“Əziz Alpoudun taleyində bütün XX yüzilin əks
sədası var”
Zakir müəllim, artıq
mətbuata məlumat verdiyiniz kimi, Azərbaycan mühacirətinin,
ictimaiyyətin haqqında demək olar ki, bilgisiz olduğu isimlərindən
olan Əziz Alpoudun indiyə qədər geniş oxucu kütləsinə,
elmi – ədəbi camiəyə bəlli olmayan
memuarının nadir əlyazması ilə tanış olmaq
imkanınız olub. İstərdik ki, oxucuları daha geniş
bilgiləndirmək üçün bir neçə
sualımıza cavab verəsiniz.
Siz bu əlyazmanı necə
əldə etdiniz? Bu, bir təsadüf idi, yoxsa Sizin
axtarışlarınızın sonucu olaraq meydana
çıxdı?
- Sözsüz ki, hər təsadüfdə
bir zərurət var. Amma əvvəl-axır, müzakirə
predmeti nəticədir. İndi məni daha çox
düşündürən, necə deyim, nəticənin nəticəsidir.
Təsadüflər də, zərurətlər də arxada
qalıb. Amma əvvələ baxmaq ehtiyacı varsa, onda icazə
verin 12 il əvvələ qayıdaq.
1998-ci ildə “Azadlıq yolunun mücahidləri” adlı tarixi-sənədli filmin ssenarisini yazırdım. Ümumiyyətlə, tarixi materiallarla işləyən adam bilir ki, hansısa bir məqamda gözləmədiyi müəmmalarla qarşılaşacaq. Şillerin dili ilə desək, tarix özü elə ən böyük mühakimədir. Deməli, harada ki, mühakimə var, orada şahidlər də olmalıdır. Belə şahidlərdən olan Əziz Alpoudun adına ilk dəfə şəxsi arxivimdəki bir məktubda rast gəldim. 1953-cü ildə Parisdən İstanbula göndərilmiş bir məktubda…
Əkbər ağa Şeyxülislamzadənin rus dilində yazdığı bu məktub, onun əqidə və mübarizə dostu Cahangir bəy Kazımbəyliyə ünvanlanmışdı. Bu yazı daha çox polemik xarakter daşıyırdı. Və bu polemikanın içindən bircə cümlədə Əziz Alpoudun adı keçirdi. Onunla bağlı qalan hər nə varsa, qaranlıqdaydı. Bu adın o məktubda olmağı zəruri idi, amma mənim onunla qarşılaşmağım təsadüf… Bax, dediyiniz paradoks elə burdan yaranır.
Bilmirəm, o vaxtlar bu şəxsiyyəti tanıyanlar var idi, ya yox, ancaq onu bilirəm ki, mənim tanıdığım tədqiqatçılardan heç kəs Əziz Alpoud haqqında məlumatlı deyildi. Gizlində olanın daim marağın hədəfində olması təbiidir. Təsəvvür edin, üstündən 12 il keçib. İndi Əziz Al¬poudun kimliyini nişan verən çoxlu sənədlər və tarixi materiallar əlim çatan yerdədir. “Həyatımın hekayətləri” adlı memuar-epopeya da masamın üstündədir. Amma marağım yenə də mənə deyir ki, biz nələrisə bilmirik, hansısa mətləblər və gizlinlər isə hələ də tam aşkarlanmayıb.
- Müəllif haqqında daha geniş bilgi verməyinizi xahiş edərdik.
- Mənim bidiklərim cəmi-cümlətanı 600 səhifəyə sığışıb. Amma qısa danışmaq üçün bilmirəm nədən başlayım. Əziz Alpoud – böyük bir tarixi şəxsiyyətin ikinci adıdır. Onun əsl adı Mirəbdüləziz, soyadı isə Seyiddir. 1895-ci ildə bir ziyalı ailəsində dünyaya gəlib. 93 illik ömrünün 30 ili Azərbaycanda keçib. Qalan hər nə varsa “Həyatımın hekayətləri”ndədir – sevgisi də, mübarizəsi də, taleyi də, qəribliyi də… Kiçik bir arayışla 93 ili əhatə etmək təbii ki, mümkün deyil. Təsəvvür edin, onun taleyində bütün XX yüzilin əks-sədası var. O, bu dünyanın simasını dəyişən savaşların, inqilabların, sürgünlərin, ölüm-itimlərin, ayrılıqların, mühacirətin təkcə şahidi deyil, həm də bilavasitə iştirakçısıdır.O, kimlərlə görüşməyib – Ömər Faiq Nemanzadədən tutmuş Atatürkə qədər. O, kimlərlə ünsiyyətdə olmayıb – Məmmədəmin Rəsulzadə, Fətəlli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Nağı bəy Şeyxzamanlı, Ənvər Paşa, İhsan Paşa, Xosrov bəy Sultanov, general Tlexas… və başqaları.
O, bizim müstəqil Xalq Cümhuriyyətimizin yaranışını və süqutunu görüb. İlk Ordumuzu yaradanların sırasında olub. Məxfi tapşırıqlarla sərhədlər keçib. XI Qırmızı ordunun Azərbaycanı işğal etdiyi günü və saatı olduğu kimi qələmə alıb. Onların Vətənimizdə törətdiyi qanlı cinayətlərin şahidi olub. Gizli təşkilatın liderlərindən biri kimi bolşevizmlə mübarizə aparıb. Sonra həbsxana, güllələnmə hökmü, sürgün, Moskva həbsxanasında Çiçerinlə ideoloji mübahisələr və daha sonra Sibir… Qurtuluş… Mühacirət…
Onun haqqında dediyim bu epizodik sadalamalar elə bilin ki, böyük bir dənizdən götürdüyüm damlalardır…
- Aydındır. Bəs, 1961-ci ildə Ankarada qələmə alındığını dediyiniz bu memuar – epopeyada təsvir olunan hadisələrin tarixi və coğrafi xəritəsi haqqında nə deyərdiniz?
- Bir az əvvəl az da olsa bu məsələyə toxundum. – “Həyatımın hekayətləri”ndə təsvir olunan hadisələrin tarixi XX yüzilin əvvəllərindən başlayır. Mən indi bilmirəm, haşiyə çıxaraq hansı bir hadisəni daha çox qabartmaq olar. Bu hadisələr üzvi şəkildə bir-birilə bağlıdır. Hamısı da bizim tariximizin gizlin məqamlarıdır. Məsələn, düşünürəm ki, 1905-ci ildə ermənilərin Tiflisdə azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətin təfərrüatını demək olar ki, bilmirik. O böyük qarşıdurmanın iştirakçıları və qəhrəmanları kimlərdilər; ruslar erməniləri necə həvəsləndirib və silahlandırıblar?..
…İlk ordumuzu kimlər yaradıb, onlar silah-sursatı hans yollarla əldə ediblər? Rəştdə, Ənzəlidə ingilis generalı Tomsonun qoşunları ilə döyüşən mücahidlərin məqsədi nəydi? Müstəqil Azərbaycan Cümhuriyyətini daxildən sarsıdan hansı çəkişmələr var idi? Dünyanı lərzəyə salan Lenin və Stalin repressiyalarının ilk dəhşətli “məşqləri” 20-ci illərdə Azərbaycanda hansı qəddarlıqla həyata keçirilib?
Əziz Alpoud yüzlərlə bu səpkidən olan sualların sadəcə cavabını yox, təsvir və təsdiqini verir… O ki, qaldı əsərdə təsvir olnun hadisələrin coğrafiyasına: bu az qala dünyanın yarısını əhatə edir. – Azərbaycan, Gürcüstan, Estoniya, Ukrayna, Rusiya, İran, Türkiyə, Polşa, Almaniya və s…
“Səngərdəki döyüşündən tutmuş, öpdüyü qadınlara qədər hər nə deyirsə, orada yalnız insani notlar səslənir”
- Sizcə, Əziz Alpoudun “Həyatımın hekayətləri”ni çağdaş Azərbaycan oxucusu üçün güncəl edən əsas səbəblər hansilardır?
- Ən əsas səbəb Əziz Alpoudun özünü bu əsəri yazmağa sövq edən səbəblərdir. Azərbaycan öz dostunu və düşmənini təxəyyül ölçüləri ilə deyil, tarixi təcrübə müstəvisində tanımalıdır. Harda ki, fakt əlahəzrətdir, orada cəfəngiyat ayaq tutub yeriyə bilməz. Əziz Alpoud çoxlu sərhədlər adlasa da, neçə-neçə həbsxanalar və ölüm düşərgələrinin gizlinlərini görsə də özü ilə oxucu arasında “gizlinlər və sərhədlər” qoymur. O, sonuncu cümləsinə qədər səmimidir. Səngərdəki döyüşündən tutmuş, öpdüyü qadınlara qədər hər nə deyirsə, orada yalnız insani notlar səslənir.
İnsan öz ömrünü necə yaşamalıdır? Bizim hər birimizin Tanrıya və özümüzə verəcəyimiz hesabat necə olmalıdır? İstəyirsən böyük pafosla, istəyirsən də kiçik bir pıçıltı ilə de, həqiqəti həqiqətdir – hər iki halda ləyaqət insan ömrünə xüsusi yaraşıq verir. Və düşünürəm ki, elə bu kitaba da…
Mən bir məktubdakı cümlə ilə Əziz Alpoudu axtarıb tapdım. Amma heç bilirsinizmi bu kitabdan XX yüzilin nə qədər tanınan və tanınmayan şəxsiyyətlərinin taleyi keçir. Bu kitaba istinad edərək nə qədər insan taleyi aşkarlanacaq – bax, onu Allah bilir.
- Əziz Alpoudun Moskva, Tombov, Arxangelsk və Xolmoqorı həbsxanalarında güllələnmə hökmü ilə sürgünlük və dustaq həyatı yaşadığını bildirmisiniz. Onu bu acınacaqlı taleyə mübtalə edən məsələlər, Türkiyəyə necə keçməsi, ömrünün ixtiyar çağlarınadək çalışmalarda bulunması… – hesab edirəm ki, bu tablo Əziz Alpoudun nə qədər hazırlıqlı, necə deyim, usta insan olduğunu nişan verir.
- Bilirsiniz, əqidə insanı formalaşdırır. Orada xəyanətə, saxtakarlığa, iradəsizliyə və fərdi mənafeyə yer qalmır. İnsan böyük məsləklər uğrundakı döyüşlərdə məğlub da, qalib də ola bilər. Amma heç bir naqislik onu sındıra bilməz. O, aşkar və ya gizlin şəkildə öz hədəfinə doğru gedir. Azərbaycan Cümhuriyyəti 1920-ci ildə məğlub oldu. Amma Əziz Alpoudların döyüşü bitmədi-biz mühacirət ədəbiyyatımıza, o cümlədən kənarda qalan yaddaşımıza tam yiyə durandan sonra bu mübarizəni bütün spektrləri ilə anlayacağıq. Azərbaycan savaşı Müstəqilliyə qovuşmaqla bitmir. Elə “Həyatımın hekayətləri”ni oxuyanda da bizdə belə bir təəssürat olacaq ki, böyük bir millət dramı hələ bitməyib. Əgər bir nəfərin taleyində savaş bitməyibsə, demək bütün bəşəriy¬yətin qismətində bir natamamlıq kompleksi yaşanır.
Əziz Alpoudu Atatürk ideyalarına yaxınlaşdıran və böyük Mustafa Kamal Paşanın dostuna çevirən, məhz milli konteksdən bəşəri rifaha baxmaq cəhdidir. Elə onun Alparslan Türkeşlə olan dostluğunun, birgə mübarizəsinin səbəbini də burada axtarmaq lazımdır.
11 aylıq körpəsindən, sevdiyi həyat yoldaşından ,Vətənindən əbədi ayrılan adamın iztirablarını təsəvvür edirsinizmi?
Güllələnib Sibir meşələrinə tökülən, vəhşi itlərin didib-parçaladığı saysız-hesabsız insan cə¬sədlərini, at əvəzi arabaya qoşulmuş dustaqların surətini hansı rəssam fırçası çəkə bilərdi?
Faciələrin qovduğu insan –Əziz Alpoud, 2 min kilometrlik yolu-keçilməz cəngəllikləri, dağları, çayları qarlı-yağışlı havada təbiətlə mübarizə apara-apara məqsədinə doğru keçib gedir… Onu bütün bu bəlalardan inamı və əqidəsi hifz edir.
- Zakir müəllim, dəyərli tapıntınızı nəşr etdirməklə bağlı planlarınız olduğunu bilirik. İnşallah, Azərbaycan oxucusunu 2011-ci ildə intizardan qurtara biləcəksinizmi?
- Mənim bu kitabla bağlı bir çox qayğılarım var. Özümdən asılı olan bütün işləri görmüşəm. Bu kitab nəşrə hazırdır. İstərdim ki, 2011-ci ildə Əziz Alpoudun “Həyatımın hekayətləri” kitabı hər birimizin evində, əlimiz çatan yerdə olsun. Əgər bu əlyazma 50 il gizlində qalaraq it-bata düşməyibsə, deməli, onun özünəməxsus missiyası var. Düşünürəm ki, bu missiyanı dərk edən, onun tarixi qiymətini bilən oxucu “dağlar arxasında” deyil, Azərbaycandadır. Hələlik gözləməli olacağıq. Çünki, bu kitabın nəşri üçün lazım olan vəsaiti tapa bilməmişəm. Amma nədənsə, nikbinəm. Əziz Alpoudun adının üstündəki “itkinlik tilsimi” qırılıb, yəqin ki, “Həyatımın hekayətləri”nin çapı üzərindəki maliyyə tilsimi də qırılar, inşallah…
- Müsahibə üçün təşəkkür edirik.
- Mən də bir mücahid soydaşımızın taleyinə və əsərinə göstərdiyiniz həssas münasibətə görə sizlərə sağ olun deyirəm.
Xalq Cəbhəsi.- 2011.- 13 yanvar.-
S.14.