İlqar Fəhminin iki hekayəsi
Əvvəlcə ağzı qurumağa başladı. Yavaş-yavaş dili taxtaya döndü. Udqunmağa çalışdı. İki-üç cəhddən sonra başa düşdü ki, heç nə alınmayacaq. İstədi gedib həyətdəki krandan su içsin. Ayağa qalxa bilmədi. Güclə gözlərini açdı. Gözləriylə ayaqlarını axtardı. Ayaqları gözünə dəymədi. Əlləriylə ayaqlarını yoxlamaq istədi. Bu da alınmadı. Deyəsən əlləridə yox idi. Möhkəm qorxdu. Uşaq vaxtı həmişə dozanqurdunun əl-ayağını qopardıb yerə atırdılar və bir iki saat qarışqalar yazıq qurdu diri-diri yeyib qurtarırdılar. O da uşaqlarla birgə doyunca deyib gülürdü.
İndi də ağlına gəldi ki, bəlkə onun da əl ayağını kəsib atıblar. Canını üşütmə basdı. Yəqin indi qarışqalar gələcək. Birdən yadına bayaq evdə anasının ona dediyi söz yadına düşdü -“Ayaqların it iyi verir, bayıra çıxanda yuyarsan”. Anasının sözü yadına düşən kimi qorxusu keçdi, fikirləşdi ki, yəqin ki, yəqin əlləri ayaqlarını yumağa aparıb. Dodağı qaçdı. Əcəb qanacaqlı əlləri var.
Sonra bir də cırıldadı. Elə bildi ki, kimsə kamança çalır. Cırıltı getdikcə güclənməyə başladı. Qulaqları ağrıdı. Ürəyində söyməyə başladı: - “Bu zəhrimar kamançanı çala bilmirsən, niyə cırıldadıb başımızı xarab eləyirsən. Heyvanın biri heyvan”. Düzü heç özü də bilmədi ki, kimi söyür. Cırıltı bir az da gücləndi. Qeyri-ixtiyari qulaqlarını tutdu. Başa düşdü ki, artıq əlləri qayıdıb. Əlləriylə ayaqlarını yoxladı. Ayaqları da yerindəydi. Sakitləşdi. Yenə kürəyini divara söykədi. Cırıltı səsi asta-asta azan səsinə keçdi. Məscid yaxınlıqdaydı. Birtəhər başını qaldırıb məscidə baxdı. Məscid adama oxşayırdı. Gümbəz başı, pəncərələr gözləri. İki minarə də əlləridi. Elə bil əllərini göyə qaldırıb allahdan nəsə istəyirdi. Birdən ağlına gəldi ki, azançıya tapşırmaq lazımdı minarəyə çıxanda məhəccərdən bərk-bərk tutsun. Çünki işdi-şayəddi məscidin başı qaşınsa, əlini atıb başını qaşıyan zaman azançı yaxınlaşıb ölər, yazıqdı axı. Bir sürü külfəti var.
Azan səsi kəsildi. Hava
qaralmışdı. Küçənin o başından gələn
səs onu diksindirdi, sınıq salxaq bir «Zapı»
tırıldaya-tırıldaya gəlib onun qabağından
keçib tini döndü. Tırıltı yavaş-yavaş
azaldı, nəhayət kəsildi. Zapıya yazığı
gəldi. Fikirləşdi ki, əgər bu yazıq
maşının dili olsaydı, o əclaf şoferə deyərdi
ki, insafın olsun, bəsdi mindin məni, görmürsən
tökülürəm. Qoy çıxsın pensiyaya, bir az
dincəlim. Gözünün qabağına gəldi ki,
«zapı» poçtda. «Zapını» fikirləşə- fikirləşə
atası yadına düşdü. Başa düşdü ki,
bayaqdan nəyə görə zapıya yazığı gəlirdi.
Atası da o köhnə zaporojets kimiydi. Qocalıb əldən
düşsə də, birtəhər işə gedib gəlirdi.
Təqaüdə çıxmırdı. Yazıq neyləsin?!
Ailəni dolandırmaq lazım idi. Demişdi ki, qızları
ərə verim, sonra çıxaram təqaüdə. Ailə
yadına düşən kimi dilxor oldu. Yenə də gözlərini
yumdu. Hər şeyi unutmağa çalışdı. Bir az
beləcə oturdu. Tıqqıltı eşitdi. Deyəsən
ayaq səsləriydi. Kimsə ona salam verdi. Birtəhər
gözlərini açdı ki, görsün kimdi. Heç
kimi görmədi. Fikirləşdi ki, yəqin hansısa
qonşudur, artıq həyətə girib. Heç
yaxşı düşmədi. Deyəcəklər ki,
heç kimi saymır, qudurub. Məhəllə camaatı
korlanıb. Hər xırda şeydən söz düzəldirlər.
Təki danışmağa söz olsun. Kimsə küçədəki
lampanı yandırdı. Lampa ondan 15-20 metr aralıda olsa da
işıq gözünü qamaşdırdı. Qeyri ixtiyari
gözlərini yumdu. Hiss elədi ki, burnu qaşınır.
Yenə birtəhər gözünü açdı. Diksindi.
Burnunun üstündə iri bir milçək oturmuşdu, diqqətlə
onun gözünün içinə baxırdı. Bir az onun
gözünün içinə baxandan sonra milçək
başladı əlləriylə üzünü silməyə.
Milçək üzünü silə-silə arabir ona
baxırdı. Milçəyə baxa-baxa son iş yerindəki
müdiri yadına düşdü. Milçəkdən də
murdar insan olarmış, İlahi. Yaxşı ki, orda çox
işləmədi. Qaçdı. Atası artıq neçənci
dəfəydi ki, yalvar-yaxarla onu işə düzəldirdi. O
isə bir-iki ay işləyib qaçırdı. Yola getmirdi.
Birdən burnu böyüməyə başladı. Burnuyla bir
yerdə milçək də böyüməyə başladı.
Toyuq boyda oldu. Burnunun ağırlığına dözməyib
başını aşağı əydi.
Böyümüş milçək ona baxa-baxa dilini
çıxartdı. Fikirləşdi ki, gör nə günə
qalmışam, milçək də məni ələ
salır. Yenə milçəyin gözünün içinə
baxdı. Birdən milçəyin gözləri ona çox
doğma və əziz göründü. Hə, onun gözləridir,
əlbəttə, gözlərinə inanmadı. Hə. Odur,
özüdür ki var. Ömründə bircə dəfə
bütün varlığıyla sevdiyi o qız.
Yavaş-yavaş qızın üzünün cizgiləri də
aydınlaşdı. Nədənsə təəccüblənmədi.
Elə bil ki qızın gələcəyini qabaqcadan bilirdi.
Qız onun qarşısında dayansa o hələ heç nə
dərk edə bilmirdi. Bir də gözünü
qırpdı. Yox, qız heç yerə getməmişdi,
sakitcə durub ona baxırdı. Nəhayət, hiss eləməyə
başladı ki, həqiqətən odur. Altı il əvvəl
uğrunda həyatını belə verməyə hazır
olduğu və bu altı il ərzində hər gün
görməyi arzuladığı o qız. Bunu hiss elədikcə,
bütün bədəni titrəməyə başladı.
Özünü ələ almağa çalışdı.
Divara sıxılmaq istədi ki, titrəməsin. Amma birdən
ağlına gəldi ki, titrəyə-titrəyə divara
söykənsə, divarı uçurdar, özü də
daşların altında qalıb ölər. Ayaga qalxıb
yavaş-yavaş qıza tərəf getməyə
başladı. Qız isə tərpənmirdi. Əllərini
yuxarı qaldırıb sakitcə ona baxırdı. Elə bil
ki, təslim olduğunu bildirirdi. O gəlib qızın bir
addımlığında dayandı. Əllərini
qızın bədəninə toxundurmaq istədi. Qorxdu. Qorxdu
ki, altı il əvvəllər olduğu kimi qız yenə
onu söyüb biabır edəcək. Amma qızın
baxışlarındakı sakitlikdən başa
düşdü ki, yox, bu dəfə ona nə ağır
sözlər deyiləcək, nə də sillə vurulacaq.
Ürəyi əsə-əsə əlini qaldırdı,
qızın üzünə toxundurdu. Qız dinmədi.
Yavaş-yavaş yaxın gəldi. Artıq qızın nəfəsini
də hiss edirdi. Qızın belini qucaqladı. Sakitcə
başını çiyninə qoydu. Gözlərini yumdu və
beləcə bir qədər səssiz-səmirsiz dayandı.
Amma birdən elə bil içində nə isə
partladı. Bayaqdan qurumuş ağzı sulandı, dili
açıldı. Qışqıra-qışqıra
danışmağa başladı: -Hə, nədi, niyə gəlmisən,
yoxsa bezmisən? İndi yadına düşmüşəm?
Yoxsa qovub səni evdən? Bəs nə bilmişdin.
O danışır,
gözünün yaşı isə axırdı. -Sən gedəndən
sonra söz verdim ki, heç vaxt evlənməyəcəyəm.
Sözümün üstündə dururam. Çünki mən
səndən başqa heç kimi sevə bilmərəm.
Özümdən asılı deyil, bacarmıram. Neçə
dəfə özümü öldürmək istəmişəm.
Atamla, anama yazığım gəlib. Dərdimi heç kimə
deyə bilmirəm. Altı il yığılıb
qalmışdı içimdə. Nə yaxşı ki gəldin,
ürəyimi boşaltdım. Qurban olum, daha heç yerə
getmə, tək qoyma məni, yalvarıram….
İki qadın söhbət
edə-edə həyətə girdilər. Qadınlardan biri o
birsinin sözünü kəsib dedi.- Görürsən bu
oğlanı, qonşunun oğludur. Elə yaxşı ailələri
var. Özü isə avara çıxdı. Hər gün nəşə
çəkib həyətdə sarsaqlayır. Heyif, gül kimi
oğlandı, amma avara! Oğlan isə həyətin
ortasındakı tut ağacını qucaqlayıb
hönkürtü ilə ağlayırdı.
Qurbağa hekayəsi
- Qurbağa istəyirəm.
Qız onun sözünü
yaxşı başa düşmədi.
- Deməli, qara kostyum istəmirsən?
- Yox, qara kostyum da istəyirəm,
amma indi qurbağa istəyirəm.
Qız deyəsən
qurbağa sözünü eşitdi.
- Nə istəyirsən?
Qurbağa.
Qız əvvəl
çaşdı, sonra birdən nəsə anlamış kimi
sözünü davam elədi.
- Hə, onda gedib şənbə
günü sənə kostyum alarıq. Həm də yadıma
sal, divan üçün örtük də alaq, evdəkilər
almayıb.
- Görəsən evdə
qurbağa saxlamaq olar? Yəqin ki, onun da düşər-düşməzi
var.
- Qulaq as da. Bir aya gör nə
qədər iş görməliyik. Gecə-gündüz fikirləşirəm.
Görəsən brilyant
komplekt alsanız yaxşı olar, yoxsa sirkon? Amma brilyant olmasa
bizim evdəkilər o qədər ağız büzəcək
ki…
Ən çox da
böyük xalam deyinəcək. «Axtardın, axtardın, adam
tapdın da, bir brilyant da ala bilmir. İşi gücü elə
pianino dınqıldatmaqdı.»
- Maraqlıdır, görəsən
qurbağa özünü balıq hesab edir, yoxsa sürünən?
Yəqin ki, yazıq özü də bilmir kimdir.
- Hə, sənin kimi. Qulaq
as. Deyirəm bəlkə bir az borc tapıb brilyant komplekt
alasan. Evdəkilərin ağzı yumulsun. Toydan pul
yığıb borcu qaytararıq. Hə? Nə fikirləşirən?
Borc tapa bilərsən?
- Yadındadı, o gün
zoomaqazinə girmişdik? Fikir vermədin, orda qurbağa
satırdılar, ya yox?!
- Heç zarafat
vaxtıdı? Mən nə hayda, sən nə hayda. Mənə
bax, gör ağlıma nə gəlib.
Bəlkə gəlinlik
paltarını almayasınız, kirayə götürəsiniz.
Onda bir az pul qalar. Bir az da üstünü düzəltsəniz,
brilyant almağa çatar. Sonra bir də nəsə deyəcəkdim.
Hə, yadıma
düşdü. Xonçalara qoymaq üçün konfet
alanda fikir ver ki yaxşı konfet olsun, çoxunu da şokolad
elə.
- Fikir vermisən,
bütün heyvanlar dünyaya gələndə valideynlərinə
oxşayırlar, cəmi iki heyvan var ki doğulur, xeyli
yaşayır, yalnız sonra öz son görkəmini
tapır. Bu iki heyvan qurbağayla kəpənəkdi. Sən
bir ziddiyyətə bax.
- Əşi, nə
yapışmısan bu qurbağanın yaxasından, bircə o
qalmışdı ki, pianinonun üstünə də
qurbağa qoyasan. Hə, pianino dedim yadıma bir şey
düşdü. Dünən axşam fikirləşdim ki, bəlkə
toyda özün də bir iki mahnı çalasan, maraqlı
olar.
- Təsəvvür elə
dünyaya gəlirsən, balaca balıqsan, ləzzətlə
üzürsən özünçün suda, bir də xəbər
tutursan ki yavaş-yavaş qurbağa olursan. Dəhşət.
- Sənin başına hava gəlib
deyəsən. Mən gecə-gündüz fikir çəkirəm
ki, görəsən toyu necə yola verəcəyik, sən də
başlamısan ki, qurbağa belə, balıq belə.
Qız stəkanı
götürüb başını yelləyə-yelləyə
ayağa qalxdı, oğlandan soruşdu.
- Çay istəyirsən?
- Yox, qurbağa istəyirəm.
Hacımusalı Oktay
Xalq Cəbhəsi.- 2011.- 14 yanvar.- S.14.