"Bir kərə qalxan
bayraq bir daha enməz!"
"Bayraqları bayraq
yapan üstündəki qandır!"
9 noyabr Dövlət Bayrağı günüdür. Dövlət
Bayrağı Günü ilə bağlı 2009-cu ilin noyabr
ayında Əmək Məcəlləsinin 105-ci maddəsinə
əlavə edilib.
Əlavəyə
əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı
Günü elan olunur və bu bayram ölkədə
qeyri-iş günü olan bayramların siyahısına daxil
edilir. Azərbaycan Respublikasının dövlət
bayrağı bərabər enli üç üfüqi
zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta
zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir.
Qırmızı zolağın ortasında bayrağın hər
iki üzündə ağ rəngli aypara
ilə səkkizguşəli ulduz təsvir edilib.
Mavi rəng - Azərbaycan xalqının türk mənşəli
olmasını göstərir, türkçülük rəmzidir. Türklərin
göy-mavi rəngə üstünlük verməsi ilə
bağlı müxtəlif izahlar da mövcuddur. Türkdilli xalqların yaşadığı ərazilərdə
qədim və orta əsrlərə aid saysız-hesabsız
abidələrin əksəriyyəti də göy rəngdə
olub. Yəni mavi rəng türk
xalqlarında simvolik məna daşıyır.
Qırmızı rəng - müasir cəmiyyət
qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, bir
sözlə müasirləşməni ifadə edir. Yaşıl rəng - islam sivilizasiyasına, islam dininə mənsubluğu
göstərir.
Bayrağın üzərindəki aypara və səkkizguşəli
ulduzun mənaları barədə müxtəlif fikirlər
var.
Tarixçi Cəbi Bəhramov deyir ki, bayrağın
üzərindəki aypara türk xalqlarının simvoludur. Səkkizguşəli
ulduzun mənasına gəlincə bu, Azərbaycan
sözünün əski əlifbada yazılışı ilə
bağlıdır. Belə ki, əski əlifbada
"Azərbaycan" sözü səkkiz hərflə
yazılırdı.
Tarixçi alim Cəmil Həsənli bildirib ki,
bayrağımızın üzərindəki ay-ulduz türk
simvolları sayılır. Qədim türk
mifologiyasına görə, ulduzların sayı həmin
xalqların taleyində mühüm rol oynayır. Ulduzlar səkkiz guşə şəklində
düzülüşü həmin xalqın taleyində
xoşbəxt hadisənin baş verdiyini əks etdirir".
Səkkizguşəli
ulduzun mənasını AMEA-nın dissertantı Akif Məmmədli
belə açıqlayıb: "Rəsulzadə dövlətin
ideologiyasını müəyyənləşdirərkən
8 prinsipə əsaslanıb: bunlar türkçülük,
islamçılıq, çağdaşlıq, dövlətçilik,
demokratiklik, bərabərlik, azərbaycançılıq və
mədəniyyətlilikdir".
Azərbaycan bayrağında ulduz Azərbaycan memarlıq
üslubunda geniş istifadə olunub və səkkiz guşə
səkkiz türk xalqının simvoludur.
Bayraq günü ilə bağlı ictimai-siyasi xadimlərin
də fikirlərini öyrəndik.
Hərbi
ekspert Cəsur Sümərinli deyir ki, həm millətin və
dövlətin vacib bir atributu olması baxımından, həm
də daşıdığı tarixi missiya baxımından
Azərbaycan bayrağı onun üçün çox əzizdir:
"Bu bayrağın üstündə əks olunanlar onu
insanlara daha da sevdirir. Bu bayraq həm tariximizi əks
etdirir, həm də gələcəyə yol göstərir.
Məncə hər bir azərbaycanlı dövlət
bayrağını həmişə uca tutmalı və onun
anlamını ürəyində daşımalıdır.
Bu tarixi missiyanı bir bayram gününə
sığışdırmaq mümkün deyil".
Yazıçı,
publisist Hafiz Mirzənin sözlərinə görə, ölkələr
və millətlər özünün yaratdığı
dövləti ilə zinətlənər: "Dövlət isə
özünün bir sıra atributları ilə seçilir, fərqlənir,
maddiləşir. Bu atributlardan ən birincisi,
dövlətin bayrağıdır. Azərbaycanın
üçrəngli bayrağı onun qürur mənbəyidir.
Heç də təsadüfi deyil ki, dövlət
başçısı seçilən şəxs Qurani-Kərimə
əl basıb and içir, sonra bayrağın
qarşısında diz çöküb onu öpür.
Bizim bayrağımızı şərafətli
edən həm də onun rəngləridir.
Türkçülüyü, müasirliyi və İslamı
ehtiva edən üç rəng, aypara və səkkiz guşəli
ulduz! Burada həm də bizim milli-mənəvi dəyərlərimizin
bir qismi ifadə olunub. Belə
bayrağın qarşısında baş əyməyə dəyər!"
Milli
Qurtuluş Partiyasının sədri Vüqar Bəyturan
bildirir ki, 9 noyabr bayraq günü hər bir türk millətçisi
üçün müqəddəs bir gündür:
"Bayraq müqəddəs simvoldur və bu yüksək səviyyədə
qeyd olunmalıdır. Qonşu dövlətlərdə
də bu cür təcrübələr var. Məsələn,
qardaş Türkiyədə bütün bayramlarda dövlət
müəssisələrindən, özəl müəssisə
və idarələrdən, hətta evlərdən belə
bayraqlar asılır. Hesab edirəm ki,
bağça mühitindən başlayaraq bayrağa sevgi və
sayğı hissini təbliğ etməliyik, gənc nəsil
bilməlidir ki, həmin bayraq necə çətinliklə
dalğalandırılıb. Bayrağımızda
türklüyün rəmzi göy, şəhidlərimizin
qanının simvolu kimi qəbul etməli olduğumuz
qırmızı rəng, yaşamın, təbiətin, həmişəyaşarlığın
rəmzi olan yaşıl rəng yaddaşlarımıza həkk
olunmalıdır. "Bayraqları bayraq
yapan üstündəki qandır!" və "Bir kərə
qalxan bayraq bir daha enməz!" devizləri üçrəngli
bayrağımızın bizlər üçün çox əhəmiyyətli
bir rəmz olduğunu bir daha təsdiqləyir. Qədim Türk babalarımız bayrağa səcdəgah
kimi təzim edər, onu hər şeydən müqəddəs
bilib, uğrunda canlarını sevə-sevə fəda edərdilər.
Bayraq günü münasibətilə
bütün Azərbaycan türklərini təbrik edirəm,
arzu edirəm ki, işğal altında olan bütün
hüquqi və tarixi ərazilərimizdə bu bayrağı
göylərə qaldıra bilək".
"Türküstan"
qəzetinin baş redaktoru Aqil Camalın sözlərinə
görə, vaxtilə Bayraq gününün bayram kimi qeyd
olunması ilə bağlı "Türküstan" qəzeti
bir neçə dəfə təşəbbüslə
çıxış ediblər: "Sonradan bunun
reallaşması bizi çox sevindirdi. Bununla belə
qeyd etmək istəyirəm ki, Azərbaycanda bayraq
anlayışına yüksək münasibəti sərgiləyə
bilmirik. 9 noyabrda Bayraq günü olacaq.
Xalqımız bu bayramı necə qeyd edəcək?
Bir gün evdə istirahət etməkləmi?
Məsələn, kimlər evinin
qarşısından, balkonundan və ya pəncərəsindən
bayraq asacaq? Çox yaxşı olardı
belə bir ənənənin əsasını qoyaq. Bir də çox arzulayardım ki, Bayraq
gününü keçiririksə o bayrağın
daşıdığı mənaların hər biri Azərbaycan
cəmiyətində sözün həqiqi mənasında
öz yerini tapsın. Doğru
türkçülük, həqiqi çağdaşlıq,
gerçək İslam".
"Kaspi"
qəzetinin baş redaktor müavini İlham Quliyevin sözlərinə
görə, bayraq hamımızın qurur mənbəyidir:
"Mən Bayraq gününü Müstəqillik
gününə bərabər tuturam. Dövlətimizin
ən dəyərli bayramlarından biridir. Bəlkə də iştirakçısı
olduğumuz bəzi proseslərin dəyərini lazımı qədər
qiymətləndirə bilmirik. Amma vaxt gələcək
Azərbaycanın son 20 ildə keçdiyi yol geniş
müzakirə mövzusu olacaq. Bu
müzakirələr zamanı müstəqil Azərbaycanda
dövlət atributlarına hörmətin və ehtiramın
formalaşdırılması üçün atılan
addımlar xüsusi qeyd ediləcək".
ucnoqta.az
saytının redaktoru Elməddin Muradlı deyir ki, belə bir
günün qeyd olunması yaxşı haldır və ən
azı bayrağa hörmətimizin ifadəsidir: "Amma məncə,
bu bayramla bağlı təbliğat zəifdir,
çoxlarının bu bayramdan xəbəri yoxdur. Bir çoxları isə Bayraq günün qeyd etsə
də nə bayraqdan xəbəri var, nə rənglərini
bilir, nə də bayrağın rəmzlərindən xəbəri
var. Təəəssüf ki, belələri çoxdur".
Ümid
Partiyası sədrinin müavini Razi Abbasbəyli deyir ki, bu,
çox dəyərli bir gündür: "Hesab edirəm ki,
bu Azərbaycan prezidentinin dövlət bayrağına olan
böyük sayğısının bir nəticəsdir. Ölkədə dövlət bayrağının
sevilməsi, onun qorunması məsələsində təbliğat
kifayət qədər vacib olan işdir. Bu
baxımdan da prezident İlham Əliyevin bir neçə ildir
ki dövlət bayrağı ilə bağlı göstərdiyi
təşəbbüsləri alqışlamaq
lazımdır".
"Həftə
içi" qəzetinin parlament müxbiri Hahid
Canbaxışlının sözlərinə görə,
türkçülüyü, müasirliyi və İslamı
özündə birləşdirən
bayrağımızın Vətən göylərində
dalğalanması bir xalqın azadlıq və müstəqillik
mücadiləsinin simvoludur: "70 il bu bayrağın
dalğalanmasına həsrət qaldıq. Məmmədəmin
Rəsulzadə və onun fədakar mücadilə yoldaşlarının
sayəsində azad olan Azərbaycanımız məhz bu
bayraqla adını tarixə Demokratik Cumhuriyyət olaraq
yazdı. "Səndən ötrü qan
verməyə cümlə hazırız, Səndən
ötrü can verməyə cümlə qadiriz. Üç rəngli bayrağınla məsud
yaşa" misralarında dahi Əhməd Cavad bayraq və
millət zaqqında hər bir insanımızın
düşüncəsini ifadə edib. Bizə
qalan Əhməd Cavad ruhundan axıb gələn bu müqəddəs
fikirləri qəlbimizdə daha da rövnəqləndirmək
və bu bayrağı Qarabağa sancmaqdır. Bayramınız mübarək, bayramımız
mübarək".
Vətəndaş Həmrəyliyi Siyasi
Şurasının üzvü Samir Əsədli də bildirir
ki, bayraq millətin və dövlətin simasıdır, şərəfidir,
o şərəfi hər zaman uca tutmaq lazımıdır.
Səlcuq
Xalq Cəbhəsi.-
2011.- 5 noyabr.- S.4.