməsində Əziz Şərif xüsusi rol oynayıb: "Vaxtilə o, mənə dedi ki, bilirəm, məvacibin azdır, ancaq oradan getmə. Əkrəm Cəfərin, Qulam Məmmədlinin arxiv işinə canlı, yaradıcı münasibəti həmişə yaddaşımda yaşayır".
Bu gün bizə zahirən gərəksiz görünən bir əlyazma sabah üçün zəruri, xəlqi bir sorağa çevrilə bilər. Başlancığda heç bir sənəd bazası olmayan, gərgin fəaliyyəti nəticəsində gəlib bugünümüzə çatmış Ədəbiyyat və İncəsənət Arxivinin formalaşmasında müəyyən insanların xüsusi xidmətləri olub, şəxsi fondların yaradılması əzab bahasına başa gəlib: "Dəfələrlə bir yazıçının, aktyorun evinə getmişik, sonda istəyimizə nail olmuşuq. Həticədə arxiv 150-200 illik tariximizi özündə yaşadan mənəvi xəzinəyə çevrilib. Bəziləri deyər, arxivdir də, burada nə gərgin iş ola bilər? Ancaq bu proses elə gərgin və məsuliyyətlidir ki, deməklə başa gələn deyil. Bu arxiv Azərbaycan ədəbiyyatı və incəsənəti yaradıcılarının sənət nümunələrinin saxlandığı qiymətli incilər məskənidir. Arxivə canlı, yaradıcı münasibət bəsləməklə bu əməlin sabahımız üçün əhəmiyyətli olmasını daim düşünən ziyalılara bu gün daha çox ehtiyacımız var. Arxiv materialları milli kimliyimizi, Azərbaycanlığımızı bizə anladan zəngin mənəvi soraqlar deməkdir. Hər il neçə-neçə gənc tədqiqatçı arxivə gəlir, həvəslə bu materiallarla tanış olurlar, araşdırırlar. Arxiv tədqiqatçıdan yüksək məsuliyyət, dəqiqlik tələb edir".
O, sovet dövründə Azərbaycandan mühacirət etməyə məcbur olmuş tanınmış soydaşlarımızın həyatı və yaradıcılığı ilə bağlı materialları toplayır, bunları ardıcıl olaraq mətbuat və radio-televiziya vasitəsilə ictimaiyyətə təqdim edir: "Xüsusən ötən əsrin əvvəllərində soydaşlarımızın xarici ölkələrə mühacirət etməsi səbəbindən onların yaradıcılıq nümunələrinin müəyyən qismi bu gün əlimizdə deyil. Konkret bu gün Türkiyənin müxtəlif şəhərlərində belə materiallar var. Aldığımız məlumata görə Parisin, Londonun muzeylərində tariximizə ədəbiyyat və incəsənətimizə dair xeyli materiallar var. Bu gün dünyaya səpələnmiş arxiv nümunələrimizi toplayıb əldə etməyə daha səylə girişmişik. Sovet dövründə bizi özümüzə unutdurublar. Ramiz Abutalıbovun bu mənada gördüyü işlər təqdirəlayiqdir. Arxivimizdə Ceyhun Hacıbəyliyə məxsus fond var. Burada ingiliscə, fransızca yazılar yığılıb; həmin materiallar öz araşdırıcısını gözləyir". Hər bir yaradıcının xəttində onun xarakteri yaşayır: "Təəssüf ki, bir neçə ildən sonra əlyazma qıtlığı ilə üzləşəcəyik. Mahiyyətcə əlyazmalar heç vaxt itmir. Xətt özü də bir əsərdir, sabaha qalmalıdır. Əlyazmada yazıçının ürək çırpıntıları yaşayır".
Hər bir millətin, dövlətin taleyində arxiv əhəmiyyətli rol oynayır. Çağdaş dövrdə elmin-texnikanın sürətli inkişafı sayəsində informasiya almaq, ötürmək, sabaha çatdırmaq üsulları xeyli təkmilləşib. Ancaq aydın məsələdir ki, sabaha heç də yaşadığımız çağın gözqamaşdıran hadisələri yox, xalqı sabahda sözün əsil mənasında yaşatmağa layiq əməllər qalır. Bu əməllərin yaradıcısı isə konkret insanlardır. Azərbaycanın tarix boyunca başına gələn çoxsaylı fəlakətlər zamanı yaradılan əqli mülkiyyət soraqları (bədii əsərlərin, elmi əsərlərin əlyazmaları, incəsənətin müxtəlif janrlarında yaadılmış nümunələr və s.) tarixin qaranlıq dolanbaclarında it-bata düşüb, ya da istilalar zamanı Rusiyaya, İrana, habelə müxtəlif Avropa ölkələrinə və s. daşınıb. Bu gün Azərbaycan ədəbiyyatının klassik nümayəndələrinin həyatı ilə bağlı məlumatlar sarıdan kasadlıq çəkdiyimiz gerçəklikdir. Taleyin işinə bax ki, Azərbaycan üçün yaşayan mütəfəkkir soydaşlarımız (Xaqani, Həsimi, Füzuli və başqaları) yaşadıqları ellərdən uzaqlara getməyə, qəriblikdə yaşamağa məcbur olublar. Belə olan vəziyyətdə onların yaradıcılıq nümunələrinin hansı çətinliklərə, təhlükələrə tuş gəldiyini təsəvvür etmək çətin deyil. Deməli, tarix boyunca itiriklərimizi, buraxdığımız səhvləri gec də olsa, düzəltməliyik. Məhz çağdaş dövrdə Azərbaycan ədəbiyyatının və mədəniyyətinin ən qiymətli soraqlarının qorunduğu - xalqın mənəvi xəzinəsi sayılan Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət arxivi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Azərbaycan aydınlarının hərdən ermənilərin Matenadaranı, heç bir bəşərilik siqləti olmayan bu qatil millətin qondarma arxivini diqqətlə yaratması, dünyaya car cəkməsi barədə danışanda həm də fikirləşmək gərəkdir ki, görəsən, Azərbaycanın hər bir aydını xalqımızın mənəvi soraqlarının sabaha qalması əlindən gələni edirmi? Hə vaxta qədər bu və ya digər məsələdə hətta düşmənlərimizi özümüzə nümunə göstərəcəyik? Gec də olsa, bu kimi məsələlərdə daha səyli və ardıcıl olmalıyıq. Çünki doğrudan da milli-mənəvi soraqlarını qorumayan, onlara yiyəlik etməyən, bu soraqları sabaha çatdırmayan millətin sabahı yoxdur. Bu gün bizə zahirən gərəksiz görünən bir əlyazma sabah üçün zəruri, xəlqi bir sorağa çevrilə bilər. M.Teymur deyir: "Məsələn, "Molla Həsrəddin"in Qarabağ üzrə müxbiri Həsən İxva Əlizadə ilə 70-ci illərdə Şuşada görüşmüşdüm. Məlum oldu ki, onda "Qarabağnamələr"in orijinal nüsxəsi var. Sonralar "Qarabağnamələr" 2 cilddə çap edilərkən bu nüsxələrə əsaslanıldı. Mərhum tədqiqatçı Hazim Axundovun bu sahədə əvəzsiz xidməti oldu. O, Xankəndindən Ağdama, oradan da Bakıya əlyazmanı gətirənədək çox əziyyət çəkib. Güman etməzdim ki, Məmmədəli Sidqi kimi böyük maarifçinin qızı Dostu xanım Səfərova folklor nümunələrini toplaya".
Maarif müəllimi 65 yaşının tamam olması münasibətilə ürəkdən təbrik edir, ona xalqımıza gərəkli əməlində yeni-yeni uğurlar arzulayırıq.
Uğur
Xalq Cəbhəsi.- 2011.- 12 may.- S.14.