Xalq rəssamı Ağəli İbrahimova həsr olunmuş tədbir

 

Sentyabrın 15-də Azərbaysan Bəstəkarlar İttifaqında xalq rəssamı, professor Ağəli İbrahimova həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözüylə açan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Ağəli İbrahimovun özünəməxsus yaradıcılığına diqqət çəkib. Ağəli İbrahimov öz yaradıcılığı haqqında danışıb, habelə rəssamlığın başqa yaradıcı sahələrlə ilişgisinə toxunub. O, dünyanın müxtəlif ölkələrində Azərbaycan incəsənətinə olan güclü maraqdan söz açıb. Rəssamın musiqi ilə daha canlı bağlılığı tədbirə qatılanların marağına səbəb olub. Onun mahnılarından biri səsləndirilib. A.İbrahimov musiqi ilə rəssamlığın birliyinin yaradıcılığına təsirindən də söz açıb. Rəssam uşaqlıqda musiqiyə meyl etdiyini deyib. Uşaq musiqi məktəbində tar sinfində muğamları öyrənən Ağəli İbrahimov bir təsadüf nəticəsində rəssamlığa maraq göstərib, sonra bu istək qarşısıalınmaz sənət sevgisinə çevrilib. Cəlal Qaryağdı ilə görüşü onun rəssamlığına ciddi təsir göstərib.

Rəssamın əsərlərindən ibarət slaydın nümayişi çoxsaylı iştirakçıların ciddi marağına səbəb olub. Sonra professor Fuad Məmmədov, şair Msa Ələkbərli və başqaları çıxış edib, Ağəli İbrahimovun hər şeydən qabaq doğma bir dost, insansevər olmasından söz açıblar. Sənətşünas Ziyadxan Əliyev Ağəli İbrahimovun yaradıcılığını təhlil edib. İşıqlı Atalı illərdir tanıdığı Ağəli İbrahimov haqqında ürək sözlərini bölüşüb: "Ağəli İbrahimovda müşahidə etdiyim ən böyük özəllik onun hər zaman səmimi olmasıdır. Səmimilik hər bir insanda ilk sırada dəyərləndirilən, umulan başlıca özəllikdir. Onun rəssamlıqla yanaşı, həm də musiqi ilə də sıx bağlı olması gözəl cəhətdir. Rəssamın əsərlərində insanın zülmətdən işığa doğru inadla, inamla dartınması, yüksəlməsi var".

 

 

Xalq cəbhəsi.- 2011.- 17 sentyabr.- S. 13.