Cəmiyyətin bəlası: qadına qarşı zorakılıq

 

 Mehriban Zeynalova: "Zorakılıq bizim üçün ənənə deyil, sonradan yaranmış davranış modelidir"

 

Bir neçə gün əvvəl dünyada Qadın Zorakılığına qarşı mübarizə günü idi. Sözügedən mövzu dünyanın müxtəlif ölkələrində dartışıldı. Ancaq təəssüf ki, bəşər dediyini yaşaya bilmədiyindən qadın azadlığı bəlalı, həll olunmamış problem olaraq qalır. İllərdir ki, qadın azadlığı dünyanın səlahiyyət sahiblərinin, qələm adamlarının dilinin əzbəridir. Ancaq qadına qarşı zorakılıq azalmır, əksinə, artır.

Təkcə dünya üzrə son bir neçə ay ərzində insan alveri ilə bağlı statistikaya nəzər yetirilsə, qadınların bu siyahıda üstünlük təşkil etdiyi görünər. Qadın: tarix boyunca ən yüksək səviyyədə bədiiyyatda vəsf olunan, hətta allahlaşdırılan obraz. Ancaq gerçəklikdə qadın daha çox əzilib, döyülüb-söyülüb, təhqir olunub, bir sözlə, sosial hüquqları pozulub. 20-ci yüzildə qadına münasibət məsələsində irəliləyiş olsa da, insanlığa münasibət tam təsdiqini tarmadığından, qadına münasibət də tam olmadı. Qeyd edək ki, BMT Baş Assambleyası 1999-cu ildə 25 noyabrı Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib. Qadın Zorakılığına Qarşı Mübarizə Gününün məhz 25 noyabrda qeyd edilməsi təsadüfi deyil. Bu, 1961-ci ildə Dominikan Resrublikasında baş verən hadisədən qaynaqlanır. Həmin vaxt Dominikan prezidenti Rafael Truxilonun əmri ilə siyasi fəallardan olan 3 tibb bacısı vəhşicəsinə öldürülüb. Qadınların zorakılığa qarşı mübarizə simvolları lentdir. Qadın - ailə adlanan əvəzsiz bir hadisənin ayrılmaz bir tərəfidir. Ailə isə bəşəriyyətin ən böyük kəşfidir. Hər il mayın 15-i dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunur. Birgəyaşamın bu ilahi, bənzərsiz biçimi insanlar tərəfindən hələ də sözün gerçək mənasında ciddi, səviyyədə qarşılanmır, dərk olunmur. Bu səbəbdəndir ki, ailə son onillərdə ardıcıl basqılara məruz qalmaqdadır. Dünyanın oynaq, yeyin, daim insanı özündən ayıran əhvalı ailəçiliyə amansız zərbələrini vurmaqdadır. Təsirlər elə ustalıqla edilir ki, insanlar bu həmlənin nəinki könüllü qurbanları, hətta iştirakçıları, dayağı da olurlar.

Ailə insanın inamının, idrakının, mənəviyyatının, iradəsinin var olmaq, yəni insanilik imkanlarının, kişiliyinin, qadınlığının aşkarlanma, təsdiq ünvanıdır. Ailə - iki nəfərin sarsılmaz birliyidir, davamıdır, əxlaqın təsdiqi, məhrəmliyin, rünhanlığın ucalıq səviyyəsində dərkidir.

Azərbaycan ailəçiliyi zamanlardan, dini tələblərdən uca xəlqi tələblər səviyyəsində biçimini nə yaxşı ki, bu günqorumaqda, yaşatmaqdadır. Baxmayaraq ki, ardıcıl olaraq milli ailəçilik biçiminə qarşı basqılar davam edir.

Cəmiyyət qadına qarşıdır əslində. Çünki insani münasibətlər daha çox sözdə olduğundan, əməldə gerçəkləşmədiyindən, qadın çox vaxt naqis istəklərin qurbanına çevrilir. Qadının ailədə analığının bilinməsi, dərk olunması bundan sonrakı çağımızın da əsas problemi olacaq. Qadına insani münasibət ucalığında yanaşmaq gərək. Elə bir ölçüdə ki, insan özünün varlığına misilsiz sayğıyla, sevgiylə yanaşsın. Azərbaycan-Türk insanı ailəçiliyini xilas etmək üçün fitrətinə güvənməli oldu. Türk dinin ən asıb-kəsən vaxtlarında belə kütləvi şəkildə çoxarvadlığa getmədi: milli keyfiyyəti buna imkan vermədi. "Dədə Qorqud Dastanları"nda qadın "Başım baxtı, evim taxtı"- deyə öyülür. Türkün mənəvi özəllikləri onun ailəçiliyini minillərin o tayından indiyə kimi ris-yaxşı qoruyub. Ancaq ailəçiliyin, bütövlükdə ömrün, milli keyfiyyətin xilası, inkişafı üçün təkcə buna güvənmək azdır: olanları artırmaq, ucaltmaq gərək. Bu gün gənc ər-arvad nə qədər güclü olmalıdırlar ki, belə hallar onlara qətiyyən təsir edə bilməsin. Sosial-iqtisadi dəyişikliklər, bəlalar, fırtınalar torlumun özəyi olan ailələrdə müxtəlif əhvallar yaradır. Bütün çətinliklərə baxmayaraq xəlqi bənzərsizliyimizin sübutlarından biri kimi Azərbaycan ailəçiliyi var olmalıdır.

"Təmiz Dünya" Qadınlara Üardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ölkədə qadın hüquqlarının qorunması istiqamətində mübarizə aparan ictimai təşkilatdır. Mehriban xanım mövzu ilə bağlı deyir: "Baxmayaraq ki, konkret qadın hüquqları ilə bağlı qanunlar daim təkmilləşdiriliir, beynəlxalq standartlara uyğunlaşdırılır, ancaq bu qanunvericiliyin həyata keçirilməsi üçün müəyyən maneələr var. Çox zaman hamı deyir ki, hüquqi sarıdan biliklər azdır, məlumatsızlıq var. Ancaq məlumatsızlıqdan daha çox bir məqama diqqət yetirmək doğru olar. Psixoloyi zorakılıqdan danışırıq, qadınların hüquqsuzluğunu qabardırıq. De gəl, nəticədənsə, bunları doğuran səbəbləri ilk növbədə nəzərdən keçirmək gərəkdir". Onun fikrincə, bunları yaradan səbəblər stereotiplərdir. Bu stereotip odur ki, qadın hüquqlarını qorumaq üçün hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət etməməlidir. Əgər qadın məhkəməyə getdisə, o deməkdir, ailəsi dağılacaq. Guya ki, əgər qadın işləyirsə, əxlaq sarıdan problemi var, Evə pul gətirirsə, ərini saymayacaq. Stereotiplər o dərəcədə qanımıza horub ki, qəbul edilən qanunları, təbii dəyişiklikləri görmək istəmirik. Öz davranışımızı əsaslandırırıq. Bunu çox zaman mentalitetlə bağlayırlar, deyirlər ki, mentalitet imkan vermir. Mentalitet indiki dördə bir çox insanların öz davranışlarını əsaslandırmaları üçün bir vasitədir. Ancaq əslində bunun kökündə stereotip dayanır. Əslində hətta bu təsəvvürlər gəlib ona çıxır ki, qadın insan deyil".

Təsəvvür etmək olar ki, savadı az olan ailələrdə belə qadınların vəziyyəti necədir. Mehriban xanım bildirir ki, belə ailələrdə qadına qarşı ən ağır ifadələr işlədilir, ən qəbul edilməyən qeyri-etik davranışlar sərgilənir. Qadının cəmiyyətdə ciddi mövqeyi ilk növbədə onun ailədəki mövqeyinin təsbit olunmasından asılıdır. Deməli, ailəyə, qadına mücərrəd münasibətdən çıxmaq gərəkdir. Əslində isə qadının tərbiyəsi, özünü cəmiyyətdə təsdiqi ilk növbədə kişidən asılıdır. Qadın hüququ, haqqı problemli məsələdir.

Azadlıq mövzusuna münasibət çoxtərəflidir. Qadın azadlığı cəmiyyətdə eybəcərləşmiş formada təqdim olunur, təsdiq olunur. "Qadın azaldlığı" deyərkən o saat ağıllarda əcnəbi filmlərdəki qadın azadlığı canlanır. Mehriban xanım deyir, qadın ilk növbədə insandır və bu, insan azadlığı məsələsi ilə həmahəngdir: "İnsan azad olaraq digərlərinin qarşısında öhdəliyini - məsuliyyətini unutmamalıdır. İnsan haqları, qadın hüquqları ilə bağlı təlimlərdə bir məqam var. Orada deyir ki, hər kəsin lider olmaq, ictimai-siyasi fəaliyyətlə məşğul olmaq haqqı var. Ancaq bununla yanaşı hər kəsin böyük məsuliyyəti var. Əgər evdə evladın varsa, onu başlı-başına buraxıb başqa fəaliyyətlə məşğul olursansa, bu, yolverilməzdir. Bu məsələlərin qarşılıqlı əlaqəsi müzakirə mövzusu deyilheç kəs bir-birilə dəyirmi masa arxasında oturub danışmaq istəmir. Qadının təhsil məsələsi son dərəcə ciddi məsələdir. Araşdırdım ki, zorakılıq bizim üçün ənənə deyil, sonradan yaranmış davranış modelidir. Qarşıdakı illərdə ailə sarıdan cəmiyyətdə problemlər daha da artacaq, ailəyə daha ciddi sarsıntılı zərbələr dəyəcək. İnsanlarla canlı, fədakar söhbətlər artmalıdır. Statistiksoyuq söhbətlərə son qoyulmalıdır. Qadın haqqının qorunması ilk növbədə gərəkli məsələdir. O zaman xalqın və dövlətin təməli güclənər. Bu gün qadına münasibətdə amansızlıq artmaqdadır. Qadına, anasına qarşı amansızlığı görən uşaq sabah daha aqressiv olacaq".     

 

 

Uğur 

 

Xalq Cəbhəsi.- 2011.- 29 noyabr.- S.11.