İlyas Əfəndiyevin teatr görüşləri  

 

Azərbaycan ədəbi-bədii mühitinin və mədəniyyətinin çağdaş tarixi mərhələsində ünlü nasirdramaturq, ədəbiyyatımızın ölməz klassiki, xalq yazıçısı İlyas Əfəndiyevin əvəzsiz xidmətləri vardır. Qüdrətli qələm sahibinin çoxşaxəli yaradıcılığı XX əsr Azərbaycan gerçəkliyinin, ədəbiyyat və mədəniyyətinin milli bədii salnaməsidir. İlyas Əfəndiyev həm nəsr əsərləri, həm də dramaturgiyası ilə sovet dövrü ədəbi prosesində və eləcə də teatr prosesində sosializm realizminin ideoloji ehkamlarına boyun əymədi. Xalq yazıçısı dram əsərlərilə Akademik Milli Teatrımıza yeni çalar, yeni ruh, yeni üslub və təravət gətirdi. Dramaturgiyamızda lirik-psixoloji dram məktəbini və onun poetikasını yaratdı. İlyas Əfəndiyev əlli ildən artıq Azərbaycan teatrının ağırlığını şərəflə öz çiyinlərində daşıdı. Altmış illik yaradıcılığı dövründə mütəfəkkir sənətkar dram əsərlərilə özünün "İlyas Əfəndiyev teatrı"nı yaratdı. "XX əsr Azərbaycan mədəniyyəti tarixində teatr məktəbi yaratmaq üç böyük dramaturqa nəsib olub: Cəfər Cabbarlıya, Hüseyn Cavidə və İlyas Əfəndiyevə! Onların dramaturgiyası teatrda rejissoraktyor məktəbləri formalaşdırdı: monumental üslublu rejissura (başçısı A.İskəndərov), romantik pafoslu üsluba malik rejissura (başçısı M.Məmmədov) və psixologizm məktəbi (başçısı T.Kazımov)" (N.Şəmsizadə). "İlyas Əfəndiyev teatrı" yeni rejissoraktyor məktəbi formalaşdırdı. Həsən Turabov, Amaliya Pənahova, Fuad Poladov, Şəfiqə Məmmədova, Əliabbas Qədirov, Səməndər Rzayev, Vəfa Fətullayeva, Bəsti Cəfərova, Firəngiz Mütəllimova və başqaları məhz bu teatrın ən istedadlı nümayəndələri oldular. Zaman-zaman İlyas Əfəndiyevin çoxçeşidli yaradıcılığı ədəbiyyatşünas, sənətşünas, dilşünaskulturoloq alimlərimizin diqqət mərkəzində olmuşbu sahələr üzrə ciddi elmi tədqiqat əsərləri yazılmışdır. Son illərdə xalq yazıçısının zəngin bədii irsi haqqında gənc tədqiqatçılar sanballı dissertasiyalar yazmış və müdafiə edərək alimlik dərəcəsi almışlar. Bunlardan Səidə Məcidovanın "İlyas Əfəndiyevin tarixi dramları" (2002), Gülxani Şükürovanın "İlyas Əfəndiyev yaradıcılığında folklor motivləri" (2007), Kifayət Bünyatovanın "İlyas Əfəndiyev əsərlərinin ekran təcəssümü" (2008), Sədaqət Əlixanovanın "Milli aktyor sənətinin inkişafında İlyas Əfəndiyev dramaturgiyasının rolu" (2008) və s. əsərləri göstərmək olar. 2009-cu ildə türkiyəli tədqiqatçı doktor Sədat Adıgözəlin "İlyas Əfəndiyev. Zaman və sənətkar" monoqrafiyası çapdan çıxmışdır. Kitab Qafqaz Universitetinin Tərcümə Mərkəzində çap olunmuşdur. Filologiya elmləri namizədi Elmira Məmmədova monoqrafiyanı Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdıraraq çap etdirmişdir.

"İstedadmövzu" ilə bağlı dramaturq psixoloji dramın əsas səciyyəvi xüsusiyyətlərini dünya klassiklərinin yaradıcılığı kontekstində açıqlayaraq qeyd edirdi ki, "psixoloji dram insanın qüdrətinə, xoşbəxtliyinə, gələcəyinə inanan qəhrəmanların qəlbini işıqlandırır və bu işıqda gördüyümüz mənzərə nə qədər faciəli olsa belə, yenə də ümidsizlik doğurmur. Psixoloji dram cəmiyyətin gələcək xoşbəxtliyinə böyük yol açan insanların fəaliyyətini, mənəvi hərəkətini ifadə edir". "Öz xalqının ruhunu ifadə etməyən əsər başqa xalqlara da təsir edə bilməz" fikrini əsas tutan sənətkarın estetik düşüncə müstəvisində "pyes hansı mövzuda yazılırsa yazılsın, əgər xalqın ürəyindən xəbər vermirsə, onun xarakterinə, koloritinə yabançıdırsa, tamaşaçıya təsir eləməyəcək, tezliklə unudulub gedəcəkdir. Xalq ruhu, xalq koloriti həqiqi sənətin, novatorluğun canıdır, orijinallığın əsas əlamətidir, mayasıdır". 1974-cü ildə qələmə aldığı "Mərdlik ocağı" adlı məqaləsində dramaturq Milli Akademik Teatrın səhnəsində tamaşaya qoyulan ən yaxşı əsərləri teatr tariximizdə uğurlu hadisə kimi dəyərləndirirdi. Akademik teatrın keçdiyi şərəfli yüz illik inkişaf yolunu dünyanın qabaqcıl teatrları ilə bir sırada görərək yazırdı: "Bizim Akademik teatrımızın yüz ildə keçdiyi inkişaf yolu şərəflidir. Akademik teatrımız bu gün dünyanın yaxşı teatrları sırasındadır. Onun sənətində yüksək mədəniyyət, böyüksağlam ideyalar, təmiz və ülvi hisslər hakimdir. Onun əsas və istəkli qəhrəmanı həmişə xalqın yüksəlişi, səadəti uğrunda mübarizə aparan həqiqi insan olmuşdur və həmişə xalqımızı daha yüksəkliklərə qaldırmışdır. Ona görə də, biz öz teatrımızla fəxr edirik". Dramaturqa görə "teatr xalq dühasının əlamətlərindəndir. Teatr xalq təbiətinin, xalq ruhunun güzgüsüdür". İlyas Əfəndiyev qeyri-təbiiliyi sənətin birinci düşməni hesab edirdi. O, Azərbaycan teatrının zəngin ənənələrini yaşatmaq üçün istedadlı rejissorların olmasını vacib sayırdı. İstedadlı gənc rejissorların Moskvanın, Sankt-Peterburqun böyük teatrlarına təcrübə müddəti keçməsini təxirəsalınmaz vəzifələrdən biri sayırdı: "Akademik dram teatrının hər bir rejissoru dövrünün mədəni, məlumatlı ziyalısı olmalıdır. Yalnız bizim ədəbiyyata deyil, dünya ədəbiyyatına, dünya dramaturgiyasına, dünya teatr sistemlərinə bələd olmalıdır. Biz rejissor işində ağıllı orijinallıq, müasir həyatın, müasir atmosferin sərbəst ifadəsi olan həqiqi novatorluq görməliyik". Sənətkara görə, yaxşı dram əsəri tamaşaya yalnız yaxşı qoyulduğu zaman aktyorun yetişməsinə kömək eləyə bilər. "Zəif, xaltura əsərlər tamaşaçıları teatrdan didərgin salar". Yazıçının istəminə görə, teatrlarımız yüksək sənətkarlıqla yazılan müasir tələblərə cavab verən əsərlərə daha çox üstünlük verməlidir. O, Şekspirin də, Lope de Veqanın da, Bernard Şounun da əsərlərinin akademik dram teatrının səhnəsində tamaşaya qoyulmasını vacib sayırdı. "Bir şərtlə ki, rejissor tamaşanı həmin dramaturqun səviyyəsinə qaldıra bilsin. Onu da yaddan çıxarmaq lazım deyil ki, istedadsız rejissoruŞekspir "qaldıra" bilər, nə də Cəfər Cabbarlı!".

İstedadlı rejissor Mərahim Fərzəlibəyov İlyas Əfəndiyev dramaturgiyasının onun yaradıcılığına təsirindən bəhs edərək yazmışdır: "İlyas Əfəndiyev dramaturgiyası məni bir rejissor kimi yetişdirdi. Mən hər gün İlyas Əfəndiyev dramaturgiyası ilə ünsiyyətdəyəm. Teatrda quruluşunu verdiyim tamaşalar səhnədə olan günlərdə tamaşalarla, yerdə qalan günlərdə pyesləri ilə ünsiyyətdə oluram. Bu zaman İlyas müəllimin müqəddəs ruhi varlığı ilə hər gün dialoqa girir, xəyalən onunla söhbətləşir, məsləhətləşir, əsərlərini müzakirə edirəm. İlyas Əfəndiyevin nəfəsi teatrımızın hər daşına hopmuşdur. Mən onu hər gün tamaşa salonunda hiss edirəm. Mən onu qrim, məşq otaqlarında görürəm. Teatrın hər qarışı, hər bir işığı İlyas Əfəndiyevlə bağlıdır". Yeri gəlmişkən qeyd edək ki, Mərahim Fərzəlibəyov dramaturqun yeddi - "Xurşidbanu Natəvan", "Şeyx Xiyabani", "Bizim qəribə taleyimiz", "Sevgililərin cəhənnəmdə vüsalı", "Tənha iydə ağacı", "Dəlilər və ağıllılar", "Hökmdar və qızı" pyeslərinin quruluşçu rejissoru olmuşdur. Dramaturqun fikrincə, kamil rejissor təhsili olmayan rejissorlara teatrlarda quruluş tapşırmaq heç bir səmərə vermir. Bununla ilgili o, teatr rəssamının da quruluşçu rejissor kimi əsəri dərindən duymasını, xüsusilə yeni boyalaryeni ifadə vasitələri tapmasını vacib şərtlərdən sayırdı. Teatr rəssamının novatorluğunu pyesə verdiyi bədii tərtibatda görürdü.

İlyas Əfəndiyev mətbuatda, televiziyaradioda teatr tənqidinə dair tez-tez savadsız və sönük çıxışlar edən "teatr tənqidçiləri"ni kəskin tənqid edərək yazırdı ki," teatrı, sənəti bilməyən, rejissor işindən başı çıxmayan, müəllif qayəsini dərk eləməyən belə "tənqidçilər" üçün heç bir meyar yoxdur". Teatr tənqidinə yüksək estetik tələblərlə qiymət verən sənətkar fikrini bədii araşdırma müstəvisində davam etdirərək çox maraqlı nəticə ilə sonuclayır: "Teatr sənətimizin hazırda dərin düşüncəli, geniş dünyagörüşlü, savadlı, namuslu ədəbi tənqidə son dərəcə böyük ehtiyacı var". Alman şairi Höte yazmışdır ki, "Teatr haqqında yazmaq xüsusi bir işdir. Hər kəs ona ən xırda təfsilatına qədər bələd deyilsə, yaxşısı budur ki, qoy o bununla məşğul olmasın". "Həyatı öyrənmişəm, həyatı hiss etmişəm və həyatdan öyrənmişəm, həyatı duymuşam" - deyən sənətkarın dərin inamına görə "sənətdə qeyri-təbiilik, ata-ananın suçu ucbatından ömrünü şikəst başa vuran övlada bənzəyir".

Yarım əsrdən artıq öz xalqı üçün böyük işlər görmüş fədakar sənətkarın teatra həsr etdiyi məqalələrində qaldırdığı mənəvi-əxlaqi problemlər və fəlsəfi-estetik mülahizələr bu günmüasirdir, düşündürücüdür. O, "millətin yaddaşına ana dili ilə birgə həkk olunan insan, böyük ədib, unudulmaz və təkrarsız dramaturq"dur (Kamil Vəli Nərimanoğlu). Ustad sənətkarın bədii əsərlərinin açılmamış qatları, insanı düşündürməyə vadar edən məqamları çoxdur. Onun zəngin bədii irsi, xüsusən teatr mədəniyyətimizin tarixində böyük bir mərhələ təşkil edən səhnə əsərləri bu gün də yaşayır, xalqımızın ictimai-tarixi və mədəni həyatında, gənc nəslin vətənə məhəbbət ruhunda tərbiyə olunmasında, bədii təfəkkür və estetik düşüncəsinin kamilləşməsində önəmli rol oynayır.     

 

 

Oktay Hacımusalı 

 

Xalq Cəbhəsi.- 2011.- 24 noyabr.- S.14.