20 yaşlı “Səs”

 

   Azərbaycanın müstəqil mətbuatı tarixində xüsusi yeri və rolu olan "Səs" qəzetinin bu gün 20 yaşı tamam olur. Bir vaxtlar ümumilli lider Heydər Əliyevə qadağalar tətbiq olunan zaman ona tribuna verən və fikirlərini ictimaiyyətə çatdıran bu qəzetin cəsarətli bir orqan olaraq mətbuat tarixində yeri var. 20 ildə yoluna, əqidəsinə sadiq qalan "Səs"in hər zaman bir şüarı olub - "Qoy ədalət zəfər çalsın".

   Yubiley ərəfəsində qəzetin baş redaktoru Bəhruz Quliyevlə "Səs"in keçdiyi yola və gələcək planlarına nəzər saldıq.

   - "Səs"in yarandığı illərdə sağlam ideologiyanın cəmiyyətə çatdırılmasında ciddi problemlər mövcud idi. Hər mətbuat orqanı bu missiyanı yerinə yetirə bilmirdi. O dövrdə Azərbaycançılıq ideyalarını cəmiyyətə çatdırmaq asan iş deyildi. Məhz buna görə də ulu öndərimiz Heydər Əliyev deyirdi ki, həmin dövrdə "Səs" qəzeti sağlam ideologiyanın cəmiyyətə çatdırılması kimi mühüm bir missiyanı öz üzərinə götürdü və uğurla həyata keçirdi. 20 illik keçmişimizə nəzər salanda görürük ki, qəzetimiz çox ağır dönəmlərdən keçib. "Səs"in yarandığı ilk illərdə ölkədə anarxiya idi. Həmin dövrdə hər hansı qəzetin yaşaması belə qəhrəmanlıq idi. Obyektiv sözü cəmiyyətə çatdırmaq böyük risk tələb edirdi. "Səs" qəzetinin tarixi missiyalarından biri də ölkənin 91 tanınmış ziyalısının ümummilli lider Heydər Əliyevə müraciətini dərc etməsi idi. Bu müraciət 1992-ci il 16 oktyabr tarixində "Səs" qəzetində dərc olundu. Az sonra - oktyabrın 24-də ulu öndərimizin həmin ziyalılara cavabı da bizim qəzetdə işıq üzü gördü. Məncə, məhz bu hadisə ilə "Səs" adını tarixə yazdı. Həmin vaxt bütün Azərbaycan cəmiyyəti üzləşdiyi problemlərin həlli üçün bir lider axtarışında idi. Biz fəxr edirik ki, cəmiyyətin ulu öndərə ünvanlanmış müraciəti məhz "Səs" qəzetində işıq üzü gördü. Sonrakı dövrlərdə "Səs" qəzeti Yeni Azərbaycan Partiyasının yaranmasında da xüsusi rol oynadı. Diqqət yetirsə, görərik ki, qəzetimiz partiyanın təsis olunmasında müstəsna rola malikdir. 1992-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının yaranması ilə bağlı keçirilən ilk iclas barədə məlumat məhz "Səs"də yayılmışdı. "Səs" həmin il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis edilməsi ilə bağlı keçirilən konfransın materiallarını da geniş şəkildə işıqlandırıb.

   Yeni Azərbaycan Partiyasının təşkilatlanmasında da "Səs" qəzetinin böyük rolu olub. Qəzetimiz bütün çətinliklərə baxmayaraq, bu istiqamətdə öz üzərinə düşən missiyanı uğurla yerinə yetirib. O dövrdə xalqın əksəriyyəti Heydər Əliyevin tərəfində idi və ona görə də bu insanlar "Səs" qəzetinin ətrafında birləşmişdilər. 30-35 min tirajla çıxan qəzetin hər səhifəsində ümumilli liderə ünvanlanan fikirlər yer alırdı.

   - Vaxtilə yüksək tirajla çıxan bir qəzetin indi az sayla oxucuların görüşünə gəlməsi, yəqin ki, ağrılı məqamlardandır

   - Tiraj məsələsi bütün mətbuatın ağrılı yeridir. Amma bu bir tərəfdən bizi sevindirir. Çünki "Səs" qəzeti 4-5 müstəqil qəzetin mövcud olduğu zamanlarda öz sözünü deyə bilib. Bundan əlavə, artıq mətbuatımızın digər sahələri o qədər inkişaf edib ki, qəzetlərə maraq azalıb.  

   - Qəzetin ən çətin araya-ərsəyə gəldiyi zamanlar olubmu bunu necə xatırlayırsınız?  

   - Ümumiyyətlə, qəzetçiliklə məşğul olmanın özü çox çətindir. Baxmayaraq ki uzun illərdir mətbuatdayam, amma hər dəfə qəzet çapa gedəndən sonra səhəri səbirsizliklə gözləyirəm ki, necə olacaq. Yəni mən hər gün eyni məsuliyyəti yaşayıram. Siz təsəvvür edin ki, 20 ildir çıxan bir qəzet hər gün eyni mövqedə, eyni əqidədə oxucuların görüşünə gəlib. O dövrdə hadisələri obyektiv işıqlandıra bilirdi, indi . Bəzən bizə deyirlər ki, "Səs" qəzeti ancaq tərif yazır. Əslində biz tərifləmirik, sadəcə, görülən işləri obektiv olaraq ictimaiyyətə çatdırırıq. Bəzi qəzetlərdən fərqli olaraq ağı kimi, qaranı da qara kimi görməyi bacarırıq. Qəzetdə işləməyin özü çox məsuliyyətlidir. Baş redaktorluq isə ondan da məsuliyyətlidir. Hətta xarici ölkələrdə səfərdə olarkən belə, uzaqdan da olsa nəzərim qəzetin üstündə olur. Baxmayaraq ki "Səs" yaranan gündən burada çalışan əməkdadaşlarımız var. "Səs"in fəaliyyətini əks etdirən bir faktı qeyd etmək kifayətdir ki, onun barəsində dediklərimə sübut olsun. Yarandığı gündən bəri bu qəzetdə bir dəfə olsun təkzib getməyib.   

   - Yarandığı ilk illərdə müxalif mövqedə alan "Səs"in fəaliyyəti, yəqin ki, elə asan olmayıb...   

   - Həqiqətən , seçdiyimiz yol bizə asan başa gəlməyib. Həmin illərdə "Səs" qəzetinin redaksiyasına çoxsaylı hücumlar olub. Bizi yolumuzdan döndərmək üçün bir sıra təzyiq metodlarından, mənəvi terrordan istifadə olunub. AXC-Müsavat hakimiyyəti bizim Yeni Azərbaycan Partiyasının təşkilatlanmasındakı rolumuzu bilib işimizə mane olmaq istəyirdi. Həmin dövrdə "Səs" qəzeti indiki müxalifət qəzetlərindən fərqli olaraq həm cəmiyyətə sağlam ideologiya çatdırırdı, həm sivil müxalifətçiliyi bacarırdı. Bizim qəzet heç vaxt AXC-Müsavat hakimiyyətinin təmsilçilərinə böhtan atmadı. Biz, sadəcə, insanlara obyektiv məlumatları çatdırırdıq. Ulu öndərin hakimiyyəti illərində biz sağlam fikrin cəmiyyətə çatdırılması missiyamızı davam etdirdik. Heydər Əliyev deyirdi ki, "Səs" qəzeti həm yarandığı ilk illərdə, həm Yeni Azərbaycan Partiyasının hakimiyyəti illərində öz missiyasını uğurla yerinə yetirdiyi üçün mənə əzizdir. Qəzetimiz bu gün missiyasını davam etdirir. Qəzetin təşəbbüsü ilə respublikanın müxtəlif rayonlarında "dəyirmi masa"lar təşkil olunur. 2007-ci ildən başlayan bu işlər bu gün davam etdirilir. Cəsarətlə demək olar ki, "Səs" qəzeti günü-gündən modernləşir. Bunun bir göstəricisidir ki, qəzetin bazasında "Səs" informasiya agentliyi fəaliyyətə başlayıb qısa zamanda cəmiyyətdə xüsusi nüfuz qazanıb. İndi isə yeni "SİA-sport" saytı fəaliyyətə başlayıb. Hazırda internet televiziyasının üzərində işləyirik. Yaxın günlərdə televiziyanın da açılışı olacaq.   

   - Yubileylə bağlı planlarınız necədir? Yəqin ki, bu günü geniş şəkildə qeyd etməyi nəzərdə tutmusunuz?  

   - Biz yubileyə "Səs" qəzetinin tarixi ilə bağlı yazı müsabiqəsi elan etməklə start verdik. Ali məktəb tələbələri arasında müsabiqə keçirdik qaliblər artıq məlumdur, yaxın günlərdə onların adları açıqlanacaq. Burada məqsədimiz gənc nəslin ölkənin müstəqillik tarixini dərəcədə öyrənməsini bilməyimiz idi.

   Bundan əlavə, qəzetin 20 illik fəaliyyəti ilə bağlı disk hazırlanıb, yubileylə bağlı qəzetimizin xüsusi buraxılışı jurnal çap olunub. Bütün bunların təqdimatı isə yanvarın 18-də Bakı Əyləncə Mərkəzində keçirəcəyimiz tədbirdə olacaq.  

   - Sizə görə, 20 yaşlı "Səs" qəzeti hazırda yaşının hansı çağındadır?  

   - Mən "Səs"i özünü təsdiq etmiş, öz sözünü demiş bir qəzet kimi xarkterizə edirəm . Amma 20 il bir qəzet üçün çox azdır hesab edirəm ki, "Səs", elə yaşından da göründüyü kimi, gəncdir. Əminəm ki, "Səs"in rəhbərliyində kimin təmsil ounmasından asılı olmayaraq qəzet öz mövqeyini bundan sonra da hər zaman qoruyacaq.  

   - İxtisasca inşaatçı olsanız da, jurnalistika ilə məşğulsunuz. Bu sənətə bağlanmağınız ilə bağlıdır?

   - Jurnalistikaya gəlişim 1997 - 98-ci illərə təsadüf edir. İlk yerim elə "Səs" qəzeti olub. Sonra burada məsul katib, baş redaktor müavini baş redaktor kimi çalışmağa başlamışam. Hesab edirəm ki, insanın yaradıcılıq qabiliyyəti qanında olmalıdır. Mənim atam da yaradıcı insan olub, amma bunu büruzə verməyib. Qardaşım Rasim Quliyev isə uzun müddət mətbuatda işləyib hazırda Bakı şəhər İcra Hakimiyyətində çalışır.   

   - Jurnalistikanın çətinliklərindən danışdınız, üstünlüklərindən . Övladlarınızın necə, bu sənətlə məşuğl olmasını istərdinizmi?  

   - Əslində, bunu mən çox istərdim. Ona görə ki, jurnalistika mənim üçün çox doğma peşədir. Amma çətinliyi çoxdur. Çünki bu sənət cəmiyyətlə bağlı bir peşədir istər-istəməz ictimaiyyətin arasında olursan. İnsanların sənə münasibəti isə birmənalı olmur. İstənilən səviyyənin adamı ilə üz-üzə qalmalı olursan. Xüsusilə qadınlar üçün çox çətin sənətdir. Həm cəsarət tələb edən bir peşədir mənə görə bu sənəti seçənlərin özləri cəsarətli insanlarıdır.

 

 

   Cəfərli Ağa

 

    Xalq Cəbhəsi.- 2011.- 12 yanvar.- S.5.