"Şeir ovqat məsələsidir"
Cəlil Cavanşir:
"Həyatı yazmağa, həyatın
alt qatlarını önə
çıxarmağa çalışıram"
Müsahibimiz şair, tərcüməçi Cəlil Cavanşirdir.
-Həm şeir, həm roman, həm tərcümələr: Yorulmursan ki?
- Hələ yorulmaq tezdir. Vaxtımı düzgün bölüb bütün bunları çatdıra bilirəm. Üstəlik oğluma, valideynlərimə, dostlarıma da vaxt ayıra bilirəm. Dostlarımın bəzisi incik qalsa da, böyük bir qisminin könlünü almağa vaxt tapıram. Yazı üçün ayırdığım vaxtı düzgün bölürəm. Mənə elə gəlir ki, daha yaxşı bölgü aparsam, daha məhsuldar işləyə bilərəm.
Şeir ovqat məsələsidir. Heç vaxt şeir yazmaq üçün bilgisayarı işə salmıram. Əgər şeir havası yaranırsa, yazıram. Amma roman üzərində işləyəndə xeyli mütaliə eləyib, hazırlaşıram. Çapa hazır olan romanım tarixi olduğu üçün, xeyli tarixi romanlar, tarixi məlumatlar oxumuşam. Tərcüməylə məşğul olanda isə daha çox əziyyət çəkirəm. Masamın üstündə lüğətlər, kitablar, siqaret qutuları bir-birinə qarışır. Eyni zamanda gümrah olmaq üçün enerji artıran içkilər içirəm. Kofeni isə heç əskik eləmirəm.
- "Underground" ədəbiyyat nədir? Onun Azərbaycanda yayıla bilmə ehtimalı nə qədərdir? Niyə bizdə postmodern ədəbiyyatla "underground" edebiyyatını qarışdırırlar?
- "Underground" ədəbiyyatı XIX əsrin sonlarından etibarən dilin mövcud imkanlarına qarşı yaranan bir cərəyandır. Dili olduqca sərt, tənqidlə təhqirin, xəyalla gerçəyin ən incə sərhədlərində olan ədəbiyyatdır. Seks, narkotik, alkoqolizm və söyüşün daha qabarıq yazıldığı bir ədəbiyyatdır. Kökləri Markiz de Sada qədər gedir. Sadizmin yaradıcılarından olan Markiz de Sadın əsərlərini də "underground ədəbiyyatı"nın nümunəsi saymaq olar. Erotika və işgəncə ilə bağlı əsərlərinə görə həbs olunan Markiz de Sad bu sahədə digər yazarlara istiqamət verib. "Underground" ədəbiyyat bir çox ədəbi cərəyanı özündə birləşdirdiyi üçün onu posmodernizmdən kənar düşünmək olmaz. Əslində bizdə "underground" ədəbiyyat sayıla biləcək əsərlər həm də postmodern əsərlərdir. Mənim "underground" ədəbiyyatının ən çox sevdiyim nümayəndəsi Bukovskidir. Mən özümü tam olaraq bu cəryanın nümayəndəsi hesab etmirəm. Ancaq müəyyən bir dövr üçün bu ədəbiyyatın populyarlaşması qaçınılmazdır. Bu təxminən 10-15 il davam edəcək. Böyük ehtimalla mən də bu sahədə çalışacağam. Ancaq bütün yazdıqlarım "underground" ədəbiyyat olmayacaq.
- Azərbaycan ədəbiyyatında modernizm yaşandımı ki, bizim bəzi yazarlarımız özlərini postmodernist adlandırırlar?
- Hər halda ədəbiyyatımızda bu mərhələnin də müəyyən yelləri əsib. Ancaq mən düşünmürəm ki, biz mütləq modernzmdən postmodernzmə keçməliyik. Ədəbiyyat hansısa cəryanlardan asılı deyil. Bizim qiymətli dostlarımız, qələm dostlarımız da hansı cərəyana aid olduqlarını yəqin ki, düzgün müəyyənləşdirəcəklər. Mən modernizmi bir yazarın keçməli olduğu mərhələ saymıram. Ümumi mənada ədəbiyyat bu yolu keçibsə, postmodernzmə keçid və iddia çox normaldır.
- Bir nasirin fantaziyası, illüziyası ilə bir tərcüməçinin dəqiqliyi arasında fərqlər nələrdir? O cizgini necə ayırd edə bilirsən?
- Bir nasir kimi fantaziya və illuiziyadan çox az yararlanıram. Həyatı, həyatın alt qatlarını yazmağa çalışıram. Hasir kimi yazdıqlarımda əsas qəhraman özüməm. Bütün mənfi və müsbət qəhrəmanlarımda özümdən nə isə var. Ancaq təxəyyül, fantaziya da öz yerindədir. Tərcüməçilik isə başqa sahədir. Mən mətni həzm etməmiş, özümünküləşdirməmiş tərcümə eləmirəm. Hərdən tələsdiyim məqamlar da olur. Ancaq tərcümə ağır işdir və səbr istəyir.
- "Şirvanşahların sonuncu varisi" romanın bu yaxınlarda işıq üzü görəcək. Kitabın maraqlı adı var... Hiyə məhz sonuncu varis?
- Bu roman Oğuz rayonun Xaçmaz kəndində yaşayan Şirvanşah İbrahimin varislərinin nəsil şəcərəsinə işıq tutan bir əsərdir. Kitabın naşiri Şahbaz Xuduoğlu təklif etdi ki, əsərin adı "Şirvanşahların varisi" olsun. Romanda Azərbaycan tarixində önəmli yer tutan Şirvanşahlar dövlətinə uzun müddət hökmdarlıq edən Dərbəndilər sülaləsindən və onların Xaçmaz mahalında (indiki Oğuz rayonunun Xaçmaz kəndində) yaşayan varislərindən danışılır. Real tarixi şəxsiyyətlərlə yanaşı, kitabda təxəyyül məhsulu olan qəhrəmanlardan, tarixin müəyyən dönəmində Azərbaycan tarixində izi olan hökmdarlardan və elm adamlarından söhbət açılır. Şirvanşah İbrahim, Əmir Teymur, Miranşah, Şeyx Cüneyd, Şeyx Heydər, Nadir Şah, Hacı Çələbi xan, Pənahəli xan Cavanşir və digər tarixi şəxsiyyətlər, eyni zamanda böyük xəlvəti şeyxi Seyid Yəhya Bakuvi və onun mürşidi Şeyx Sədrəddin əsərin əsas qəhrəmanlarıdır. Şeyx Sədrəddinin prototipi əsərdə Ərən adlanır və bu da təsadüfi deyil.
- Bu yaxınlarda "Totem və tabu" əsərini tərcümə edib bitirmisən. Dünya filosoflarının əsərləri dilimizə tərcümə olunsa, Azərbaycanda fəlsəfi fikir məktəbləri formalaşa biləcəkmi?
- Ziqmund Freyd psixoanalizin banilərindəndir və "Totem və tabu" əsəri onun çox ciddi əsərlərindən biridir. Məncə, fəlsəfi fikir məktəblərinin formalaşması təkcə dünya fikir adamlarının tərcümə olunması ilə mümkün deyil. Bunun üçün tarixi şərait yaranmalıdır.
- Cəlil Cavanşir necə fikirləşir, şeir bitdimi? Yoxsa, sən də şeirin satılmadığı qənaətində olanlardansan?
- Şeir bitməyib,
ancaq satılmır. Mən sizə
sual verim. Axırıncı dəfə hansı
şeir kitabını
almısan? Şeir hər
zaman ovqata bağlı və estetik məsələdir.
Ona görə də, şeir heç zaman bitməyəcək.
Hacımusalı Oktay
Xalq Cəbhəsi.-
2011.- 15 noyabr.- S.14.