"Yazmamaq olmur deyə yazıram"

 

 Fərid Hüseyn: "Yazaraları unversal edən onların dünya mədəniyyətinin dilində danışa bilmək bacarıqlarıdır"

 

Fərid Hüseyn 1989-cu ildə Kürdəmir rayonunda anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünsalıq fakültəsinin "Nəşriyyat işi və redaktəetmə" ixtisasına, 2008-ci ildə isə Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsinə daxil olub. Hazırda ADMİU-nun kulturologiya fakültəsində magistr təhsili alır. Şeirlər və esselər yazır. 2009-cu ildə "Əlifba sırası" adlı şeirlər və esselər kitabı işıq üzü görüb.

 

- Fərid Hüseynin həyatında yazmaq nə mənaya gəlir?

- Desəm ki, yazmaq mənim həyat tərzimdir, olsun ki, bu sənə bir qədər çeynənmiş ifadə kimi görünəcək. Yazmamaq olmur deyə yazıram. Düzü, yazmağı min yerə yozmağın da tərəfdarı deyiləm. İnsan həyatı bütün ziqzaqları ilə, döngələri ilə belə birxətlidir və biz onu yozduqca, nələrləsə əlaqələndirdikcə, ümumiliklərdən təcridləşdirdikcə əslində əsl mahiyyətdən uzaq düşürük. Yazmaq mənim heç kəsə ifadə edə bilmədiyim fikirlərin ifadəsidir. Qəribədir ki, mən yazdıqlarımı danışa bilmirəm. Yazmaq düşünmək deməkdir. Mən sanki içimdə yazıram. Əllərim beynimin və ürəyimin müftə çalışan stenoqrafçısıdır. Deyəsən, sözlərin cilovunu əlimdən buraxdım, sualdan uzaqlaşdım bir az. Yazmaq taleyin işidir, başıma gəlib. Necə ki, taleyi yozumlamaq olmur, eləcə də, yazmağı.

- Nəcib Fazilin müəyyən bir dövrdə yazdığı şeirleri rədd etməsini sənətçi psixologiyası baxımından necə dəyərləndirmək olar?

- Əvvəla hökmən qeyd eləməliyəm ki, Nəcib Fazilin yaradıcılığında qəribə ölüm semantikası var, mübahisə edə bilərəm ki, onun qədər heç bir türk şairi ölümüm bu qədər gözəgəlimli edə bilməyib. Məsələn, o, yazır: "Ölüm ölənə gözəl, ölümə sevinmək var". Yaxud o, tabuta "taxta at" - deyir. Əvəllər bilirsən ki, taxta ata minmək uşaqların ən şad hisslərindən olub. O, tabutu bu dərəcdə sevinclə qarşılamağa hazır olan, ruh poeziyasına malik şair idi. Fikir vermisənsə ölüm poeziyası həm də imtina poeziyasıdır. Həyatdan, işıqlı hisslərdən, yaradıcılıqdan və s. Məsələn, çoxlarının bildiyi bir məqamı deyim. Bodler son dövr poeziyasında ölümü o qədər heyranlıqla vəsf edirdi ki, o bütün ülvi hisslərdən imtina etmişdi. Eləcə də, Aqutaqava, o "Dişli çarxlar" əsərindəki bütün motivlər əslində ölümə olan inamla, həyata olan təzad kontekstində nəzərə çarpır. Nəcib Fazilin də o dəyərli şeirlərindən imtinası təxminən bu kontekstdədir. Onun imtinası əslində həyatilikdən imtina idi. Nə ki, həyatidir, o şeylər ötəridir. İsa Hüseynov da yaradıcılığının həyati qatından imtina edib. Mən bu cür ağılla, idrakla atılan addıma əhsən deyirəm. Bir də var ki, bu gün bizim ədəbiyyatımızda olan imtinalar. Bir də görürsən ki, biri heca şeirindən sərbəstə keçir, sonra əvvəlki şeirlərindən imtina edir. Yaxud dünənəcən şeir yazırdı, indi azara tutulub roman yazır, şeirlərindən imtina edir. Mən o cür şeyləri başa düşmürəm. Bu təxminən 80-cı illərinin sonu Türkiyədə çəkilmiş filmləri xatırladır mənə. Deməli, həmin filmlərdə bir əxlaqsız qadın olur, sonra o günahlarından arınmaq üçün başından qırx parç su tökür və guya ki, haqq yoluna qayıtdı. Bizim ədəbiyyatda bu günki imtinalar buna bənzəyir.

- Yazar, şair ən çox unudulmaqdan qorxur. Fərid Hüseyn necə, unudulmaqdan qorxurmu?

- Mən unudulmaqdan qorxmuram desəm, onda deyəcəksən ki, yazmağın elə unudulmamağa olan qorxunun işarələri deyilmi? Onda gərək mən sənin o sualına da cavab verəm. Və xəmirimiz çox su aparmasın deyə kəsə cavab verərək bu sualdan həm öz canımı, həm sənin canını qurtarmaq istəyirəm. Bəli, qorxuram. Əgər mən bu gün yazdığım kitabdan bircə nüsxə də olsa özümdə, arxivimdə saxlamağa, "Vikipedia"da özüm haqda nəsə yazmağa səy göstərirəmsə, deməli, qorxuram. Mən ha deyim ki, qorxmuram, bu yalan olar. Amma bu mənim olsun ki, bir qədər də şöhrətə olan gizli və ya aşkar istəyimdən xəbərə verir. Bəlkə də, gələcəkdə mən bu qorxuma qalib gələ bildim. Amma bircə şeyi dəqiq bilirəm ki, kim ki, unudulmaqdan qorxmur, o unudulmayacaq. Məsələn, Vaqif Bayatlı Odər.

- Daha beynəlmiləl şəxsiyyət qazanmış şairlərin yerli mədəniyyətlərlə bağları nə qədərdir? Səncə, bu şairləri universal edən əsas faktor nədir?

- Bu sualın cavabını məndən min dəfə yaxşı Orxan Pamuk cavablandırıb. Onun konkret bu haqda "Kimin üçün yazırsınız?" - adlı essesi var. O, deyir ki, kasıblar üçün yazanda irad tuturlar ki, kasıbların güzaranı elədir ki, onların işləməkdən kitab oxumağa vaxtı yoxdur, varlılar üçün yaz deyəndə də bürokratistlər yaxalarını cırırlar. Bu mənada sənin sualına verəcəyim cavab çox şaxəli alınır. Beynəlmiləllik xisləti yaradıcılığın canında olur və onu hamıya maraqlı edir. Əsl sənət əsəri hər xalqa xoş gəlir. Şairləri, ümumən yazaraları unversal edən onların dünya mədəniyyətinin dilində danışa bilmək bacarıqlarıdır.

- Şeirin ideoloji bir arxa planı varmı, ola bilərmi, olmalıdırmı?

- Şeirin ideoloji effekti hər zaman olub. Amma indi yoxdur. Siyasi durğunluq dövründə tək-tək yaxşı əsərlər yazılır. Durğunluq dövrünün ədəbiyyatında yaşantılar yox, xatırlanmalar olur. Bu gün Qarabağ haqqında yazılan romanları adam oxuyanda tükü belə tərpənmir. Çünki durğunluq dövründə köhnə hisslərə epoxa ünsürləri ilə yanaşmaq olmur. Yazılanlar yaşantılar yox, yaşanılmışlardır. Amma Qarabağ haqqında maraqlı hekayələr bəzən olur, çünki xatırlamalar fraqmental təfəkkürə xas bir şeydir. Bu gün ideoloji ədəbiyyatdan danışmaq mənə real bir şey kimi görünmür. Bizim yaşlı yazarlar hələ də bizim qulağımızdan əriştə asmağa çalışırlar ki, guya bunlar sovet imperiyasını içindən yeyib-dağıdıblar. O, əsərlərdə çevriliş ruhlu bir şeylər olsaydı, o əsərlərin müəlliflərini nəşriyyatlara baş redaktor, jurnal redaktoru, AYB-yə sədr qoyardılarmı? Məncə, bütün inqilablar, rejimin son laxlaması ilə bir dövrə düşür. Əks təqdirdə heç bir ideoloji mətn, böyük imperiyaları sirkələyə bilməz. Biz də ədəbiyyatın ideologiyası adlı bir termin buraxılıb dövrüyəyə, hamı ağına-bozuna istifadə edir. Amma əslində bu günki ədəbiyyat o qədər qarışıqdır ki, olmayan ideologiyaya, hərə bir ad verərək nəsə qondarmağa çalışır. Amma ədəbiyyatı ideologiyaya bağlamağın tərəfdarı deyiləm.

- Yazarkən qarşında dayanan, yaxud sənə arxadan səslənən şairlər varmı? Varsa, yazdıqlarına nə kimi təsir edirlər?

- Yazarkən, nə də yazandan sonra heç kəsi düşünmürəm. Amma olsun ki, hansısa şairin poetik ruhu mənim ədəbi taleyimdə və yaddaşımda var. Amma mən bunu bilmirəm. Amma bu hələ o demək deyil ki, mən onların haqqını itirmişəm, hər şey bilmədən olur. Bəzən biz insanlar bilmədən ölə də bilirik.

- Səncə şair tənhalığını kim uydurub?

- Esselərimin hansındasa yazmışdım ki, əslində insan tək olmur, özü özüylə olur. Amma o özlər əslində təkdir. Bu baxımdan sənin fikrinlə razı deyiləm ki, şair təkliyi uydurulmuş bir şeydir. Amma çox dəqiq deyirsən ki, biz şeirlərimizlə öz təkliyimizi paylaşırıq. Bu təklik sözü o qədər məzlum, amma qışqırtılı sözdür ki, özündə çox şeyləri ehtiva edir. Biz şeirlərimizlə tənhalığımızı çoxaldırıq. Hər şeirimizlə oxucular bir tənhalıq elanı paylamış oluruq. Bir elanı oxuyan, bir şeirimizi sevən digər tənhalığımıza üz tutur. Ona görə də şair tənhalığı labrintli bir şey deyil. Hər tənhalığın növbəti tənhalığa açılan qapısı var.

- İndi nələr yazırsan və səndən nələr gözləyək? Bezmirsən yazmaqdan?!

- Hazırda "300-dən sonrakı azərbaycanlılar" adlı esselər və şeirlər kitabım və 2 tərcümə kitabım çap üçün nəşriyyata verilib. Güzgülər haqqında maraqlı bir elmi-kultroloji araşdırma üzərində çalışıram. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bu günə qədər güzgülər haqqında ayrıca bir elmi iş yazan olmayıb. Eyni zamanda "Kaspi" qəzetində çalışıram və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistr təhsili alıram. Xüsusi olaraq qeyd etməliyəm ki, hazırda roman yazmıram. Bu da məni yaşıdlarımdan fərqləndirən ən üstün cəhətimdir. Yazmaqdan bezdiyim vaxtlar olur, onda hər şey öz əlimdə olduğu üçün yazılarımı dayandırıram. Gəzməyə gedirəm, futbol oynayıram, teatra gedirəm, kitab oxuyuram, aradan bir müddət keçir yenə də, əvvəlki halıma qayıdıram. Sonra yenə də bezənə qədər yazıram. Xoşbəxtəm ki, bezənə qədər yazıram, bezdirənə qədər yox. Bu gün roman yazanların çoxu bezdirənə qədər yazırlar. Bu günə qədər 12 hekayə yazmışam, hazırda həmin hekayələrə düzəlişlər edirəm. Fevral ayında dövlət layihəsi ilə nəfis tərtibatda çap olunacaq.

 

 

Söhbətləşdi: Oktay Hacımusalı 

 

Xalq Cəbhəsi.- 2011.- 14 oktyabr.- S.13.