Cəmiyyətdə geyim faktoru

 

 "Yeniyetmə və gənclərin zövqlərinin formalaşmasında sosial amillərin rolu böyükdür"

 

"Səhərdən axşama kimi səviyyəsiz teleoyunlar, ulduz yarışlarını izləyən yeniyetmədən yüksək zövq gözləmək ağılsızlıqdır"

 

Bu gün dünyada baş verən dəyişiklərə ən tez reaksiya verən gənclərdir. Dövlət Statistika Komitəsinin 2010-cu ilə olan hesabatına əsasən, Azərbaycan əhalisinin 2,8 milyon nəfəri, yaxud 31 faizi 14-29 yaşında olan gənclərdir. Azərbaycanın ictimai həyatında da gənclərin rolu getdikcə artır. Bu gün hər bir sahədə gənclərin ideyalarından istifadə olunur. Bəs gənclərin bu günkü tərzləri, zövqləri hamını razı salırmı? Bu dəfə gənclərin zövqlərinin formalaşmasında nələrin mühüm rol oynadığından, əsas təsir vasitəsi olmasından danışacağıq.

 

Gənclər özlərini serial qəhramanlarına oxşadır...

 

Onların bəziləri özlərini türk seriallarındakı qəhrəmanlara oxşadırlar, sifət cizgilərini, geyimlərini, saç düzümlərini, makiyajını, hərəkətlərini yamsılayırlar. Bir vaxtlar yerli telekanalların birində "Kaybolan yıllar" serialı göstərilirdi. Nədənsə, çoxları serialın baş qəhrəmanı Əsmərə bənzəyirdilər. Onun kimi qara köynək geyinir, qaşlarını çatır və ya sərt baxışlarla ətrafa boylanırlar.

Məşhur teleserial "Kurtlar vadisi- Pusu" qəhrəmanlarına isə özünü oxşadanlar getdikcə çoxalır. Hətta serialdakı hadisələri realda həyata keçirənlər də tapıldı. Onlar özlərini "qoçu" hiss edib, qrup şəklində kimlərisə cəzalandırır, soyğunçuluğa əl atırdılar. Kinodan fərqli olaraq onları dəmir barmaqlıqlarla "mükafatlandırdılar". Xanımlarımızın baş çalmalarından kütləvi şəkildə istifadə etməsinin əsas səbəbi "Klon" serialı oldu. Gəncindən tutmuş yaşlısına kimi müxtəlif rəngli yaylıqlar örtür, özlərini Zorayda, Hadi, Lətifə və s. personajlara oxşatmağa çalışırdılar. Təbii ki, hər bir insan zövqlə geyinməli, dəblə ayaqlaşmalıdır, amma burda bir məsələ var ki, gənclərin çoxu uşaqlıqdan özlərini kimlərəsə oxşadaraq böyüyürlər. Bunlar serial qəhrəmanları, kino, pop ulduzları, müğənnilər və sairlərdir. Yeniyetmə, həyatı dərk etməyə başladığı andan özü kimi formalaşa bilmir. Real həyatdan uzaq kino həyatı, ekran həyatını yaşamağa çalışır. Bütün bunlar insanın cəmiyyətdə bir şəxsiyyət kimi formalaşmasına təsir göstərir.

 

Özünü dərk edə bilməyən yeniyetmə

 

Psixologiya elmləri namizədi Elnarə Əhmədova zövqün formalaşmasına təsir edən amilləri sadalayır: "Yeniyetmə və gənclərin zövqlərinin formalaşmasında sosial amillərin rolu böyükdür. Ailə də müəyyən qədər rol oynayır, amma ailə kiçik çərçivədədir. Sosial keyfiyyətlərin formalaşmasında texniki vasitələrin təsirləri daha çoxdur. Belə ki, yeniyetmələr mədəni-kütləvi informasiyalar vasitəsilə dünyada baş verən hadisələrə, televiziya verilişlərinə (şou proqramlar, seriallars.) baxırlar. Belə hallarda aldıqları informasiya onların formalaşması işində mühüm rol oynayır. İstər-istəməz yeniyetmələr təsirlərə çox tez məruz qalırlar. Çünki yeniyetmələr sensitiv (həssas) yaş dövründə olurlar. Özünüdərk edə bilməyən yeniyetmə özünü hərəkətlərilə, geyimlərilə təsdiqlətdirməyə çalışır. Gənc qız "Mən böyümüşəm"i necə göstərə bilər? Öz geyimlərilə".

Bəzən kütləvi informasiyalar əxlaq normalara, etik qaydalara zidd olur. Bu cür hallar da yeniyetmə və gənclərin zövqlərinin formalaşmasına müəyyən təsirini göstərir. Çünki onlar kütləvi məlumat və dəbə bəzən kor-koranə meyl göstərir və onun təsirinə asanlıqla düşürlər". Mütəxəssisin fikrincə, dəb, moda əsiri olmaq tərbiyə işinə əngəl yaradır: "Gənc oğlan və qızlar özlərinə həddən artıq aludə olurlar, zahiri gözəlliyini qiymətləndirirlər, daha çox dəb arxasınca gedirlər. Hətta onlar da kiçik bir qüsur olduqda bundan çox narahat olub bunu fizioqnomik maskalardan istifadə etməklə ört-basdır etməyə çalışırlar".

 

"Zövqlərə hörmət göstərilməlidir"

 

Uzun müddət Türkiyədə yaşamış Mürsəl adlı gəncin fikrincə, zövqünolduğunu başa düşə bilməyən insanlarsosial toplumun yaşam qaydaları korlayır: "İnsanların yaşam zövqlərinin formalaşmasında o toplumun musiqi, geyim, yemək coğrafiyası çox önəmli yer tutur. İnsanların çox qəribə və saçma zövqləri ola bilər. Bunlar normaldır, o insana soruşsan, belə daha xoşbəxt olduğunu deyər".

Apardığımız sorğunun nəticəsinə görə, gənclərin zövqlərini birinci növbədə Azərbaycan telekanallarında gedən verilişlər korlayır. Onların fikrincə, mənasız və yersiz proqramlar gəncliyi tamam başqa istiqamətə yönləndirir. Lalə Mehralı deyir ki, ölkə telekanallarına baxan istənilən gəncin zövqü korlanır: "Səhərdən axşama kimi səviyyəsiz teleoyunlar, ulduz yarışları, kimlərinsə şəxsi həyatını izləyən yeniyetmədən yüksək zövq gözləmək də ağılsızlıqdır. Heç milli mahnılara, sənətkarlara maraq bu qədər çox deyil. İnternetə bir çox gənc əyləncə kimi baxır, yalnız porno saytlarda, MP3, tanışlıq, çatlaşma saytlarında veyillənirlər. Bu da zövqləri korlayır".

Gənc olmasına baxmayaraq, Aynur Səlimova özü gənclərin zövqünü bəyənmir: "Çox açıq-saçıqlığa yol verirlər. Xarici seriallara baxırlar, nə görürlərsə dəb olduğunu düşünürlər. Var yaraşan, var yaraşmayan. Amma hamı geyinir. Gənclər öz geyimləri ilə səhnə adamlarını geridə qoyublar".

 

"Mən fərqli görünməliyəm"

 

Yenicə "Emo" adlı qrupa qoşulan 16 yaşlı Ayka zövqündən tam razıdır: "Ətrafımdakılar da mənim kimi geyinirlər. Çəhrayı rənglərdən, qara dırnaq boyası, karandaşdodaq boyalarından çox yararlanırlar. Biz həmişə seçilməyi qarşımıza məqsəd qoymuşuq. Bizim öz dünyamız var. Başqaları bizi anlaya bilməz".

Fiko ləqəbli gənc saçlarını qəribə formada darayır. Qəribə tör-tüküntülü paltarlara üstünlük verir. Səbəbini soruşduqda isə belə deyir: "Bu, dəbdir. Mən düşünürəm ki, moda ilə ayaqlaşmalıyam. Həmişə digər insanlardan seçilməliyəm. Axı biz birinci və fərqli olmağı qarşımıza məqsəd qoymuşuq". Təbii ki, geyim seçimi sərbəstdir. Amma burda bir məsələ var. Gənc geyimini şüurlu şəkildə öz stilinə uyğun seçir, yoxsa kimlərəsə bənzəmək istəyir?

Mütəxəssis Elnarə Əhmədovanın fikrincə, geyim insanı müəyyən qədər formalaşdırır, təsəvvür yaradır. "Belə bir məsəl var. "Geyiminə görə qarşılayırıq, ağlına görə yola salırıq". Nə qədər də cəmiyyətin üzərinə atsaq da, hər bir insan eyni dəbi müxtəlif formada qəbul edir, buna xarakterləri də təsir göstərir. İsterik tip insanlar həmişə diqqət mərkəzində olmağı sevirlər. Al-əlvan gözəçarpan rənglərdən daha çox üstünlük verirlər. Nəyin bahasına olursa olsun, diqqət mərkəzində qalmağa çalışırlar. Onlar geyimlərindən başqa danışıq tərzlərilə də seçilirlər, ucadan danışırlar. Gülüşləri fərqli olur, qəh-qəhə ilə gülürlər. Bu onların artıq xarakteridir". Böyüklər onun böyüdüyünü qəbul etmir, yeniyetmə də uşaqlarla oynamaq istəmir. Nəticədə uşaq qruplara qoşulur...

Psixologiyaya əsasən yeniyetmələr daha çoxtez təsir altına düşürlər. Bəziləri satanist, ateist, dionist olur, dinlərini dəyişir, antisosial qruplara qoşulur. Elnarə xanım gənclərin hər şeyə tez maraq göstərməsini belə açıqlayır: "Böyüklər onun böyüdüyünü qəbul etmir. Yeniyətmə uşaqlarla oynamaq istəmir. Yeniyetmə artıq müstəqil olmaq istəyir. Valideyn isə ona bu müstəqilliyi vermək istəmir. Azadlığı ona kim verirsə, ona tərəf gedir. Bu zaman gənc antisosial qruplara qoşulur. Orda onların fikirləri nəzərə alınır, sonra özləri üçün istifadə edilir. Onu da demək lazımdır ki, bu qruplar gənclərin hər birinə təsir göstərə bilmir. Nəyə görə narkomanların böyük bir hissəsi yeniyetmələrdir? "Sən müstəqilsən", "Sən böyümüsən, öz fikirlərini müstəqil bildirə bilərsən". Yeniyetmə o şəraitə tez alüdə olur".

 

İnternet bütün çərçivələri dağıdır

 

Ümumiyyətlə, hər bir geyim insanın xarakteri haqqında müəyyən məlumat verir. İnsanın burda temperamenti, xarakteri, dünya görüşü, maraqları, əqidəsi müəyyən rol oynayır. Mütəxəssis vurğulayır ki, zövqün formalaşmasında yalnız ailə ilə kifayətlənmək olmaz, ailə mikro mühitdir, əsas rolu cəmiyyət oynayır: "Ailə rol oynayır, amma gənc, yeniyetmə cəmiyyətə çıxanda onun gözünü bağlamaq olmaz ki? Ailədə qədər deyilsə bu formada olmaz, yeniyətmə cəmiyyətə çıxıb, bu cür geyimləri görürsə mütləq onun təsiri altına düşəcək. Bəzi yeniyetmələrin valideyni bəzi geyimləri qoymur geyinsin. Amma övlad onun xəbəri olmadan geyinir. Hazırda internet var, əvvəllər müəyyən bir çərçivə, sədd vardı. Hətta televiziya işçiləri belə senzuradan keçirdilər". İnsanın zövqünün formalaşmasına peşəsi, işlədiyi məkan da təsir göstərir. İstəsə , istəməsə peşəsinə uyğun geyinməli olur. Müəyyən qədər xarakter buna təsir göstərir. Məsələn, ofis işçiləri rəhbərliyin qoyduğu kriteriyalarda geyinməyə məcburdurlar. Pedoqoqlar işdə ciddi geyinməlidirlər s.

 

Onların əsas məqsədi böyük görünməkdir

 

Psixoloqların fikrincə, yeniyetmələr belə fikirləşirlər ki, zahirən yaşlılara oxşasalar bütün üstünlüklərə yiyələnəcəklər. Yeniyetmələr yaşlı kişi ya qadının xarici əlamətlərini mənimsəməklə hər kəsə öz böyüdüklərini göstərmək istəyirlər. Qızlar saçlarını cürbəcür formaya salır, dikdaban ayaqqabılar geyir, bəzək əşyalarından yararlanırlar. Həddindən artıq dəb aludəçisi olurlar. Kosmetikaya üstünlük verən yeniyetmə qızlar özlərini daha yaşlı qadınlar kimi təqdim edirlər. Kiçik yeniyetmə oğlanlar arasında elələrinə rast gəlmək olur ki, onlar özlərini yaşlılara bənzətməyə çalışırlar. Saçlarını uzadırlar, ədalarında kimisə yamsılayırlar serial qəhrəmanlarına bənzəməyə çalışırlar. Mütəxəssisin fikrincə, bütün bunları etməkdə əsas məqsədləri özünü yoldaşları yaşlı adamların yanında böyük göstərməkləridir.

Ümumiyyətlə, gözünü dünyaya açan uşaq hər şeyi ətrafdan görüb-götürərək öyrənir: onun ailəsi, ətrafı, yaşadığı mühit s. Bunların hər biri gələcəyin şəxsiyyətinin yetişməsində öz sözünü deyir. Ona görə , övladının savadlı tərbiyəli olmağını istəyən hər bir valideyn onun yaşadığı mühitə diqqət yetirməlidir.

 

 

Oktay Hacımusalı 

 

Xalq Cəbhəsi.- 2011.- 16 noyabr.- S.12.