"Borçalı-Qarapapaq
folkloru"
"Gürcüstanda Türk-Azərbaycan
folkloru ənənələrinin kökləri qədim və
çoxşaxəlidir"
AMEA
Folklor İnstitutunun "Azərbaycan Folkloru
antologiyası"nın 22-ci kitabı
"Borçalı-Qarapapaq folkloru" adlanır. Zəngin
folklor materiallarının toplandığı antologiya
"Mövsüm və mərasim nəğmələri"
ilə açılır. Habelə kitabda "Miflər və
əfsanələr", "İnanclar-inamlar", "Atalar
sözü, məsəllər və deyimlər", "Rəvayətlər",
"Alqışlar", "Qarğışlar", "
Elat dodaqqaçdılar", "Andlar", "Hədə-qorxular",
"Hağıllar", "Tapmacalar",
"Bayatılar", "Aşıq rəvayətləri",
"Dastanlar", "Uşaq folkloru", "Tərtibdə
istifadə olunmuş qaynaqlar" bölümləri yer
alıb.
Kitaba
araşdırmaçı Valeh Hacılar
"Borçalı-Qarapapaq folklorunun təməl özəllikləri"
adlı geniş bir ön söz yazıb: "Türklər
çoxəsrlik tarixləri boyu özlərinin zəngin mənəvi-mədəni
sərvətlərini yaradıblar. Bu sərvətlər
arasında qədimliyi, özünəməxsusluğu və
təkrarsızlığı ilə seçilən şifahi
ədəbiyyat nümunələri xüsusi yer tutur. Milli folklorumuzun zəngin və çoxşaxəli
bir qolu da Gürcüstanda yaranıb, inkişaf etdirilib və
təbliğ olunub. Bunu ilk növbədə
ta qədimlərdən bu ərazidə məskunlaşmış
yerli Azərbaycan türklərinin
yaradıcılığı ilə əlaqələndirmək
lazımdır. Bu bölgədən
toplanmış folklor örnəklərində müxtəlif
ictimai formasiyaları, ayrı-ayrı tarixi dövrləri səciyyələndirən
xüsusiyyətlərə rast gəlinir. Ancaq
Gürcüstanda türkdilli xalq ədəbiyyatının
inkişafını təkcə Borçalı-Qarayazı
folkloru ilə, başqa sözlə, etnik ərazi folkloru ilə
məhdudlaşdırmaq olmaz. Türk-Azərbaycan
şifahi ədəbiyyatı müxtəlif millətlərin
yaşadığı cənub-qərbi Gürcüstanda
(Ahısqa-Axalkələkdə), Trialetdə
(Zalqa-Barmaqsızda) və qədim Tiflisin özündə də
geniş şöhrət qazanıb. Xalq ədəbiyyatımızın
ayrı-ayrı janrlarına aid nümunələr tarixən
bu ərazilərdə də yaranıb inkişaf edib.
XIX yüzildə Tiflisin Qafqazın mədəni mərkəzi
rolunu oynaması və bu şəhərdə poliqrafiya
işlərinin sürətli inkişafı Gürcüstanda
yaşayan müxtəlif millətlər arasında məşhur
olan Türk-Azərbaycan folkloru nümunələrinin rus və
gürcü dillərində çapına geniş imkanlar
açıb".
Araşdırmaçı
deyir ki, dastan, nağıl, əfsanə, lətifə və rəvayətlərimiz,
atalar sözü, mahnı və bayatılarımız rus və
gürcü dillərinə tərcümə olunaraq ilk dəfə
burada çap olunub: "Bu, xalq ədəbiyyatımıza
olan marağı daha da artırıb. Hələ XIX yüzildən
başlayaraq K.Qvaramadze, N.Asatiani, N.Marr, E. Tağaişvili və
başqa gürcü alimləri, folklorşünasları
Gürcüstanın müxtəlif guşələrində
türkdilli xalq ədəbiyyatı incilərinin toplanması
işində xeyli əmək sərf ediblər.
XIX yüzildən etibarən Gürcüstanda Türk-Azərbaycan
folkloru qarşılıqlı inkişaf yoluna qədəm
qoyub, onun təsir dairəsi genişlənib. Bu təsir və
faydalanma nəticəsində ən dəyərli folklor
nümunələrimizin yeni variant və versiyaları
yaranıb.
Milli ədəbiyyatların qarşılıqlı əlaqə
və bağlarını öyrənmək işi bu gün
daha gərəkli və ümdə vəzifələrdəndir. Belə ki,
heç bir xalqın milli mədəniyyəti təcrid
olunmuş şəkildə inkişaf etmir, təbii və zəruri
olaraq digər xalqların mədəniyyətinə təsir
göstərir, eyni zamanda ondan faydalanır. Tarix boyu qonşuluq şəraitində yaşayan Azərbaycan
və gürcü xalqlarının şifahi və
yazılı ədəbiyyatları də həmişə
qarşılıqlı əlaqədə inkişaf edib".
Araşdırmaçı
bu qənaətə gəlir ki, xalqların ədəbiyyat
tarixi təcrübəsini, qarşılıqlı ədəbi-mədəni
əlaqələr tarixini, başqa sözlə,
keçmişini öyrənmədən bu vüsətin
miqyasını, hüdudlarını müəyyənləşdirmək
çətindir: "Gürcüstanda Türk-Azərbaycan
folkloru ənənələrinin tədqiqi bu məsələlərə
ayrı-ayrılıqda deyil, kompleks şəkildə
yanaşma tələb edir. Bütövlükdə
götürdükdə aydın olur ki, Gürcüstanda
Türk-Azərbaycan folklorunun yaranmasının,
inkişafının və ona olan marağın kökləri
qədim və çoxşaxəlidir. Bütün
bunları öyrənmək həm ədəbi əlaqələrimizin,
həm milli folklorumuzun, həm də dilimizin tarixini,
nüfuzunu və yayılma sərhədlərini
doğru-dürüst araşdırmaq üçün gərəklidir.
H.Zeynallının hələ 1926-cı ildə
yazdığı kimi "Azərbaycan yalqız öyrənilməməlidir.
Başqa türk elləri ilə birlikdə tədqiq
edilməlidir". Bu iş müasir dövrdə, milli
münasibətlərin yeni mərhələsində daha əhəmiyyətli,
faydalı və aktualdır.
Borçalının müxtəlif guşələrindən
yazıya alınmış nümunələrdə səma
hadisələrinə, astral cisimlərə dair fantastik,
primitiv təsəvvürlərin nəticəsində meydana gəlmiş
mifik Günəş, Ay və Ulduz surətlərinə daha
çox təsadüf olunur. Astral mifik obrazların
yaranması isə patriarxat dövrü, əkinçiliyin
inkişafı ilə əlaqələndirilməlidir. Bir qədər dar anlamda olan etnoqonik miflər isə
insanın nə vaxt məskunlaşdığını müəyyən
edir. Bu qəbil örnəklər
insanların indiki ərazidə hansı zamandan məskunlaşdığını
göstərən ən etibarlı dəlillərdəndir.
Bu baxımdan bölgədən toplanmış
"Anaxatır" mifi xüsusi maraq oyadır. Bu mifoloji örnək Azərbaycan türklərinin
tarixən yaşadıqları əraziyə ən qədim
zamanlardan bağlılığını göstərən
nadir bir folklor incisidir. Mifoloji rəvayətdən
göründüyü kimi, bu ərazinin bütün toponimik
atributları qədim türklərin təfəkkürü
ilə bağlı formalaşıb. Bu kimi
nümunələrə regiondan toplanmış mifoloji mətnlərdə
sıx-sıx rast gəlmək mümkündür. O da
maraqlıdır ki, türk etnoqonik miflərinin əsas surətlərindən
olan Oğuzun (oğuzların) indiki insanlardan daha öncə
yaşaması haqqında çox maraqlı bir örnəyi
gürcü folklorçusu və etnoqrafı M.Canaşvili hələ
XX yüzilin əvvəllərində yazıya alaraq
gürcü dilində dərc etdirib. Sonralar həmin
nümunənin ruscaya tərcüməsini təqdim edən
Y.Virsaladze onu "Oğuz tayfası haqqında
düşüncə" adlandırır. Mətndə deyilir ki, oğuzlar indiki insanlardan əvvəl
yaşayıblar. Onlar nəhəng, ucaboy
olublar. İnsanlardan üç-dörd dəfə
hündür imişlər. Daha sonra mətndə
oğuzların indiki "cılız" insanlarla ilk
görüşləri təsvir olunur. Guya
fiziki əlamətlərinə görə oğuzlara nisbətən
çox zəif olan bu insanların əqli daha çox
inkişaf etmişdi. Analoji mifik süjet
sonralar Azərbaycanın Daşkəsən rayonunun Dəstəfur
kəndində yazıya alınıb. Bölgədə
"Kitabi-Dədə Qorqud"la bağlı başqa
süjetlərə də təsadüf olunur. Onlardan biri Təpəgöz haqqındadır. Türkdilli xalqların şifahi xalq ədəbiyyatında
geniş yayılmış bu mifik surətin xarici əlamətləri
və əməli fəaliyyətinə xas olan əsas
xüsusiyyətlər bu nümunədə də qorunub
saxlanıb. Analoji motivlərin təsviri:
uşağın şir tərəfindən bəslənməsi,
Təpəgözün ziyankarlığı, qəhrəmanın
(mətndə Əhməd oğlu Səfər) qoyun dərisinə
bürünərək polifemin tək gözünə
kösöv basması mətnin ulu türk mifoloji
qaynağının təsiri nəticəsində
formalaşdığını və arxaik variantlardan biri
olduğunu sübut edir". Zəngin müşahidələrini
ümumiləşdirən araşdırmaçı bildirir
ki, Azərbaycan türklərinin məskunlaşdığı
Borçalı bölgəsi qədim türk etnik-mədəni
sisteminin elmi-nəzəri cəhətdən şərhi
üçün dəyərli materiallarla zəngin olan bir ərazidir:
"Buradan toplanmış mifoloji mətnlərin təhlili əski
türk mədəniyyətinin bu ərazi ilə bağlı
olan bir sıra maraqlı örnəkləri ilə
qarşılaşdığımızı sübuta yetirir. Azərbaycan və indiki Gürcüstan ərazisində
yaşamış qədim türklər də səma cisimlərindən
Aya, Günəşə sitayiş edib, onların hərarətini,
işığını həm özləri, həm heyvanlar,
həm də dirrikləri üçün mühüm həyat
mənbəyi hesab ediblər. Onlar Günəşin,
Ayın ilk mifik obrazlarını yaradıb, bu obrazları gah
oğlan və qız, gah iki qardaş, gah da bacı-qardaş
kimi təsəvvür ediblər. Bu cəhət
Borçalıdan toplanmış kosmoqonik mif mətnlərində
özünü aydın göstərir.
Borçalıda yayılmış atalar sözləri
içərisində qış-yaz mövsümlərinin
ortaya çıxardığı çətinliklərin
realist təsvirini verən nümunələr həm məna,
həm də poetik quruluş baxımından maraqlıdır:
"Dumanlı qışın telli yazı olar", "Mart
gəldi-dərd gəldi", "Mart çıxdı-dərd
çıxdı", "Mayıs ayı-vayıs
ayı". Toplanmış deyimlərin bəzilərində
poetik formulalarda axıcılıqla, zəngin alliterasiyı ilə
yanaşı, Borçalı qarapapaqlarının
yüngül yumoru da özünü aydın göstərir:
"Dazın daza baxdığı, dazın da naz
atdığı", "Dəlinin əlinə beli ver,
dalınnan da yeli ver", "Yemək adamı iki eləməz,
yekə eləyər" və s. Gürcüstanda yaşayan
Qarapapaq türklərinin canlı danışıq dilinə,
folkloruna xas olan bəzi qanadlı söz və ifadələri
sırf atalar sözü və məsəl adlandırmaq
mümkün olmasa da, bu nümunələrdəki daxili
struktur, deyim tərzi, nitq zamanı daşıdıqları
funksiya onları müdrik kəlamlara
yaxınlaşdırır. Bu ifadələrin bəziləri
adi ünsiyyət zamanı ("Mən sənin qırına
bulaşa bilmərəm", "Aranı dağa,
dağı arana daşıyıram", "Babam mənə
kor dedi, gələn gedəni vur dedi", "Yekəliyinə
baxma, içinin otu yoxdur"), bəziləri oyun zamanı
("Kəkotu, kəklikotu, yerini dəyiş, bərk
otu", "Dağda bitər kəkotu, ağzıyın
ipini çək otu"), bəziləri isə nağıl və
dastanların söylənmə zamanında ("Aldı
sazı çiyninə, qurban məzhəb-dininə",
"Ata hərəkət, qamçıya bərəkət",
"Əl ver mənə, gəldim sənə") çox
işlənir". Aşıq sənətilə bağlı
danışan araşdırmaçı bildirir ki, bu sənətin
beşiyi olan qədim Borçalıda saz-söz ustalarına
bəslənilən hörmət və ehtiram onların
"Aşığı olan obanın qaşığı
yağlı olar" atalar sözündə müdrikcəsinə
əks olunub: "Bununla xalq demək istəyir ki,
toy-düyünün, xeyir iş və məclislərin
yaraşığı olan aşıqlar, eyni zamanda, öz elinə,
obasına ancaq bolluq və bərəkət gətirən
insanlardır. Aşıq olan obada
sazlı-söhbətli, bol süfrəli məclislər
tez-tez olar. Bu atalar sözünü başqa bir anlamda da
yozmaq olar: aşığı, sənətkarı olan elin
söz boğçası zəngin olar, söz biləni
çox olar. Zəngin mənəvi aləmi,
şifahi xalq yaradıcılığı və ifadəli
danışıq tərzi ilə fərqlənən
borçalılar bəlli məsəl və rəvayətlərdən
istifadə etməklə kifayətlənməyib, öz məişət
və həyat tərzləri ilə bağlı yeni paremiyalar,
məsəl və rəvayətlər yaradıblar. Bunlardan bəziləri yarandıqları kəndin,
el-obanın hüdudlarını aşaraq qonşu ərazilərdə
də yayılıb, variantlaşıb. Müxtəlif
dövrlərdə yaranmış bu nümunələrin
çoxu real şəxsiyyətin adı ilə
bağlıdır. Paremiyalarda təsadüf olunan
xüsusi isimlər Borçalıda yaşamış və
yaşayan şəxslərdir ("Əysil, a Səfər",
"Pir təpəsinin başına bax", "Murad
kişinin xiyar sövdası kimi", "Orucoğlunun
atı kimi nəyə durubsan", "Xoşa, Xənni
yaxşı deyib" və s.). Bir sözlə,
Gürcüstanda Türk-Azərbaycan folkloru ənənələrinin
kökləri qədim və çoxşaxəlidir. Yazıya alınaraq topluda oxuculara təqdim
olunmuş örnəklər zəngin Borçalı-Qarapapaq
folklorunun kiçik bir qismini əhatə etsə də,
xalqımızın mədəni-tarixi inkişafının,
etnik xüsusiyyətlərinin hərtərəfli öyrənilməsi
baxımından xüsusi əhəmiyyət
daşıyır. Onları və digər
nümunələri ardıcıl şəkildə toplamaq,
araşdırıb təhlil və nəşr etmək milli
folklorumuzun, dilimizin tarixini, nüfuzunu, təsir və əhatə
dairəsini doğru-dürüst müəyyənləşdirmək
üçün çox gərəklidir".
Uğur
Xalq Cəbhəsi.-2011.-
19 noyabr.- S.14.