Azsaylı xalqların mədəni irsi qorunur

 

 Afər Əlifov: "Azərbaycanda ləzgilərin heç bir problemi yoxdur"

 

Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı çərçivəsində etnik qrupların mədəni dini irsinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi istiqamətində müəyyən işlərin görülməsi nəzərdə tutulub. Bu tədbirlərin keçirilməsi, eyni zamanda, Azərbaycanın qoşulduğu Avropa insan hüquqları Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə xidmət göstərir. Azərbaycanda ruslar, ermənilər, ukraynalılar, beloruslar, gürcülər, avarlar, ləzgilər, başqırdlar, tatarlar, yəhudilər, kürdlər, osetinlər, laklar kimi milli azlıqlar; talışlar, udilər, dağ yəhudiləri, saxurlar kimi azsaylı xalqlar; Ahısxa türkləri, tatlar, lahıclar, buduqlular, qrızlılar, haputlular, ceklilər, xınalıqlılar, əliklilər, yergüclülər, ingiloylar, Krım tatarları, gürcü yəhudiləri, kazaklar, tabasaranlar kimi etnik azlıqlar yaşayırlar. Bu etnik azlıqların hamısının hüquqları konstitusiya çərçivəsində dövlət səviyyəsində qorunur. Onlar mədəni irslərinin, adət-ənənəlrinin, dil və dinlərinin qorunmasında heç bir problemlə üzləşmirlər. Azərbaycanda sayına görə ən çox azsaylı xalq ləzgilər sayılır. Ölkə əhalisinin 2,2 faizini ləzgilər təşkil edir. Ləzgilər Azərbaycanda əsasən Qusar, Quba, Xaçmaz rayonları ərazisində kompakt halda, eləcə də Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində, Qəbələ, İsmayıllı, Göyçay rayonlarında yaşayırlar. 1993-cü ildən başlayaraq ləzgi dilində dərsliklər çap edilir. Hazırda 94 məktəbdə (891 sinif) ləzgi dilində dərslər keçirilir. Həmin məktəblərdə 15 minə yaxın şagird təhsil alır. Ləzgi Mədəniyyət Mərkəzinin məsul katibi Afər Əlifov bildirdi ki, Azərbaycanda yaşayan ləzgilərin bütün tarixi və mədəni irsi qorunub saxlanılır: "Üç dildə - Azərbaycan, rus və ləzgi dillərində "Samur" adlı qəzetimiz çap olunur. "Suvar" adlı ansamblımız fəaliyyətdədir. Qəzet və ansambla Sədaqət Kərimova rəhbərlik edir. Qəzetdə ləzgilərin mədəniyyəti, adət-ənənələri, etnoqrafiyası, dili, ədəbiyyatı, tarixi, Azərbaycan və ləzgi xalqlarının dostluq əlaqələri, müstəqil respublikamızın demokratik inkişaf yolunda qazandığı uğurlar öz əksini tapır. "Samur"un Azərbaycan və Dağıstanla yanaşı bir sıra xarici ölkələrdə də oxucuları var". Afər Əlifov "Suvar"ın yaranma tarixindən də danışdı. Bildirdi ki, ansamblın əsası 1996-cı ilin iyununda Bakıda qoyulub. Onun ilk konserti Bakının Gənc Tamaşaçılar Teatrında keçirilib. İfaçılar arasında Rəşad İbrahimov, Ruslan Pirverdiyev, Roza Hacımuradova, Cəmilə Zalova, Cavahir Abdulova və Elvina Heydərova kimi istedadlı gənclər var. Ansamblın repertuarına ləzgi xalq mahnıları və bəstəsi Sədaqət Kərimovaya məxsus olan onlarca mahnı daxildir: "2006-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində 10 illiyi təntənə ilə qeyd edən ansambl özünün 50 nəfərlik kollektivi ilə tamaşaçıları heyran etdi. Hazırda "Suvar" rəqs məktəbi peşəkar kollektivə çevrilib. Burada xereoqraflar Zeynal Cigərxanovla Gülnarə Bayramova gənclərə ləzgi və Qafqaz rəqslərinin sirlərini öyrədirlər. "Suvar" ansamblı haqqında İctimai Televiziyada bir saaatlıq film nümayiş etdirilib, digər televiziya kanalları dəfələrlə verilişlər hazırlayıb. Kollektiv Rusiyanın Moskva, Sankt-Peterburq, Yaroslavl və başqa şəhərlərində konsertlər verib. 2009-cu ilin mayında Türkiyənin TRT kanalının dəvəti ilə bu ölkədə olmuş kollektiv haqqında həmin kanal tərəfindən bir saatlıq film çəkilib nümayiş etdirilib. Ansamblın 4 albomu və Azərbaycan ləzgilərinin həyatından bəhs edən "Mənim doğma elim" adlı iki musiqili-sənədli filmi işıq üzü görüb". Onu da bildirək ki, Sədaqət Kərimova ölkənin tanınmış ziyalılarından biridir. Azərbaycan, ləzgi və rus dillərində çap olunmuş 3 mindən artıq məqalə, oçerk, zarisovka və esselərin müəllifidir. Jurnalistika sahəsindəki uğurlarına görə "Qızıl qələm", Həsənbəy Zərdabi adına mükafatlara layiq görülüb, KİV Həmkarlar İttifaqının Məhsəti Gəncəvi adına və Natəvan adına mükafatları ilə təltif olunub. Sədaqət Kərimova povest və romanlar müəllifi kimi də tanınır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, 15 kitabı çapdan çıxıb. 2006-cı ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamıyla Sədaqət Kərimovaya "Azərbaycanın əməkdar mədəniyyət işçisi" fəxri adı verilib. Həmsöhbətimiz onu da bildirdi ki, Azərbaycanda məskunlaşan təxminən 170-190 min civarında olan ləzgilərin adət-ənənələri Azərbaycan xalqının adətləri ilə eynidir: "Ola bilər ki, mətbəxləri bir-birindən fərqlidir. Amma adət-ənənələrimizdə çox oxşarlıq var". Afər Əlifov bildirdi ki, ləzgilərin Azərbaycanda öz mədəni irslərini, adət-ənənələrini, dini baxışlarını qoruyub saxlamalarında heç bir problem yoxdur: "Məsələn, məktəblərdə ibtidai sinifdə ana dili kimi ləzgi dili, 5-ci sinifdən 11-ə qədər isə xüsusi dil kimi keçirilir. Bu cür dərs metodu ləzgilərin kompakt yaşadıqları Qusar və Qubada tətbiq edilir. Müəllimlər də sərbəst şəkildə ləzgi dilinin təbliğilə məşğul olurlar. Bu yaxınlarda Qusarda Pedaqoji Texnikum da fəaliyyətə başlayıb. Bu texnikumda ləzgi dilinin tədrisi üçün kadrlar, mütəxəsislər hazırlanır. Bundan əlavə onu da qeyd edim ki, Qusarda yeni teatr da açılıb. Bu teatrda da ləzgi dilində tamaşalar oynanılır".

Azərbaycanda tolerantlığı çox yüksək qiymətləndirən Afər Əlifov onu da bildirdi ki, istər Bakıdakı "Ləzgi məscidi"ndə, istərsə də Qusarın özündə ləzgilər sərbəst şəkildə məscidlərə gedib öz dini ayinlərini icra edə bilirlər: "Dini ayinlərimizdə də heç bir fərq yoxdur. Sadəcə ləzgilərin əksəriyyəti sünni təriqətinə qulluq edir. Şiə təriqətli kəndlərimiz də var lakin bu, heç də problem yaratmır". Həmsöhbətimiz ləzgilərin milli bayramlarından da bəhs etdi. Bildirdi ki, onlar Novruz bayramına "Yaran Suvar" deyirlər. Xatırladaq ki, "Yar" ləzgilərin qədim kənd təsərrüfatı təqviminin bir ayıdır və o, martın 21-dən aprelin 4-dək davam edir. Yar ayı yaz-tarla işlərinin başlanğıcına təsadüf etdiyindən, ən maraqlı mərasimlər tarlalarda, bağlarda, əkin yerlərində keçirilir. Ləzgilərin qədim adətlərindən biri olan, könüllü iməcilik mənasını verən "mel"in ən əhəmiyyətlisi bahar bayramı ərəfəsində keçirilir. "Yar" sözünün ikinci mənası "qırmızı" deməkdir. Qədim vaxtlarda ləzgilərin bayram süfrəsi qırmızı rəngdə olub. Adətən toyları Yar ayına salardılar. Bəyə yaran çam, yəni bahar bəyi, gəlinə yaran svas, yəni bahar gəlini deyərdilər. Gəlin bahar xalçası toxuyardı. Toy günü onun üzünü düqürlə, yəni qırmızı duvaqla örtərdilər. "Yaran suvar" kəndlərdə xüsusi təntənə ilə keçirilərdi. Son vaxtlara kimi bəzədilmiş keçi oynatmaq mərasimi geniş yayılmışdı. Bu, ləzgi mifologiyası ilə əlaqədardır.

Ləzgilərin qədim Çiçək bayramı isə əsasən kənd əhalisi tərəfindən geniş qeyd edilir. Böyük şadyanalıqla keçirilən çiçək bayramının əsl vətəni Dağıstanın Axtı rayonunun Cəbə kəndidir. Dağlarda qarlar əriyib, alp çəmənlikləri çiçək açanda bütün el əvvəlcədən elan olunmuş vaxtda Cəbəyə axışır. Başqa yerlərdən atlı və piyadalar buraya üz tutur. Cavanlar bəslədikləri yüyrək atlarla cıdıra çıxır, pəhləvanlar qurşaq tutur, qızlar çiçəklərdən çələng hörürlər. Bayramın ən maraqlı hissəsi mahnı və rəqs yarışmasıdır. Qızlarla oğlanlar bir yerdə mərasim mahnıları ifa edir, rəqs yarışına qoşulurlar. Bu, həm də gənclərin bir-birini bəyənib seçməsi üçün əlverişli yer və vaxtdır. Sonra hamı çəmənlikdə salınmış süfrə ətrafına yığışır, mahnı və rəqslərdən ibarət məclisə start verilir. Xalq oyunları ilə müşayiət olunan, kollektiv şəkildə ifa olunan mahnılarla zəngin olan "Peşapay" bayramı qədim teatr ünsürlərilə zəngindir. Uzaq keçmişdə "Peşapay" kişilərin tamaşası olub. Uzun müddətli quraqlıq zamanı bərəkət, bolluq arzusu ilə insanlar küçələrə çıxaraq, tanrıçalardan yağış diləyərdilər. Bütün bu adət-ənənələrin indi də qorunub saxlanıldığını deyən Afər Əlifov bildirdi ki, ləzgilərin mədəni abidələrinin də dövlət səviyyəsində qorunması, təmin edilməsi ölkədə azsaylı xalqlara yüksək münasibətin təcəssümüdür: "Qusar rayonu ərazisində 78 tarix və mədəniyyət abidəsi var ki, bunlardan Həzrə kəndində yerləşən XVI əsrə aid Şeyx Cüneyd məqbərəsi ölkə əhəmiyyətli, Əniğ kəndində yerləşən XIII əsrə aid Qala divarları və qalanları isə yerli əhəmiyyətli abidələrdir". Afər Əlifov onu da vurğuladı ki, təkcə Qusarda "Ləzginka" rəqs ansamblı, Hilkənd Mədəniyyət Evinin Folklor ansamblı

Rayon Mədəniyyət Evinin rəqs ansamblı fəaliyyət göstərir. Bundan başqa rayonun Mərkəzləşdirilmiş Kitabxana Sisteminin yaratdığı xüsusi komissiya rayon ərazisində qədim və nadir kitabların müəyyən edilməsi işinə başlayıb: "Ləzgilərin tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri ilə bağlı bütün tədbirləri Azərbaycanda-ölkəmizdə manesiz keçiririk. Bəzən isə bu kimi tədbirlərin keçirilməsində dövlət bizə yardımçı olur. Mərkəzimiz fəaliyyət göstərir, orqanımız, ansambllarımız var, dövlət radiosunda ləzgi dilində veriliş efirə gedir, ləzgi dilində dərsliklərimiz çap olunur, teatrımız fəaliyyətdədir və s. Bütün bunlar onu deməyə əsas verir ki, beynəlmiləl bir dövlət olan Azərbaycanda etnik azlıqlar problemi olmayıb və olmayacaq. Sovetlərin dönəmindən bu vaxtadək tariximizi, milliyimizi qoruyub saxlamışıq. Demokratik və müstəqil Azərbaycanda isə bunu daha da möhkəmləndiririk".

Yazı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi "Dini və milli tolerantlıq, millətlərarası dialoqun və inteqrasiya prosesinin inkişaf etdirilməsi" layihəsi çərçivəsində təqdim olunur.    "Rəsmi Ankaranın Ermənistan siyasəti dəyişməyib"

Elxan Şahinoğlu: "Qarsdakı erməni abidəsinin götürülməsinə qərar verən Rəcəb Tayyib Ərdoğan çox cəsarətli bir addım atdı"

"Türkiyə baş nazirinin Azərbaycan hökumətinə verdiyi sözə sadiq qalacağına da inanıram"

 

 

Cavid

 

Xalq Cəbhəsi.- 2011.- 12 yanvar.- S.10