Şəhriyarın ölümündən 23 il ötdü...

 

Əkrəm Rəhimli: "Güney Azərbaycanda türklər öz milli varlıqlarını həmişə qoruyacaqlar"

 

Böyük Azərbaycan şairi Şəhriyarın ölümündən 23 il ötdü. Ancaq bu müddətdə onun milli yöndə yaradıcılığı xüsusən Güney Azərbaycanda yaşayan soydaşlarımız tərəfindən daha çox sevildi.

Araşdırmaçı Əkrəm Rəhimli bildirir ki, Şəhriyarı soydaşlarımıza sevdirən onun ana dilimizə, xalqımızın ruhuna, sabahına olan inamıdır. Xüsusilə onun məşhur "Heydər babaya salam" poemasında xalqımızın özünəməxsus yaşam tərzi əks olunub: "1946-cı ildə Güney Azərbaycanda Pişəvərinin rəhbərliyi ilə qurulan hökumət böyük bir amansızlıqla yıxıldı, onminlərlə soydaşımız dar ağacından asıldı, minlərlə insan isə ölkədən mühacirət etdi. Ta Şəhriyarın "Heydərbabaya salam"ı meydana çıxıncaya kimi bu susqunluq davam etdi. Şəhriyar illərlə çəkən sükut buzunu qırdı. İran dövləti Şəhriyarı ələ almaq üçün müxtəlif yollara əl atdı. Məmmədrza şah 1967-ci ildə onu İranın bir saylı şairi etməklə hakimiyyət tərəfinə çəkmək istəyirdi. Şəhriyar dedi ki, mən bu adı xalqdan almaq istəyirəm. Şahın arvadı Fərəh xanım Şəhriyarı kirayədən qurtarmaq, ev vermək bəhanəsiylə dövlətin təsirinə salmaq istədi. Şəhriyar belə təsirlərə uymadı. O, daim İran-fars rejimi tərəfindən kölgədə saxlanılıb, bu günonun yaradıcılığına belə münasibət var. Onun adından, yaradıcılığından ehtiyat edirlər, çünki Şəhriyarın əsərlərində milli oyanışa çağırış var. Bu gün də Şəhriyarı dərsliklərdə "İranın böyük şairi" kimi təqdim edirlər, milli kökənini-türklüyünü gizlədirlər. Aparılan təbliğatın nəticəsində insanları çaşdıra bildirlər. Ancan milyonlarla soydaşımız bu gün də Şəhriyarın əsərlərini oxuduqca milli ruha daha çox bağlanır, Şəhriyarın əsərləri onları yeni-yeni mübarizələrə ruhlandırır. Bu mənada Şəhriyar bu gün Güney Azərbaycanda Azərbaycançılığın, türkçülüyün bayraqdarıdır".

Əkrəm Rəhimli Şəhriyarı fars sayanların qətiyyən əsası olmadığını bildirir: "Belə bir iddiada bulunmaq o deməkdir, tutalım, biz də deyək ki, yox, Hafiz türk şairidir, fars şairi deyil. Bu, Şəriyarın ruhuna ən yaxşı halda hörmətsizlikdir, böhtandır. Şəhriyarın böyük babasının adı Seyid Əli, böyük nənəsinin adı Seyidxanım, atasının adı isə Seyid İsmayıldır. Atasının el içində böyük hörməti olduğuna görə ona "Hacı Mirağa Xoşginabi" deyərmişlər. Şəhriyarın atası peşə etibarilə ədliyyə vəkili olub. Bu şəxs təmiz Azərbaycan türküdür, Xoşginab şəhərində doğulub. Şəhriyar çoxsaylı şeirlərində təmiz türk olduğuna aydınca işarə edir, həmçinin türk dilinin ən yüksək dil olduğunu bəyan edir, bu dillə fəxr edir. Şəhriyar kimi qüdrətli şairin milliyyətcə türk olması həmişə İran rejimi üçün qorxulu olub. Bu mənada Şəhriyarın atasının türk olmasının şübhə altına alınması, "fars kökənli" deyə təqdim olunması yeni bir uydurmadır, Hizami Gəncəvi və başqa böyük şairlərimiz haqqında olan hədyanların davamıdır. Onillərdir ki, nəinki tanınmış soydaşlarımızın farslaşdırılması xətti yürüdülür, hətta belə bir cəfəng iddia ortalığa atılır ki, guya Güney Azərbaycan bütünlüklə öz milli kimliyi etibarilə farsdır. Guya bunlar tarixən zor gücünə türkləşdirilmiş farslardır. Bu fikir farsların kitablarından qırmızı xətlə keçir. Guya Güney Azərbaycanda Azərbaycan türkü yoxdur, onlar kökən etibarilə farsdırlar. Burada belə bir sual ortaya çıxır: əgər doğrudan da Çingiz xan, Teymurləng və başqaları gəlib buradakıları türkləşdirdilərsə, o zaman necə oldu ki, bəluclar türkləşmədilər, kürdlər türkləşmədilər, xüsusən necə oldu ki, İrandakı farslar türkləşmədilər? Axı İran vaxtilə bütünlüklə tutulmuşdu? İranda bu saat təbliğat gedir ki, ümumiyyətlə, Azərbaycan adlı məmləkət o tərəfdir, Arazın o tayıdır, özübunlar fars mənşəlidirlər. Belə bir fikir yaradırlar ki, guya vahid İran milləti var, onun da dili farsdır. İran daxilində olan bəlucların, ərəblərin, kürdlərin, Azərbaycan türklərinin guya hamısı farsdır. Guya bunlar vaxtilə müxtəlif zamanlarda bölünüblər. Fars şovinizmi vahid irançılığı zor gücünə, beləcə yaratmaq istəyir. Şəhriyarın atasının fars kimi təqdim olunması Şəhriyarın özünün fars olmasına iddia etməkdir. Şəhriyarın atasını tanıyanlar saysız-hesabsızdır, şairlə bağlı çoxlu xatirələr yazılıb. Bütün bunlardan sonra necə mənasız iddia etmək olar ki, onun atası farsdır? Şəhriyar təmiz türk olmasaydı, Azərbaycanla bağlı belə inamlı, dərdli yazardımı? Şəhriyar haqqında bu iddiaların heç bir elmi əsası yoxdur. Şöhrəti getdikcə bütün İranın ədəbi mühitini bürüdüyünə görə, farslar onun əcdadının fars olduğuna dair fikir formalaşdırmaq istəyirlər. Sübut etməyə çalışırlar ki, belə bir görkəmli şəxsiyyət juya farsdan əmələ gələ bilər. Hə qədər türkün dili yaşayır, nə qədər Güney Azərbaycanda türkün nəfəsi güclü şəkildə hiss olunur, türk orada milli varlığını göz bəbəyi kimi qoruyacaq".

 

 

Uğur 

     

Xalq Cəbhəsi.- 2011.- 22 sentyabr.- S.14.