Məhəmməd Əmin Rəsulzadənin
ömür yolu
127 il bundan əvvəl-soyuq yanvar
ayında Azərbaycan milli istiqlal hərəkatının və
təkcə türk ellərində deyil, bütün islam aləmində
ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik
Cümhuriyyətinin təməl daşını quran, sonralar
ömür yolu, həyatı zəngin və keşməkeşli
hadisələrlə dolu bir dastana çevrilən Məhəmməd
Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə
Bakının Novxanı kəndində dünyaya göz
açıb. Atası din xadimi olsa da, həyata açıq
gözlə baxıb, məktəb yaşına çatmış
oğlunu şəriət dərslərini yox, dünyəvi
elmləri öyrənməyə yönəldib.
I yazı
Onun oğlunu məşhur pedaqoq S.M.Qənizadənın (1846-1942) müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynayıb. Buranı bitirdikdən sonra Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. 1902-ci ildə on yeddi yaşında olan Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
xxx
Bir az sonra "Müsəlman demokratik "Müsavat" cəmiyyəti" adıyla gizli fəaliyyət göstərən bu təşkilatın bir qolu da İranda qurulur və burada başlanmış məşrutə inqilabına istiqamətverici rəhbər qüvvəyə çevrilir. Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlayıb. 1904-cü ilin axırlarında "Müsəlman demokratik "Müsavat" cəmiyyəti"nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı" yaradılır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov, Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə olublar. Məşədi Əzizbəyov, Nəriman Nərimanov və başqa görkəmli inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın "Hümmət" adlı qəzeti də nəşr edilir, qəzetin əsas naşirlərindən biri də Rəsulzadə olur. Bundan sonra qəzet öz nəşrini dayandırır, 1906-cı ilin dekabrından "Təkamül" adı ilə çıxır. Həmin illərdə Bakı neft mədənlərində və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə Rəsulzadənin adı ilə bağlıdır. 1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfn günü, onun qəbri üstündə keçirilən böyük yığıncaqda P.Caparidze, S.M.Əfəndiyev, İ.V.Stalin ilə birlikdə Rəsulzadə də alovlu nitq söyləyir. Onu da qeyd etmək lazımdır ki, Rəsulzadə əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə çox səmimi və yaxın dost olub. Hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini, fəhlələri tətilə dəvət etdiyi üçün, neft quyusuna atmaq istəyiblər. Özünü hadisə yerinə çatdıran Rəsulzadə Stalini ölümdən qurtarır. O, Stalinin Bayıl həbsxanasından gizli surətdə qaçırılmasının da təşkilatçısı olur.
xxx
Həmin dövrlərdə bolşeviklərin Rusiya imperiyasının sərhədlərini saxlamaqla və yalnız sinfi ziddiyyətləri aradan qaldırmaq uğrunda mübarizə apardıqlarını hiss eləyən Rəsulzadə RSDFP-nin sıralarından uzaqlaşır. O, rus müstəmləkə üsul-idarəsinə qarşı Azərbaycan milli istiqlal hərəkatının təməl daşını qoymağa başlayır. 1908-ci il dekabrın 5-də Məhəmməd Əminin "Qaranlıqda işıqlar" pyesi tamaşaya qoyulur. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. O, özünün bu əsəri ilə "Azərbaycana muxtariyyət" şüarı fikrini yayır və rus çarizm üsul-idarəsi istibdadını yıxmağa çağırır. Onun bu pyesi Azərbaycanda milli-istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. Bu əsərdən başqa Rəsulzadənin həmin ildə yazdığı "Nagəhan bəla" adlı pyesi də var. 1908-ci ilin axırında Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhrlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. O, İranda şahlıq üsul-idarəsinə qarşı başlanmış məşrutə inqilabının əsas rəhbərlərindən biri olur. Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından izləyir. Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süləyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran Demokrat Partiyasının əsasını qoyur. O, bu pariyanın əsas orqanı olan "İrane Nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur. Həmin qəzetlərdə Rəsulzadənin çoxlu məqalələri, şer və publisist yazıları çap olunur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoyur. Sonralar Seyid Həsən Tağızadə Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: "Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən Rəsulzadə olub". Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri Rəsulzadənin ölkədən xaric olunması haqqında şahlıq üsuli-idarəsindən tələb eləyir. Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün İstambula müraciət edir. O, Türkiyənin paytaxtında həmyerliləri Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevlə görüşür, Yusifbəy Ağçura oğlu , Ziya Gök Alp və başqa görkəmli alimlərlə münasibət qurur. Rəsulzadə "Gənc türklər" təşkilatına rəğbət bəsləyir, "Türk ocağı" cəmiyyətində çalışır və onun əsas orqanı olan, 1911-ci ilin noyabrından nəşrə başlayan "Türk yurdu" jurnalının fəal yazanlarından olur.
xxx
O vaxt Türkiyədə çap olunmuş kitablarda və mətbuatda, həmçinin məşhur türk ensiklopedisti Şəmsəddin Saminin "Qamusi-aləm"inin birinci cildində "Azərbaycan" məfhumu altında, ancaq Araz çayından cənubda yerləşən ərazi nəzərdə tutulurdu. Rəsulzadə xeyli sonra, 1918- ci il oktyabrın 13-də Bakıda çap olunan "Azərbaycan" qəzetində də bu məsələyə toxunur: "İslam mərkəzi İstambulda Qafqaziya, xüsusən Azərbaycan haqqında məlumatlar çox azdır". İstambulda olarkən Rəsulzadə görkəmli islam mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin "Vəhdəti cinsiyə fəlsəfəsi"ni ("Milli birlik fəlsəfəsi"ni) farscadan türkcəyə tərcümə edir, öz doğma xalqının məişətindən alınmış "Acı bir həyat" əsərini yazır. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əfv-ümumidən sonra Rəsulzadə vətənə qayıdır. O, hələ İstambuldan onun göstərişi ilə 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev, Rəsulzadə və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan Müsəlman Demokratik Müsavat Partiyasına daxil olur və tezliklə onun rəhbərinə çevrilir. Bu illərdə Rəsulzadə ədəbi-publisistik fəaliyyətini də davam etdirir. "Yeni lisançılar və türkçülər" məqaləsini, Təbriz həyatından bəhs edən "Bir xan" adlı kiçik hekayəsini, "Dil-ictimai bir əməldir" yazısını "Şəlalə" jurnalında çap etdirir. Sonuncu məqalədə o, Azərbaycan dilini göz bəbəyi kimi qorumağı xalqının qarşısında ən mühüm problem kimi qaldırır.
Bundan başqa, o proletar ədibi Maksim Qorkinin "Ana" əsərindən bir parçanı Azərbaycan dilinə çevirib çap etdirir. Bu tərcümənin o illərdə Azərbaycan ədəbiyyatına müəyyən təsirini də inkar etmək olmaz. 1914-cü il sentyabrın 16-da şair, yazıçı və jurnalist Əlabbas Müznibin redaktorluğu ilə ayda iki dəfə nəşr edilən ədəbi-ictimai, iqtisadi, tarixi və siyasi jurnal olan "Diriliyin" birinci nömrəsi çapdan çıxır. Rəsulzadənin "Dirilik nədir?" adlı baş məqaləsi jurnalın ideya istiqamətini müəyyənləşdirir və xalqımızı milli oyanışa çağırır. O, bu jurnalın səhifələrində çap etdirdiyi "Milli dirilik" başlığı altındakı baş məqalələrdə "Azərbaycan qayəsi"ni yayırdı. Mirzə Davud Hüseynov 1927-ci ildə Tiflisdə, rus dilində çap olunmuş "Müsavat Partiyası keçmişdə və bu gün" adlı kitabında yazır ki, guya 1917-ci ilə qədər "Rəsulzadə üçün Qafqazın tərkibində Azərbaycanın mövcud olması ideyası yox idi. Azərbaycan adı altında o vaxt, ancaq İran Azərbaycanı başa düşülürdü. Əlbəttə, bu yanlış fikirdir. Yuxarıda göstərdiyimiz kimi, Rəsulzadə hələ 1911-ci ildə İstambulda "Türk yurdu" jurnalında çap etdirdiyi "İran türkləri" məqaləsində Azərbaycanın Qafqazın tərkibində olmasını qeyd edir. Bunu da göstərmək lazmıdır ki, hələ Rəsulzadədən qabaq maarifçi ziyalılarımızda azərbaycançılıq qayəsi rişə halında olsa da, vardı. Ancaq bunu tam şəkildə siyasət meydanına Rəsulzadə gətirdi. Rəsulzadə 1915-ci ilin avqustundan "Açıq söz" qəzetini nəşr edir ki, bu da əslində gizlin fəaliyyət göstərən Müsavat Partiyasının orqanı idi.
xxx
1917-ci ildə fevral burjua
inqilabı baş verdi. Silah və zor gücünə
kiçik xalqların torpaqlarını işğal edib,
dünyanın altıda bir hissəsinə çevrilmiş
Böyük Rusiya imperiyası dağılmağa
başladı. Həmin ildə Gəncədə Nəsifbəy
Yusifbəylinin rəhbərliyi altında Türk Ədəm Mərkəziyyət
Partiyası fəaliyyətə başladı. Partiya öz
proqramı ilə xalqı tanış etmək
üçün Gəncənin Şah Abbas məscidinin həyətində
böyük mitinq keçirdi. 1917-ci ilin aprelində Bakıda
Qafqaz müsəlmanlarının qurultayı
çağırılır. Qurultay Rəsulzadənin təklifi
ilə Rusiyanı federativ şəkildə təşkil etmək
haqqında qərar çıxarır. Bu qurulutayda "Azərbaycan
qayəsi" məsələsi yenidən ortalığa
atılır. Həmin ilin mayında maarifpərvər Azərbaycan
varlılarından Şəmsi Əsədullayevin (1840-1913)
Moskva müsəlman xeyriyyə cəmiyyətinə
bağışladığı əzəmətli binada Rusiya
müsəlmanlarının qurultayı açılır. Rəsulzadə
Rusiyanı federativ şəkildə qurmaq haqqında məruzə
ilə çıxış edir. Qurultay səs
çoxluğu ilə Rəsulzadənin
"Türk-tatarlığı, Türküstan, Qazaxıstan,
Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir
neçə muxtariyyətlərdən ibarət olacaq gələcək
Rusiyanı federativ şəkildə qurmaq" barəsində
təklifini qəbul edir. O, həmin dövrdə
özünün "Cəmaət idarəsi" və
"Bizə hansı hökumət faydalıdır?"
kitablarını çap etdirir. Rəsulzadənin Moskva
müsəlman qurulutayında söylədiyi məruzə Əhməd
Salikovun çıxışı ilə birlikdə "Şəkli
idarə haqqında iki baxış" adı altında həmin
dövrdə çap olunur.
1917-ci il iyunun ikinci
yarısında Müsəlman Demokratik Müsavat
Partiyası" ilə Türk Ədəm Mərkəziyyət
Partiyası birləşib, "Türk Ədəm Mərkəziyyət
partiyası "Müsavat" adı altında
çıxış etməyə başlayır. Onun
şöbələri nəinki Azərbaycanın bütün
qəzalarında və hətta Rusiyanın Həştərxan,
Stavropol şəhərlərində, Ukraynanın,
Gürcüstanın və Ermənistanın paytaxtlarında,
Türküstanın mərkəzi Daşkənddə, Cənubi
Azərbaycanın mərkəzi Təbrizdə, İranın
Gilan vilayətinin mərkəzi Rəştdə və
Türkiyənin paytaxtı İstambulda təşkil olunur. O,
burjua xadimi kimi onu damlamağa çalışanlara cavab olaraq
yazırdı: "Mən kasıbçılığın
üzündən ali təhsil də ala bilməmişəm,
öz pulu ilə Rusiyada və Qərbi Avropada təhsil
alıb və bu gün özünü bolşevik kimi qələmə
verən sizləri nə adlandırmaq olar". 1917-ci il
oktayabrın 26-dan 31-ə qədər 500 nümayəndənin
iştirakı ilə Bakıda təntənəli surətdə
keçirilən "Türk Ədəmi Mərkəziyyət
partiyası "Müsavat"ın birinci qurulutayında Məhəmməd
Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri
seçilir. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın
bütün qəzalarında "Azərbaycana muxtariyyət"
şüarı altında xalqımızın milli hərəkatı
başlanır. Məhəmməd
Əmin Rəsulzadənin ömür yolu
127 il bundan əvvəl-soyuq yanvar
ayında Azərbaycan milli istiqlal hərəkatının və
təkcə türk ellərində deyil, bütün islam aləmində
ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik
Cümhuriyyətinin təməl daşını quran, sonralar
ömür yolu, həyatı zəngin və keşməkeşli
hadisələrlə dolu bir dastana çevrilən Məhəmməd
Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə
Bakının Novxanı kəndində dünyaya göz
açıb. Atası din xadimi olsa da, həyata açıq
gözlə baxıb, məktəb yaşına
çatmış oğlunu şəriət dərslərini
yox, dünyəvi elmləri öyrənməyə yönəldib.
Aysel
Xalq Cəbhəsi.- 2011.- 27 yanvar.- S.9.