Cümə namazından reportaj

 

 "Müsəlman dövlətini sevməli, onun qanunlarına tabe olmalıdır"

 

"Qarabağ məsələsində müsəlman ölkələri bir-birinə dəstək olmalı, islam həmrəyliyini nümayiş etdirməlidirlər"

 

İslamda müsəlmanlar üçün fərz buyurulan ibadətlərdən biri də namazdır. Gündəlik namazlarla yanaşı, hər həftənin beşinci günü qılınan cümə namazı da var. Bu barədə "Qurani-Kərim"in "Cümə" surəsində belə buyurulur: "Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın kərəmindən ruzi diləyib axtarın! Və Allahı çox zikr edin ki, bəlkə nicat tapıb səadətə qovuşasınız!".

Yalnız kişilər üçün fərz (vacib) buyurulan cümə namazı digər namazlardan fərqli olaraq təkbaşına deyil, camaatla, yəni müsəlman heyətlə birgə qılınır. Azərbaycanda yaşayan müsəlmanlar da hər həftənin cümə namazı üçün məscidə tələsirlər. Bu ibadətin dini və ictimai əhəmiyyətini nəzərə alaraq Bakıda fəaliyyət göstərən məscidlərin birindən cümə namazıyla bağlı reportaj hazırlamaq istədik. Odur ki, ötən həftənin cümə günü redaksiyamıza ən yaxın məsafədə yerləşən "İlahiyyat fakültəsi camisi"nə (məscid) yollandım.

 

"Təmizlik imandandır"

 

İbadəti ilkin mərhələdən izləmək üçün məscidə namaz vaxtından daha tez getdim. Saat 11:20-də artıq məscidin həyətində idim. Tanışlığa da elə məscidin həyətindən başladım. Burada kişilər və qadınlar üçün ayrıca dəstəmaz yerləri tikilib. Məscidlə bağlı daha ətraflı məlumat əldə etmək üçün dəstəmaz alan bir dindara müraciət etdim. Özünü Asif kimi təqdim edən gəncin fikirlərilə siz də tanış olun: "Cümə namazı müsəlman kişilər üçün vacibdir. Buna görə də hər həftə çalışıram ki, vaxt tapıb məscidə gəlim. İş yerim bura yaxın olduğu üçün cümə namazına "İlahiyyat" məscidinə gəlirəm. Gördüyünüz kimi ibadət üçün hər cür rahat şərait yaradılıb, daima isti-soyuq su olur. Tək cümə deyil, digər günlər də bura həmişə təmiz olur. İslama yaraşan da elə təmizlikdir. Boş yerə deməyiblər ki, "Təmizlik imandandır". Hər gün buranı təmizləyirlər. Biz də çalışırıq ki, müsəlmana yaraşan tərzdə təmiz saxlayaq".

 

"Məsciddə pulsuz dərslər keçilir"

 

Asiflə söhbəti bitirən kimi yenidən həyətə çıxdım. Vaxtım olduğu üçün məscidin daxililə də tanış olmaq istədim. Üç mərtəbədən ibarət məscidin döşəməsi səliqəli və eyni ölçülü xalçalarla döşənib. Kişilər məscidin əsas binasında, qadınlar isə həyətdə ayrıca inşa edilmiş otaqda namaz qılırlar. Kondisionerlə və istilik sistemilə təchiz olunan məsciddə kitabxana da var. Kitab rəflərində "Qurani-Kərim" və tərcüməsi, Həzrəti Məhəmməddən (ə.s.) rəvayət olunan hədis kitabları, islam tarixi, "Quran" əxlaqıyla bağlı dini ədəbiyyatlar var. Məscidə gələn hər kəs bu kitabxanadan yararlana bilər. Məsciddə diqqətimi cəlb edən məqamlardan biri də hər kəsin sakitliyə riayət etməsi oldu. Birinci mərtəbədə 10-15 nəfərin olmasına baxmayaraq, kifayət qədər səssizlik var idi. Çünki çoxu kitab oxuyur, bəziləri isə digərlərinə mane olmamaq üçün asta səslə hansısa dini mövzunu müzakirə edirdilər. Mən kitab oxuyan dindarın birindən kitabxana haqqında soruşdum. O da asta səslə suallarımı cavablandırdı: "Məscidin maraqlı kitabxanası var. Vaxtaşırı yeni kitablar da əlavə olunur. Elə dindarlar var ki, oxuduqları kitabları gətirib kitabxanaya hədiyyə edirlər. Odur ki, burada ədəbiyyat tez-tez yenilənir. Axtardığım mövzulara uyğun kitablar tapa bilirəm. Pul verib almağa ehtiyac qalmır. Gördüyünüz kimi, burada kitablara nəzarət edən məmur yoxdur. Çünki məscid islam əxlaqında insanlara tam etibar edir. Biz də çalışırıq ki, oxuduğumuz kitabları səliqəli istifadə edək və kitabxanaya qaytaraq. Axı digər müsəlmanlar da istifadə etməlidirlər". Öyrəndiyimə görə, məsciddə pulsuz dini dərslər də keçirilir. Hər kəs təşkil olunan kurslarda iştirak edə bilər. İştirakçılara "Quran" dərslərilə yanaşı, ərəb dili də öyrədilir. Müəllimlər müxtəlif müsəlman ölkələrində təhsil almış ilahiyyatçılardır.

 

"Məsciddə hər kəs bərabərdir"

 

Söhbətdən ayrılıb məscidin digər mərtəbələrini də gəzdim. Hər tərəf səliqəli və təmiz idi. Deyilənə görə, yerdəki xalçalar tez-tez yuyulur və namazdan əvvəl üzərinə ətir səpilir. Cümə namazına az vaxt qaldığı üçün yavaş-yavaş məscidə gələnlərin sayı artırdı. İbadət üçün hazırlıqlara başlanılmışdı. Deyildiyi kimi də oldu. İçəridəki xalçaların üzərinə ətir səpildi. Cümə namazlarında məscidə çox dindar gəldiyindən içəridə hər kəsə namaz qılmaq üçün yer olmur. Odur ki, bir çoxları məscidin həyətində ibadət etməli olurlar. Onları nəzərə alaraq həyətə də xalçalar sərildi. Məscid işçilərinə dindarlar da kömək edirdilər. Qış günü açıq havada namaz qılmağın çətinliyilə bağlı Taleh adlı dindarın fikirlərinı öyrəndim: "Cümə namazına gələnlərin sayı çox olur. Odur ki, məscid binası kifayət etmir. Məcbur qalıb həyətdə qılmalı oluruq. Cümə fərz namazdır. Ona görə də yağış da olsa, qar da yağsa, əgər içəridə yer qalmayıbsa, bayırda qılırıq. Mən də bu gün açıq havada ibadət etməli olacağam. Doğrusu, minlərlə müsəlman qardaşımızla birgə, çiyin-çiyinə dayanıb namaz qılmaq o qədər gözəl hisslərdir ki, qar-yağış adamın gözünə də görünmür. Məsciddə varlı-kasıb, vəzifəli-vəzifəsiz fərqi olmadan hər kəs bərabərdir, qardaşdır. Bu qardaşlığı və bərabərliyi yaşamaq hər çətinliyə dəyər. Məsciddə mənəvi rahatlıq tapıram. Ən əsası isə burada sənin dərdini səbrlə dinləyəcək və təsəlli verəcək müsəlman qardaşlar var".

Namaza gələnlərin içərisində azərbaycanlılarla yanaşı, pakistanlılar və ərəblər də var idi. Milli tolerantlığın simvolu olan islamda milli mənsubluğundan asılı olmayaraq, bütün müsəlmanlar bir ümmət altında birləşirlər. Cümə namazında da bu yanaşmanın kiçik bir çalarını görürük.

Onu da qeyd edək ki, cümə namazında müsəlmanların dini prinsiplərlə yanaşı, diqqət yetirməli olduğu ictimai-davranış qaydaları da var. Bu haqda Habil adlı bir gənc danışdı: "Burada minlərlə insan namaz qılır. Onlara narahatçılıq verəcək, sakitliyi pozacaq davranışlardan çəkinmək lazımdır. Məsələn, məscidə gələn kimi, telefonlarımızı ya səssiz rejimə qoyur, ya da söndürürük, uca səslə danışmırıq, məscidə gəlməzdən əvvəl insanlara rahatsızlıq verə biləcək soğan-sarımsaq yemirik. Bu, islam əxlaqıdır".

 

"Müsəlman dövlətini sevməli, onun qanunlarına tabe olmalıdır"

 

Hər cümə namazından əvvəl imam (namaza rəhbərlik edən şəxs) hər hansı bir məsələylə bağlı söhbət edir. Mövzu günün aktuallığına görə seçilir. Məsələn, imam bu dəfə 20 Yanvar faciəsilə bağlı çıxış edərək şəhidlərin islamda uca tutulduğundan, müsəlman üçün vətənpərvərliyin önəmindən danışdı. O bildirdi ki, Qarabağ kimi ümummilli məsələlərdə müsəlman ölkələri bir-birinə dəstək olmalı, islam həmrəyliyini nümayiş etdirməlidirlər. Eyni zamanda bu, türk dövlətlərinə, Türk Dünyasına da aiddir. Çünki türklərin, müsəlmanların başına gələn bütün faciələrin hamısı bir yerdə olmamalarındandır. Halbuki dünyadakı bir sıra millətlərin və dinlərin nümayəndələri arasında təəssübkeşlik hökm sürür: "Bir neçə gündən sonra 20 Yanvar faciəsinin 21-ci il dönümüdür. Odur ki, bugünkü mövzunu 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr edəcəyik. Müqəddəs kitabımızda və peyğəmbərimizdən rəvayət olununan hədislərdə şəhidlər haqqında da bəhs olunur. Məsələn, "Qurani-Kərim"in "Bəqərə" surəsinə belə buyurulub: "Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz". Başqa bir surədə isə belə buyurulur: "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur".

...Nəhayət, azan verildi. Azan namaza çağırışdır, ancaq bu kənardakı müsəlmanları namaza çağırmaq üçün verilən azandır. Cümə namazlarından əvvəl isə xütbə olur. İmam da minbərə çıxaraq xütbəni oxudu. Xütbədə dövlətimiz, xalqımız üçün dualar edildi. Sonra peyğəmbərin sünnətinə uyğun olaraq məscidin daxilində azan verildi və imamla birgə hamı namaza başladı. Təxminən bir neçə dəqiqə çəkən namazdan sonra hər kəs yanında dayanan müsəlman qardaşını əlini sıxaraq təbrik etdi.

Cümə namazından sonra bir neçə dindara yaxınlaşaraq təəssüratlarını və fikirlərini öyrənmək istədim. Tural adlı bir gənc: "Məsciddə heç kəsə fərq qoyulmur. Burada islamın hansı məzhəbində olmasından asılı olmayaraq, hər bir müsəlman namaz qılır. Çünki məscid Allahın evidir və hər kəs üçün açıqdır. İslama görə, məzhəbindən asılı olmayaraq, bütün müsəlmanlar qardaşdır. Biz birgə Rəbbimizə ibadət edirik. Yalnız özüm üçün deyil, dövlətimiz, xalqımız, bütün müsəlmanlar üçün dua edirik".

Yaşlı bir dindarın fikirləri də maraqlı oldu: "Biz dindarıq. Lakin dindarlığımız yaxşı vətəndaş olmağımız üçün əngəl deyil. Biz bu ölkənin vətəndaşlarıyıq. Namaz qılmağımız, məscidə gəlməyimiz bizi digər vətəndaşlardan ayırmır. Müsəlman dövlətini sevməli, onun qanunlarına tabe olmalıdır. İslama görə, Vətəni sevmək də imandandır. Din mənəviyyat məsələsidir, xüsusilə də gənclərimizi qumardan, içkidən, narkomaniyadan çəkindirir və cəmiyyət üçün xeyirli vətəndaş hazırlayır".

Dindarların fikirlərilə də tanış olandan sonra qələmimi dayandırıb reportajı tamamlamaq istəyirdim ki, məscidin kənarındakı ticarət obyektləri yadıma düşdü. Bilənlər bilir, bilməyənlər üçün deyim ki, məscid ərazisində ticarət yasaqdır. Yalnız məscidin yaxınlığında alış-veriş edən xırda obyektlər var. Elə zənn etməyin ki, orada yalnız dini əşyalar satılır. İstəsəniz meyvə-tərəvəz, pal-paltar da ala bilərsiniz. Ən maraqlısı isə odur ki, hər cümə namazından əvvəl bu "bazar"dakı qiymətlər at belinə qalxır. Elə ki namaz bitir, yenidən qiymətlər insafa gəlir, yəni aşağı düşür. Əgər sizin də yolunuz bir gün bura düşsə, alış-veriş etməyə tələsməyin, uyğun zamanı gözləyin. Bizdən hələlik bu qədər. Sonuncu cümləmi də yazıb nöqtəsini qoyuram.

Müsəlmanların həftəlik bayram günü kimi də qeyd etdikləri cümə namazıyla bağlı digər məscidlərdən və ibadətgahlardan da reportajlar hazırlayacağıq. Ardı var...

 

 

Real CƏFƏRLİ

 

Xalq Cəbhəsi.- 2011.- 18 yanvar.- S.8.