Şərəfli və əzablı müstəqillik yolu

 

 (Əvvəli ötən sayımızda)

 

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 20 iliyinin qeyd olunduğu bir dövrdə, son vaxtlar rəsmi dairələrdə, müxtəlif mətbuat orqanlarında elmi məclislərdə - milli ideologiya, keçid mərhələsinin başa çatması, itisadi-sosial inkişafın Azərbaycan modeli haqqındakı mövqelərə hörmətlə yanaşaraq, eyni zamanda qədim yunan müdriklərinin "düşüncə tərzi cəzalandırıla bilməz" hikmətinə arxalanaraq, müzakirə məqsədilə aşağıdakıları bildirməyi gərəkli hesab edirəm.

Əvvələn, hər bir milli ideologiya, konkret tarixi şəraitin məhsulu kimi ilk növbədə Vətən, Millət, Hakimiyyət anlayışları müstəvisində formalaşır. O millətlər xoşbəxtdirlər ki, onlarda milli ideologiya yaradacaqları siyasi-ictimai quruluşdan əvvəl yetişib təkmilləşib.

Fəxrlə deyə bilərik ki, belə bir ideologiya 1915-16-cı illərdə Məhəmməd Əmin Rəsulzadə tərəfindən "Açıq söz" qəzetində "Müasirləşmək, türkləşmək, islamlaşmaq" formasında tutacağımız yol kimi müəyənləşdirilib. Bizim günlərimiz və gələcəkdə də bu fundamental prinsiplərin təməlində milli ideologiyamızın Azərbaycançılıq, torpağa məhəbbət, onu qanımız-canımızla qorumaq, qloballaşan dünya ölkələri ilə sülh, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri şəraitində müəyyən cəhətlərini açıqlamaq mümkündür.

Keçid dövrü, yaxud mərhələsi bir ictimai-iqtisadi quruluşdan başqasına (yenisinə) istər təkamül, istərsə də sıçrayış yolu ilə keçməsi üçün zəruri tələb olunan vaxtdır. Elmi-nəzəri və praktik cəhətdən keçid dövrü ona görə lazımdır ki, yeni meydana gələn quruluş keçmiş cəmiyyətin "ləkələrindən" (ədalətsizliklərindən, nöqsanlarından, səhvlərindən) tədricən xilas olaraq daha mütərəqqi prinsiplər əsasında formalaşsın. Həm də bu köklü dəyişikliklər, cəmiyyət həyatının siyasi-ictimai, sosial-iqtisadi, mədəni-mənəvi kimi müxtəlif sahələrini bütöv bir kompleks (sistem) halında, yəni tam şəkildə əhatə etməlidir. Şübhəsiz, ölkələrin daxili-xariciobyektiv-subyektiv səbəblərlə şərtlənən xüsusiyyətləri nəzərə alınmaqla, konkret bir quruluşdan digərinə keçid dövrü vaxt, zaman baxımından hökmən fərqli olmalıdır.

Tanınmış iqtisadçılardan birinin obrazlı ifadəsi ilə desək, bu proses sosializm adlı bir quruluşdan sərbəst sahibkarlıq fəaliyyəti, yəni kapitalizm quruluşuna (əks gediş!) qayıtmaq təcrübəsi dünya təcrübəsində görünmədiyinən daha mürəkkəb proses olub, "bişmiş yumrtadan yenidən qayğanaq" hazırlamağa bənzəyir. Bu mənada keçid dövrünün başa çatması fikri nə qədər xoş niyyətlə irəli sürülsə də, istər elmi-nəzəri, istərsə də yaşadığımız cəmiyyətin reallıqları baxımından müəyyən zamana ehtiyacı olan məsələdir.

Keçid mərhələsinə zəmanəmizin böyük alimlərndən Lütfi Zadənin qeyri-səlis məntiq fəlsəfəsi mövqeyindən yanaşsaqbu mərhələnin başlanması ilə qurtarması arasındakı şərti sonsuzluqda ən ümumi halda ilkin, orta, son pillələrin

olduğu həqiqətini nəzərə alsaq, fikrimizcə, hələlik bu dövrün müəyyən pilləsinin başa çatdığından danışmaq mümkündür. Çünki keçid mərhələsinin başa çatması anlayışının mahiyyəti təkcə iqtisadi tempümumi daxili məhsulun həcm göstəricilərini deyil, eyni zamanda istehsal-xidmət sahələrinin optimal nisbət quruluşunu (strukturunu), sosial ədalət prinsipləri təməlində bölgü mexanizmini, ölkə əhalisinin müxtəlif təbəqələrinin real həyat səviyyəsi parametrlərini, bütövlükdə cəmiyyətin siyasi-iqtisadi şəffaflığını, qanunların aliliyinə əməl olunmasını, insan amilinin ümumi yüksəliş, habelə ictimai tərəqqinin qarantı kimi qiymətləndirilməsi amillərini özündə ehtiva edir.

Mütəxəssislərin fikrincə, postsovetpostsosialist ölkələrində, o cümlədən də Azərbaycanda keçid dövrü ictimai-iqtisadi inkişafın şərti olaraq 3 tipini (variantını) müəyyənləşdirib.

1. Qərbi Evvropa sivilizasiyasına aparan inteqrasiyasosial yüksəliş istiqamətli inkişaf yolu.

2. Postsovet və postsosialist keçid dövrünün çətinliklərini, problemlərini araan qaldırmaqla birinci varianta doğru inkişaf yolu.

3. Düzgün vəziyyətdə qalıb köklü sosial-iqtisadi islahatları həyata keçirmək cəsarətində olmayan az səmərəli, habelə yarımçıq tədbirlərlə kifayətlənmək yolu.

Fmkrimcə, 20 illik müstəqillik yolunun sosial-iqtisadi yekunları təsdiq edir ki, Azərbaycan Respublikası öz inkişafında ikinci variantdan birinciyə doğru, yəni keçid dövrünün problemlərini aradan qaldıraraq inteqrasiya sosial yüksəliş istiqamətində irəliləməkdədir.

Həhayət, "inkişafın Azərbaycan modeli"nə gəldikdə, xatırladaq ki, xüsusi mülkiyyət, tələb-təklif, iqtisadi sərbəstlik, rəqabət mübarizəsi, qiymət dəyişkənliyi, düşünülmüş dövlət tənzimlənməsi kimi sınanmış prinsiplər əsasında formalaşan bazar münasibətləri sisteminin hazırda dünyada 3 istiqaməti (liberal, sosial yönümlü, sosial-demokrat) ayrı-ayrı ölkələrin milli inkişaf xüsusiyyətlərini əks etdirən modelləri (Amerika, İsveç, Almaniya, Avstriya, Çin, Yaponiya, Cənubi Koreya) fəaliyyət göstərməkdədir.

Bəzi iqtisadçı mütəxəssislər yalnız Amerika, Almaniya, İsveç modellərinə üstünlük verərək başqa inkişaf modellərinin törəmə xarakter daşıdığını qeyd edirlər. Şübhəsiz, müxtəlif ölkələrin özünəməxsus inkişaf xüsusiyətlərindən irəli gələn konkret iqtisadi modellərin meydana çıxıb formalaşması mümkündür. Lakin hər hansı bir yeni inkişaf modelinin həlledici şərti, onun başqa mövcud modellərdən nəyi isə götürərək törəmə (alınma, təkmilləşmə, zənginləşmə) xarakter daşımasında; yoxsa tamamilə fərqli prinsiplər bazasında formalaşaraq yeni bir əsas model kimi tanınaraq beynəlalq elmi ictimaiyyət tərəfindən qəbul olunmasındadır.

Xalqımız əmindir ki, çətin mübarizə, böyük qurbanlar, əzablı sınaqlar nəticəsində qazandığımız müqəddəs istiqlal əbədidir bir kərə yüksələn bayraq bir daha enməyəcək.

Şərəfli müstəqilik yolumuzun daha ciddi uğurları, dövlətçiliyimizin möhkəmlənib güclənməsi naminə milli həmrəyliyimizin təmin edilməsini təkidlə irəli sürür.

Bunun üçün müdriklərin "Qarşıda uzun çətin yol var, sən bu yolu necə lazımdırsa, keçməlisən!" vəsiyyəti unudulmamalı; "Hər bir hakimiyyətin mənbəyi xalqdır" hüquq hikmətinə, qanunların aliliyinə hamılıqla əməl olunmalı, iqtidarlı-müxalifətli "firqə ehtirasları şəxsi qərəzlər" kənara atılmalı, cəmiyyətin bütün səyləri - "Vətən qayəsi, milət duyğusunun hər şeydən yüksək tutulmasına yönəldilməlidir" (M.Ə.Rəsulzadə).    

 

 

Qüdrət Əbdülsəllimzadə

 

Xalq Cəbhəsi.- 2011.- 15 oktyabr.- S.14.