Xiyabani haqqında kitab işıq üzü görüb

 

 "Xiyabani və onun adı ilə bağlı hərəkat XX əsr tariximizin bir parçasıdır"

 

Azərbaycan Milli Elmlər Akademiyası Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda "Xiyabani Hərəkatı-90" adlı kitab işıq üzü görüb. Kitabın elmi redaktoru institutun Güney Azərbaycan şöbəsinin müdiri Əkrəm Rəhimli (Bije), redaktoru Elmira Məmmədovadır. 232 səhifəlik Şeyx Məhəmməd Xiyabani hərəkatının 90 illiyinə həsr edilmiş məqalələr toplusundan ibarət olan kitab geniş oxucu auditoriyası, ortaali məktəb tələbə və müəllimləri, şərqşünaslar, Vətən tarixini sevən insanlar üçün nəzərdə tutulub. Kitab Şeyx Məhəmməd Xiyabaninin aşağıdakı sözləri ilə başlayır: "... Haqqımızı qoruyarkən gərək olsa canımızı da qurban edərik. Bu yolda ölmək, şərəfsizcə yaşamaqdan daha yaxşıdır. And olsun şərəfimizə, biz nə qədər ki, diriyik, heç bir xətər, təhlükə, qorxutma, hədələmə bu qiyamın əsasını sarsıda bilməyəcəkdir.

Ey Azərbaycan! Zülm, əzab, işgəncə və dar ağacları, zəncir və zindanlar nə qədər möhkəm olsa belə, sənin istiqamət və mətanətinin qarşısında bir-bir əriyib məhv olacaqdır...

Yolunda can, mal və ailənizi qurban verməyə hazır olduğunuzonun üçün qiyam etdiyiniz haqq və həqiqət, bəlkə də təhqir və istehzalara düçar oldu. Bəlkə də onu məhv etdilər. Lakin ən nəhayət, o, yenə dirçələcək və həqiqəti meydana çıxaracaqdır".

Kitabda institutun direktoru Gövhər Baxşəliyevanın "XX əsr Güney Azərbaycan tarixinin şanlı səhifəsi", Əli Azərinin "Xiyabani kimdir?", Səid Nəfisinin "Əli Azərinin "Xiyabani" kitabı haqqında", Qulam Məmmədlinin "Şeyx Məhəmməd Xiyabani haqqında", Şövkət Tağıyevanın "Üsyanın başlanması. İctimai idarə heyətinin yaranması", Qafar Kəndlinin "Ş.M.Xiyabanini tədqiq edib öyrənmək milli vəzifəmizdir", Seyid Cəfər Pişəvərinin "Ş.M.Xiyabani haqqında", Salamulla Cavidin "Xiyabanini xatırlayarkən", Vüqar Əhmədin "Xiyabaninin dini-fəlsəfi görüşləri", Solmaz Rüstəmova-Tohidinin "Kominternin Xiyabani hərəkatına münasibəti", Əkrəm Rəhimli-Bijenin "XX əsr Güney Azərbaycan azadlıq hərəkatında Xiyabaninin yerirolu", İslam Qəriblinin "Ş.M.Xiyabani hərəkatı dövründə Cənubi Azərbaycanda ədəbi mühit", Əbülhüseyn Nahidi Azərin "Xiyabani hərəkatı və gənclik", Seyid Əhməd Kəsrəvinin "Xiyabani hərəkatının sonuonun öldürülməsi", Pərvanə Məmmədlinin "Şeyx Məhəmməd Xiyabaninin publisistikası", Sübhan Talıblının "Şeyx Məhəmməd Xiyabani hərəkatı

Azərbaycan tarixşünaslığında", Cəmalə Mirzəyevanın ""Təcəddüd" qəzeti Xiyabani hərəkatının ideoloji silahı kimi", Fəraməz Xiyabani Əslin "Şeyxin nəvəsi babası haqqında", "Azərbaycan səni heç bir vaxt unutmayacaqdır", "Ş.M.Xiyabani dövrünün himnindən" və başqa yazılar dərc olunub.

"Elmi redaktordan" başlığı altında təqdim edilən yazıda qeyd olunur ki, "Ş.M.Xiyabani hərəkatı-90" adlı məqalələr toplusundan ibarət olan kitab Ş.M.Xiyabaninin başçılığı altında Güney Azərbaycanda 1918-1920-ci illərdə baş vermiş xalq hərəkatından bəhs edir. Həmin hərəkatın 90 illiyi ilə bağlı AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda keçirilmiş elmi-nəzəri konfransda oxunmuş məruzələr toplunun əsasını təşkil edir. Bununla birlikdə son illər Xiyabani ilə bağlı İranda çap olunmuş kitab, məqalə və xatirələrdən də kitaba salınıb: "Şeyx Məhəmməd Xiyabani ilə bağlı Azərbaycanın quzeyində ilk dəfə yazan mərhum ensiklopedik alim Qulam Məmmədli və həmkarımız tarix elmləri doktoru, professor Şövkət xanım Tağıyeva olub. Adları çəkilən bu iki müəllif sovet dövründə Güney Azərbaycan mövzusu üzərində çox ciddi senzura və qadağaların qoyulmasına baxmayaraq Şeyx Məhəmməd Xiyabanionun başçılıq etdiyi hərəkat haqqında yazmağa və həqiqətləri söyləməyə cəsarət ediblər. Ş.M.Xiyabaninin doğulduğu, boya-başa çatdığı məkanda isə Pəhləvilər dövründə yasaqsenzura Arazın bu tayından da amansız olduğundan Xiyabani ilə bağlı yazılar nəşriyyatlardan çıxdaş edilmişdi. Nəticədə Ş.M.Xiyabanionun rəhbəri olduğu hərəkat haqqında İran tarixşünaslığında 60 ilə yaxın bir dövr ərzində boşluq yaranıb. Ortaali məktəbə aid tarix dərsliklərində və ayrı-ayrı müəlliflərin kitablarında Xiyabani hərəkatı kiçik bir dəstənin "qiyamı" kimi qələmə verilmişdi. Bu işdə məqsəd hərəkatın əzəmətini xalqdan gizlətmək və yeni nəsli keçmişindən, milli kökündən ayırmaq, milli kimliyini ona unutdurmaq olub".

İrandakı 1979-cu il inqilabından sonra Pəhləvi rejiminin devrilməsi ölkədəki siyasi ab-havanın ilk illərdə bir qədər dəyişməsinə və qadağaların yumşaldılmasına səbəb oldu: "Yaranmış yeni mühit Xiyabani şəxsiyyəti və onun başçılıq etdiyi xalq hərəkatı haqqında yazmağa, həqiqətləri qismən də olsa ortaya çıxarmağa imkan verdi. Əli Azərinin, Səməd Sərdarniyanın, Hüseyn Düzgünün, Həmid Mollazadənin, Rəhim Rəisniyanın, Zəhra Vəfalının, doktor Salamulla Cavidin və başqalarının Xiyabani hərəkatı və Xiyabani şəxsiyyəti haqqında dəyərli kitab, məqalə və xatirələri işıq üzü gördü. Bu işdə tarixçi-alim Əli Azərinin xidmətləri xüsusi qeyd olunmalıdır. Onun "Şeyx Məhəmməd Xiyabani və Təbriz qiyamı" adlı sanballı kitabı Xiyabanişünaslığa töhfədir və bu sahədəki boşluğun doldurulmasında dəyərli addımdır".

Ə.Həhimli qeyd edir ki, təqdim olunan məqalələr toplusu ilə Xiyabani şəxsiyyətinin bütün cəhətlərini: siyasi, dini, ədəbi, hüquqi, fəlsəfi, elmi, publisistiks. cəhətləri tam əhatə etmək mümkünsüz işdir: "Bunların hər biri öz-özlüyündə xüsusi və əhatəli araşdırmalar tələb edir.

Millətinin azadlığı yolunda ölümə belə hazır olmuş Şeyx babamızın igidliyi, qorxmazlığı, nitqlərində hədəfi seçmək bacarığı, ən başlıcası vətənə və millətinə olan sonsuz sevgi hər bir azərbaycanlı üçün nümunə və örnəkdir. Bunları sonrakı nəsillərə çatdırmaq hər birimizin vəzifəmiz və vətəndaşlıq borcumuzdur".

Profesor Gövhər Baxşəliyeva "XX əsr Güney Azərbaycan tarixinin şanlı səhifəsi" adlı yazısında bildirir ki, 1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatının məğlubiyyətindən sonra İranda, o cümlədən Güney Azərbaycanda irticanın şiddətlənməsi, ölüm, həbs və sürgünlərin həddən artıq çoxalması milli demokratik qüvvələrin gizli fəaliyyətə keçməsinə və ya başqa ölkələrə mühacirət etməsinə səbəb olmuşdu. Belə bir şəraitdə Səttarxan hərəkatında bir mücahid kimi yaxından iştirak edən, öz alovlu çağırış və çıxışları ilə xalqı mübarizəyə səsləyən Şeyx Məhəmməd Xiyabani də müvəqqəti olsa da vətəni - Təbrizi tərk etmək məcburiyyətində qalır. O, bir müddət Qafqazın Mahaçqala şəhərinə, ticarətlə məşğul olan atası Hacı Əbdülhəmidin yanında qalır. Xiyabani Qafqaza gələnə qədər əvvəl doğulduğu Xamnə kəndində, sonra isə Təbrizdə dini və dünyəvi təhsil alır. O, Quranı və hədisləri, islam tarixini mükəmməl öyrənməklə bərabər, dünyəvi və riyazi elmləri: tarix, ədəbiyyat, məntiq, fizika, astronomiya və riyaziyyatı da öyrənməyə böyük həvəs göstərir. Dövrünün bilikli və savadlı şəxslərindən olur. Beləliklə, Şeyx Qafqaza hərtərəfli biliyə və geniş diapazona malik bir cavan kimi gəlir. O, Qafqazın bir çox şəhərləri ilə yanaşı, Tiflisə, Bakıya, Volqa boyu şəhərlərə, bəzi mənbələrin yazdığına görə, Sankt-Peterburqa da gedir. Rusiyadakı siyasi mühit və düşüncə ilə yaxından tanış olur. Şeyx Qafqazda olarkən Qafqaz xalqlarının tarix və ədəbiyyatı ilə yanaşı, milli-azadlıq mübarizəsi ilə, Şeyx Şamil hərəkatı ilə maraqlanır və bu barədə daha çox məlumat əldə etməyə səy göstərir.

Xiyabani Qafqazda olduğu illərdə ailəsini vətənə - Təbrizə yola salmaq üçün Arazın bu tayında, Azərbaycanda olur. O, Bakı və Azərbaycandakı siyasi durum və ədəbi-mədəni mühitlə yaxından tanış olur. Neft Bakısı, burada çarizmin əsarətindən azad olmaq uğrunda gedən mübarizə, o zaman neft mədənlərində və başqa işlərdə çalışan 200 min nəfərdən çox olan cənublu həmvətənlərinin acı taleyi Xiyabaninin fikir və düşüncəsində xüsusi yer alır. Xiyabani üçün Arazın bu tayı, xüsusən Bakıdakı ana dilli mətbuat, ədəbi və inqilabi mühit, Qafqazın qaynar siyasi durumu onun gələcək mübarizəsində və milli təfəkkürünün zənginləşməsində müstəsna rol oynamış, apardığı mübarizənin istiqamətini müəyyənləşdirmişdi. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Talıbov, M.S.Ordubadi, Nəriman Nərimanov, Ə.Haqverdiyev, Bakıda cənublulara məxsus "İttihat" məktəbinin yetirmələri olan yazıçı və ziyalılar, sosial-demokratların cənub qolu vətənə dönən və orada mübarizəni daha yüksək keyfiyyətdə davam etdirmək əzmində olan Xiyabaninin milli təfəkkürünün formalaşmasında mühüm rol oynamışdır. Məcburi mühacirətdən sonra Təbrizə qayıdan Xiyabani ölkədəki siyasi vəziyyəti, xüsusən Azərbaycandakı ağır iqtisadi durum, işsizlik, məmur özbaşınalıqları, dövlət məqamında olanların ölkənin mənafeyini xaricilərə satmaq cəhdlərini görür. O, ilk addım olaraq xalqın mübarizəsinə rəhbərlik edən və onu hədəfə istiqamətləndirməyi bacaran təşkilata ehtiyac olduğunu anlayır. Bu məqsədlə 1917-ci ilin martında öz silahdaşları İsmayıl Nobəri, Məmmədəli Badamçı, İsmayıl Əmirxizi, Nurullaxan Yekani, Ələsgər Sərtipzadə,

Əli Heyət və başqaları ilə birlikdə İran Demokrat Partiyasının Azərbaycan Vilayət Komitəsini yaradır və Ş.M.Xiyabani Komitəyə rəhbər seçilir. Bundan az sonra 1917-ci ilin aprelin 9-da partiyanın ideoloji orqanı olan "Təcəddüd" (Yeniləşmə) adlı qəzetin ilk nömrəsi işıq üzü görür. "Təcəddüd"ün çap edilmiş 202 nömrəsinin demək olar ki, çoxunda Xiyabaninin dərin məntiqə, alovlu vətən sevgisinə söykənən və xalqa nicat yolunu göstərən çıxış və nitqləri çap edilmişdi. Biz təəssüf edirik ki, "Təcəddüd"ün kolleksiyası hələlik əlimizdə yoxdur. Onu Akademiyanın Mərkəzi kitabxanasının mətbuat fonduna gətirmək haqqında düşünməliyik. Xiyabani öz çıxışları ilə ölkədə milli oyanışa və xalqı mübarizənin hədəfinə doğru istiqamətləndirməkdə müstəsna rol oynamışdı. Ölkəsinin yadlardan asılığı əleyhinə olan Xiyabani müstəqilliyi hər şeydən üstün tutaraq deyirdi: "Hər bir xalqın şərəfi onun müstəqilliyidir... biz elə bir çıraq yandırmalıyıq ki, onun ixtiyarı öz əlimizdə olsun".

Xiyabaninin başçılıq etdiyi hərəkatın müstəbid rejim əleyhinə ilk izdihamlı çıxışı 1920-ci ilin aprelində olmuşdu. Xalqın tələbləri ilə yanaşı Vüsuqüddövlənin ingilislərlə bağladığı gizli müqavilənin ləğv olunmasını tələb edən bu mitinqə Azərbaycandakı bölgələrin böyük əksəriyyəti qoşulmuşdu".

O, sonda qeyd edir ki, Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi "Azərbaycan Demokrat Firqəsi" və bu firqənin fəal üzvləri haqqında, firqənin məramı və siyasi hədəfləri barədə də genişobyektiv araşdırmalara ehtiyac var: "Xiyabanionun adı ilə bağlı hərəkat XX əsr tariximizin bir parçasıdır. Onu tədqiq edib ətraflı öyrənmək hər birimizin vətəndaşlıq borcumuz, şərqşünas tədqiqatçı kimi vəzifəmizdir".

 

 

Uğur  

   

Xalq Cəbhəsi.- 2011.- 7-10 oktyabr.- S.14.