Ədəbiyyatın Təbriz dərdi  

 

Biz qəribə qövmük, həzərat! Qəribəyik, özüm ölüm! Bu gün Azərbaycanın quzeyində ədəbiyyat aləmində başlar nəyə qarışıb bilirsinizmi? Deyim, bilin, Azərbaycanın quzeyində ədəbiyyatın (şairlərin, yazıçıların) başı qovğalara qarışıb. Kim neçə ildir vəzifədədir, Anar gedəndən sonra yerinə kim gələcək, AYB - nin illik büdcəsi nə qədərdir, kimə ev verəcəklər, filan - filan... Azərbaycan quzeyindəki yazarların başı bu sərsəm qovğalara və beyhudə, səmərəsiz uğraşlara qarışarkən Azərbaycanın güneyindəki ədəbiyyat aləmində nə baş verir biləniniz varmı? Məncə, yox! Nə ehtiyac var axı?

Onsuz da istər AYB, istərsə də AYO tərəfdən hamı yuxarıdan aşağıya kimi bütün qələm adamları AYB - nin qurultay məsələsini isidib-isidib dönə-dönə qabağımıza gətirirlər. Bu boyat yemək isə o qədər ikrahverici və ürəkbulandırıcıdır ki, adam ona baxır və o, süfrənin arxasında oturmuş bizə bu yüz məclis yola vermiş yeməyi təqdim etməyə çalışanlara üzünü tutub demək istəyir: mən istəmirəm bu yeməyi!

Biz istəmirik bu yeməyi! Afaq Məsud fikir yürütməsin ki, AYB -nin qurultayı gələn ilə qaldı. AYB - nin mətbuat xidməti də cəld açıqlama yaymasın ki, yox, bu namizədlərin oyunudur. Namizədliyinizi vermək istəyirsinizsə, heç kəsdən çəkinməyin! Namizədliyinizi verin!

İstəmirik də, atam, istəmirik!

Bütün bu boyat yeməklər adlarını saydıqlarım, saymadıqlarım və hadisələrin fövqündə dayanan əsrdə bir neçə şeir ifraz edən Şeyx Nəsrullahların isidib bizlərə təqdim edilərkən Azərbaycanın güneyində İran molla rejimi ədəbiyyat adamlarının həbsilə məşğuldur. Bu günlərdə görmüsünüzmü ki, yuxarıdan, aşağıdan, AYB - dən, AYO - dan, zəif, güclü bir qələm adamı dursundesin ki, bəs güneydəki yazar dostlarımıza dəstək verək? Deməyiblər, demirlər və yəqin ki, deməyəcəklər! Deməyiblər, çünki bəlkə də xəbərləri yox idi! Demirlər, çünki elə düşünürlər ki, onların işi - peşəsi güldən, bülbüldən yazıb, Vətən haqqında yazanda isə şaxsey-vaxsey getməkdir. Deməyəcəklər, çünki, düşünürlər arığın nə işi var qoruqda ki, vurub onun qol - qıçını sındırsınlar? Ondan danışacaqlarına, yazacaqlarına ev davası edərlər, təqaüd davası edərlər, ya da ən yaxşı halda gündəlik bir qəzetə müsahibə verib, dalınca da AYB - nin Natəvan klubunda Dünya Poeziya Gününə həsr olunmuş tədbir keçirib deyərlər ki, mənə xalq şairi adı verməsinlər, onsuz da qəbul etməyəcəyəm?

Bravo, əlləri görmürəm, əlləri!

Cənubi Azərbaycanda qələm dostumuz, şair yoldaşımız həbs olunur, bizimsə burda tükümüz tərpənmir! Cənubi Azərbaycanda qələm dostumuz, şair yoldaşımız həbs olunur, bizsə burda şairlərin barışığından, eyni masa ətrafında oturması gərəkdiyini müzakirə edirik. Cənubi Azərbaycanda qələm dostumuz, şair yoldaşımız həbs olunur, bizim çox nüfuzlu şair və yazıçılarımızın səsi çıxmır.

Niyə, bəylər, niyə? Sizin kreslo davalarınız çoxmu mühimdir? Çoxmu düşünürsünüz AYB - nin qurultayını? Çoxmu lazıımdır bizə gənclərin tövbə etməsi? Çoxmu lazımdır bizə AYB - ə məbəd statusunun verilməsi?

Allah xətrinə, qurtarın bu tamaşanı! Düşünün, bu gün Azərbaycan ədəbiyyatının Təbriz dərdi var. Düşünün, bu gün Azərbaycan ədəbiyyatının şirnisini - şəkərini şeirlərində yaşadanlar dədə - baba torpaqlarından köç etmək məcburiyyətində qalıb. Onlar Avropanın müxtəlif yerlərinə səpələniblər. Düşünün, bu gün Azərbaycan ədəbiyyatının şirnisini - şəkərini şeirlərində yaşadanlar həbs olunur, işgəncələrə məruz qalır.

Səbəb? Öz dillərində yazırlar, öz dillərini yaşatmaq uğrunda savaşırlar!

Biz neynirik?

Onlara dəstək oluruqmu?

Onların bir dəfə olsun haqq səsini hayqırırıqmı?

Eləmirik, əvəzində isə səfeh - səfeh yazılar yazırıq. Bir cümləyə rast gəlmisinizmi Səid Muğanlı haqqında? Dəstək olaraq hər hansı bir sayt onun şeirlərini veribmı? Rast gələ bilməzsiniz, çünki illərdir Araz şeiri yazmırıq. Niyə?! Gəlin, niyələri saymayaq!...    

 

 

Oktay Hacımusalı 

 

Xalq Cəbhəsi.- 2011.- 5 noyabr.- S.8.