Parisdə Azərbaycan
musiqisi
1995-ci ildə təsis edilmiş Dmitri Şostakoviç Beynəlxalq Assosiasiyasının təşəbbüsü və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə "Azərbaycana səyahət" devizi altında Azərbaycan musiqisinin təbliği ilə bağlı silsilə tədbirlər keçirilməkdədir. APA-nın Azərtac-a istinadən verdiyi məlumata görə, noyabrın 19-da keçirilən tədbir "Azərbaycanın gündəlik musiqisində müasirlik və ənənələr" mövzusuna həsr olunub. Fransa konservatoriyasında dərs deyən və Azərbaycan musiqisinin fransızlara təbliği sahəsində xüsusi xidmət göstərən həmyerlimiz Səidə Zülfüqarova aparıcı kimi tədbirdə Azərbaycan musiqisinin tarixi, ənənələr, müasir tendensiyalar barədə ətraflı məlumat vermiş, görkəmli bəstəkarlarımızdan Üzeyir Hacıbəylinin, Cövdət Hacıyevin, Tofiq Quliyevin, Fikrət Əmirovun, Musa Mirzəyevin, İsmayıl Hacıbəyovun və Fərəc Qarayevin piano üçün əsərlərini ifa edib.
Tədbirin ikinci hissəsində S.Zülfüqarova pianoda, fransız musiqiçilərindən Martial Budran (skripka) və Pyer Avedik (violonçel) müşayiəti ilə bəstəkar Oqtay Zülfüqarovun triosunu səsləndiriblər. Onların çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirlə bağlı təşkil edilmiş sərgidə Azərbaycan bəstəkarlarının həyat və yaradıcılığından, dahi bəstəkarımız Qara Qarayevin müəllimi Dmitri Şostakoviçlə dostluğundan bəhs edən fotolar, Azərbaycan incəsənətinə dair müxtəlif dillərdə broşürlər, qədim qadın geyimləri, musiqi alətləri və məişət avadanlığı nümayiş etdirilib.
Noyabrın 20-də növbəti tədbir "Qara Qarayev və müəllimi Dmitri Şostakoviç" adı altında keçirilib. Aparıcı Səidə Zülfüqarova görkəmli bəstəkarımız Qara Qarayevin həyat və yaradıcılığı, müəllimi Dmitri Şostakoviçlə əbədi dostluğu, incəsənət sahəsində bağlılığından söhbət açmış, Q.Qarayevin 24 müqəddimədən ibarət əsərini ifa edib.
D.Şostakoviçin həyat yoldaşı İrina Antonovna Şostakoviç maraqlı tədbirə və həyat yoldaşının onun vətənindən uzaqlarda anıldığına görə səfirliyimizə, aparıcı S.Zülfüqarova və iştirakçılara öz təşəkkürünü bildirib.
Tədbirin sonunda
tamaşaçılar zəngin mətbəximizin nümunələrindən
dadmaq imkanı əldə ediblər. Musiqimizin təbliği ilə bağlı
silsilə tədbirlər davam edir. Noyabrın 23-də keçiriləcək
tədbirdə Qara Qarayev
və Dmitri Şostakoviçlə
yanaşı Firəngiz Əlizadənin əsərləri ifa olunacaq.
Xalq Cəbhəsi.- 2011.- 23 noyabr.- S.15.