Zehtabi Stalinin repressiyasından qurtuldu...

 

 Ancaq fars rejimi onu canından əziz sevdiyi Təbrizdə zəhərlədi

 

Akademik Yusif Məmmədəliyev Zehtabinin Bakı Dövlət Universitetində oxumasına şərait yaradıb

 

Milli Azadlıq Hərakatının lideri, eks-prezident Əbülfəz Elçibəy Məhəmmədtağı Zehtabinin ən sevimli tələbələrindən olub

 

"Mən neyləyim, ey şux ki, divanə doğuldum,

El dərdlərinin şəminə pərvanə doğuldum".

 

Bu sözlərin müəllifi tarixçi və türkoloq Məhəmmədtağı Zehtabidir. Zehtabi həm də şair idi. Onun şerlərinin müəyyən qisminin toplanaraq çap olunmasında əməyi keçən filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli "Başqa dilim, elim var mənim" kitabına yazdığı ön sözdə Zehtabinin həyat və yaradıcılığına da diqqət çəkir.

Məhəmmədtağı Zehtabi 1923-cü il oktyabrın 13-də Şəbüstərdə kirişçi ailəsində anadan olub. O, ibtidai təhsilə kənd məktəbində başlayıb, ancaq iki il oxuduqdan sonra ailə problemlərilə bağlı təhsildən ayrılır, özünün təkidilə təhsilini Təbrizdə davam etdirir. Zehtabi Təbrizdə Hacı Yusif Şüarın təşkil etdiyi xüsusi sinifdə ərəbcə və katoliklər kilsəsində Müsyo Jozef Qvinderin sinfində fransızca öyrənir. Beləliklə, ana dili ilə yanaşı fars, ərəb, fransız sonralar mühacirət dövründə rus dillərini mükəmməl mənimsəyir. 1940-cı illərdə Zehtabi Azərbaycan Demokratik Firqəsinin mətbu orqanı olan və Mirzə Əli Şəbüstərinin redaktorluğu ilə ana dilində nəşr olunan "Azərbaycan" qəzetində məqalə və şerləri ilə çıxış edir.

Zehtadi 1946-cı ildə Azərbaycan Milli Hökumətinin Tbrizdə açdığı universitetin ədəbiyyat fakültəsinin ilk tələbələrindən olur. Yeni yaranmış Milli Hökumətin başçısı, eyni zamanda istedadlı publisist və ədəbiyyatşünas olan Seyid Cəfər Pişəvərinin həmin fakültədə həftədə iki dəfə "Dünya ədəbiyyatı" mövzusunda oxuduğu mühazirələrini dinləyir. Təəssüf ki, beynəlxalq və yerli qüvvələrin məkrli plan və maraqlarına uyğun gəlmədiyi səbəbindən Milli Hökumət qan içində süquta yetirilironun uğurlu islahatlarının cərgəsində olan Təbriz Universiteti də bağlanır.

İrandabaşqa ölkələrdə təhsilini davam etdirmək istəyən Zehtabi maddi sıxıntılar və problemlərlə qarşılaşır. Universitet təhsilini başa çatdırmaq və İrandakı rejimin siyasi təqiblərindən yaxa qurtarmaq üçün Zehtabi qaçaq yolla 1948-ci ildə vətənin bu tayına-Sovet Azərbaycanına üz tutur. Bu zaman həbs edilir. Səbəb də sərhədi pozması olur. 3 il Sibirdə sürgün həyatı yaşayan Zehtabi Stalinin ölümündən sonra bəraət alır və oradan Düşənbə şəhərinə göndərilir. Bir ildən onra təhsil almaq arzusu ilə Bakıya gəlir. Zehtabi sonralar yazırdı: "Burada öyrəndim ki, sovetlər ölkəsində universitetə daxil olmaq üçün orta məktəb diplomu lazımdır. Mən isə orta məktəb diplomlarımdan heç birini özümlə gətirə bilməmişdim. Bir il burada axşam məktəbində oxuyub diplom alaraq onu ərizə ilə Bakı Universitetinə göndərdim. İki həftə sonra oradan müsbət cavab aldım. Bakıya oxumağa getdimyataqxanada yerləşdim. Günlərin birində yataqxana məsulu yanıma gəlib adımı soruşduqdan sonra dedi ki, rektor çağırır. Eşitmişdim ki, Bakı Universitetinin rektoru böyük kimyaçı, ixtiraçı akademik Yusif Məmmədəliyev idi. Rektorun otağına getdim. Yusif Məmmədəliyev adımı və haralı olduğumu öyrəndikdən sonra hansı fakültədə oxumaq istəyimi soruşdu. Azərbaycan dili və ədəbiyyatı fakültəsində oxumaq istəyimi söyləyəndə məsləhət gördü ki, kimya fakültəsini seçim. Ancaq mən xalqımın ehtiyacının dil və ədəbiyyata olduğunu bildirdim. Bundan sonra Yusif Məmmədəliyev əlimi sıxıb mənə uğurlar arzuladı".

33 yaşlı tələbə bir gün dərsə gedə bilmir. Buna səbəb onun yeganə pencəyinin oğurlanması olur. Milisə şikayət etsə də nəticə alınmır. Əksinə onun özünü təqsirkar bilirlər. Bütün çətin günlərinə baxmayaraq Zehtabi təhsilini başa vurur və 15 il müddətində şərqşünaslıq fakültəsində ərəb dili və ədəbiyyatını tədris edir. "Əbu Həvvasın həyatı və yaradıcılığı" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alır. Bakı Dövlət Universitetində işlədiyi dövrdə tələbələrə ərəb dili və ədəbiyyatını öyrətməklə yanaşı, onların mənəvi dəyərlərə yeyələnməsinə, milli ruhlu vətənpərvər və kamil insan kimi formalaşmasına çalışır. Azərbaycanın tanınmış elm və siyasət adamları arasında onun vaxtı ilə yetişdirdiyi tələbələr də az deyil. Milli Azadlıq Hərakatının lideri, eks-prezident Əbülfəz Elçibəy də Zehtabinin ən sevimli tələbələrindən olub.

Sonralar doğulub öoya-başa çatdığı Təbrizə yenidən qovuşduqda Təbriz Universitetində Azərbaycan türkcəsini və ərəb dilini tədris edir. Otuz ildən sonra xalqının içində olmaq onun üçün ifadə edilməz bir xoşbəxtlik idi. Zehtabi Berlində nəşr etdirdiyi "İran türklərinin sərfi" kitabını tədris etməkdən ruhlanaraq və universitetdə yüzlərlə gəncin dili öyrənib mənimsəməyə can atdıqlarını, ancaq bu sahədə mənbə və ədəbiyyatın qıtlığını nəzərə alıb "Müasir Azərbaycan ədəbi dilinin leksikologiyası", "Ana dilimizi öyrənək" adlı kitablarını yazır.

Zehtabi jurnalistika və tərcümə sahəsində də qələmini sınayır. Berlində "Ərk" dərgisini, Bağdadda isə 5 müxtəlif dildə "Birlik yolu" adlı qəzetini nəşr etməyə nail olur. Fransız ədəbiyyatından etdiyi tərcümələr hələ 40-cı illərdə qəzet səhifələrində işıq üzü görür. Sənət dostu Əliağa Vahidlə birlikdə klassik ədəbiyyatdan tərcümələr edir.

Bu bir həqiqətdir ki, İranda baş verən inqilablar beşiyi həmişə Güney Azərbaycan və onun baş şəhəri Təbriz olub. Ancaq bu barədə İranın farskeçmiş sovet tarixçilərinin bir qismi susmağı üstün tuturdular. Bütün bunların müqabilində Məşrutə inqilabi ilə bağlı Zehtabinin fikirləri böyük maraq doğurur. O, marksist-leninçi ideoloqların Məşrutə inqilabının Rusiyadakı 1905-ci il inqilabının təsiriylə başlaması fikrini qəbul etmirdi. Yazırdı ki, İran, xüsusilə Azərbaycan xalqının milli şüurunun yüksəlməsi, xalqın bir çox sahələrdəki tərəqqisi inqilabın baş verməsi üçün güclü amil olub. Zehtabi qeyd edirdi ki, Rusiyada 1905-ci il inqilabı boğulsa da, Məşrutə inqilabı uzun zaman-1912-ci ilin əvvəllərinə kimi davam edib. Zehtabiyə görə Məşrutə inqilabına 19-cu əsrin ikinci yarısında Osmanlı imperatorluğunda baş vermiş Tənzimat Hərəkatının böyük təsiri olub. O bu hərəkatın ideoloji mərkəzinin İstanbul, habelə Misir olduğunu göstərir və bu inqilabın yetişməsində M.F.Axundov və M.Ə.Talıbovun maarifçilik rolunu da vurğulayır. Zehtabi yazır ki, Məşrutəyə yardım yalnız QafqazRusiyadan deyil, Osmanlı Türkiyəsindən də gəlmişdi və Məşrutə geri çəkiləndən sonra İstanbul məşrutəçilərin sığındıqları və fəaliyyətlərini davam etdirdikləri şəhər olub.

Tarixi olayları ədəbiyyata gətirən doktor Zehtabi tarixtoponimika sahəsilə də ciddi məşğul olub, araşdırmalar aparıb. Onun "İran şahlarının 2500 illik cinayətləri" əsərində fars millətçilərinin törətdikləri cinayətlərdən bəhs edilir. Alim İran türklərinin tarixi ilə bağlı araşdırmalarında böyük ürək yanğısı ilə yazır ki, bu məsələdə dünya türkologiyasında dəqiq bilgi yoxdur, verilən məlumatlar da bilərəkdən saxtalaşdırılıb, xüsusilə onların millietnik tərkibilə bağlı faktlar təhrif edilib.

Tanınmış Amerika alimi, tarixçi, qafqazşünas və azərbaycanşünas professor Tadeuş Svyataçovski Güney Azərbaycan tarixini dünya tarixşünaslığında " ləkə" adlandırıb. Onun bu sahədə söylədikləri Zehtabinin fikirləri ilə üst-üstə düşür. Zehtabi bu boşluğu qismən də olsa doldurmaq üçün uzun illər boyu apardığı araşdırmaların nəticəsi olan "İran türklərinin əski tarixi" adlı üç cildlik kitabını yazıb. Onun bu kitabı türk dünyasında böyük bir hadisə kimi qarşılanıb.

Doktor Zehtabi millətinə olan sevgisinə ömrü boyu sadiq qalıb. Zehtabi klassik maarifçilərdən idibu işi ömrünün sonuna kimi durdurmadı. Onun dilinə, elinə xor baxıb qara yaxan millətçilərə həmişə tutarlı cavablar verib, onları susdurub. Əqidəsi üzündən başı çox bəlalar çəkən vətənpərvər ziyalıya o tayda "pantürkist", bu tayda isə "millətçi" damğası vurublar. Zehtabi 1998-ci ildə dünyasını dəyişib. Güneyli soydaşlarımız fars rejiminin Zehtabini zəhərlədiyini bildirirlər.

 

Bir diləyim var:

O gün intizarlar başa çatanda,

Elim zəncirini qırıb atanda

Ədalət divanı qurulan zaman,

Hər yanda bayrağım vurulan zaman,

Şən nəğmə səsindən dolanda Təbriz,

İxtiyar əlinə alanda Təbriz

Başım ağarsa da bir oğlan kimi,

Başıma gələni ərməğan kimi

Ərkdən xəlqimə səpəcəyəm mən.

Bu müqəddəs arzu, gözəl bir dilək,

Bu dilək uğrunda təqdim edəcək

Bir ürəyim var,

Bir ürək.

 

 

Arzu Şirinova      

 

Xalq Cəbhəsi.- 2011.- 14 oktyabr.- S.9.