Torpaq həsrətli nasir

 

Onun əsərlərində tərənnüm olunan torpaqlarımızın sahəsi çox böyük idi...

 

Böyük şairimiz Bəxtiyar Vahabzadənin dünyasını dəyişməsi ilə poeziyamıza üz verən ağır kədərin ürəyimizdən göynərtisi getməmiş, daha bir ağır itki ilə üzləşdik: nəsrimizin görkəmli nümayəndəsi, xalq yazıçısı Sabir Əhmədli bizi tərk edib oğlu ilə görüşə getdi. Onun Cəbrayıla qayıtmaq arzusu ürəyində qaldı. Ölümündən bir neçə il əvvəl televiziya müxbirinə Sabir Əhmədli 75 yaşdan sonrakı həyatının arzularını belə anlatmışdı: "Ürəyim düşmən tapdağında qalan Qarabağım, doğulduğum Cəbrayıl üçün nanə yarpağı kimi əsir, ən böyük arzum doğma torpaqlarımızın azad olması, Cəbrayılda ömrümün sonunacan yaşayıb, onun torpağına qarışmaqdır".

Amansız tale Sabir deyəni demədi. O, Cəbrayılı - ata-baba torpağını bir daha görmədən, Bakının Binəqədi qəsəbəsinin torpağına tapşırıldı. Arzu arzudur. Lakin Sabirin əsərlərində tərənnüm olunan torpaqlarımızın sahəsi çox böyük idi.

Onun məzarı üstə vida nitqi söyləyən millət vəkili, yazıçı-publisist Aqil Abbas da Sabirin yaradıcılığını yüksək qiymətləndirib, nitqini bu sözlərlə bitirdi: "Sabir Əhmədliyə torpaq darlıq eləyər, o, 300 milyonluq bir xalqın ürəyinə həkk olunub, bu azdımı?!" Sabirin yaxın dostu, AMEA-nın müxbir üzvü Tofiq Hacıyevin kövrək ürəyi daha da kövrəlmişdi, böyük yazıçının, əziz dostun vəfatı onu da sarsıtmışdı: "Sabir əbədiyyətə adını çoxdan yazıb, ölümsüz əsərləri "Ömürdən nişanə" kimi onun adını yaşadacaq, yatdığı torpağı da ziyarətgaha çevirəcək"...

Sabir Əhmədli yaradıcılığında 30-cu illərdən 90-cı illərin sonunadək xalqımızın taleyində baş verən bir çox acılı-şirinli məqamlar bədii ifadəsini tapmışdır. O, realist qələminə sarılıb, gördüyü, duyduğu kimi yazmış, oxucu ürəyinə yol tapmışdır. Həyatının dərd sevincinin ifadəsini Sabir Əhmədli əsərlərində görmüş, xalqı onun əsərlərini sevə-sevə oxumuşdur.

Təkcə "Arabaçı" hekayəsinə görə Sabir Əhmədli SSRİ Yazıçılar İttifaqına üzv qəbul olunub. Az sonra isə (1956-cı ildə) "Ədəbiyyat qəzeti"nin nəsr şöbəsinin müdiri təyin edilib. Sabir məsuliyyətli tələbkar bir işçi kimi "Ədəbiyyat qəzeti"ndə 1993-ilə qədər fasiləsiz işləmişdir. Sabir qəzetdən söhbət düşəndə deyirdi: "Ədəbiyyat qəzet"inin çox əməkdaşları, baş redaktorları bir qədər işləyib başqa işə gedirdilər. Üç adamınsa həmişəlik yeri "Ədəbiyyat qəzeti" olub. Məmməd Əkbər müəllim, mən Ayaz Vəfalı. Ayaz Vəfalı 1959-cu ildən bu günədək, ədəbi işçi, məsul katib, baş redaktor kimi "Ədəbiyyat qəzeti"nin cəfakeşi olub. Süleyman Rüstəmdən sonra Qasım Qasımzadə, Yusif Əzimzadə, Hüseyn Abbaszadə, Nəriman Həsənzadə, Cabir Novruz, mən baş redaktor işləmişəm".

Sabirin xatirini çox istədiyi Məmməd Araz onun mərdliyindən, işdə prinsipial, yaradıcılıqda özünə tələbkarlığından ağızdolusu danışırdı. Sabirin hekayələri mətbuatda, əsasən jurnalda tez-tez çıxırdı. Çox keçmədi ki, onun "Bir payız axşamı" kitabı (Azərnəşr, 1961) səs saldı. Tələbələrin, ümumiyyətlə ədəbiyyatı sevənlərin əlindən düşmürdü. Xüsusilə respublika, məktəb kitabxanaları Sabirin kitablarını az zamanda kitab mağazalarından götürür, ya da "Kəndkitab"ın xətti ilə sifariş edirdilər.

1989-cu ildə "Azərnəşr"də Sabirin iki cildlik əsərləri çap edildi. Çox az zamanda həmin kitablar əl-əl gəzirdi. Onun bir-birinin ardınca çıxan "Aran" ("Uşaq Gəncnəşr",1962) iki hissəli romanı, "Pillələr" ("Azərnəşr", 1964), "Yamacda nişanə" ("Gənclik", 1973), "Toğana" ("Yazıçı" 1981), "Mavi günbəz" ("Gənclik", 1984, povestlər), "Yasamal gölündə qayıqlar üzürdü" ("Yazıçı", 1984), "Yasaq edilmiş oyun, Gülmalı kişinin axırı" ("Yazıçı", 1988) sürətlə respublikamızın hər tərəfinə yayılmışdı. Şair İlyas Tapdıq danışır ki, "televiziyada "Gənclər" proqramının baş redaktoru işlədiyim illərdə rayonlarda çox olurdum. "Məhsul bayramları"nın çəkilişlərində gənclərdən, müəllimlərdən hansı əsərləri oxumusunuz sualına, cavabda İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Bayram Bayramov, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Anar Əkrəm Əylislinin adları olardı.

O, İsi ilə çox yaxın idi. Bir dəfə mənə zəng etdi ki, Pirşağıdan şeir yazmısan. İsinin ayaqları ağrıyır. Onun dərmanı Pirşağı qumudur - deyiblər. Ora səninlə getmək istəyirik. Etiraz etmədim, mənim maşınımla getdik. Yolda maşını İsi sürdü, maşını təriflədi: "Əla maşındır bu 412-lər. Mənim "Moskoviç"im zay çıxıb." İsidən soruşdum: "Neçə ildir maşın sürürsən?" İsi dedi: "Təzə-təzə öyrənirəm." Mən dedim: "Bu ikinci maşınımdır."

Sabiri gülmək tutdu, dedi: "Görünür birincinin başında dəlləklik öyrənmisən. Bu maşına da qıymırsan, ehtiyatla sürürsən". Mən Sabirin sözlərini təsdiq edib dedim: indi İsi təzə maşın alanda, onu göz-bəbəyi kimi saxlayacaq.

Pirşağıda Mikayıl Hüseynovun, Mirmehdi Seyidzadənin bağının yanından dolanıb gözəl bir qumlu yerdə süfrə açdıq. Sabir İsi Məlikzadənin xətrini çox istəyirdi, onun kitablarına rəy verirdi. İndi İsi ona təzə əsərinin süjetindən danışırdı, mənə dedi: "Gəl, sən qulaq as". Dedim ki, qardaş, yox, mən bütün günü onun-bunun əsərini oxuyuram, istəyirəm bu gün başım dincəlsin. Hava sakit idi, su isti, zümrüd kimi suda çimib quma uzandım. Onlar da dənizə baş vurub, bir az çimdilər ayaqlarını qızmar quma basdırıb xeyli söhbətləşdilər, mən bir az da çimdim. Dönüb dəniz boyu üfüqə baxanda gördüm buludların arasında günəş ocaq kimi közərir, zolaq-zolaq buludlar da qıp-qırmızıdır. Sabirlə İsi kürəklərini günəşə çevirdikləri üçün bu mənzərəni görmürdülər. Sudan çıxıb Sabirə yaxınlaşdım: "Qardaş, bir dön o mənzərəyə bax". İsi , Sabir cəld dönüb mənzərəyə baxdılar. Sabir dedi: "İlyas bayaqdan təbiətdən zövq alır, biz başımızı mübahisəyə qatmışıq."

Sabir Əhmədli əsərlərində yazıçının qarşısına qoyduğu məqsədi bəri başdan hiss etmək olmur. Hadisələr məhəbbəti , nifrəti , tarixin keşməkeşlərində insanın başına gələn müsibəti əsər boyu bizə göstərir. İndi dilimizdə az işlənən sözləri yerində elə məharətlə işlədir ki, yaddaşımızda həmin sözlər təzədən möhkəmlənir.

Sabir Əhmədli başqa yazıçılarımızın təzə çıxan əsərlərinə, onun bədii taleyinə oxucunun münasibəti necə olacağını bir "görücü" kimi bəri başdan deyirmiş. Bu yerdə onunla bağlı xalq şairi Məmməd Arazın xatirələrinə nəzər salaq: "Söhrab Tahir digər dostları həmişə ona məsləhət görürdülər: Sabir, bu fikirlərini yaz, mətbuata çıxart. Sabirsə onlarla razılaşmır, zarafatyana deyirdi: "Mən vaxtdan tənqidçi oldum. Bu ədəbiyyatşünasların, tənqidçilərin işidir, mən oxucu kimi fikrimi bildirdim".

Cavanlıqda Məmməd Arazın darısqal otağı Sabirin, Əli Kərimin, Tofiq Bayramın ən çox getdikləri, yığışıb mübahisə etdikləri yerlərdən imiş. İnstitutdan ədəbiyyat dərnəyindən ayrılandan sonra təzə əsərlər haqqında mübahisələr edərmişlər, təzə yazılarını gecənin bir vaxtınacan bir-birilərinə oxuyaraq söhbətləşərmişlər. Əli, Tofiq, Məmməd dünyasını xeyli vaxtdır dəyişib. Sabir Əhmədli o xatirəli kiçik otağın söhbətlərini sinəsində apardı. Böyük şairimiz Mirzə Ələkbər Sabir XX əsrin 11-ci ilində dünyasını dəyişmişdi. Onun adını daşıyan qüdrətli nasirimiz Sabir Əhmədli XXI əsrin 9-cu ilində dünyasını dəyişdi. Şerimizin nəsrimizin Sabirləri əbədi olaraq xalqımızın yaddaşında yaşayacaq!    

 

 

Oktay Hacımusalı

 

Xalq Cəbhəsi.- 2011.- 26 oktyabr.- S.13.