Dil- ulusallığın əsas cəhətidir
Milləti millət edən ülvi, müqəddəs təsdiqlər var. Milli dəyər - millətin mənəvi-əxlaqi, idraki və bədii səviyyəsinin ifadəsi olub, xalq həyatının, mədəniyyətinin bütün sahələri haqqında sistemli fikirlərin məcmusu, həmin fikirlərin ali mahiyyətidir. Millət əbədi hadisədir. Millətin təməlini yetkin fərdlər təşkil edir.
Dəyər xalqın mənəviyyatında, həyatında, yaşamında, tarixində, mədəniyyətində, elmində yüzillərdən bəri yaranan, bərkiyən, yetişən, ulusun varlığını hər an izləyən, onu böyüdən uca olayların məğzi, canı, qanı, cövhəridir. Dəyərin yaradıcısı fərddir, bütövlükdə isə xalqdır. Dəyəri ayrı-ayrı fərdlər yaratsa da, dəyərlər fərdi olaraq qalmır, ulusallaşır. Ulus dəyəri mənimsədikdən sonra ona yeni düzəlişlər edir, cilalayır. Bütün bəşəri dəyərlərin əsasında hansısa ulusların yaradıcılığı, əməyi dayanır. Dəyər o zaman ümumbəşəri olur ki, o, ilk növbədə xəlqi olur. Bir az da aydınlaşdırsaq, əslində xəlqi olan insanidir. Ümumbəşəri dəyərlərin yiyəsi əslində ayrı-ayrı uluslardır: biri dünyaya filosoflar, biri alimlər, biri sərkərdələr, biri şairlər, biri rəssamlar, biri bəstəkarlar verib. Biri təkəri, biri kağızı, biri maşını, biri televizoru, biri bilgisayarı yaradıb. Ancaq bəşər daha çox mənəvi dəyərlərin acı olub. Nədənsə, həmişə bəşərin maddi aclığından danışılıb, mənəvi aclıqdan söz açılmayıb. İnsanlar hər an nəsə, hansısa maddi dəyərləri yarada, qura bilir. Ancaq mənəvi dəyərləri hər an yaratmaq olmur. Ona görə də insanların minillərin o tayındakı mənəvi dəyərlərdən bərk-bərk yapışmaları, onlardan yararlanmaları başadüşüləndir. İnsan anlayır ki, mənəvi dəyərlərsiz yaşaya, bir addım ata bilməz.
Bəşərin ən böyük dəyəri insandır. Bəşəri bənzərsizliyin, müxtəlifliyin uca dəyərlərindən birincisi isə xalqdır. Üç başlıca cəhət xalq olmanın göstəricisidir: dil birliyi, ərazi birliyi və tarixi tale birliyi.
Dil - ulusallığın əsas cəhətidir. Torpaqsız, dövlətsiz, başqa dəyərlərsiz ulusun olduğuna inanmaq olar, ancaq dili olmayan, özgə dildə danışaraq özünü ulus adlandıran toplumun varlığına inanmaq olmaz. Dil ulusun özünüifadə biçimi, varlığı, canı, qanı, ruhudur. Bütün dəyərlərin itkisindən sonra başlayır dilin ölümü. Ulusun bütün keçmişinə şahid olan da, yadı doğmadan ayıran da, dəyərləri bizə sevdirən, onlara yiyə durmağa çağıran, yaşadan, özüylə birgə gələcəyə aparan dildir.
Qəhrəmandır dilimiz, ona görə ki, tariximizin özümüzdən ayrılan, ruhumuza özgələşdiyimiz çağlarımızda belə zamandan üstünlüyünü qoruyub saxlayıb. Ancaq təəssüf ki, bu gün də dilimizin qarşısında duran təhlükələr, maneələr kifayət qədərdir...
Sovet dövründə
Azərbaycanda rus dili meydan sulayırdı. Hazırda ingilis
dili yurdumuzda bu üstünlüyü ələ alıb. Çox dil bilmək, başqa xalqlar, dövlətlərlə ünsiyyət
qurmaq yaxşı cəhətdir, ancaq bu, doğma dilimizin zəifləməsi,
mövqeyini itirməsi
bahasına olmamalıdır.
Birdəfəlik bilməliyik ki,
dilimiz ruhumuzdan ən kamil, qeyri-adi soraqdır. Əslində öz millətinə,
dilinə yaramayan başqalarına da yaramayacaq.
Dil bütün
ulusu birləşdirən
və ulusun mahiyyətini ifadə edən uca, müqəddəs dəyərdir. Dilin itdiyi,
sıradan çıxdığı
gün ulus yoxdur. Ona görə də
həmişə böyük
imperiyalar yumruğunun
altında saxladıqları
ulusları ancaq dilsizləşdirməklə yox
edə biliblər.
Əgər dil bütöv
bir ulusu birləşdirirsə, insanlıq
bütöv bəşəriyyəti
birləşdirir.
Dil ruhaniliyin
(insaniliyin) ifadəsidir,
bu səbəbdən də o, zamandan, gerçəklikdən, quruluşdan
üstündür. Əgər dil
ictimai hadisə olsaydı, çoxsaylı
quruluşlarla birgə
ölüb gedərdi.
Hər bir xalq öz
adıyla bağlı
olan dilin yaradıcısı, yaşadıcısı,
qoruyucusudur. Sovet dönəmində
yazarların dillə bağlı məsuliyyəti
indikindən çox idi. Məncə, sovet dönəmi
ədəbiyyatımız üçün
poeziyada Səməd Vurğunun, nəsrdə isə Mövlud Süleymanlının dili
örnək sayıla
bilər. Ancaq əsərin
dilinin gözəl, axıcı olması da problemin çözümü
deyil. Çünki əsər daha
çox məzmunla yadda qalır.
Yazar xalqını
təmənnasız sevdiyi,
ona ruhən qovuşduğu dərəcədə
gözəl əsərlər
yarada bilər. Yazar ruhlu,
inamlıdırsa, əsəri
də gözəl olacaq.
Yazıçının yaradıcı müstəqilliyi
mənsub olduğu xalqdan asılı olmalı, o, xalq qarşısında məsuliyyətini
unutmamalıdır.
Yazarlarımız bacardıqca ana dilimizdə yeni sözlər yaratmalıdırlar. Öz dilinin
təəssübünü çəkməyən yazıçı
mahiyyətcə antimillidir.
Özünü Azərbaycan yazıçısı,
şairi sayanlar türkcəmizi incəliklərinə
kimi bilməlidirlər. Bunun bir
yolu da folklora
dərindən yiyələnməkdir.
Çünki xalqın folklor
dili qədər duru, anlaşıqlı dili yoxdur.
Milli dəyər
ölçüsü olmayan,
həmin dəyər əsasında yaşamayan
yaradıcının əsəri
də milliliyə qarşı çevrilir.
Yazıçı xalqının adından danışdığına, yazdığına
əmin olmalıdır. Yazıçı ilə xalq bir-birinə
mənsub olmalıdır.
Yaradıcılığıyla bir millətə, milli mənsubiyyəti ilə başqa bir millətə məxsus olmaq özümlüyü, müəyyənliyi
itirməkdir, öz millətini şübhə
altında qoymaqdır.
Yazıçının dili onun mənsub
olduğu millətin dili olmalıdır.
Hər kəsin ana dili (buna "doğma dil", "milli dil" də deyə bilərik) - mənsub olduğu millətin dilidir.
Mənsub olduğu millətin dilindən başqa insanın düşündüyü,
daxili nitqini qurduğu, ünsiyyət yaratdığı dili - ana dili saymaq
yanlışdır. Dünyada ana
dilinə belə yanaşanlar da çoxalmaqdadır.
Belə
olduqda qəribə
durum yaranır: əgər
bir adam
üç-beş dil
bilirsə və indiki işgüzar dünyada hamısını
eyni səviyyədə
işlədirsə, onda
həmin şəxsin
üç-beş ana
dili olduğunu qəbul etməliyik.
Ana dili isə birdir. Çünki adamın bir
anası (atası, milləti) olur. Ana dili - milli
dildir, şəxsin mənsub olduğu millətin dilidir. Gələcəkdə yığcam janrlara
gərəklik artacaq.
Yığcamlıq, mənalılıq, özünəməxsusluq yaradıcılığın
başlıca yönü
olmalıdır. Dilin və
əsərin gözəlliyi
yazarın ruhunun gözəliyindən, gücündən
asılıdır. Çağdaş dönəmdə yazarlarımızın
yaradıcılıqda müəyyən
axtarışları olsa
da, ancaq oturuşmuş fərdi üslublar demək olar, yoxdur. Çünki indi hamı
dünyaya bənzəmək
istəyir. Fərdilik isə
özünə bənzəməkdir.
Bu gün Güney
Azərbaycanda 35 milyon
soydaşımızın ana
dili uğrunda apardığı mübarizə
mahiyyətcə azadlıq
uğrunda mübarizədir. Dillə bağlı
çabalar milyonlarla soydaşımızın möhtəşəm
xalq olaraq varlığını yenidən,
yaşarı səviyyədə
təsdiq edəcək.
Uğur
Xalq Cəbhəsi.- 2011.- 18 noyabr.-
S.15.