Xəzər TV

 

Etiraf etmək lazımdır ki, Xəzər TV efirə çıxar-çıxmaz Azərbaycan TV məkanında kiçik də olsa bir inqilab etdi

 

II yazı

 

İndi aparıcılar efirdə jonqlyorluq edir, xəbərlərin fonunda ən son xit mahnılara qulaq asa bilirik və nəhayət - sındırılmış, məhv edilmiş Azərbaycan dilinin şahidi oluruq.

Doğma dilimizin tarix boyu başına nələr gəlib, bir Allah bilir. Məzlum dilimiz indi də Xəzər TV tərəfindən təhrifə məruz qalır. Sözləri heç bir fonetik, qrammatik və s. qaydalara uyğun olmayan, Azərbaycan ədəbi dili bir yana, regionlarımız üçün də yad və naməlum ləhcə ilə veriliş aparan bu aparıcılar görəsən hansı prinsip və bacarığa görə efirə buraxılır?! Ümumiyyətlə bəzən elə təsəvvür yaranır ki, onlar öz qüsurlu ləhcələri ilə fəxr edirlər (bəlkə də qeyri-adi ləhcə ilə danışmaq Xəzər TV-də nüfuz sayılır). Amma bir şeyi unudurlar - bu ölkədə barmaqla sayılası televiziya kanalları var və onlar müvafiq olaraq əhali arasında maarifləndirici rol oynayırlar. Deməli, ləhcə məsələsində daha məsuliyyətli və ehtiyatlı olmaq lazımdır. Bu bizim fikirlərimizdir. Bəs görək tamaşaçılar nə fikirləşir?

ADP sədrirnin I müavini Həsrət Rüstəmov hesab edir ki, siyasi verilişləri, xəbərləri qaneedici deyil: "Bu kanalda avtomobillər haqqında verilişə, "Səyyaha" və "Dünya turuna" arada baxıram. "Səyyah" verilişinə də Azərbaycanın rayonlarını gəzdiyi üçün baxıram və bu verilişin aparıcısı Səbuhinin məzmunsuz və şit söhbətlərindən çox əziyyət çəkirəm".

DGTYB başqanı Əkbər Qoşalının fikrincə Xəzər TV-nin bəyəniləsi və eyni zamanda qüsurlu tərəfləri də var: "Belə bir ümumiləşmiş fikir mövcuddur ki, "Xəzər" daha çox din düşüncəsinə, yaxud din kültürünə meyillidir. İstərdim kanal türkçü düşüncəyə daha geniş meydan tanısın. Bununla belə, digər alanlarda, örnəyin sosial problemlərlə bağlı, habelə Azərbaycanın bölgələrini, eləcə də dünyanı tanıdan verilişləri maraqlıdır deyə düşünürəm. Məmməd Aslanın verilişlərinə də maraqla baxırdım, ancaq son vaxtlar izləyə bilmirəm."

"Türküstan" qəzetinin baş redaktoru Aqil Camal hesab edir ki, Azərbaycan teleməkanında yeniliyə, dünya televizyonçuluğuna bənzəməyə daha çox can atan Xəzər TV-dir: "Bu televiziyanın başqa bir özəlliyi xəbər proqramının zəngin olması və xəbərləri tamaşaçıya daha təsirli formada çatdırmasıdır. Daha bir xüsusiyyət kimi televiziyanın ümumi ovqatında aqressiyanın və ikrah yaradan səhnələrin olmamasıdır. Amma bu o demək deyil ki, Xəzərdə hər şey idealdır."

Yazar Aysel Əlizadə həmin telekanalda iki verilişi izlədiyini deyir: "Biri Qulu Məhərrəmlinin "Dost məclisi", digəri isə Ramal Hüseynovun "Baxış bucaği" verilişləridir.

Ancaq kanalın ümumi havası bəyəniləsi deyil. Düşəndə baxıram. Kanalda qeyri-peşəkar aparıcılar həddindən artıq çoxdur. Ümumiyyətlə bizim kanallarda intellekt qıtlığı adamın ürəyini sıxır."

Fotoqraf - jurnalist Əhməd Muxtar hesab edir ki, telekanalda çatışmayan cəhət, boş şeylərin şişirdilməsidir: "Xəbərdə emosional olub, xəbərə lazım olmayan yön qatmaqdır, istiqamətləndirməkdir. Xəbər olduğu kimi olmalıdır, çatdırılmalıdır. Lazım olanda emossional olmaq olar, amma sünilik dərəcəsində yox. İstənilən xəbərin, olayın, siyasi prosesin insan həyatında rolu olur. Ən sonda insan həyatına, adi insanların həyat şəraitinə təsiri var deyə, xəbəri insandan keçirmək lazımdır."

"Mərkəz" qəzetinin baş redaktoru Nigar Almanqızı bu kanalı çox da izləmir: "Xəbərlərinə baxıram. Yəni canlı hazırlanır. Hecə deyərlər səsli görüntülərə daha çox yer verirlər. Amma aparıcıların gəldikləri bölgənin ləhcəsində danışmasını qəbul etmirəm. Yazılan mətni belə mənsub olduqları bölgənin ləhcəsində oxuyurlar".

Jurnalist Elşad Eyvazlının fikrincə, ümumilikdə bizim telekanallar biri-birinə çox oxşayır: "Xəzər TV yeni başlayanda fərqlənməyə çalışdı, amma indi hamıya oxşayır."

"Qafqazinfo" informasiya portalının əməkdaşı Jalə Məmmədli hesab edir ki, Xəzər TV-nin işində kifayət qədər nöqsanlar var: "Çox təəssüflə bildirək ki, bu gün bu cür hallar baş alıb gedir. Teleradio Şurasının bu məsələyə göz yumması bizi məyus edir. Danılmaz faktdır ki, bu gün bəlli bir qrup Türkiyədəki kimi burada da media, təhsil və iş dünyasında öz yerlərini tutmaq üzrədirlər. Televiziya öz yayım siyasətində Azərbaycan filmlərinə, Azərbaycan dilinə birbaşa qəsd siyasəti həyata keçirilir".

 

 

Oktay Hacımusalı    

 

Xalq Cəbhəsi.- 2011.- 13 may.- S.13