20 Yanvar şəhidlərin
gözüylə
Nəsir Ağayev: "Muzdlular Türkan aeroportuna gətirilmişdi"
Bədrəddin Quliyev: "Həmin vaxt
Naxçıvan da qana boyanacaqdı"
21 il öncə milli
taleyimizdə dəhşətli günlər yaşandı. Bu
xalq sovet hərb maşınının
zorakılığına məruz qaldı. Açıq və
çox qaba bir tərzdə təcavüzə məruz
qoyuldu, insanlar küçələrdə gülləbaran
edildi, milli heysiyyətimiz tankların tırtılları
altında tapdandı. Bu kobud zorakılıq Azərbaycan
xalqını qorxutmaq, onun milli oyanışını, torpaq
uğrunda inadkar dəyanətini sındırmaq məqsədi
daşıyan mənfur planın tərkib hissəsi idi...
Bu açıq təcavüz
nəticəsində Bakıda 137 mülki vətəndaş
öldürüldü, 600-dən çox adam yaralandı. Öldürülənlər
arasında beş millətdən olan vətən
övladları, 20-dən çox qadın, uşaq vardı. Qara
Yanvarın indiyədək özündə
saxladığı sirlər çoxdur. 100 cildlik istintaq
materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş
SSRİ Prokurorluğuna aparılıb və bir daha geri
qaytarılmayıb.
Hadisənin
iştirakçılarından olan Milli Azadlıq Hərəkatının
tanınmış nümayəndələrindən biri Nəsir
Ağayev 20 Yanvarı dəhşətli və şərəfli
gün sayır: "Dəhşətli ona görə idi ki,
dost bildiklərimizin xəyanətilə
qarşılaşdıq. Müttəfiq bildiklərimizin
qırğın maşını ilə üstümüzə
gəlməsi idi. Şərəfli, ona görə ki, qəhrəmanlığımızı,
cəsurluğumuzu bir daha təsdiqlədik". Nəsir
Ağayev dedi ki, həmin tarixdə televiziyada demokratik qüvvələrin
nümayəndələri, o cümlədən Əbülfəz
Elçibəyin çıxışı olacaq və
Bakıda fövqəladə vəziyyətin elan edilib-edilməyəcəyi
haqqında informasiya veriləcəkdi: "Amma 19 yanvar
axşam saat 19:45 radələrində qəfildən
televizorların ekranları qara rəngə büründü
və televiziyanın fəaliyyəti dayandı, telestudiya
partladıldı. Bu o demək idi ki, Azərbaycan informasiya
blokadasına düşmüşdü. Burada əsas məqsəd
xalqa çatdırılacaq məlumatların gizlədilməsi
idi. Əhalinin xəbərdar edilməsi üçün ən
əlverişli vasitə olan televiziyanın fəaliyətinə
mane törətməklə xalqı qırğına vermək
planlarını reallaşdırmaq və törədiləcək
cinayətlərin gizlədilməsi üçün nəzərdə
tutulmuşdu. Bunu hadisələrin sonrakı
ardıcıllığı göstərdi. Hələ noyabr
ayında Rusiyanın güc nazirliyi müxtəlif təyinatlı
ordu qüvvələrini Bakının Türkan hərbi
aerodromuna göndərirdi. Prosesə narkomaniyaya
qurşanmış Azərbaycanı yerlə yeksan etməyə
hazır olan vəhşi hərbçilər cəlb olunmuşdu.
Həmin cinayətkarlar Yekatrenburq,
Hadisənin digər iştirakçısı
Bədrəddin Quliyev isə həmin dönəmlərdə
Respublika Tətil Komitəsinin üzvü olduğunu dedi:
"Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin
yığıncağında iştirak edirdim. Həmin vaxt Ermənistan
tərəfdən Naxçıvana hücumlar
başlayırdı və bizə kömək
üçün müraciətlər olunurdu. Bakıya
qoşunlar yeridilən vaxt Naxçıvana Sədərək
istiqamətində ermənilər hücuma keçmişdilər.
İdarə Heyətinin yığıncağında rus
qoşunlarının Bakıya gəlişinin
qarşısını almaq, insanların müqavimətini təşkil
etmək müəyyən dərəcədə təşkilatı
nöqteyi-nəzərdən bu məsələləri
araşdırmaq istiqamətində iş gedirdi. O dövrdə
Milli Müqavimət Şurasının qərargahı Səttərxan
adına zavodunun mədəniyyət sarayında yerləşirdi
və həmin dövrdə İdarə Heyətinin üzvlərindən
Rəhim Qazıyev, Etibar Məmmədov, Nemət Pənahlı
Müqavimət Şurasının işi ilə bağlı
iclasda iştirak etmirdilər. Pənah Hüseynov və Hikmət
Hacızadəni onların ardınca göndərdilər ki, gəlib
iclasa qatılsınlar, onlar isə gəlmədilər. Əbülfəz
Elçibəy məni göndərdi ki, Etibar Məmmədovu
çağıram. Mən onunla görüşdüm dedi ki,
başımız qarışıqdır, biz xalqın
müqavimətini təşkil edirik, ona görə də gələ
bilmərəm. İdarə Heyətinin iclası gedə-gedə
mən Naxçıvanla əlaqə saxlayıb Fərəməz
Allahverdiyevlə danışdım. O kömək lazım
olduğunu bildirdi. Oqtay Baxşəliyev, Akif Kələntərliylə
danışıb vəziyyətin nə yerdə olmasıyla
bağlı məlumatlar aldım. Elçibəy
Naxçıan Ali Sovetinin sədri Afiyəddin Cəlilovla əlaqə
saxladı, o məlumat verdi ki, narahat olmayın, biz vəziyyəti
nəzarətdə saxlayırıq, ermənilərə
qarşı birgə mübarizə aparırıq". Bədrəddin
Quliyev iclasda barikadalardan qadın və uşaqları geri
çəkilmək qərarına gəlindiyini söylədi:
"Bizə "Raf" markalı maşın
ayırmışdılar, bütün postları gəzib
qadın və uşaqları oradan
uzaqlaşdırırdıq. Çünki rus qoşunları
Bakıya girəcəkləri təqdirdə itkilərin
olacağını düşünürdük. Mənim ilk
atışmaya düşdüyüm yer Binəqədi tərfdəki
postlarda oldu. Rus qoşunlarının güllələri ilə
qarşılaşdıq. Vorovskiyə, oradan isə əvvəlki
Karl Marks heykəlinin yanına çatanda gördük ki, hər
yer dağıdılıb. Qoşunların arxasınca
addımlayaraq yaralıları götürürdük. Həmin
gecə baş verən prosesləri "Azadlıq" radiosu
vasitəsilə dünya ictimaiyyətinə
çatdırırdıq".
Bədrəddin Quliyev
yanvarın 22-də Ali Sovetin sessiyasının
çağırılması təşəbbüsündə
olduqlarını dedi: "Deputatların siyahısını əldə
edib bir-bir onları sessiyaya çağırdıq. Rəhmətlik
Bəxtiyar Vahabzadənin radio vasitəsilə xalqa müraciəti
oldu. Ayın 22-də sessiyanın
çağırılmasına nail olduq. 360-dan çox deputat
olsa da, onlardan 265-ni sessiyaya cəlb edə bildik. Elmira Qafarova,
İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə qara lentlə
əhatələnmiş sədarətdə əyləşmişdilər.
Elmira Qafarova ağladığıdan iclası Bəxtiyar
Vahabzadə apardı. İclasda müxtəlif fikirlər səslənirdi.
Bu proseslər başlayandan Xəzər Dəniz
Donanmasının gəmilərinin dənizdən SOS
siqnalları verdiyi, yaralıların dənizə
atıldıqları bildirilirdi. Mən elə o vaxt dedim ki, DTK
sədri Vaqif Hüseynov burada oturmaqdansa gedib həmin hadisələri
araşdırıb məlumat versin. Əsas məqsədlərimizdən
biri də deputat istintaq kommitəsinin yaradılması və
bu hadisələrə hüquqi qiymətin verilməsi idi. Midhət
Abbasovun rəhbərliyi ilə belə bir komitə
yaradıldı. Müavini də Tamerlan Qarayev oldu.
Sessiyanın birinci iclasında deputatların çoxu
iştirak etmək istəmirdilər. Ara
qarışmışdı. Rafael Allahverdiyev Vəzirovun
asılması təklifini verirdi, digərləri Həsən
Həsənovun hakimiyyətə gəlmək
şansının artdığını söyləyirdilər.
Komendant saatına isə az bir vaxt qalırdı, amma heç
bir qərar qəbul edilməmişdi. Çıxıb
qapıda dayanın milislərdən açarı aldım
iclasda iştirak edən rəsmilərin sürücülərini
isə evlərinə göndərdim. Onlara dedim ki, bu gecə
biz burada qalacağıq. Bu qərarı yalnız özüm
verdim. Hamısını yola salıb qapını
bağladım. Komendant saatına az qalmış sessiyada
iştirak edənlərin çoxu çıxıb getmək
istəyəndə onlara dedim ki, canınız yanvar hadisələrində
qətlə yetirilənlərin canından artıq deyil,
qayıdıb bir qərar qəbul etməlisiniz. Onsuz da gedə
bilməyəcəkdilər, sürücüləri
çoxdan getmişdilər. Televiziya vasitəsilə çəkilişlər
aparılmışdı, efirə verilsəydi hamı görərdi
ki, o vaxtı orada nə baş verirdi. İsmayıl
Şıxlının sədrliyi ilə iclas davam elədi və
rus qoşunlarının Bakı hücumunu pisləyən qərar
verildi. Bir saat keçməmiş məlumat aldıq ki, bəs
komendant Dubinyak iştirakçılara buraxılış vəsiqələri
vermək üçün gəlib. Mən girib bütün vəsiqələri
aldım. Bəzilərini payladım, çoxunu isə
özümdə saxladım, vermədim. Versəydim bilirdim ki,
iclası tərk edəcəklər. Səhərə qədər
müzakirələr apardıq. Yadımdadır, o vaxtı hətta
Zeynəb Xanlarova Xalq Cəbhəsinin müdafiəsi ilə
bağlı bəyanatı oxudu ki, baş verənlərdə
cəbhənin əli olmayıb. Qərara alındı ki,
şəhidlər Şəhidlər Xiyabanında dəfn
olunsun. Elə o vaxtı da bu yerdə erməni
qırğınlarının qurbanları dəfn
olunmuşdu, amma yerində Kirov park
salınmışdı". Bədrəddin Quliyev onu da
söylədi ki, Ziya Bünyadov, Tofiq İsmayılov və
Arif Məlikov Bakıda olan SSRİ-nin müdafiə naziri
Yazovla görüşdülər: "Mən də onlarla
getmişdim. Qapıdan eşidirdim ki, Ziya müəllim nazirlə
necə əsəbi halda danışırdı". Həmsöhbətimiz
onu da bildirdi ki, şəhidlərin 40-ı
çıxmamış heç bir müəssisənin
işləməməsi ilə bağlı qərar da qəbul
etdilər...
1990-cı ilin 20
Yanvarından bəri bu ildönümləri bir qayda olaraq
yalnız hüzn kimi qeyd etmişik, o günü bir
üzüntü ilə anmışıq. Amma bir şeyi
unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının
tarixində sadəcə üzüntü ilə
xatırlanacaq gün deyil. Həm də bizim üçün
şan və şərəf günüdür, mənlik
günüdür .
Cavid
Xalq Cəbhəsi.- 2011.- 20 yanvar.- S.6.