Bütün dünyanın şairi

 

 Nizami Gəncəvi türk ruhunu əsərlərində sevgiylə ifadə edib

 

Vaxtilə Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, "farspərəstlər və ermənilər Nizamini bizdən qopartmaq istəyirdilər"

 

Azərbaycan klassik ədəbiyyatının zirvələrindən biri olan Nizami Gəncəvinin yaradıcılığı bütün zamanlarda bəşəri mahiyyət kəsb edib, ona görə ki, hər şeydən əvvəl o, xəlqidir. Nizami Gəncəvi haqqında heç zaman keçmiş zamanda danışmaq olmur. Onu bizdən ayıran illər bu nəhəng bədiyyat ustasının qədimliyə varmasının, həm də əbədi sabahda qalmasının sübutu olur. Xəlqi, milli və mənəvi dəyərlərimizi, türk ruhunun özünəqədərki soraqlarını əsərlərində sevgiylə ifadə edən Nizami Gəncəvi bu səbəbdən həmişə yaşarıdır.

Nizami Gəncəvinin fars şovinizmi tərəfindən daim farslaşdırılması cəhdi həmişə hiddətimizlə qarşılanmalıdır. Qətiyyən belə məsələlərə göz yummaq olmaz. Başdan-binadan ruhu türklükdən soraq verən şairimizin yalnız farsca yazmasını əsas gətirərək onun milliyyətcə fars olmasını iddia etmək gülünc bir işdir. Hər halda böyük şairimizin farsca yazması kədərli, acı bir reallıqdır. Fars şovinizminin ardıcıl olaraq Nizamini özününküləşdirmək cəhdi bizi daha da ciddi düşünməyə məcbur edir. Əgər biz bir millət olaraq uca, milli, bənzərsiz dəyərlərimizə sözün böyük mənasında inadla sahib dura bilməsək, o zaman türkü sevməyənlər tərəddüdlü məqamlarımızdan məharətlə istifadə edəcəklər, necə ki, edirlər.

Bu günlərdə Azərbaycanda keçirilən İran mədəniyyəti həftəsi çərçivəsində İranın bir sıra kütləvi informasiya vasitələrinin dahi Azərbaycan şairi Nizami Gəncəvini fars şairi kimi qələmə verməsi yenə gündəmə gəldi. İranlı alimlərin Nizaminin guya "fars şairi" olmasını belə əsaslandırırlar ki, o, farsca yazıb. İranın mədəniyyət naziri isə "Böyük şəxsiyyətləri hansısa sərhədlərlə məhdudlaşdırmaq düzgün deyil. Azərbaycanın və Gəncənin fəxri olan Nizami Gəncəvi də təkcə Azərbaycanın yox, bütün dünyanın şairidir"-deyib.

Göründüyü kimi, İran rəsmiləri nisbətən fərqli mövqe sərgiləməyə, məsələni açıq yox, qapalı şəkildə, ancaq öz istəklərinə uyğun təqdim etməyə çalışırlar. Yəni "Nizami bütün dünyanın şairidir" o deməkdir ki, o, türk şairi deyil.

Ancaq Nizaminin xalis türk şairi olması farslara gün kimi aydındır. Sadəcə, orta yüzillərin şeir dili kimi tanınmış, dəbləşmiş fars dilində yazmağa məcbur olan Nizaminin irsi onlara yalnız bu sarıdan "balaca əsas" verir. Ancaq bu "əsas" o qədər də imkanlar vermir.

Azərbaycanın qeyri-adi şəxsiyyətləri, həmçinin zəngin maddimaddi sərvətləri həmişə türkü sevməyənləri qıcıqlandırıb. Onlar əllərindən gələni ediblər ki, bu sərvətlərin türkə aid olmadığını sübuta yetirsinlər. Bu sahədə fəal dövlətlərdən biri İrandır. İran Nizami Gəncəvinin "fars şairi" olması ideyasını ortaya atmaqla Azərbaycanın belə bir mənəvi sərvəti yetirmək qüdrətində olmadığı təəssüratını yaratmağa çalışıb, indi də mənasız iddiasından əl çəkmir, buna başqalarını inandırmaq istəyir. Məsələni belə asanca həll etmək yalnız farssayağı ola bilər...

Həmçinin ermənilər də uzun illər ərzində Nizaminin Azərbaycan-türk şairi olmaması cəfəngiyyatını aləmə car çəkərək bununla da bizə yeni-yeni mənəvi zərbələr vurmaq istəyiblər. Dövlət ElmTexnika Sənədləri Arxivinin direktoru Şahsuvr Haşımov böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Bakıda abidəsinin qoyulması prosesində ermənilərin törətdikləri əngəllərlə bağlı arxivdə xeyli faktların olduğunu bildirir: "1941-ci il fevralın 17-də Moskvada Nizaminin abidəsinin hazırlanması ilə bağlı layihə sənədlərinə baxılır. Memarlar Sadıq Dadaşov, Mikayıl Hüseynov, Xalıq Əbdürrəhmanov və başqalarını Moskvaya dəvət etmişdilər. Nizaminin dəqiq surətinin tapılaraq abidədə ifadə edilməsi məsələsi son dərəcə ciddi məsələ kimi qarşıda dururdu. Bu işin ruhumuza uyğun səviyyədə həllinin istər-istəməz böyük anlaşılmazlıqlara səbəb olacağını təxmin etmək olurdu. Farslar Nizamini fars şairi hesab edirdilər. Göründüyü kimi, məsələ siyasi məna kəsb etməyə başlayırdı. Vaxtilə Məmməd Əmin Rəsulzadə yazırdı ki, "farspərəstlər və ermənilər Nizamini bizdən qopartmaq istəyirdilər"".

Moskvada keçirilən müzakirələrdə ermənilər də iştirak edirdilər. Bakıda Nizaminin heykəlinin necə qurulması ilə bağlı kəskin mübahisələr yaranırdı. Türkü sevməyənlər israrla deyirdilər ki, əgər Nizaminin miniatür rəsmi belə yoxdursa, o zaman onun Azərbaycan türkü olduğunu təsdiq edən heykəli də müəmmalı olacaq: "Ermənilər deyirdilər, nə ilə sübut edə bilərsiniz, təqdim edilən şəkil variantları həqiqətən Hizaminindir? Tələb olunurdu ki, bu variantlar geri qaytarılsın. Ermənilər mümkün qədər bu ideyanın əngəllənməsini istəyirdilər. Onların məntiqinə qarşı cavab üçün memar Sadıq Dadaşov məruzə ilə çıxış edir. Onun məharətli arqumentləri erməniləri çıxılmaz vəziyyətə salır, vəziyyətin xeyrimizə həll olunmasına səbəb olur. S.Dadaşov deyir ki, illərlə Azərbaycanın müstəmləkə altında yaşaması ona səbəb olub ki, farslar bundan yararlanaraq Azərbaycanın bir çox mənəvi sərvətlərini adlarına çıxıblar. Səbəbi də belə gətiriblər ki, konkret olaraq Nizami farsca yazıb. Ancaq Nizami bütün ruhuyla Azərbaycan-türk şairidir. Farslar həmişə əsaslandırmaq istəyiblər ki, feodal-patriarxal bir ölkə olaraq Azərbaycan Nizami kimi böyük bir şairi yetirə bilməzdi".

Məhz o zaman SSRİ-nin bir imperiya olaraq maraqları tələb edirdi ki, Azərbaycanın paytaxtı Bakıda Nizaminin heykəlinin qoyulmasına razılıq versin, həmçinin onun Azərbaycan şairi olması həqiqətinin arxasında dursun. Hər halda bu, mahiyyətcə Moskvanın üstünlüyü sayılacaqdı: "Stalin bu qənaətə gəlir ki, hökmən Bakıda Nizaminin heykəli qoyulmalıdır. Təsadüfi deyil ki, 1941-ci ildə Leninqrad dəhşətli mühasirədə olduğu zaman Nizaminin 800 illik yubileyi təntənə ilə qeyd edildi. Ermənilər hər zaman Nizaminin farslaşdırılmasını fikrini yeritmək istəsələr də, bir şey alınmayıb".

Nizami Gəncəvi dünya miqyasında zəngin irsi, elmi tədqiqatlara, araşdırmalara cəlb edilmiş şairlərimizdəndir. Şairin zəngin mənəvi dünyası, özünəqədərki tarixə, insanın halına bələdliyi, daim fəlsəfi fikirlər söyləməsi araşdırıcıları heyran edib. Bu, bir daha onu sübut edir ki, Azərbaycanda fəlsəfi fikir həmişə daha çox şeirlə deyilib. Nizami haqqında yazılacaq bundan sonrakı tədqiqatlarda onun türklüyünün möhtəşəm yaradıcılığına təsiri də xüsusi şəkildə araşdırılmalıdır. Bu yöndə tədqiqatlar yazılıb, hələ bundan sonra da yazılacaq.

Nizami mövzusunda araşdırma aparanlardan biriNizami muzeyinin əməkdaşı Əkrəm Şamxalovdur. O, Nizami Gəncəvinin "Xəmsə" dibaçəsinin tədqiqi, tərcüməsi, tətbiqi və bərpası ilə məşğuldur. O, hesab edir ki, Azərbaycanda, İranda, ərəb ölkələrində, Türkiyədə, eləcə də digər ölkələrdə Nizami irsi istənilən səviyyədə öyrənilməyib: "Onun yaradıcılığı Yaxın və Orta Şərq xalqlarının müştərək xəzinəsidir. Nizami həyatın bütün qanunlarını ümumiləşdirərək elə sadə dildə yazıb ki, bunu hamı başa düşmək imkanına malikdir. Nizami sözü elə deyib ki, hamı dərk edə bilsin. Amma o demək deyil ki, Nizamini həm də hamı rahatca başa düşə bilər. Əgər elmlər öz kökü üstündədirsə, o zaman insan bəlkə də Nizamisiz həqiqətə çatacaq. Bu gün bütün tədris əksinə yönəlib. Əgər Nizami özü dediyi kimi tədris olunsaydı, tamam başqa cür olardı. İstər elm, istər təhsil, istərsə də din; bunların hamısı əyaniliklə qeyri-əyaniliyin vəhdətindədir. Biz ruhla istəyimizi gerçəkləşdirə bilirik. O ruh həm də təbiətdədir. Göz cismdir, görmə qabiliyyətimiz ruhdur. Ayağımız cismdir, yerimək qabiliyyətimiz isə ruhdur. Biz ruhaniyyat aləminin içərisində yaşasaq da çox şeydən xəbərsizik. Biz ruh vasitəsilə istəyimizi gerçəkləşdirə bilərik. Mən hesab edirəm ki, bütün elmlər bir-birilə vəhdətdə öyrənilməlidir. Elmləri biri-birindən ayırmaq fəlakətdir. Ədəbiyyat əbədiyyət xislətlidir. Humanitar-texniki fənlər yoxdur. Ədəbiyyat özü də parçalanıb. İndi elə bir vəziyyət yaranıb ki, dar ixtisaslaşma dəb olub. Bir sahəni bilən başqa sahəni bilmir. Amma Nizami Gəncəvi elmin, həyatın bütün sahələrindən xəbərdar idi. Tariximizə, reallığımıza, bir də Nizamiyə baxaq. Ziyalı ilə danışırsan, deyir ki, heçbaşa düşmürəm. Bütün bəşəriyyətin irsi bizdədir, məsuliyyəti biz daşıyırıq. İngilis, fransız, alman nə isə bilmirsə, onları qınamaq olmaz. Nizami hər şeyi yazıb, onları bəşəriyyətə çatdırmalıyıq".

Bu zəngin irsin yiyəsi isə milliyyətcə türk olan Nizamidir. Ə.Şamxalov hesab edir ki, Nizami bu vaxtacan bizə düz çatdırılmayıb: "Xəttatların özləri də səhv ediblər. Ona görə də Nizami əsərlərinin bərpası vacibdir. Nə qədər ki, Nizami irsi xalqa, bəşərə düzgün çatdırılmayıb, çox şeydən xəbərsiz olacağıq."

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2011.- 8 oktyabr.- S.14.