Şərəfli və əzablı müstəqillik yolu

 

Qüdrət Əbdülsəllimzadə,

professor, xüsusi olaraq "Xalq Cəbhəsi" qəzeti üçün

 

Azadlıq və müstəqillik, istiqlalsuverenlik hər bir xalq üçün müqəddəs arzu, onun milli özünü dərkinin şərəf ucalığı zirvəsi olmaqla yanaşı eyni zamanda olduqca çətin, hətta əzablı proseslərlə dolu mürəkkəb bir sınaq yoludur. Bu sadə, ancaq müdrik həqiqət bəşər tarixinin müxtəlif inkişaf mərhələlərində, habelə ayrı-ayrı bölgələrin milli-azadlıq hərəkatı gedişində təsdiq edilib.

Nobel mükafatı laureatı Alber Kamyun "Kaliqula" pyesində əsərin baş qəhrəmanı elan edir: "Romaya axır ki, azadlıq qaytarıldı və bundan sonra böyük sınaqlar başlayır". Bu fikrin davamı kimi qeyd edə bilərik ki, son bir əsrdə öz dövlət müstəqilliyini elan etmiş, ancaq sovetlər rejiminin işğalı nəticəsində onu itirmiş və nəhayət, 20 il bundan əvvəl yenidən istiqlala qovuşmuş Azərbaycan Respublikası doğrudan da əzablı-ağrılı yollarla irəliləyib. Keçid mərhələsi kimi səciyyələnən bu dövrün ümumi mənzərəsində qərəzkarlıqla düşünülərək başlanmış və hələ də öz ədalətli həllini tapmamış Dağlıq Qarabağ münaqişəsi, əvvəllər formalaşmış iqtisadi-ticarət əlaqələrinin pozulmasının yaratdığı müxtəlif səpgili problemlər bütövlükdə ölkənin təsərrüfat həyatının tənəzzülü, vətəndaş qarşıdurması, seperatçılıq meylləri, işsizlik, inflyasiya, əhalinin həyat səviyyəsinin pisləşməsi halları danılmaz faktlarıdır. Nə qədər çətin olsa da, öz dövlət müstəqilliyinin bərpasını gərgin milli azadlıq hərəkatı gedişi, qanlı 20 Yanvar faciəsi qurbanları, Şəhid oğul-qızlarının qanı bahasına əldə etmiş xalqımız sarsılmadı, neçə-neçə nəsillərin uzun illər boyu apardıqdları aşkar-gizli mübarizəni yeni tarixi şəraitdə davam etdirərək qələbə qazandı.

Belə bir cəhəti qeyd etməyi zəruri sayırıq ki, miniliklər boyu müxtəlif ölkələrin hakim və sərkərdələrinin başçılıq etdikləri güclü orduların işğalçı hücumlarına, talançı müharibələrinə, amansız fiziki-mənəvi təzyiqldərinə məruz qalmış Odlar Yurdu ilahi bir qüvvənin qüdrəti ilə özündə daxili inam, habelə həyat eşqi taparaq dəfələrlə təzədən dirçəlib, varlığını, əzəli məğrurluğunu, ulu əcdadlarımızın sınanmış şərəf-qeyrət ənənələrini tarixin sərt dönüşlərində qoruyub saxlamağı bacarıb. Təsadüfi deyil ki, hələ 1919-cu ildə Müsavat Partiyasının II qurultayında, Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuş Nəsib bəy Yusifbəyli demişdi: "Azərbaycan amalı (istiqlalı) yalnız Müsavatdır - demək yanlışdır. Bu, ümumi bir amalarzu idi. Ancaq onu ilk dəfə Müsavat üzə çıxardı. Kül örtülü bir od idi, Müsavat onu üfürüb alovlandırdı. İndi bizlər bu odu yandırdıq".

Deməli, xalqımızın və millətimizin azad yaşamaq, müstəqil düşünmək, istiqlal əldə etmək, öz dövlətini yaradıb-qurmaq əzmini, habelə bunun uğrunda tarixi mübarizəsini təkcə bir partiyanın (hərəkatın), yaxud şəxsin (liderin) adı ilə bağlamaq yox, şübhəsiz, bu amillərin konkret zaman-məkan daxilindəki rolunu sələflər-xələflər prinsipi ilə ardıcılllıqla qiymətləndirmək əsasında həmin ideyanın cəmiyyətin müxtəlif təbəqələri içərisində - "ümumi amal" kimi tədricən formalaşıb yetişdiyi həqiqətini dərk etmək lazımdır.

Hadisələrin və şəxsiyyətlərin əsl hakimi tarixdir, onun isə müəyyən bir zamana ehtiyacı var. Bu mənada iqtidar, müxalifət, radikal yönümlü partiyalar, hərəkatlar, qruplar, qeyri-hökumət təşkilatları, habelə onların liderlərinin fərqli düşüncə tərzi mövcud sosial-iqtisadi problemlərin həllinə dair fikirləri qərəzli xarakter daşımamalı, "mənasız, arxivlik, savadsızlıq" nümunəsi kimi qiymətləndirilərək rədd olunmamalı, kimlərinsə "ürəyini bulandırmamalı", "güclüyəm, haqlıyam", yaxud "iqtidarın bütün addımları səhvdir" mövqeyindən deyil, demokratik müzakirələr, elmi-nəzəri müddəalar, nəhayət, dünya təcrübəsinin acılı-şirinli nəticələri müstəvisində öz optimal həllini tapmalıdır. Cəmiyyət və dövlət mütləq həqiqət prinsipi ilə yox, onun müxtəlif təbəqələrinin maraqlarına cavab verən güzəştli, liberal siyasətlə idarətlə olunur.

Qeyd etmək zəruridir ki, müstəqillik yolunun bərpasından sonra bazar münasibətləri iqtisadi sisteminin formalaşması istiqamətində həyata keçirilən - milli valyutanın dövriyəyə buraxılması, iqtisadiyyatın liberalaşdırılması, dövlət mülkiyyətinin özəlləşdirilməsi, aqrar islahatları, qarışıq (şərikli) mülkiyyət əsasında birgə müəssisələrin təşkili, dünyanın aparıcı dövlətlərinin iri korporasiyaları ilə uzunmüddətli neft sazişlərinin imzalanması, xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunması üçün əlverişli şərait yaradılması, qloballaşan dünyanın inteqrasiya proseslərində iştirakın genişləndirilməsi, şübhəsiz, öz müsbət nəticələrini verib. Hazırda ölkənin ümumi daxili məhsulunun (ÜDM) həcminin 40 milyard manatı ötməsi və bunun 80 faizdən çoxunun özəl bölmənin payına düşməsi, dövlət büdcəsi gəlirlərinin 15 milyard manatı keçməsi, istehsal-xidməti sahəsinə yönəldilən ümumi investisiyaların 14 milyard manat təşkil etməsi və bunun yarısının daxili maliyyə resursları hesabına keçirilməsi, dünyanın 147 ölkəsi ilə aparılmış ixrac-idxal əməliyyatlarının ümumi ticarət dövriyyəsinin 28 milyard dollara çatması, ölkənin valyuta ehtiyatlarının

30 milyard dolları ötməsi, xüsusilə regionların sosial-iqtisadi inkişaf yolu ilə irəliləməsi milli iqtisadiyyatın uğurlarıdır.

Məlum həqiqətdir ki, bayram və yubileylər qeyd etməyin ən diqqətəlayiq cəhəti, əldə olunmuş nailiyyətləri obyektiv meyarlarla, təmkinlə dəyərləndirməklə yanaşı, "Məmnunluq psixologiyası"na uymadan, habelə buna yol vermədən, cəmiyyətin və onun hər bir üzvünün səylərini hələlik müxtəlif səbəbdən yetirilməmiş məsələlərin reallaşdırılmasına yönəltməkdir. Müasir qloballaşan dünyanın hətta yüksək inkişaf etmiş ABŞ, Avropa Birliyi, Yaponiyainkişafda olan Çin, Hindistan kimi ölkələri də həmin problemlərlə üzləşməkdədirlər. Xüsusilə 2008-ci ildən başlanmış və müəyyən qrup ölkələrin birgə səyləri nəticəsində təsir gücü zəifləsə də, son dünya maliyyə-iqtisadi böhranı şəraitində Azərbaycan iqtisadiyyatının daha az itkilərlə öz sabit davamlı inkişafını qoruyub saxlaması əlamətdar hadisədir. Fikrimizcə, yaxın və orta, habelə uzunmüddətli davamlı (dayanıqlı) inkişaf istiqamətində aşağıdakı məsələlər (problemlər) diqqət mərkəzində durmalıdır:

- Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinə nail olunmalı, vaxtilə çar imperiyası və bolşevik rejiminin işğalçı siyasəti, zorakı metodları nəticəsində zəbt edilmiş, parçalanmış əzəli Yurd torpaqlarının qaytarılaraq güneyli-quzeyli Vahid Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli;

- Milli iqtisadiyyatın quruluşunun (strukturunun) təkmilləşdirilməsi, ərazi baxımından səmərəli yerləşdirilməsi, təsərrüfat həyatının şaxələnmiş (diversifikasiyalı) inkişaf xətti təmin olunmalı, iqtisadi-sosial yüksəlişin gələcək təməli kimi ölkə iqtisadiyyatının istiqamətləri müasir beynəlxalq əmək bölgüsünün prinsiplərinə uyğunlaşdırılmalı;

- Ölkənin hərbi və iqtisadi təhlükəsizliyinin tərkib hissəsi sayılan ərzaq təhlükəsizliyi dünyanın sivil ölkələrinin seçdiyi səmərəli aqrobiznes fəaliyyəti şərtlərinə (prinsiplərinə) uyğun surətdə qurulmalı, habelə əhalinin zəruri, ekoloji baxımdan saf kənd təsərrüfatı məhsullarına ehtiyacı daxili imkanlar hesabına təmin olunmalı;

- İstehsal-xidmət və xüsusilə də qeyri-neft bölməsinə yönəldilən xarici investisiyalardan daha səmərəli istifadə etməklə yanaşı, iqtsadi-sosial inkişafın daxili yığım və maliyyə resursları hesabına həyata keçirilməsi xətti ardıcıllıqla davam etdirilməli;

- Əhalinin həyat səviyyəsi göstəriciləri müasir orta dünya standartlarına və BMT-nin "ictimai-iqtisadi inkişaf kodeksi" parametrlərinə yaxınlaşdırılmalı,

- Sosial-iqtisadi yüksəlişin davamlı inkişafına nail olmaq üçün optimal hüdudlar daxilində iqtisadiyyatın dövlət tənzimlənməsi sayəsində ətraf mühitin qorunması aə istehsal prosesləri ilə ekoloji tarazlığın ahəngdarlığı gözlənilməli;

- Milli maraq və ölkənin iqtisadi mənafeyinə xələl gətirmədən, qloballaşan dünyanın tədricən formalaşan vahid təsərrüfat həyatının getdikcə dərinləşən inteqrasiya proseslərinə qoşulmaq, çoxcəhətli iqtisadi-ticarət münasibətlərində fəal iştirak etmək yolu ardıcıllıqla davam etdirilməlidir.

Bizim günlərimizdə yaşadığımız cəmiyyətin müxtəlif təbəqələrinin yaşayış səviyyəsindəki kəskin fərqlərin yaratdığı sosial gərginliyi "yumşaltmaq", normal orta işləyib-yaşamaq imkanlarını reallaşdırmaq üçün: demokratik dövlətçilik və idarəetmə prinsipləri təkmilləşdirilməli; insan haqları və hüüquqları pozulmamalı; iqtisadi-sosial islahatlar xətti davam etdirilməli; sərbəst rəqabət və iqtisadiyyatın düşünülmüş dövlət tənzimlənməsi əsasında hər bir cəmiyyətin etibarlı sosial bazası sayılan orta təbəqə formalaşmalı; rüşvətxorluq, korrupsiya, "gizli iqtisadiyyat", inhisarçılıq, haqsız rəqabət, məmur özbaşınalığı və onun açıq-aşkar gizli biznes fəaliyyəti hallarına, himayədarlıq səylərinə qarşı dövlət səviyyəsində mübarizə aparılmalıdır. Habelə təhsil, elm, mədəniyət, səhiyyə sahələrinin işi kökündən yaxşılaşdırılmalı; əhalinin hələ sovet dövründən qalmış əmanətlərinin təkcə nəqd pul formasında deyil, eyni zamanda torpaq, mənzil, uzunmüddətli istifadə olunan məişət avadanlıqları şəklində qaytarılması təcrübəsindən faydalanmalı; minimum, orta əmək haqqı, istehlak büdcəsi, ("səbəti") müstəqil və kifayət qədər iqtisadi imkanlara malik bir dövlətin nüfuzuna layiq olmalıdır.

 

 

(Davamı sabahkı sayımızda)

 

Xalq Cəbhəsi.- 2011.-14 oktyabr.- S.14.