Londonda Azərbaycan-Britaniya
biznes-forumu
Ölkəmizə ən çox sərmayə
yatıran ölkə Böyük Britaniyadır
Dünən Londonda Azərbaycanın
müstəqilliyinin 20-ci ildönümünə həsr
edilmiş Azərbaycan-Britaniya biznes-forumu işə
başlayıb. Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən
APA-ya verilən məlumata görə, iki gün davam edəcək
forumda Azərbaycan iqtisadiyyatına sərmayə yatırmaq
imkanları, ölkənin sərmayə mühiti, xarici sərmayədarlar
üçün yeni yatırım təşəbbüsləri
müzakirə edilir. Avropa Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən
təşkil olunan biznes-forumun ilk günündə Azərbaycanın
Britaniyadakı səfiri Fəxrəddin Qurbanovun, Böyük
Britaniyanın Azərbaycandakı səfiri Karolin Braunun,
AAC-ın sədri və təsisçisi Tale Heydərovun, eləcə
də digər natiqlərin çıxışları nəzərdə
tutulub. Forum çərçivəsində keçiriləcək
seminarlar Qafqazda təhlükəsizlik və onun biznesə təsiri,
beynəlxalq şirkətlər üçün yeni imkanlar,
informasiya və rabitə texnologiyaları sənayesi, turizm və
səyahət, kənd təsərrüfatı və ərzaq
istehsalı, nəqliyyat, infrastruktur, tikinti və
daşınmaz əmlak, maliyyə xidmətləri, enerji məsələlərinə
həsr olunacaq. Tədbirdə sahibkarlar, iqtisadçılar,
millət vəkilləri və beynəlxalq qurumların təmsilçiləri
də iştirak edirlər.
Bu il iyunun 3-də Bakıda
ilk dəfə olaraq ABŞ-Azərbaycan Ticarət
Palatasının da investisiya konfransı keçiriləcək.
Tədbirdə Azərbaycan və ABŞ-ın yüksək səviyyəli
rəsmi şəxsləri və işgüzar dairələrinin
nümayəndələri iştirak edəcəklər. Tədbirin
keçirilməsində məqsəd iki ölkə
arasında işgüzar əlaqələrin möhkəmləndirilməsidir.
Qeyd edək ki, ABŞ-Azərbaycan Ticarət Palatası Birləşmiş
Ştatların Kolumbiya dairəsində fəaliyyət
göstərir. Onun fəaliyyəti ABŞ və Azərbaycan
arasında biznes və ticarət sahələrində əlaqələrin
inkişaf etdirilməsidir.
Ölkəmizə ən çox
sərmayə yatıran ölkə Böyük
Britaniyadır. Ötən il ərzində Azərbaycanın əsas
kapitalına yönəldilmiş xarici investisiyalar üzrə
dövlətlərin reytinqinə məhz bu ölkə
başçılıq edir. Onun yatırdığı
investisiyaların həcmi 1,247 milyard manat təşkil edib ki,
2009-cu illə müqayisədə həcmi 71,6% artıb. Siyahıda
ikinci yerdə ABŞ qərarlaşıb. Belə ki, 2010-cu ildə
ABŞ-ın Azərbaycanın əsas kapitalına
yatırdığı investisiyaların həcmi 2009-cu ilə
nisbətən 65,8% artaraq 359 milyon manata çatıb. Reytinqdə
üçüncü yeri 2009-cu ilin reytinq cədvəlində
7-ci olan, lakin hazırda Yaponiya kimi ölkəni
üçlükdən kənarlaşdıran Çexiya
tutub. Belə ki, Çexiyanın Azərbaycan iqtisadiyyatına
2010-cu ildə yatırdığı sərmayənin həcmi
217 milyon manat təşkil edib, bu isə 2009-cu illə
müqayisədə 6,3 dəfə çoxdur. Yaponiya isə
Azərbaycanın əsas kapitalına yatırdığı
180 milyon manat investisiya göstəricisi ilə siyahıda
4-cü olub. Buna baxmayaraq, Yaponiyanın ötən il Azərbaycana
yatırdığı sərmayəsinin həcmi 59,2%
artıb. Siyahıda 5-ci və 6-cı yerləri Norveç və
Türkiyə bölüşdürür. Hesabat ilində
Norveç investorları tərəfindən Azərbaycanın
əsas kapitalına 111 866,2 min manat (+58,6%), Türkiyə
investorları tərəfindən isə 94 801,5 min manat
(+69,5%) sərmayə yatırılıb.
Sonrakı yerlərdə Cənubi
Koreya, Fransa, Səudiyyə Ərəbistanı və
İsveçrə qərarlaşıb. Maraqlısı odur
ki, 2009-cu ildə siyahıda 9-cu yerdə olan Cənubi Koreya
ötən il Azərbaycan iqtisadiyyatına
yatırdığı investisiyaların həcmini 3,3 dəfə
artıraraq 7-ci pilləyə yüksəlib. Bununla
yanaşı, 2009-cu ildə 6-cı pillədə olan Fransa
investisiyalarını 27,3% azaldaraq iki pilə geriləyib. Xatırladaq
ki, 2010-cu ildə Azərbaycanın əsas kapitalına yönəldilmiş
xarici investisiyaların ümumi həcmi 2,4 milyard manat təşkil
edib və bu, 2009-cu ilə nisbətən 41% çoxdur.
Xarici şirkətlərin Azərbaycanda
fəaliyyəti nəticəsində son 15 il ərzində
ölkə iqtisadiyyatına 82 milyard dollar investisiya qoyulub. Bu vəsaitin
demək olar ki, yarısı qeyri-neft sektoruna yönəlib. 2004-2010-cu
illərdə hətta Azərbaycan şirkətləri bir
çox xarici layihələrə investisiyalar qoyublar. İqtisadiyyatın
inkişafına investisiyaların cəlb olunması məqsədilə
hökumət tərəfindən "açıq
qapı" siyasəti həyata keçirilir. İqtisadi
islahatların davam etdirilməsi, biznes mühitinin daha da
yaxşılaşdırılması, neft sektoru ilə bərabər,
qeyri-neft sektorunun da inkişaf etdirilməsi ilə bağlı
tədbirlər davam etdirilir. İnvestorların hüquq və
mənafelərinin qorunması, mülkiyyətin
toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər
şəraitin yaradılması "İnvestisiya fəaliyyəti
haqqında", "Xarici investisiyaların qorunması
haqqında" qanunlar və bir sıra normativ sənədlərlə
tənzimlənir. Ölkədə sahibkarlığın
inkişafının sürətləndirilməsi, biznes
mühitinin əlverişliliyinin daha da artırılması və
biznesə başlama prosedurlarının sadələşdirilməsi
üçün 2008-ci il yanvarın 1-dən yeni yaradılan
müəssisələrin qeydiyyata alınması məqsədilə
"bir pəncərə" sisteminin tətbiqinə
başlanıb. Azərbaycanda biznesə başlama
proseduraları 15-dən 1-ə və bunun üçün sərf
olunan vaxt 30 gündən 3 günə endirilib.
Azərbaycanda xarici
investisiyalar daha çox neft-qaz sektoruna yatırılır. 1994-cü
ildə uğurla "Əsrin müqaviləsi"nin
imzalanmasından sonra bu proses böyük vüsət alıb.
Azərbaycanın 1994-2009-cu illər ərzində xarici
şirkətlərlə imzaladığı 31 beynəlxalq
neft-qaz (PSA tipli) sazişlərinin icrasına yatırılacaq
sərmayələrin ümumi həcmi 60 milyard ABŞ
dollarına çatacaq. Artıq bu investisiyanın 37 milyard
dolları neft-qaz sektoruna yatırılıb. Hazırda Azərbaycanın
quru və dəniz sektorunda 61 yataq istismar olunur. Bunların nəticəsində
neft hasilatı 1997-ci ildən sonra 5,5 dəfə
artırılaraq 2010-cu ildə 52 milyon tona, gündəlik neft
istehsalı isə rekord səviyyəyə - 1,2 milyon barelə
çatdırılıb. Azərbaycanda neft hasilatının
2015-ci ildə 60 milyon tona, qaz hasilatının isə 35-40
mlrd. kubmetrə çatdırılacağı
proqnozlaşdırılır.
Tərlan
Xalq Cəbhəsi.- 2011.- 13 may.- S.12.